Məhkəmə qərarları › İş №2(103)-6853/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6853/2023

27.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6853/2023 27.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürən üçünçü şəxs X3 Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X10 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürən üçüncü şəxs X3, Cavabdeh, onun nümayəndəsi və vəkili Qanuni nümayəndə iştirakları ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(001)-1709/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99-da yerləşən 63,15 kv.m sahədən ibarət 76 saylı mənzil İddiaçı və onun qızı, hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 paylı mülkiyyətindədir. 2.İddiaçı və üçüncü şəxs, iddiaçının oğlu və üçüncü şəxsin qardaşı olan Cavabdeh onlara məxsus mənzildən çıxmaq istəmədiyini və onların dinc və maneəsiz yaşamasına imkan vermədiyini bildirərək, cavabdehə kompensasiya ödənilməklə mənzilədən istifadə hüququna xitam verilməsini xahiş etmişlər.

a)Birinci instansiya məhkəməsində icraat

3.İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə 25000 manat məbləğində kompensasiya verilməklə, onların Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99 ünvanında yerləşən 76 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99da yerləşən 63,15 kv.m sahədən ibarət mənzil iddiaçının xüsusi mülkiyyətindədir. X7 həmin mənzildə qeydiyyatda olsa da, ailə həyatı quraraq ordan köçmüşdür, lakin Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, 63 A-da yerləşən mənzili olmasına baxmayaraq, ailəsi ilə birgə həmin mənzildə yaşamağa davam edir. Cavabdeh iddiaçıya məxsus mənzildən çıxmaq istəmir və iddiaçının dinc və maneəsiz yaşamasına imkan vermir. Bu isə onun mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 5.İddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdehlər siyahısından X3 çıxarılmasını və Cavabdeh 7000 manat məbləğində kompensasiya verilməklə, onun Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99 ünvanında yerləşən 76 saylı mənzilə olan istifadə hüququna xitam verilməsini xahiş etmişdir. 6.Müstəqil tələb irəli sürən üçüncü şəxs X7 Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 5000 manat kompensasiya verilməklə, onun Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99 ünvanında yerləşən 76 saylı mənzilə olan istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99 ünvanında yerləşən 63,15 kv.m sahəsi olan 76 saylı mənzil onun və anasının paylı mülkiyyətindədir. Həmin mənzilin 1/2 hissəsinin ona məxsus olduğunu sonradan bilmiş və hazırda qardaşı Cavabdeh kompensasiya ödənilməklə həmin mənzildən istifadə hüququnun itirilməsini istəyir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 8.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 23 avqust 2023-cü il tarixli, 2(001)-1709/2023 saylı qətnaməsiilə (hakim-Günel Abbasova) İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiasının təmin edilməsi, müstəqil tələb irəli sürən üçünçü şəxs X3 Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı tərəfindən Cavabdeh 7000 (yeddi min) manat məbləğində, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 tərəfindən Cavabdeh 5000 (beş min) manat məbləğində kompensasiya ödənilməklə, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99 ünvanında yerləşən 76 saylı mənzildən Cavabdeh istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması, İddiaçı tərəfindən Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X7 tərəfindən Cavabdeh kompensasiya verilməsi və Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99 ünvanında yerləşən 76 saylı mənzildən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsi, ödənilmiş dövət rüsumlarının iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin özünə aid edilməsi qət edilmişdir. 9.Məhkəmə kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı öncə qeyd etmişdir ki, kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır. Bunun üçün yaranmış mübahisə üzrə tam, hərtərəfli araşdırma aparılmalı, tərəflər ətraflı dinlənilməli və aşağıdakılar barədə nəticə çıxarmağa çalışmalıdır: -evin kimin mülkiyyətində olması və evə mülkiyyət hüququnun tək bir nəfərə və ya paylı mülkiyyətçilərə mənsub olması; -evdən istifadə etmək hüququ olan şəxslərin sayı, onların mülkiyyətçi və kompensasiya ödənilən şəxslə münasibətləri; -kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması (məsələn, azyaşlı uşaqları ilə); -istifadə hüququnun yaranma müddəti, kompensasiya ödənilən şəxsin həmin hüquqdan hansı müddət ərzində istifadə etməsi; -yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği; -kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları; -kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri (məsələn, kompensasiya ödənilən şəxsin ailə münasibətlərinə yaraşmayan hərəkətə yol verməsi); 10.Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, yuxarıda qeyd olunanlar müəyyənləşdirildikdən sonra həmin meyarların kompensasiyanın məbləğinə təsiri nəzərə alınmaqla kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə hüququnun itirilməsi üçün yetərli olub-olmaması həll edilməlidir. İş materiallarında olan: 11.146203 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvan: Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99, mənzil 76) X8 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1266 saylı reyestr kitabında 190120 səhifədə 30/190120 nömrə ilə, xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır.

12. 217838 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvan: Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99, mənzil 76) xx.xx.2004-cü il tarixdən İddiaçı və X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1266 saylı reyestr kitabında 190120 səhifədə 30/3751 nömrə ilə, xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır. 13.Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99, mənzil 76 ünvanında İddiaçı, Cavabdeh və X7 qeydiyyatdadır. 14.“Nur MTK”-nın Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh adına onların inşa etdiyi binada mənzil yoxdur və ona məxsus olan Tex.Etaj (266T) sahəsi xx.xx.2023-cü il tarixdə X1. 15.İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 0097 nömrəli hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99 ünvanında yerləşən 76 saylı mənzilin likvid qiyməti 123300 manat, həmin mənzilin kirayə haqqı qiyməti isə 400 manat müəyyən edilmişdir. 16.Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 228.2ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarının müddəlarını nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ və istifadə hüququ qanunla qorunan hüquqdur. Mülkiyyət hüququ qanunla nəzərdə tutulmuş qaydada şəxsin öz əmlakından istədiyi kimi sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Fərdi yaşayış evindən istifadə hüququ həmin mənzildən istifadə etməyi özündə ehtiva edir və bu hüquq istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan qanunla qorunur. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında tərəflər arasında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. 17.Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunan sübutları nəzərdən keçirərək hesab etmişdir ki, 12000 (on iki min) manat məbləğində kompensasiya verilməklə Cavabdeh istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması əsaslı və ədalətlidir. 18.Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun hüquqi dəyərləndirmə apararaq hesab etmişdir ki, kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarlar, yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği; kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları; kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri məsələn, mülkiyyətçinin hüquqlarının müdafiə olunması nəzərə alınmalıdır.Bu baxımdan məhkəmə iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən təklif edilən kompensasiya məbləğlərinin ədalətli olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbləri təmin edilməlidir. 19.Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbləri təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh 7000 (yeddi min) manat məbləğində, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 tərəfindən isə Cavabdeh 5000 (beş min) manat məbləğində kompensasiya ödənilməklə, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99 ünvanında yerləşən 76 saylı mənzildən Cavabdeh istifadə hüququna xitam verilməli, İddiaçı və X7 tərəfindən Cavabdeh kompensasiya verilməsi və CavabdehBakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99 ünvanında yerləşən 76 saylı mənzildən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması eyni vaxtda icra edilməlidir. 20.Məhkəmə öz mövqeyini Azərbaycan Konstitusiyasının 13-cü maddəsinin 1-cü hissəsi, 29-cu maddəsinin 2-ci bəndi; Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 152.1, 152.5, 228.2; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.1-ci;Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

21.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 22.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, mübahisəli mənzillə bağlı qeyd olunmalıdır ki, cavabdehin hazırda yaşadığı və qeydiyyatda olduğu bu mənzil əvvəlcə onun mərhum atası X8 mülkiyyətində olmuşdur. Cavabdehin atası 2004-cü ildə vəfat etdikdən sonra mənzil vərəsəlik qaydasında iddiaçıların adına rəsmiləşdirilmişdir. Bu zaman Cavabdeh anası olan İddiaçı tam etibar edərək mənzilin anasının adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Çünki iddiaçı cavabdehin anasıdır və atasından sonra ailə başçısı da iddiaçı olmuşdur. Cavabdeh anasına hər cəhətdən etibar edib inanmış, mənzilin ona və ailəsinə məxsus olduğunu və həmişə də belə olacağını düşünmüşdür. Həmin vaxtdan keçən 18 il ərzində bu münasibət dəyişməmiş, hər şey qaydasında olmuş, cavabdeh həmin mənzildən öz evi kimi istifadə etmişdir. Cavabdeh uşaqlıq illərindən bəri həmin mənzildə yaşayır. X14 2004-cü ildə vəfat edəndə hazırkı mənzil ondan bütün ailəyə miras qalmışdır və ailə olaraq qərara gəlmişlər ki, mənzil ananın, yəni İddiaçı adına rəsmiləşdirilsin. Yəni həmin mənzil iddiaçının və müstəqil tələb irləi sürən üçüncü şəxsin öz şəxsi qazancı ilə alınmayıb, mənzildə cavabdehin atasının da payı olmuş, mənzil bütün ailəyə məxsus olmuşdur. İddiaçı cavabdehi nəvaxtsa həmin mənzildən çıxaracağını, mənzildən istifadə etməsinə qarşı olacağını cavabdeh heç vaxt düşünməmiş və təsəvvür etməmişdir. Əksinə, iddiaçı həmin mənzilin ailəyə, eləcə də cavabdehə məxsus olduğunu həmişə bildirmişdir. Əgər iddiaçı cavabdehə qarşı belə davranacağını bildirsəydi, cavabdeh atasından miras qalan həmin mənzildən özünə çatan paydan anasının xeyrinə imtina etməz, mənzildən ona çatan payı öz adına rəsmiləşdirərdi. Lakin bu hərəkət ailədə bərqərar olan qarşılıqlı hörmət, etimad anlayışlarına zidd olduğu üçün cavabdeh bunu etməmişdir. Bu mənada İddiaçı cavabdehə qarşı hazırkı iddia tələbilə məhkəməyə müraciət etməsi hüquqdan sui-istifadədir. Hüquqdan sui-istifadə hərəkətlərinə isə qanunla yolverilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560-cı maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-cü maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və ya güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. İddiaçı belə bir iddia qaldırmasının hüquqdan sui-istifadə olması prosesin gedişində də açıq aydın bəlli olmuşdur. Belə ki, iddiaçı əvvəlcə həm cavabdehə qarşı, həm də müstəqil tələb irəli sürən üçüncü şəxs X4 qarşı iddia qaldırmış, sonradan isə X5 cavabdehlər sırasından çıxarmışdır. Bundan sonra isə X7 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşularaq ona-cavabdehə qarşı tələb irəli sürmüşdür. Baş verən bu dəyişikliklər iddiaçı ilə müstəqil tələb irəli sürən üçüncü şəxs X3 əlbirliyinin, cavabdehə qarşı birləşərək hüquqdan sui-istifadə etmələrinin bariz nümunəsidir. Lakin məhkəmə nədənsə bu hallara düzgün hüquqi qiymət verməmiş, iddia tərəfinin hüquqdan sui-istifadə etməsi ilə bağlı maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bundan əlavə, cavabdehin həmin mübahisəli mənzildən istifadə hüquqları vardır. Çünki həmin mənzilin mülkiyyətçisi olan iddiaçı cavabdehin doğma anasıdır və cavabdeh mülkiyyətçinin ailə üzvüdür. Qanunvericilikdə mənzil mülkiyyətçisinin ailə üzvlərinin həmin mənzildən istifadə hüquqlarının olması nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci (Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri) əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləriarasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər yaşayış sahəsindən istifadə etmək hüququna malikdirlər. Bununla bağlı olaraq bildirir ki, cavabdeh mübahisəli mənzildə uzun illərdir ki, yaşayır, kommunal xərclərin ödənilməsində iştirak edir və həminmənzildə yaşayış yeri üzrə daimi qeydiyyatdadır. Odur ki, cavabdehin həmin mənzildən iddiaçı ilə birlikdə istifadə etmək hüquqları vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə (Mənzil hüququ) əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Lakin işə baxan məhkəmə qeyd olunan bu maddi hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyininmüvafiq normaları ilə tənzimlənir”. Buradan da göründüyü kimi, məhkəmənin öz qətnaməsində Mülki Məcəllənin 228-ci maddəsinə istinad etməsi tam qanunsuz və əsassız olmaqla yanaşı, həmdə Konstitusiya məhkəməsinin qeyd olunan qərarının hüquqi göstərişlərinə tam ziddir. Bundan əlavə, Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri əsas götürülməklə qəbul edilən qətnamə cavabdehin sosial təminatı ilə bağlı mənafeyinin də ciddi şəkildə pozulmasına səbəb olmuşdur. Çünki cavabdeh həmin mənzildə uşaqlıq illərindən etibarən yaşamış, məktəbə getmiş, ailə həyatı qurmuş və hazırda da həmin mənzildə yaşayır. Həmin mənzilə onun yaşayış hüququ valideynləri ilə ailə hüquq münasibətlərindən irəli gəlir. Bundan əlavə, cavabdehin həmin mənzillə bağlı vərəsəlik hüquqları olmuş, bu paydan iddiaçı anasının xeyrinə imtina etmiş, daha doğrusu evin ananın adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Cavabdeh həmin mənzildə daimi yaşamaqla hazırda da iddiaçı olan anasının gələcək üçün miras əmlakından pay almaq hüququ olan (mülkiyyət gözləntisi olan) şəxsdir. Qəbul edilən qətnaməilə cavabdehin bu hüquqları pozulmuş və Konstitusiya Məhkəməsinin Qərarınazidd olaraq maddi hüquq normalarının səhv tətbiq edilməsi ilə nəticələnmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin Qərarında deyilir: “Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimiçıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquqi komponentləri də mövcuddur”. Göründüyü kimi, cavabdehin həmin mənzilə olan istifadə hüququnun mülki qanunvericiliyin normaları ilə tənzimlənməli olması barədə məhkəmənin gəldiyi hüquqi nəticə tamamilə əsassızdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

a)Məhkəmə icraatı iştirakçılarının izahatları

24.Məhkmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verdilər, şikayətin təmin edilməsini xahiş etdilər. 25.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, cavabdehin mülkiyyətində "xxxx" MTK-da 53,8 kv.m sahəsi olan 2 otaqlı mənzili olmuşdur. Cavabdeh həmin mənzili 24 yanvar 2023-cü il tarixdə X9 adlı şəxsə satmışdır. Hazırda həmin mənzildə X9 yaşayır. Bundan sonra cavabdeh öz doğma, yaşlı anasını döyərək evdən qovmuşdur. İddiaçı evdən qovulandan sonra 03 fevral 2023-cü ildə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Yaşlı qadın abrına sığınıb, oğlunu polisə verməmişdir. Ancaq belə yaşayışın mümkün olmadığını görüb, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. 26.Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X7 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, cavabdehin mülkiyyətində "xxxx" MTK-da 53,8 kv.m sahəsi olan 2 otaqlı mənzili olmuşdur. Cavabdeh həmin mənzili 24 yanvar 2023-cü il tarixdə X9 adlı şəxsə satmışdır. Hazırda həmin mənzildə X9 yaşayır. Bundan sonra cavabdeh öz doğma, yaşlı anasını döyərək hazırki evdən qovmuşdur. Anaları məcburiyyət qarşısında qalıb, yaşlı vaxtında başqa yerlərdə yaşayır. Ancaq belə yaşayışın mümkün olmadığını görüb, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. 27.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil və müstəqil tələb irəli sürən üçüncü şəxs X7 hər biri cavabdehə kompensasiya olaraq 8000 manat olmaqla, cəmi 16000 manat kompensasiya ödəməyə razı olduqlarını, bu qaydada iddialarının təmin edilməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının: 28.13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 30.Maddə 152.1.Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 31.Maddə 152.5.Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 32.Maddə 228.2.Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 33.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 34.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 35.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 36.Maddə 384.0.3.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

37.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 38.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39.Məhkəmə kollegiyası tərəfləri və müstəqil tləb irəli sürən üçüncü şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instasniya məhkəməsinin qətnaməsi təklif olunan kompensasiyanın məbləği ilə bağlı hissədə dəyişdirilməlidir. 40.Belə ki, işin müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki, mübahisəli- Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99-da yerləşən 63,15 kv.m sahədən ibarət 76 saylı mənzil xx.xx.2004-cü ildən mülkiyyət hüququ əsasında İddiaçı və onun qızı, hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 paylı mülkiyyətindədir. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs iddiaçının oğlu və üçüncü şəxsin qardaşı olan Cavabdeh onlara məxsus mənzildən çıxmaq istəmədiyini və onların dinc və maneəsiz yaşamasına imkan vermədiyini bildirərək cavabdehə kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmişlər. Cavabdeh ailəli olmaqla, 2016 və 2017-ci il təvəllüdlü iki uşağı vardır. 41.Kollegiya apellyatorun hazırki mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiq edilməli olmaması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin mübahisəli mənzil üzərində mülkiyyət hüquqları xx.xx.2004-cü ildən yarandığından, hazırkı mübahisə Mülki Məcəllənin 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. 42.İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı və üçüncü şəxs tərəfindən irəli sürülmüş kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə tələbin qanuni əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Bununla belə, qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı və iddia irəli sürülmüş şəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. 43.Qeyd olunan mənzil 2004-cü il tarixdən etibarən iddiaçı və üçüncü şəxsin paylı mülkiyyətində olmaqla, cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmışdır. 44.Kollegiya qeyd edir ki, hazırki iş üzrə iddiaçı və üçüncü şəxs cavabdehə qarşı kompensasiya ödənilməklə onların paylı mülkiyyətində olan mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı və üçüncü şəxs mübahisəli mənzilin birgə mülkiyyətçisidir, cavabdehin isə həmin mənzilə istifadə hüquqları vardır. İddiaçı və üçüncü şəxs ilə cavabdeh arasında mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi haqqında razılaşma mövcud deyil. 45.Belə olan halda kollegiya qeyd edir ki, iddia tələblərinin təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət, eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. 46.Belə ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ) digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. 47.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmh işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. 48.Nümayiş etdirilən bu hüquqi mövqeyə uyğun olaraq Konstitusiya Məhkəməsi Plenumu tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verlməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. 49.Həmin qərarın mənası belə bir nəticəyə gəlməyə əsas verir ki, məhkəmə təklif olunan kompensasiyanın məbləğindən asılı deyildir. Mübahisə yarandıqda məhkəmə özü kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməli və mülkiyyətçi həmin məbləğlə razılaşdıqda iddianı təmin etməlidir. Əks halda iddia təmin edilmədən saxlanılmalıdır. 50.Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. 51.Qeyd olunmalıdır ki, iddiaçı tərəf cavabdehin onu mənzildən qovduğunu qeyd etmiş, məhkəmə kollegiyasının iclasında cavabdeh heç bir əsas olmadan öz doğma bacısı olan müstəqil tələb irəli sürən üçüncü şəxsi “əxlaqsız” kimi adlandırmışdır. Göründüyü kimi, tərəflər arasında olan ailə münasibətləri pisləşdiyi üçün, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmüşlər. 52.Kolegiya hesab edir ki, bu qeyd olunan hallar cavabdeh tərəfin iddia tələblərinin hüquqdan sui-istifadə olması ilə bağlı dəlillərinin əsassız olması qənaətinə gəlməyəs əsas verir. 53.Təklif olunan kompensasiyanın məbləğinin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. 54.Kompensasiya məbləğinin ədalətli müəyyən edilməsi ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsini Mülki Kollegiyasının bir sıra qərarlarında ( 2(102)-2049/2022 saylı mülki iş üzrə, xx.xx.2022-ci il tarixli; 2(102)-958/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərarlar) göstərilmişdir ki, “kassasiya instansiyası məhkəməsində baxılmış bu kateqoriyadan olan işlər üzrə məhkəmə təcrübəsinin öyrənilməsi göstərir ki, Binəqədi rayonunda yerləşən iki otaqlı mənzilə olan istifadə hüququna xitam verilməsi üçün mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən təklif edilən kompensasiyaların məbləğləri təxminən 10000-12000 manat civarında olub, habelə, keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ isə bir qayda olaraq məhkmənin qərarı əsasında 1-2 il müddətinədək saxlanılıb.” 55.Hazırki iş üzrə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 0097 nömrəli hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99 ünvanında yerləşən 76 saylı mənzilin likvid qiyməti 123300 manat, həmin mənzilin kirayə haqqı qiyməti isə 400 manat müəyyən edilmişdir. 56.Kollegiya qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbləri üzrə cavabdehə ödənilməli olan kompensasiya məbləğinin 16000 manat müəyyən edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. 57.Məhkəmə kollegiyası bu qənaətə gələrkən həmçinin qeyd edir ki, cavabdeh özünün mübahisələndirilən mənzildən başqa yaşayış yeri olmadığını bildirsə də, iş materiallarında olan “Nur MTK”-nın xx.xx.2023-cü il tarixli və 28 noyabr 2023-cü il tarixli məktublarından görünür ki, Cavabdeh əvvəl həmin MTK-da binanın İV girişində ümumi sahəsi 53,8 kv.m olan 266T nömrəli, 2 otaqlı mənzili olmuş (müqavilədə 266T nömrəli Texniki etaj göstərilməsinə baxmayaraq) və həmin mənzili 24 yanvar 2023-cü ildə X6 31000 ABŞ dollarına satmış və daxili müqavilə ilə rəsmiləşdirilmişdir. Hazırda həmin mənzildə X9 yaşayır. 58.Buna görə də, məhkəmə kollegiyası tərəfindən iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsə kompensasiya məbləği olaraq 16000 manat təklif olunmuş, sonuncular irəli sürülmüş təklifi qəbul edərək, hər biri 8000 manat olmaqla, cəmi 16000 manat kompensasiya ödənilməsinə razı olduqlarını bildirmişlər. 59.Kollegiya hesab edir ki, təklif olunan 16000 manat kompensasiya məbləği mülkiyyətçilərin hesabına istifadəçi olan cavabdehə davamlı sürətdə və 3 ildən artıq müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermiş olur. 60.Beləliklə məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(001)-1709/2023 saylı qətnaməsi təklif olunan 12000 manat kompensasiya məbləği hissəsində dəyişdirilməli, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin hər birindən alınan kompensasiya məbləği 8000 (səkkiz min) manat müəyyən edilməlidir. 61.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 62.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(001)-1709/2023 saylı qətnaməsi təklif olunan 12000 (on iki min) manat kompensasiya məbləği hissəsində dəyişdirilsin. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 hər birindən alınan kompensasiya məbləği 8000 (səkkiz min) manat, cəmi 16000 (on altı min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar