Məhkəmə qərarları › İş №2(103)-6859/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6859/2022

22.09.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6859/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4618/2021 saylı iş üzrə 02 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı Sabunçu rayon İcra Hakimiyyəti, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Pirşağı qəsəbəsi üzrə nümayəndəliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Pirşağı Bələdiyyəsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi müstəqlil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi Bağlar Kərim Kərimov və Elbəy Rzaquliyev küçələrinin kəsişməsində yerləşən “Əmirxəlil Market” adlandırılan qanunsuz inşa edilən, fəaliyyət göstərən tikilinin, onun önündə sütunlardan inşa edilən talvarın, habelə həmən tikilinin yanında inşa edilən 2 ədəd təndir, onun üzərində taxta talvarın və təndirlərin arxasında yerləşən onun qanuni torpağına giriş çıxışı təmin edən darvaza qapısının önünə qanunsuz olaraq inşa edilən hasarın sökülməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması və məhkəməyə müraciət etmək üçün ödənilən 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4618/2021 saylı iş üzrə 02 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamə ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4618/2021 saylı iş üzrə 02 dekabr 2021-ci il tarixli qətnaməsini 15 dekabr 2021-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə şəxsə qəbul etmiş və xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-3701/2022 saylı, 18 aprel 2022-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4618/2021 saylı iş üzrə 03 iyun 2022-ci il tarixli qəradadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Daha sonra qətnamədən İddiaçı yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-3701/2022 saylı, 05 iyul 2022-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4618/2021 saylı iş üzrə 07 sentyabr 2022-ci il tarixli qəradadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı təkrarən xx.xx.2022-ci tarixdə apellyasiya şikayət vermişdir. Göründüyü kimi, İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4618/2021 saylı iş üzrə 02 dekabr 2021-ci il tarixli qətnaməsindən xx.xx.2022-ci tarixdə apellyasiya şikayəti verərkən qanunla nəzərdə tutulmuş müddəti ötürmüş və müddətin bərpasına dair ərizə də verməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kollegiya qeyd edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verilməsinə baxmayaraq birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğun olaraq qaytarmalı olduğu halda apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci və 366.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4618/2021 saylı iş üzrə 02 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4618/2021 saylı iş üzrə 02 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar