Məhkəmə qərarları › İş №2(103)-6872/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6872/2020

01.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6872/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayıl qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Xəlilova (Məmmədova) Ülviyyə Bayram qızının iştirakı ilə, İddiaçı cavabdehlər «xxxxxxx» KB ASC-yə və Cavabdeh2 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 1205/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər «xxxxxxx» KB ASC-yə və Cavabdeh2 qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər «xxxxxxx» KB ASC-yə və Cavabdeh2 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxxxxx» KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 14İSMLƏ/13 saylı kredit müqaviləsi üzrə 30.000 ABŞ dolları məbləğində kreditin ödənilməsi təminatına görə bağlanmış xx.xx.2013-cü il tarixli 14İSMLİ/13 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qayınatası X2 «xxxxxxx» KB ASC ilə aralarında xx.xx.2013-cü il tarixdə bağlanmış 14İSMLƏ/13 saylı kredit müqaviləsi üzrə 30.000 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 14İSMLƏ/13-01 saylı kredit müqaviləsi üzrə 30.000 ABŞ dolları və xx.xx.2014-cü il tarixli 20İSML14 saylı kredit müqaviləsi üzrə 35.000 ABŞ dolları olmaqla, ümumilikdə 95.000 ABŞ dolları həcmində kredit götürmüşdür. Həmin kreditlər üzrə öhdəliyin icrası təminatı kimi bir sıra daşınmaz əmlaklar ipotekaya qoyulmuşdur. xx.xx.2013-cü il tarixdə bağlanmış 14İSMLƏ/13 saylı kredit müqaviləsi üzrə onun doğulduğu vaxtdan qeydiyyatda olmaqla yaşadığı, ünvan 1 ünvanda yerləşən 4 saylı mənzili mülkiyyətçi kimi onun atası və qardaşı tərəfindən yaxın qohumluq münasibətinə görə ipoteka qoymuşlar. Lakin onu bu barədə məlumatlandırmamışlar. Sadəcə anası məqsədini bildirmədən ondan notarial qaydada təsdiq olunmuş etibarnamə almış və həmin etibarnamə əsasında onun da adından iradəsinə zidd olaraq mənzilin ipoteka qoyulmasına razılıq vermişdir. Eyni zamanda, onun yaşayış hüququ olan mənzil yalnız xx.xx.2013-cü il tarixdə bağlanmış 14İSMLƏ/13 saylı kredit müqaviləsi üzrə alınmış 30.000 ABŞ dolları məbləğinə görə öhdəliyin təminatı məqsədi ilə qoyulmuşdur. Həmin kredit müqaviləsi üzrə öhdəliklər də tam yerinə yetirilmişdir. Həmçinin, kredit müqavilələri üzrə borc alınan 95.000 ABŞ dolları məbləğində borcun təqribən 70 %-i ödənilib. Onların mənzildən başqa ipotekada olan digər daşınmaz əmlaklar qalan borcun ödənilməsini artıqlaması ilə təmin edir. O, hazırda ailə vəziyyəti ilə əlaqədar qeydiyyatda olduğu mənzildə yaşayır. Lakin mənzilləri ipotekada olmaqla, borcun ödənilməsi mənzillərinə yönəlmişdir və bank mənzili borcun əvəzinə əllərindən almağa çalışır. Belə olan təqdirdə, ağır maddi vəziyyətə düçar olurlar. Mənzillərinin ipotekada olmasına səbəb olan öhdəlik faktiki vəziyyətdə təmin olunmuşdur. Qeyd olunanları nəzərə alıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. İddiaçı Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı və Cavabdeh2 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən cavabdehin nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, ipoteka saxlayan «xxxxxxx» KB ASC-nin İsmayıllı filialı, ipoteka qoyanlar Cavabdeh2, X1 və borc alan X2 arasında xx.xx.2013-cü il tarixli 14İSMLİ/13 saylı ipoteka müqaviləsi bağlanmışdır. xx.xx.2013-cü il tarixli 14İSMLƏ/13 saylı əlavə kredit müqaviləsi üzrə borc alana 36 ay müddətinə illik 21 % dərəcəsi ilə 30.000 ABŞ dolları kredit verillmiş və həmin kredit ipoteka müqaviləsi ilə təmin edilmişdir. İddiaçı tələbində anası tərəfindən məqsədini bildirmədən ondan notarial qaydada təsdiq olunmuş etibarnamə alındığını və həmin etibarnamə əsasında onun da adından iradəsinə zidd olaraq mənzilin ipoteka qoyulmasına razılıq verdiyini qeyd etsə də, buna dair nə birinci instansiya məhkəməsinə, nə də ki, kollegiyanın iclasında hər-hansı sübut təqdim etməmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün hazırkı iş üzrə heç bir qanuni əsas müəyyən edilmədi. Habelə iddiaçı hüququnun pozulmasının nə vaxtdan ona məlum olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında qeyd olunan ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar