Məhkəmə qərarları › İş №2(103)-6864/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6864/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6864/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Yasamal Rayon Məhkəməsinin e-2(004)-1564/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən 15299,99 manat məbləğində ödənilməmiş borc məbləğinin, iddia ərizəsinin verilməsinə görə 135,9 manat məbləğində dövlət rüsumunun, eləcə də vəkilin göstərdiyi yardıma görə 250 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 1564/2023 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh 09 dekabr 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 15299,99 manat məbləğində ödənilməmiş borcun, 135,9 manat dövlət rüsumunun və vəkilin göstədiyi hüquqi yardıma görə 250 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 “Elektron kabinet” vasitəsilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-1564/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, e-2(004)- 1564/2023 saylı qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin olunmamışdır. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 qərardaddan şikayət vermiş, şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd edilməlidir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir və belə olan halda prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq, məhkəmə qərarlarının qətiliyinə xələl gətirmiş olur. Bu hal, həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Çünki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın İşdə olan sənədlərə əsasən - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-1564/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. Qətnamədən qanunla müəyyən olunmuş müddət ərzində şikayət verilmədiyindən, 24 iyun 2023-cü il tarixdə icra vərəqəsi verilərək icraya yönəldilmiş və 17 avqust 2023-cü il tarixdə icra üzrə icraata başlanılmışdır. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən, buraxılmış prosessual müddətin üzrlü olmasını təsdiq edən sübutların təqdim olunmamasını qeyd etmişdir. Məhkəmə kollegiyası, rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq, hesab edir ki, cavabdeh tərəfindən buraxılmış prosessual müddətin üzrlü sayılması əsaslar mövcud deyildir. Cavabdehin nümayəndəsi (vəkili) müddətin buraxılmasının üzrlü səbəbi kimi cavabdehin ölkə hüdudlarından kənarda olmasını, qətnamədən məlumatının olmamasını göstərsə də, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi qətnamə xx.xx.2023-cü il tarixdə cavabdehin şəxsi elektron kabinetinə yerləşdirilmiş, bununla da qətnamə cavabdehə rəsmi qaydada təqdim edilmiş sayılmışdır. Bu səbəbdən də qətnamənin sonradan cavabdehin nümayəndəsi tərəfindən təkrarən alınması vəziyyəti dəyişdirmir. Belə ki, MPM-in 135.6-cı maddəsinin tələbinə görə «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər «Elektron məhkəmə» informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış «elektron kabinet»lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-nin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Avropa Məhkəməsi də qərarlarında dəfələrlə vurğulamışdır ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (Avropa Məhkəməsinin «Raihani – Belçikaya qarşı», «Məmmədov və digərləri Rusiyaya qarşı» işlərdəki mövqeyi). Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən prosessual müddətin ötürülməsinin üzrlü sayılması üçün mötəbər sübutlar təqdim olunmamışdır. Cavabdehin nümayəndəsinin irəli sürdüyü dəlillər isə prosessual müddətin üzrlü sayılması üçün qanuni əsas təşkil edə bilməz. Belə olan halda, məhkəmə kollegiyası, rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq, hesab edir ki, qərardad qanuni və əsaslıdır. Həmçinin, qeyd edilməlidir ki, qanuni əsas olmadan buraxılmış prosessual müddətin bərpa olunması «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də uyğun olmamaqla, son nəticədə ədalətli məhkəmə araşdırması hüquqununun pozulması ilə nəticələnir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Yasamal Rayon Məhkəməsinin e-2(004)-1564/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərardadından cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı Yasamal Rayon Məhkəməsinin e-2(004)-1564/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar