Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6848/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı SOCAR-ın “Qaz İxrac” İdarəsinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)-216/2020 saylı qətnaməsindən Cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)-216/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 6 ünvanda Cavabdeh tərəfindən SOCAR “Qaz İxrac” X2 X4 balans və istismarında olan 720 mm-lik diametrli yüksək təzyiqli “Hövsan-Digah-Qaradağ” yerüstü magistral qaz kəmərinin Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 6 ünvanından keçən hissəsində qaz kəmərin mühafizə zonasında inşa olunmuş fərdi yaşayış evi Cavabdeh hesabına sökülərək tikinti materialları kəmərin mühafizə zonasından çıxarılması, iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq iddiaçı SOCAR-ın “Qaz İxrac” İdarəsinə ödənilməsi, iş üzrə keçirilmiş əlavə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsaitin Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə həmin mənzildə 16 ildir ki, məskunlaşıb. Dövlət ödənişlərindən, yəni qaz, işıq və su ödəməkdən geri qalmayıb. Bu 16 ildə bir səlahiyyətli şəxs onlara orada yaşamalarının qanunazidd olduğu barədə əçıqlama verməyib. Onlarla ev həmin ərazidə tikilib və hər birində yaşayış vardır. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz etdi, həmçinin bildirdi ki, cavabdehin qonşularına qarşı da iddia qaldırılb və qətnamələr mövcuddur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Cavabdeh inşa etdiyi tikili dövlətin müstəsna mülkiyyətində olan SOCAR “Qaz İxrac” İdarəsinə məxsus 720 mm-lik diametrli yüksək təzyiqli “Hövsan-Digah-Qaradağ” yerüstü magistral qaz kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsində, yəni Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 6 ünvanında tikinti işləri qanunla müəyyən olunmuş qaydada lazımi icazələr olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla özbaşına aparıldığından, bu tikili qaz kəmərinin mühafizə zonasında inşa edildiyindən, tikinti qaz kəmərinin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanların sağlamlığı və əmlakı üçün ciddi təhlükə yaratdığından həmin özbaşına tikili Cavabdeh hesabına sökülərək tikinti materialları kəmərin mühafizə zonasından çıxarılmalıdır Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, hazırki iş üzrə, iddia tələbinin faktiki əsası tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçının mübahisəli özbaşına tikilidə ailəsi ilə birlikdə 16 il yaşaması iddianın əsassızlığına dəlalət etmir. İddiaçının həmin özbaşına tikilidə kommunal xidmətlərdən istifadə etməsi və pulunu ödəməsi də şikayətin əsaslı olmasını təsdiq etmir. Hansısa şəxsin sənaye təyinatlı torpaqda özbaşına tikili inşa etmənin və orada yaşamanın qanuna zidd olması barədə iddiaçıya açıqlama verməməsi və həmin ərazidə başqa evlərin olması da iddianın rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki, mübahisəli özbaşına tikili magistiral qaz kəmərinin mühafizə zonasında, yəni təhlükəli zonada, fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmayan torpaq sahəsində tikilmişdir. Bu fakt iş üzrə keçirilmiş ekspertizalar nəticəsində alınmış rəylərlə də öz təsdiqini tapır. İkincisi, apellyasiya baxışı zamanı müəyyən edilmiş hallarla birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi qənaət ziddiyyət təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə düz nəticəyə gəlmişdir. Çünki, mübahisəli torpaq sahəsinin qaz sənayesinə aid torpaqlar kateqoriyasına aid olması, özü-özlüyündə iddiaçının hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan belə bir iddia qaldırmaq üçün subyektiv hüququ olmuşdur. Göründüyü kimi, bu məsələlər, birinci instansiya məhkəməsi tərəfindən araşdırılmaqla düzgün olan yekun nəticəyə gəlinmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, üzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)-216/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6848/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6848/2020
19.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver