Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-685/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili X1 iştirakları ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” ərizəsinə dair Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-1309/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsindən maraqlı şəxsin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 1991-ci il tarixdə Goranboy rayonu ərazisində gedən döyüş əməliyyatı zamanı yaralanmağı, döyüşlərdə yaralanmağını təsdiq edən 3 saylı Şəhər Kilinik Xəstəxanasının xx xxxxxxx 2019-cu il tarixli 1436 saylı məktubunda və adına açılmış 2811 saylı xəstəlik tarixində əksini tapan məlumatların ona aid olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1989-cu ildən 1996-cı ilin fevral ayınadək daxili işlər orqanlarında xidmət etmişdir. Nazirliyin nəzdində yaradılmış keçmiş X4 Dəstəsində xidmət etdiyi zaman, 1991-ci ilin oktyabr ayında Dağlıq Qarabağ və ətraf rayonlarda erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Bunun üçün xidməti rəhbərlik tərəfindən döyüş əməliyyatları rayonuna ezam edilmişdir. 1991-ci ilin oktyabr ayında Goranboy rayonu ərazisində gedən döyüşlərdə mərmi partlaması nəticəsində ağır şəkildə yaralanaraq kəllə-beyin travması almışdır. Bu xəsarətlə bağlı təcili Bakı şəhərinə gətirilmiş, xx xxxxxxx 1991-ci il tarixdə Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdir. xx xxxxxxx 1991-ci il tarixədək müalicə olunmuş və həmin xəstəxanadan buraxılmışdır. 1996-cı ildə isə öz ərizəsi ilə daxili işlər orqanlarından azad edilmişdir. Yaranmış zərurətlə əlaqədar sənədlərini toplayarkən döyüş əməliyyatlarında yaralanmağını təsdiq edən sənədləri əldə edə bilməmişdir. Belə ki, ərizəsinə cavab verən 3 saylı Şəhər Kilinik Xəstəxanası öz xx xxxxxxx 2019-cu il tarixli 1436 saylı məktubunda qeyd etmişdir ki, adına açılmış olan 2811 saylı xəstəlik tarixi saxlanılmadığı üçün ətraflı məlumat vermək qeyri-mümkündür. Məlumat tibbi kartaya əsasən verilir. Məlumat isə aşağıdakı qaydada qeydə alınmışdır: “№ 2811 X3 25 yaş Azərbaycanlı Omon Nizami r-n Darvin küç ev 51 m 37 Daxil olub: xx.xx.1991 Evə yazılıb xx.xx.1991 Diaqnoz: Qapalı kəllə beyin travması. Baş beyin silkələnməsi. Kontuziya. Alın və təpə nahiyyəsinin sıyrılmış yarası (qəlpə)”. Tibbi kartadan çıxarış da cavab məktubuna əlavə edilmişdir. Bundan sonra müraciəti Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi tərəfindən araşdırılmış, xx xxxxxx 2020-ci il tarixli 022/22-104H-3220 nömrəli məktubla cavab verilmişdir ki, “DİN-in keçmiş X4 Dəstəsində xidmət etdiyiniz müddətdə Goranboy rayonuna ezam edilməyiniz və bu müddət ərzində yaralanmağınıza dair məlumat verilməsi ilə əlaqədar müraciətinizə baxılmışdır. Bildiririk ki, arxiv şəxsi işinizin xidmət siyahısına baxış keçirilən zaman döyüş əməliyyatlarında yaralanmağınıza dair qeydiyyat aşkar edilməmişdir, eyni zamanda bildiririk ki, DİN-in xx.xx.1991-ci il tarixli 2284ş/h nömrəli əmri ilə Goranboy rayonu ərazisində ictimai təhlükəsizliyin təmin edilməsində iştirakınıza görə 500 (beş yüz) manat və DİN-in xx.xx.1991-ci il tarixli 2496ş/h nömrəli əmri ilə Xanlar, Goranboy, Cəbrayıl və Laçın rayonları ərazisində azərbaycanlılar yaşayan kəndlərinin erməni işğalçılarından qorunmasında iştirakınıza görə 500 (beş yüz) manat məbləğində pul ilə mükafatlandırılmısınız”. Xidməti tapşırığı yerinə yetirərkən döyüş əməliyyatında yaralanaraq həmin yaradan müalicə edilsə də və bu barədə məlumat tibbi kartada öz əksini tapsa da, xəstəlik tarixi saxlanmadığı üçün həmin faktı təsdiq edən sənədi əldə edə bilmir, ona görə məhkəməyə müraciət etməli olmuşdur. Hansı ki, bu faktı təsdiq edən sənədlərin əldə edilməsi ona pensiya təyin edilməsi və digər hüquqların əldə edilməsi üçün zəruridir. Mülki prosessual qanunvericiliyin izahına görə, şəxs hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün məhkəməyə ərizə ilə o zaman müraciət edə bilər ki, belə tələb ya birbaşa MPM-də nəzərdə tutulmuş olsun, ya da imtina cavabı obyektiv səbəblərdən (qanunvericiliyin tələblərinə əməl edilməklə, yaxud ümumiyyətlə faktı təsdiq etməyin mümkünsüzlüyündən irəli gələrək və s.) verilmiş olsun. MPM-nin 307.2-ci maddəsində göstərilməyən, lakin xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməli olan hüquqi əhəmiyyəti olan faktlar da qanunvericilikdə nəzərdə tutulmuşdur. Buna misal olaraq göstərilmiş hallardan birini qeyd edir: “a) şəxsin Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərində iştirakı və bununla əlaqədar onun sağlamlığına zərər dəyməsi faktı;”. Məhkəmənin diqqətini həmin izaha və misala cəlb edərək qeyd edir ki, o da Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uyğunda gedən döyüş əməliyyatında qanuni əsaslarla iştirak etmiş, yaralanmış, sağlamlığına zərər dəymişdir. Marağına toxunan bu faktın təsdiqi, yəni döyüş əməliyyatlarında yaralanmağını təsdiq edən sənədi digər qaydada əldə etməyi məhz mümkünsüzlükdən irəli gəlir, yuxarıda qeyd etdiyi kimi, xidməti tapşırığın icrası ilə bağlı döyüş əməliyyatı zonasına ezam edilməyi, qəlpə yarası almağı təsdiq olunur, qəlpə zərbəsindən yaralanmağı və müalicə olunmağı barədə məlumat tibbi kartada öz əksini tapmışdır. Ümumiyyətlə, izahına ehtiyac yoxdur ki, qəlpə yarası məhz mərmi partlaması nəticəsində yaranır, mərmi isə aktiv döyüş əməliyyatında istifadə olunan döyüş sursatıdır. Hesab edir ki, tibbi kartada və digər sənədlərdə əksini tapan məlumatlar mötəbər sübut qismində qəbul olunaraq faktın müəyyən edilməsi üçün yetərlidir. Xüsusən nəzərə alınmalıdır ki, xidmət və döyüş yoldaşları məhkəmədə ifadə verərək həmin faktları təsdiq edə bilərlər. Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-1309/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin olunmuşdur. Qətnamədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmiş, şikayətini onunla əsaslandrımışdır ki, ərizəyə xüsusi icraat qaydasında baxılamlı deyil. Belə ki, ərizəçi polis əməkdaşı olmuşdur və hazırki məsələ ilə əlaqədar inzibati orqanla ərizəçi arasında mübahisə mövcuddur. Məhkəmə iclasında iştirak edən apellyatorun nümayəndəsi şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, izahatında bildirmişdir ki, ərizəçinin barəsində 1991-ci ildə əmr verilmiş, o, ictimai asayişin qorunması üçün 9 aylıq ezam olunmuşdur. Döyüş 1992-ci ildə başladığından o, döyüş əməliyyatına göndərilməmişdir. Belə ki, o, 1991-ci ildə ictimai asayişin qorunması üçün ezam olunmuşdur. Buna görə 500 manat da mükafat verilmişdir. Ərizəçi barəsindən 1 əmr verilmiş, həmin əmrlə o ezam olunmuşdur. Döyüş əməliyyatı başlayanda isə geri qaytarılmışdı. 1991 -ci ilin oktyabr ayında ezamiyyədən geri çağırılmışdı. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyatorun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə ərizənin təmin olunmamasına dair yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, Ərizəçi ilə birlikdə DİN-in keçmiş X4 Dəstəsində xidmət etmişdir. Xidmət müddətində onlar müxtəlif vaxtlarda döyüş bölgələrinə ezam edilmişlər. 1991-ci ilin oktyabr ayının əvvəllərində növbəti belə ezamiyyət zamanı ərizəçi Goranboy rayonu ərazisində döyüşdə mərmi partlaması nəticəsində qəlpə yarası almış və müalicə olunmaq üçün Bakı şəhərinə gətirilmiş, 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirlən Şahid2 ifadəsində bildirmişdir ki, Ərizəçi ilə birlikdə DİN-in keçmiş X4 Dəstəsində xidmət etmişdir. Xidmət müddətində onlar müxtəlif vaxtlarda döyüş bölgələrinə ezam edilmişlər. 1991-ci ilin oktyabr ayının əvvəllərində ərizəçi Goranboy rayonuna ezam edilmiş, bir neçə gün sonra o, eşitmişdir ki, ərizəçi döyüşdə yaralanmış və Bakı şəhərinə xəstəxanaya gətirilmişdir. 3 saylı Klinik Xəstəxanaya gedərək orada müalicə olunan ərizəçi ilə görüşmüşdür. Ərizəçi baş mahiyəsindən qəlpə yarası almış və xəstəxanada müalicə olunmuşdur. İş materiallarında olan 3 saylı Şəhər Kilinik Xəstəxanasının xx xxxxxxx 2019-cu il tarixli 1436 nömrəli məktubundan və ona əlavə edilmiş tibbi kartadan çıxarışdan görünür ki, Ərizəçi adına açılmış olan 2811 saylı xəstəlik tarixi saxlanılmadığı üçün ətraflı məlumat vermək qeyri-mümkündür. Məlumat tibbi kartaya əsasən verilir: “№ 2811 X3 25 yaş Azərbaycanlı Omon Nizami r-n Darvin küç ev 51 m 37 Daxil olub: xx.xx.1991 Evə yazılıb xx.xx.1991 Diaqnoz: Qapalı kəllə beyin travması. Baş beyin silkələnməsi. Kontuziya. Alın və təpə nahiyyəsinin sıyrılmış yarası (qəlpə)”. İş materiallarında olan 3 saylı Şəhər Kilinik Xəstəxanasından xx xxxxxxxx 2001-ci il tarixdə verilmiş “Xəstənin stasionar tibbi kartası”ndan çıxarışdan görünür ki, X3 (yaşı: 25, iş yeri: Omon) xx.xx.1991-ci il tarixdə stasionara daxil olmuş, xx.xx.1991-ci il tarixdə evə yazılmışdır. Diaqnoz: Qapalı kəllə beyin travması. Baş beyin silkələnməsi. Kontuziya. Alın və təpə nahiyyəsinin sıyrılmış yarası”. Xəstə xəstəxanaya başında olan ağrılarla, baş gicəllənmə, ürəkbulanma, gözlərinə qaranlıq çökmə, qulaqlarında olan küydən şikayətlərlə daxil olmuşdur. Xəstə travmanı Qarabağ uğrunda gedən döyüşlərdə mərmi partlaması nəticəsində almışdır. Xəstəyə ilkin tibbi yardım göstərilərək 17 opm şöbəsinə stasionar müalicəyə qəbul edildi. Şöbədə xəstəyə kliniki nudikamentoz, rentgenoloji, laborator müayinə və müalicələr aparıldı. Alnında və təpə nahiyyəsində olan yaralar işlənərək mütəmadi sarğı olundu. Aparılan müalicələr öz effektini verərək xəstə yaxşılaşmağa başladı. Xəstənin vəziyyəti qənaətbəxşdir. xx xxxxxxx 1991-ci il tarixdə evə ambulator müalicəyə yazılır. Məsləhət: nevropatoloqun nəzarəti. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 022/22-104H-3220 nömrəli məktubundan görünür ki, Ərizəçi DİN-in keçmiş X4 Dəstəsində xidmət etdiyi müddətdə Goranboy rayonuna ezam edilməyi və bu müddət ərzində yaralanmağına dair məlumat verilməsi ilə əlaqədar müraciətinə baxılmışdır. Arxiv şəxsi işinin xidmət siyahısına baxış keçirilən zaman döyüş əməliyyatlarında yaralanmağına dair qeydiyyat aşkar edilməmişdir. Eyni zamanda DİN-in xx.xx.1991-ci il tarixli 2284ş/h nömrəli əmri ilə Goranboy rayonu ərazisində ictimai təhlükəsizliyin təmin edilməsində iştirakına görə 500 (beş yüz) manat və DİN-in xx.xx.1991ci il tarixli 2496ş/h nömrəli əmri ilə Xanlar, Goranboy, Cəbrayıl və Laçın rayonları ərazisində azərbaycanlılar yaşayan kəndlərinin erməni işğalçılarından qorunmasında iştirakına görə 500 (beş yüz) manat məbləğində pul ilə mükafatlandırılmışdır. Kollegiyanın sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Təşkilat- İnspeksiyası İdarəsi tərəfidən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, Ərizəçi 1991-1992-ci illərdə Dağlıq Qarabağ və ətraf rayonlar uğrunda gedən döyüşlərdə iştirak etmək üçün həmin bölgəyə ezam olunması barədə DİN-in arxivində əmr müəyyən edilməmişdir. Ərizəçi DİN-in X4 dəstəsində xidmət etdiyi 1990- 1991-ci illərdə Dağlıq Qarabağ və ətraf rayonlarda ictimai asayişin qorunmasında fərqləndiyinə görə xx.xx.1991-ci il tarixli 2496ş/h nömrəli əmrlə mükafatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir”. İşin müəyyən olunmuş hallarına əsasən, Ərizəçi 1991-ci ilin oktyabr ayında Dağlıq Qarabağ və ətraf rayonlarda erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etməsi müəyyən edilməmişdir. Belə ki, Ərizəçi döyüşlərdə iştirak etməsi üçün ezam edilməsi barədə əmr onun ərizəsinə əlavə edilməmişdir. Əksinə onun barəsində 1991-ci ildə əmr verilmiş, o, ictimai asayişin qorunması üçün 9 aylıq ezam olunmuşdur. Buna görə də ərizəçinin yaralanması iş materialları ilə sübut edilsə də, onun məhz döyüş əməliyyatlarında iştirak etdiyi zaman yaralandığı təsdiq edilməmişdir. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun gəlmir; bu isə Mülki Prosessual Məcəllənin 385.1.4cü maddəsinə əsasən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-1309/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-685/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-685/2021
01.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver