Məhkəmə qərarları › İş №2(103)-6847/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6847/2025

19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6847/2025 19.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı mülki iş (Açar sözlər: «müqavilənin etibarsız hesab edilməsi, fiziki şəxsin fəaliyyət qabiliyyəti») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5359/2025 saylı, 19 sentyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilir ki: Satıcı İddiaçı ilə alıcı Cavabdeh2 arasında bağlanmış ******* saylı, xx.xx.2025-ci il tarixli alqı-atqı müqaviləsinə əsasən 130.000(yüz otuz min) manata ümumi sahəsi 62,1 kv.m olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, giriş 38, M2, m2-ni Cavabdeh2 satılıb.

2. Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 18 (Yeni qaydalarla: AZ1025, ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilə dair mülkiyyət hüququ xx.xx.2025-ci il tarixində Cavabdeh2 adına ********** nömrəsi ilə qeydiyyata alınıb.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 16 saylı notariat ofisinə qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən mənzil üzrə bağlanmış alqı-satqı müqaviləsini etibarsız hesab edilməsini və göstərilən mənzilə dair mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

4. İddiada göstərilib ki, Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, ev 18, mənzil 12də 62.01 kv.m. mənzil sahəsi qonşuluqda yaşayan Cavabdeh2 Oktay oğluna alqı-satqı müqaviləsinə əsasən satılıb. Uzun illər elmi fəaliyyətlə məşğul olmuşdur. Hal-hazırda 86 yaşı var. Oğlu Moskva şəhərində yaşayır. Alqı-satqı müqaviləsi tərtib olunan zaman fəaliyyət qabiliyyətinin olması yoxlanılmalı idi və ya tərəfindən danışıq aparılması üçün nümayəndəsi iştirak etməli idi. Eyni zamanda tərəfindən satılmış evə görə mövcud bazar qiyməti müəyyən olunmalı idi. Sonradan müəyyən etmişdir ki, o, evinin dəyəri ilə bağlı aldanılmışdır. Onun yaşadığı mənzil 130.000 manata qiymətləndirilərək alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Başqa mənzili yoxdu, evdən çıxmağı da tələb olunur. Qarşı tərəfə mövcud vəziyyəti izah etməyinə baxmayaraq, 86 yaş həddinin olduğuna və uzun müddət qonşu olduqlarına baxmayaraq evi təcili boşaltmağı tələb edilir. Ahıl yaşda olmağı, yaddaş pozğunluğu olmasına rəğmən köməksiz vəziyyətdə qalmışdır. Bakı şəhərində heç bir yaxın qohumu yoxdur.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5359/2025 saylı, 19 sentyabr 2025ci il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, İddiaçı ilə Cavabdeh2 arasında 15 yanvar 2025-ci il tarixində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarlılığını şübhə altına alan hər hansı hallar müəyyən edilmir. Belə ki, İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, giriş 38, M2, m2 yerləşən mənzilə dair alqı-satqı müqaviləsi bağlanılan zaman sözügedən mənzil iddiaçının tam payla mülkiyyətində olmuşdur. İddiaçının məhkəmə araşdırması zamanı verdiyi izahatlarında məlum olmuşdur ki, ona elmi araşdırmalarının davam etdirilməsi ilə bağlı xaricdən təklif daxil olmuş, o, təklifi qəbul etmişdir. Xarici ölkəyə getməklə bağlı ondan pul tələb edilmişdir və, o, tələb edilən vəsaiti əldə etmək məqsədi ilə özünə məxsus olmuş mənzili satmaq qərarına gəlmişdir. Cavabdehlə mənzilin alqı-satqısı ilə bağlı razılığa gəlməmişdən əvvəl mənzilin 120000 manata alqı-satqısı ilə bağlı üçüncü şəxslə razılaşmış, sonradan fikrini dəyişmiş və mənzilə görə cavabdehdən ilkin olaraq 10000 manat məbləğində vəsait almış, sonradan isə alqı-satqı müqaviləsi rəsmiləşdirilən zaman 130000 manat qiymətinə satmışdır. Mənzilin alqı-satqısı nəticəsində əldə edilmiş vəsaiti üçüncü şəxslərə köçürmüşdür. Lakin sonradan ona məlum olmuşdur ki, elmi araşdırmaların davam etdirilməsi ilə bağlı təklif yalan olmuşdur, o, aldadılmışdır. Beləliklə də, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının əsl niyyəti mənzili satmaq olmuşdur, mənzilin qiyməti iddiaçı tərəfindən müəyyən edilmişdir. Mənzilin bazar qiyməti ilə bağlı cavabdehin iddiaçını aldatdığı, ona hər hansı bir formada təsir göstərdiyi öz təsdiqini tapmamışdır. Digər tərəfdən şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması yalnız məhkəmə qərarı əsasında mümkündür. Məhkəmə iddianın notarius tərəfindən iddiaçının ahıl yaşına görə fəaliyyət qabiliyyətli olub-olmadığını yoxlanılmaması ilə bağlı dəlilinə qiymət verərək qeyd edib ki, iddiaçının fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması ilə bağlı məhkəmə qərarı mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının əsl niyyəti ünvan 2 ünvanında yerləşən mənzili satmaq olmuşdur. Mübahisələndirilən müqavilə qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin forma və məzmununa dair tələblərinə uyğun tərtib edilmiş, müqavilənin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunmur.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib göstərir ki, cavabdehlə bağlanılmış müqavilə cavabdehin onu aldatması səbəbindən etibarsız müqavilə hesab edilməlidir. Belə ki, onu xaricə elmi iş üçün çağırırlar adı ilə aldatmışdılar və o, təcili şəkildə pul toplamağa məcbur edilmişdir. Aldadıcılıq üzündən bu pula ehtiyacı vardı. Özü də nə etdiyini tam anlamadan razılaşmışdır. Hazırda Xətai rayonunda 62 kv.m mənzilin bazar dəyəri həddən artıq yüksəkdir və bu hal hər kəsə məlumdur. Lakin cavabdeh onun ahıl yaşda olmağından istifadə etməklə mənzilin bazar dəyəri haqqında onu aldatmışdır. Məhkəmə tərəfindən sübutlar hərtərəfli araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Müqavilə imzalanan dövrdə ondan mənzilin real bazar dəyəri gizlədilmiş və tələsdiyi üçün qərar verməyə məcbur edilmişdir. O, yaşlı, yaddaşı zəif, tək yaşayan qadın olduğu üçün deyilən sözləri doğru hesab etmiş, danışılanların həqiqi məqsədini başa düşə bilməmişdir. MM 339.2-yə əsasən, əgər tərəflərdən biri qarşı tərəf üçün həyati əhəmiyyət daşıyan belə bir halı bilərəkdən gizlədirsə, bu artıq aldatma sayılır. Cavabdeh mənzilin bazar qiymətinin yüksək olduğunu bilirdi, lakin ona bunu demədi. Onun bu məlumatı ondan vicdanla gözləməyə tam haqqı var idi, çünki o, yaşlı, tənha və zəif vəziyyətdə idi.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

8. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi apellyasiya şikayətinə qarşı təqdim etdiyi yazılı etirazda şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edib etirazını bununla əsaslandırmışdır ki, Cavabdeh2 qeyd edilən mənzili 130000 (yüz otuz min) manata deyil, 140000 (yüz qırx min) manata alıb. Şikayətçi Xətai Rayon Məhkəməsində də bunu etiraf etmişdir. Çünki 10000 (on min) manatı alqı-satqıdan əvvəl beh olaraq verilmişdir. İddiaçı ilə qiymətlə bağlı heç bir anlaşılmazlıqları olmamışdır. Mənzil alındıqdan sonra İddiaçı ondan xahiş etdi ki, bir-iki aya köçüb gedəcək, icazə verim bu müddətdə mənzildə yaşasın. O, qonşuluq xatirinə onun bir-iki ay qalıb yaşamasına etiraz etmədi. Ancaq gördü ki, Abakarovanın mənzildən çıxmaq fikri yoxdur. Dəfələrlə evə gedərək çıxmalı olduğunu bildirdi. Çünki o, öz yaşadığı mənzili sataraq puluna bu mənzili almışdı. Hal-hazırda da kirayədə yaşayır. Məcbur qalaraq xx.xx.2025-ci il tarixində Xətai Rayon Məhkəməsinə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə və mənzildən çıxarılmasına dair iddia ərizəsi ilə müraciət etdi. Abakarova məhkəmədə bildirdi ki, o, xərçəng xəstəliyinin müalicəsinin yeni üsullarını bilir və Rusiyalı və Amerikalı mütəxəssilərlə birlikdə yeni dərman peraparatları hazırlamaq üçün Rursya Federasiyasına və ABŞ-a getməli idi. Sonradan ona məlum olub ki, onun əlaqə yaratdığı "mütəxəssislər" kiber dələduzlar olmuşdurlar. Onun mənzil satışından əldə etdiyi pullar dələduzlar tərəfindən ələ keçirilmişdir (oğurlanmışdır). İndi onun yaşamağa yeri olmadığından evdən çıxa bilməz. Əgər onun qiymətlə bağlı hər hansi bir narazılığı olsaydı, mənzili satıldığı vaxtdan beş ay müddətində öz narazılığını bildirərdi. Abakarovanın sağlamlığı və dünyagörüşü ilə bağlı da hər hansı bir problemin olması və onun aldadıldığını sübut edən hər hansı bir hal müəyyən edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. İş üzrə digər cavabdeh Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən dəftərxana vasitəsilə məhkəməyə təqdim edilmiş ərizədə təyin edilmiş məhkəmə iclasına nümayəndənin iştirakı olmadan baxılması xahiş edilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Maddə 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Maddə 32.1. Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən suiistifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Belə şəxsin üzərində himayəçilik təyin edilir. Onun xırda məişət əqdləri bağlamaq ixtiyarı vardır. O, yalnız himayəçisinin razılığı ilə başqa əqdlər bağlaya bilər, habelə qazanc, pensiya və digər gəlirlər götürə bilər və bunlar barəsində sərəncam verə bilər. Lakin bu cür fiziki şəxs bağladığı əqdlər üzrə və vurduğu ziyan üçün müstəqil surətdə əmlak məsuliyyəti daşıyır. Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin himayəçinin razılığı tələb olunan hallarda, belə razılıq olmadan bağladığı əqd sonradan himayəçinin yazılı razılığı ilə etibarlı hesab edilə bilər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Maddə 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 342.1. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. Maddə 342.2. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd onun xeyrinə olduqda qəyyumunun razılığı ilə etibarlı sayıla bilər Maddə 343.1. Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən suiistifadə etməsi, habelə qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxsin öz himayəçisindən razılıq almadan əmlaka dair sərəncam verilməsi barədə bağladığı əqd himayəçinin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 343.2. Bu maddənin qaydaları fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin müstəqil bağlamağa hüququ çatan xırda məişət əqdlərinə şamil edilmir.

12. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu.

Maddə 45. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Maddə 46. Dövlət qeydiyyatından keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya ipoteka qoyulması haqqında müqavilələr özgəninkiləşdirilən və ya ipoteka qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən, avtonəqliyyat vasitələri üzrə, həmçinin onların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi müayinədən keçməsi barədə sənədlər və ya sənədlər haqqında elektron informasiya sistemindən real vaxt rejimində əldə edilmiş məlumatlar əsasında təsdiq edilir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

21. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

22. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

23. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

24. Belə ki, əqdin etibarlı olması üçün, 1) subyekt tərkibi; 2) məzmunu; 3) forması; 4) iradə və iradə ifadəsi qüsurlu olmamalıdr. Bu elementlərdən birinin qüsurlu olması, əqdin etibarsızlığına səbəb olur. Mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız əqd kimi mübahisə edilən əqd və ya əhəmiyyətsiz əqd olması işin həqiqi halları ilə təsdiq olunmur. Başqa sözlə, qeyd olunan müqavilənin bağlanma səbəbi etibarsızlıq nəticəsi yaradan hallarla bağlı olmamışdır.

25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

26. Göründüyü kimi, yuxarıda qeyd olunan Mülki Məcəllənin normaları və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılan hüquqi mövqelərə görə etibarsızlığın irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Çünki bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Bu mənada iddiaçının hazırkı tələb üzrə mülki dövriyyə subyekti kimi vicdanlı hərəkət etməsi və hüquqdan sui-istifadəyə yol verməməsi tələb olunurdu.

27. B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 09 dekabr 2019-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.

28. Əvvəla, iddiaçı cavabdeh tərəfindən aldadıldığı üçün müqavilənin etibarsız olduğunu qeyd etsə də aldanmanın səbəbi kimi mənzilin bazar dəyərinin yüksək olmasını göstərir. Ancaq cavabdehin onu hansı üsul yaxud qaydada aldatmasına dair heç bir fikir söyləmir. Əksinə özü də etiraf edib ki, cavabdehdən müqavilədə nəzərdə tutulan məbləğdən artıq 10000(on min)vəsait alıb. Demək ki, aldadılma baş veribsə bu cavabdehin iddiaçını deyil, iddiaçının cavabdehi aldatması olub.

29. Bir də ki, uzun illər ərzində elmi fəaliyyətlə məşğul olan və hazırda da elmi araşdırma üçün xaricə getmək istəyən iddiaçını cavabdehin məhz mənzilin bazar dəyəri barədə aldatması da inandırıcı və ağlabatan görünmür. Çünki mənzilin bazar dəyərinin mənzildən çıxmadan da müasir texnologiyalar yaxud sosial şəbəkələr vasitəsi ilə müəyyən etmək mümkün hesab edilir. Yəni mənzilin bazar dəyəri həqiqətən də müqavilədə göstəriləndən yüksək olmuşdursa, iddiaçı bunu özü də müəyyən edib daha baha qiymətə sata bilərdi, ancaq etməyib. Demək ki, hansısa aldatmadan söhbət belə gedə bilməzdi.

30. O başqa məsələ ki, iddiaçı onu xaricə elmi iş üçün dəvət edən şəxslər tərəfindən aldadıla bilər yaxud aldadılıb, ancaq bunun cavabdehə aidiyyəti yaxud əlaqəsi olmadığından iddianı və şikayəti əsaslı etmir. Çünki iddiaçının həmin şəxslər tərəfindən aldadılması həqiqi olsa belə, bu hal ona cavabdeh qarşısında yaranan öhdəliyini icra etməkdən imtina etmək üçün əsas vermir. Demək ki, iddiaçının bu cür davranışı hüquqdan sui-istifadə xarakteri daşımaqla vicdanlılığın tələb etdiyi tərz də sayılmır.

31. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən əmələ gələn öhdəliklər, əqdlərin etibarsızlığı şərtləri, həmçinin hüquqdan başqalarına zərər vurmaq üçün pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

32. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5359/2025 saylı, 19 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qətetdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5359/2025 saylı, 19 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar