Məhkəmə qərarları › İş №2(103)-6873/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6873/2024

23.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6873/2024 23.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, e-2(006)-3785/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1744 nömrəli ev tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 174 nömrəli reyestr kitabının 17240 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 803570 nömrəli protokoldan görünür ki, NİM seriyalı 001946 nömrəli akta əsasən, Qasımov Gümaşa məxsus A030820571 nömrəli sayğac 26304586 nömrəli sayğac ilə əvəz edilmişdir. "xxxx" ASC-nin sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında xx.xx.2024-cü il tarixli, 003120 nömrəli akt-protokolundan görünür ki, 803570 nömrəli protokola əsasən, A030820571 nömrəli 3 fazlı sayğac laboratoriya yoxlanmasından keçmişdir. Yoxlamanın nəticəsində məlum olmuşdur ki, sayğacın dövlət möhürü normaldır və sayğac xəta ilə işləyir. Həmçinin, sayğacın göstəricisi kompüter bazası ilə fərqlidir. İş materiallarında olan "xxxx" ASC-nin akt komissiyası tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiq olunmuş «Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahəsi üzrə və texniki sahələr üzrə tələblər» adlı sənəddən görünür ki, xx.xx.2024-cü il tarixli NİM seriyalı 001946 saylı akt əsasında **********4000A saylı abunə kodu olan abonentə 9.460,20 manat cərimə şəklində borc hesablanmış və sayğacın yenisi ilə əvəz edilməsi qərara alınmışdır. "xxxx" ASC-nin abunə kodu **********4000A olan abonent X4 hərəkət cədvəlinin surətindən görünür ki, abonent 2024-cü ildə 74.327,85 kvth enerji sərf etmiş və 9.898,12 manat borcu yaranmışdır. Hazırda iddiaçı 9.898,12 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********4000A olan, 26304586M261 nömrəli sayğac) elektrik enerjisinə görə əsassız hesablanmış 9.898,12 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus ünvan 1 yerləşən fərdi yaşayış evində abonent kodu **********4000A olan, 26304586M261 nömrəli sayğac ilə elektrik enerjisindən istifadə edilir. İddiaçıya "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli bildiriş göndərilmiş və həmin bildirişdə göstərilmişdir ki, ümumi ödəniləcək məbləğ olaraq 9.898,12 manat məbləğində borc ödənilməlidir. Heç bir hüquqi əsas olmadan bildiriş təqdim olunan kimi dərhal cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə mənzilə elektrik enerjisinin verilməsi dayandırılmışdır. "xxxx" ASC tərəfindən tərtib edilmiş və hazırda mübahisələndirilən bildirişdən isə görünür ki, "xxxx" ASC qanunvericiliyin tələblərinə əməl etməmişdir. Çünki, iddiaçı ona məxsus ünvan 1 mənzilin enerji sərfiyyatı üzrə yazılmış bütün ödənişləri vaxtı-vaxtında ödəyir. Cavabdeh isə qanunvericiliyin tələblərini pozaraq, qanunsuz olaraq hazırki yay fəslində iddiaçıya məxsus fərdi yaşayış evinin işıqlarını kəsmişdir. Bildirir ki, bildirişdə iddiaçıya borcun yazılmasına əsas olan hallar barədə məlumat verilməmiş və bu borcun yaranmasının əsasları da göstərilməmiş və iddiaçının iştirakı ilə hər-hansı bir akt tərtib olunmamışdır. Ona görə də hesab edir ki,əsassız hesablanmış borc məbləği silinməlidir. Əlavə olaraq bildirir ki, iddiaçıya əlavə heç bir sənəd təqdim olunmamışdır. Birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş X5 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Mərdəkan qəsəbəsində iddiaçının ünvanında sayğaca baxış keçirilib. Möhürün dəyişilməsini o baxımdan demək olar ki, çünki simləri yeni idi. Bununla bağlı sənədlər tərtib edilmiş, laboratoriya çağırılmış və müvafiq akt tərtib edilmişdir. Kompüter bazasında qeyd edilmiş nömrə ilə möhürün nömrəsi uyğun gəlirdi. Amma, yenə də möhür düzgün olsa da müdaxilə edilməsi mümkündür. Son dövrdə dövlət möhürünün kopyasını çıxartdırıb sayğaca müdəxilə edilməsi mümkündür. Son olaraq bildirmişdir ki, computer bazası ilə sayğacın elektrik enerjisi sərfiyyatının göstəricisi fərqli idi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, e-2(006)- 3785/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, **********4000A abunə kodu üzrə NİM seriyalı 001946 nömrəli akta əsasında hesablanmış 9460,20 (doqquz min dörd yüz altmış manat iyirmi qəpik) manat cərimə məbləğinin silinməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, iddiaçının qeyd edilən ünvanla bağlı subyektiv hüququ həmin ünvanda yerləşən yaşayış sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına əsas olan müvafiq dövlət reyestrindən çıxarışdan irəli gəlir. Baxmayaraq ki, həmin ünvanda yerləşdirilmiş sayğac üzrə elektrik enerjisi sərfiyyatı ilə bağlı bütün sənədlərdə Gümaş Qasımovun adı keçir, lakin işin hallarından aydın olur ki, Gümaş Qasımov həmin ünvanın ehtimalən keçmiş sahibi olmuş və həmin ünvanla bağlı abunə kodu onun adına rəsmiləşdirilmişdir. Lakin hazırda həmin ünvanın mülkiyyətçisi iddiaçı olduğundan və tərəflər bu halı mübahisələndirmədiyindən iddiaçı belə bir tələb irəli sürməyə subyektiv hüquqa malikdir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatı və tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, akt tərtib edilərkən İddiaçı iştirak etməmişdir. Həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq, elektrik sayğaclarının, o cümlədən plomblarının və möhürlərinin qorunması cavabdeh qurum "xxxx" ASC-nin səlahiyyətindədir. Habelə qanunvericiliyin tələbinə görə hazırda cavabdeh tərəfindən aşkar edilmiş qüsurun baş verməsində iddiaçının birbaşa təqsiri müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, yuxarıda göstərilən səbəblərdən yazılmış 9460,20 manat məbləğində borc əsassızdır və abonentin hesabından silinməlidir. Qalıq borc olan 437,92 manat məbləğinə isə məhkəmə qeyd etmişdir ki, mülki iş materiallarına əlavə olunmuş abonent saldosundan müəyyən edilir ki, həmin məbləğ abonentin elektrik enerjisindən real şəkildə istifadəsindən yaranmışdır və həmin borcun əsassız hesab edilməsinə dair heç bir sübut və fakt məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən - iddia tələbinin təmin olduğu hissəsinin ləğv edilməsi və iddianın tam təmin olunmaması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (abunə kodu: **********000A) quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, elektrik sayğacının dövlət və alt qapaq möhürlərinin simi yeni vurulmuşdur. Kompüter məlumat bazasında isə elektrik sayğacının möhurləri 2019-cü ildə daxil edilmişdir, uzun müddət keçməsinə baxmayaraq möhürlər yeni vurulmuş kimi olmuşdır. Elektrik sayğacının faktiki göstəricisi (72804) kompüter məlumat bazasında qeyd edilmiş göstəriciylə (76525) uyğun qəlmir. "xxxx" ASC-nin əməkdaşlar (Şahid,A.Kazımov və R.Məmmədov) tərəfindən xx.xx.2024-cü il tarixli NİM 001946 saylı müvafiq akt tərtib olunmuşdur və video çəkiliş aparılmışdır. "xxxx" ASC-nin akt komissiyasının əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən xx.xx.2024-cü il tarixli NİM 001946 saylı akt üzrə 73.080kvts=(50kvt*0,7*24saat*87qün) itirilmiş elektrik enerjisinin dəyəri 9.460,20 manat məbləğində müəyyən edilməklə abonentin (kod: **********000A) abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Cavabdeh tərəf hesab edir ki, qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən - iddia tələbinin təmin olduğu hissəsinin ləğv edilməsi və iddianın tam təmin olunmaması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə - iddia tələbinin təmin edilən hissəsində yoxlanılır. Tətbiq edilən hüquq “Elektrik enerjisindən istifadə Qaydaları”: 1.2. Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 5.3.2. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi kabellə daxil olduqda- binanın, yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilir. 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 7.13. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 9.4. İstehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunu: 14.1.15 və 14.1.16. Tikinti obyekti ötürücü şəbəkəyə qoşulmuş istehlakçının sayğacını (ağıllı sayğaclar istisna olmaqla) hər ay oxumaq və bu barədə istehlakçıya bildiriş, habelə bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq elektrik enerjisinin təchizatçısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda təchizatçının adından hesab təqdim etmək, tikinti obyekti ötürücü şəbəkəyə qoşulmuş istehlakçının sayğacının işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda bir dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçirmək (sahibkarlıq subyektlərinə münasibətdə bu Qanunun 19.14-cü maddəsinin tələblərinə uyğun olaraq) ötürücü və paylayıcı sistem operatorunun vəzifələrinə daxildir. Azərbaycan Respublikası Tarif Şurasının “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” xx.xx.2021-ci il tarixli 14 nömrəli qərarına əsasən əhali qrupu üçün elektrik enerjisi tarifi aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün 8,0 qəpik /kVts, aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 9,0 qəpik/kVts, aylıq istehlak həcminin 300 kVtsdan çox olan hissəsi üçün 13,0 qəpik /kVts müəyyən edilmişdir. Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarından görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1744 nömrəli evə dair elektrik enerjisindən istifadə edilməsinə görə barəsində tərtib olunmuş abonent saldosuna əsasən ona 9.898,12 manat borc hesablanmış, bu səbəbdən də, iddiaçı həmin borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Müəyyən edilmişdir ki, sözügedən ünvanda yerləşdirilmiş sayğac üzrə elektrik enerjisi sərfiyyatı ilə bağlı bütün sənədlərdə Gümaş Qasımovun adı keçir, lakin işin hallarından aydın olur ki, Gümaş Qasımov həmin ünvanın ehtimalən keçmiş sahibi olmuş və həmin ünvanla bağlı abunə kodu onun adına rəsmiləşdirilmişdir. Lakin hazırda həmin ünvanın mülkiyyətçisi iddiaçı olduğundan və tərəflər bu halı mübahisələndirmirlər. Cavabdeh apellyasiya şikayətində bildirir ki, akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçıya borcun hesablanmasına əsas olmuş aktın tərtib edilməsi zamanı ev sahibinin iştirakı təmin edilməmiş, sayğac sahibinin izahatı və mülahizələri akta əlavə edilməmişdir. Həmçinin işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən aşkar edilmiş qüsurun baş verməsində iddiaçının birbaşa təqsiri müəyyən edilmədən 9460,20 manat cərimə məbləği hesablanmışdır. Göründüyü kimi cavabdeh tərəf akt tərtib edərkən, qüsur olmasına istinad etsə də, həmin halın sübut edilməsi barədə cavabdeh tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir, həmçinin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sayğaca hərhansı müdaxilə etməsi halı müəyyən olunmamışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh "xxxx" ASC tərəfindən təqdim edilmiş diskə tərəflərin iştirakı ilə baxış keçirilmiş və diskdəki videoçəkilişdən görünür ki, Xəzər rayon Elektrik şəbəkəsinin xidməti ərazisində "xxxx" ASC-nin əməkdaşları xx.xx.2024-cü il tarixdə sayğaca baxış keçirilmiş, dövlət möhürünün nömrəsi, sayğac üzərində möhürün bərkidildiyi simlərin vəziyyəti yoxlanılmış və sayğac üzərində qeydə alınan enerji sərfiyyatı kompüter bazası ilə müqayisə edilmişdir. Həmin diskə apellyasiya instansiyası məhkəməsi tərəfindən də baxış keçirilmiş, eyni hallardan əlavə, sayğacın küçədə quraşdırılması da müşahidə edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 803570 nömrəli protokoldan görünür ki, NİM seriyalı 001946 nömrəli akta əsasən, Qasımov Gümaşa məxsus A030820571 nömrəli sayğac 26304586 nömrəli sayğac ilə əvəz edilmişdir. Cavabdeh tərəf abonentin saldosuna istinad edərək sayğac dəyişdirildikdən sonra göstəricilərin kəskin fərqlərinin olmasına bunu sayğaca müdaxilə olması ilə əsaslandırmaq qeyd edilən protokolun qanuniliyini təsdiq etməsinə çalışmışdır. Apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdehin nümayəndəsi izahatında sayğacın möhürünün və siminin yerində olmasını təsdiq etsə də, sayğaca müdaxilə olmasını israr etmişdir. Verilən suala cavab olaraq nümayəndə göstərilən hallar baxımından müdaxilən hansı formada həyata keçirilməsini göstərə və bununla bağlı sübutların təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini qismən təmin edərkən birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, elektrik sayğaclarının, o cümlədən plomblarının və möhürlərinin qorunması cavabdeh qurum "xxxx" ASC-nin səlahiyyətindədir. Habelə qanunvericiliyin tələbinə görə hazırda cavabdeh tərəfindən aşkar edilmiş qüsurun baş verməsində iddiaçının birbaşa təqsiri müəyyən edilməmişdir. Odur ki, 9460,20 manat məbləğində borc əsassızdır və abonentin hesabından silinməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən 9460,20 manat hesablanmış pulun iddiaçı tərəfindən ödənilməli olması qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilmir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının tələbinin təmin edilən hissədə əsaslı hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizələrdən ibarət olduğu üçün onun dəlilləri də əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, e-2(006)- 3785/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar