Məhkəmə qərarları › İş №2(103)-688/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-688/2021

22.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-688/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 və nümayəndəsi Vəkil1, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı1 Cavabdeh1 və Bakı şəhəri 52 saylı Notariat Ofisinə qarşı "mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi” tələbi barədə ilk iddia ərizəsi, Cavabdeh1 İddiaçı1 qarşı “borc pulun, əldən çıxmış faydanın, dəbbə pulunun və dəymiş maddi və mənəvi zərərin alınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Suraxanı rayon Məhkəməsinin 2(010)-1470/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı1 ilk iddia üzrə cavavbdeh Cavabdeh1 və Bakı şəhəri 52 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2019-cu ildə Bakı şəhəri,52 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh4 tərəfindən rəsmiləşdirilmiş, 3M-1025 saylı Mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2019-cu il tarixli movcud borcun etirafı haqqında mücərrəd müqavilə ilə nəzərdə tutulmuş, ümumilikdə 68300 ABŞ dolları məbləğində borc pulun və öhdəliyin icrasının gecikdirildiyi hər ay üçün ümumi məbləğin 5 faizi həcmində dəbbə pulunun və dəymiş ziyan olaraq 20000 ABŞ dolları məbləğində pulun İddiaçı1 tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunmasını, xx xxxxxxx 2019-cu il tarixli "mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”nin 1.1-ci bəndində göstərilən 68,300 ABŞ dolları məbləğində borc pulun və 2.1-ci bəndində göstərilən aylıq 9750 ABŞ dolları məbləğində pulun öhdəliyin icrasının gecikdirildiyi üçün illik 5% dərəcə ilə 7 ay müddətinə 1992,08 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, eyni zamanda müqavilənin bağlandığı xx xxxxxxx 2019-cu il tarixdən qətnamənin icra oldunduğu tarixədək öhdəliyin icrasının gecikdirildiyi hər aya düşən 284,58 ABŞ dolları faiz məbləğində dəbbə pulunun və dəymişmaddi və mənəvi zərərin əvəzi olaraq 20.000 ABŞ dolları məbləğində pulun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 tutularaq onun xeyrinə ödənilməsinə və 300 manat məbləğində ekspertiza xərcinin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 aid edilərək geri qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı xx.xx.2019-cu il tarixli Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə (səh.10), X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Ekspert rəyi (xx.xx.2019-cu il tarixli "Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”nin 1.1-ci bəndində göstərilən 68300,00 və 2.1-ci bəndində göstərilən aylıq 9750 ABŞ dollarına Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439-cu maddəsinin tələblərinə əsaslanıb illik 5% dərəcə ilə 7 ay müddətinə 1992,08 ABŞ dolları faiz borcu və aylıq 9750,00 ABŞ dollarının hər aya düşən faiz məbləği 284,58 ABŞ dolları və ekspertizanı dəyəri 300 manat müəyyən edilməsi (səh.82) sübut qismində tədqiq olunmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1470/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Bakı şəhəri 52 saylı Notariat Ofisinə qarşı "mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi” tələbi barədə iddia ərizəsi təmin olunmaması, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı1 Cavabdeh1 xeyrinə 68300 ABŞ dolları məbləğində borc və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1992,06 ABŞ dolları məbləğində pul vəsaiti, qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, və 30 manat ödənilmiş dövlət rüsumu tutulması, ekspertiza tədqiqatının dəyəri - 300 manat İddiaçı1 tutularaq Cavabdeh1 ödənilməsi və qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.Qətnamədə Azərbaycan Respublikası Mülki prosesual Məcəlləsinin 77.1; "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxxxx 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndi; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 324.4, 324.4, 331.1, 389.1, 407.2, 405, 882.1, 882.2, 329.1, 337.1, 337.2, 337.4, 339.1, 339.2, 339.3, 421.1, 421.2, 529.1, 529.3, 385, 427, 445-ci maddələrinə istinadən qeyd edilmişdir ki, mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanması birbaşa qanunvericiliklə nəzərdə tutulduğundan, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın müddəlarında belə tipli müqavilələrin bağlanmasına dair hər hansı bir məhdudiyyətlər qoyulmadığından, notariat praktikasında tərəflər arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilələrin bağlanması üçün heç bir hüquqi maneə mövcud deyildir, tərəflər arasında bağlanmış əqdin təzyiq, aldatma və məcburetmə təsiri altında bağlandığından, onun etibarsız hesab edilərək ləğv olunasına dair müddəalarla bağlı aşağıdakıları qeyd edir Əqdlərin etibarsızlığının mülki-hüquqi institutu mülki hüququn ümumi hissəsinin, praktiki olaraq, ən əhəmiyyətli institutlarından biridir. O, bu sahənin müxtəlif institutları ilə qarşılıqlı əlaqədədir (xüsusilə də öhdəlik hüququ sahəsi ilə). Əqdlərin etibarsızlığı ilə bağlı problemlərin həm mühüm nəzəri aspektləri vardır, həm də bu problemlər təsərrüfat fəaliyyətinin müxtəlif sahələrində bir çox praktiki məsələlərə toxunur. Hüquq elminin əqdlərin etibarsızlığı sahəsində bir çox nəzəri problemləri, şübhəsiz ki, hüququn tətbiqi praktikasına təsir göstərir və indiyədək müzakirə obyektidirlər. Bir şey aydındır ki, əqdlərin etibarsızlığı institutu bazar iqtisadiyyatının normal fəaliyyət göstərməsinə və mülki-hüquqi əqdlərin yerinə yetirilməsi zamanı qanunverici hədləri müəyyən etməklə, xüsusi hüququn dəyərlərinin mühafizə olunmasına xidmət edir. Qanunverici hədlərə riayət olunmadıqda isə, mülki hüquqi münasibətlərin vicdanlı iştirakçılarının hüquqlarını və qanuni maraqlarını müdafiə etmək imkanı verir. Beləliklə, əqdə məqsədinə hüquqi əhəmiyyət verilən qanuni iradi hərəkət kimi baxılır. Əqdin daxili əhəmiyyətini təhlil edərkən, adətən iradə, iradənin ifadəsi, hüquqi əsas (causa), səbəb kimi kateqoriyaları qeyd edilir. O, qanunilik, iradi xarakter, hərəkətlərin məqsədyönlülüyünün əhəmiyyəti kimi elementlərdən ibarətdir. Etibarlılıq keyfiyyətinə malik olmaq üçün əqd bütövlükdə qanuna və digər hüquqi aktlara zidd olmamalıdır. Bu tələb eyni zamanda aşağıdakı şərtlərə əməl olunduqda yerinə yetirilir: a) əqdin məzmunu və hüquqi nəticəsi qanuna və digər hüquqi aktlara zidd olmamalıdır, yəni qanunun və digər aktların (təlimatların, əsasnamələrin və s.) tələblərini pozmamalıdır; b) əqd fəaliyyət qabiliyyətli şəxs tərəfindən yerinə yetirilməlidir; qanun şəxsin iradəsini ifadə etməsini əqdin bağlanması üçün zəruri, lakin qeyri-kafi hesab etdikdə (14 yaşdan 18 yaşadək yetkinlik yaşına çatmayanlar), bu şəxsin iradəsi qanunda qeyd edilən şəxsin (valideynin, övladlığa götürənin, qəyyumun) iradəsi ilə əsaslandırılmalıdır; ç) əqdi bağlayan şəxsin iradəsini ifadə etməsi onun həqiqi iradəsinə uyğun olmalıdır, yəni görünüş xətrinə yox, hüquqi nəticələri yaratmaq niyyəti ilə yerinə yetirilməlidir; c) iradə ifadəsi qanunla bu əqd üçün nəzərdə tutulmuş formada icra olunmalıdır; d) əqdi bağlayan şəxsin iradəsi kənar şəxsin qeyri-qanuni təsiri (zorakılıq, hədə, aldatma) altında yaxud şəxsin iradəsinin formalaşmasına mənfi təsir göstərən digər amillərin (yanılma, xəstəlik, sərxoşluq, müstəsna hallar) təsiri altında deyil, sərbəst şəkildə formalaşmalıdır. Bu şərtlərə əməl olunmaması, qanunla digəri nəzərdə tutulmadıqda, əqdin etibarsızlığına gətirib çıxarır. İddiaçı1 ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli borcun etirafına dair mücərrəd müqaviləsinin etibarsız hesab edilməsinə və onun ləğv olunmasına əsas olan hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin müddəaları həm subyekt tərkibinə, həm məzmununa, həm formasına həmdəki iradə və iradə ifadəsinə görə qanunvericiliyin tələblərinə uyğundur. İlk iddiaçıların mübahisələndirdiyi əqdin bağlanması zamanı kontragent tərəfindən aldatma, təzyiq və ya və məcburetmə üsullarından istifadə etməsi, bunun nəticəsi olaraq bağlanmış müqavilənin ilk iddiaçının iradə ifadəsini əks etdirməməsi halları müəyyən olunmamışdır. Müqavilənin məzmunundan tərəflərin hüquq və vəzifələrinin qarşılıqlı olaraq qəbul edildiyi, onun imzlanması ilə bağlı yaranan hüquqi nəticələrin tərəflərin hər ikisinə aydın olduğu qənaətinə gəlmək olar. Məhkəmə araşdırması zamanı, həmçinin, müqavilənin ləğv olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir əqdin etibarsız sayılması üçün şərait yaratmır. Məhkəmə tərəfindən qiymətləndirilmə zamanı əlavə digər amillər də, o cümlədən əqdin kommersiya və ya qeyri-kommersiya xarakteri, müvafiq öhdəliklərin təmin olunması, bazarda kifayət qədər alternativin olması, istismar edən tərəfin zəif tərəfi aşkar qeyriproporsional mübadiləyə getməyə vadar edən müvafiq hallardan xəbərdar olması da nəzərə alınmalıdır. O. da nəzərdən qaçırılmamalıdır ki, əqdlər mülki dövriyyənin həlledici elementi kimi çıxış edirlər və formal əsaslara görə əqdin aldatma, məcburetmə, ağır şərt altında bağlanması kimi qiymətləndirilməsi, bu imkanların genişləndirməsi nəticəsində bütünlüklə mülki-hüquq münasibətlərini dağıtmaq olar. İlk iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədiyindən, qarşılıqlı iddiaçı müqavilədə göstərilən 68300 ABŞ dolları məbləğinin digər tərəfdən tutularaq ona qaytarılması iddiasında haqlıdır, qarşılıqlı iddia tələbini aylıq 9750 ABŞ dolları məbləğində pulun öhdəliyin icrasının gecikdirildiyi üçün illik 5% dərəcə ilə 7 ay müddətinə 1992,08 ABŞ dolları məbləğində əldən çıxmış faydanın alınması hissəsində əsaslıdır. Cavabdeh1 İddiaçı1 qeyri-hüquqi hərəkəti nəticəsində maddi zərərə məruz qalması və mənəvi əzab çəkməsini göstərsə də, həmin qanunsuz hərəkətin və yaxud hərəkətsizliyin nədən ibarət olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya zərər vuran hər hansı qeyri-hüquqi hərəkət və yaxud hərəkətsizlik etməsi sübut olunmadığından, maddi və mənəvi zərər barədə tələb də istisna olunur. Həmçinin, iddia tələbini müqavilənin bağlandığı xx xxxxxxx 2019-cu il tarixdən qətnamənin icra oldunduğu tarixədək öhdəliyin icrasının gecikdirildiyi hər aya düşən 284,58 ABŞ dolları faiz məbləğində dəbbə pulunun qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya verilməsi hissəsində əsassızdır İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 apellyasiya şikayəti verərək, Suraxanı rayon Məhkəməsinin 2(010)-1470/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnmaməsinin ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Azəraycan Respublikası Mülki Prosesual Məcəllənin 357- 360, 385.1.1, 384.0.2-ci maddələrinə istinadən qeyd edilir ki, iş materiallarından göründüyü kimi, tərəflər bir neçə notariusa müraciət edərək,rədd cavabı aldıqdan sonra, xx xxxxxxx 2019-cu ildə Bakı şəhəri,52 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh4 3M-1025 saylı Mövcud borcun etirafı haqqında mücərrəd müqaviləni rəsmiləşdirmişdir. Halbu ki,bir neçə notariusda onlara belə bir müqavilənin artıq neçə müddətdir ki, rəsmiləşdirilməsi, nağd pul notariatda göstərilmədiyi üçün qadağan edilmişdir. Yəni,cavabdeh olan notarius qanuna zidd olaraq belə bir müqaviləni,pul məbləği və s. göstərilmədən rəsmiləşdirmişdir. Bunun da əsasında notariat qeydi ilə icra işi başlanmışdır.Lakin müqavilədə göstərilən məbləğin bir hissəsi 14000 ABŞ dolları,yəni 23800 AZN qaytarılsa da , bu məbləğ əsas borcdan silinməmişdir, müqavilədə göstərilməmişdir. Cavabdehin təkidi və təzyiqi ilə məcburi qaydada bu müqavilə tərəfindən imzalanmışdır.14000 ABŞ dolları ödədiyimdən başqa,7000 ABŞ dolları da cavabdeh faiz kimi öz bildiyi qaydada,mənimlə razılaşmadan əsas məbləğin üstünə hesablayıb.Əslində isə,cavabdeh tərəfindən ,hüquqi şəxs kimi hesabna müqavilədə göstərilən qaydada pul köçürülüb. 6 ay müddətində ayda ******* AZN onun hesabına 108460 AZN pul ,yəni 63800 ABŞ dolları məbləğində manatla köçürülüb.Bu manatla köçürülən pullardan 14000 ABŞ dolları ,yəni 23800 AZN cavabdehin özünə geri qaytarılmışdır.Qalan 84660 AZN ,yəni 49800 ABŞ dolları borcum qaldığı halda,mənə 68300 dollar notariusda mücərrəd müqavilə imzalatmışdır. Müqaviləni yazan anda əsassız olaraq cavabdeh öz hesabladığı faizləri də artıq göstərməklə, müqavilədə 68300 dollar yazdırmışdır. Bu əməliyyatlar bir neçə ay çəkmiş,hər ay hesabına pul manatla köçürülmüş olsa da,müqavilədə təzyiqlə və əsassız olaraq manat yerinə dollar yazdırılmışdır. Dollarla heç bir əməliyyat aparılmamışdır. Cavabdeh tərəfindən bank əməliyyatlarına və vergidən yayınmağa görə qanunlar pozulmuş və məsuliyyət məsələsi də həll edilməmişdir. Borcun faizzis verildiyi halda,ödədiyi pullar ümumiyyətlə nəzərə alınmamışdır Borc nə məqsədlə verildiyi də,qətnamədə göstərilməmişdir. Aramızdakı razılaşmaya görə iyul 2020-cı ilə qədər borc tam bağlanmalı olduğu halda,pretenzıya tələbi pozulmaqla notariat qeydi ilə əsassız müqavilə icraya yönəldilmişdir. Qətnamə qəbul edilərkən ,həmin günə olan ölkə üzrə Bankların illik faiz dərəcəsi barədə rəsmi məlumat alınmadan 5 % hesablanmışdır. Bundan başqa notariat ofislərində nəğd pul göstərilmədiyi üçün.hal-hazırda mücərrəd müqavilələrin bağlamlıb-bağlanılmaması Notariat Baş idarəsindən rəsmi cavabla təsdiqlənməmişdir. Bu barədə verdiyi vəsatət də,təmin edilməmişdir. İlk idddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə İddiaçı1 şəxsən aldığı pullar barədə özü məhkəmədə ifadə verməmiş,onun vəkili və nümayəndəsi isə bu faktı qərəzli olaraq göstərməmiş ,onun məhkəmədə aldığı məbləğlər barədə ifadə vermək üçün iştirakım əngəlləmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatı zamanı Bakı şəhəri 52 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli etirazını təqdim edərək bildirmişdir ki, Cavabdeh1 və İddiaçı1 xx.xx.2019-cıı il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisinə müraciət edərək mövcud borcun etirafı haqqında mücərrəd müqaviləni bağlama isdədiklərini bildirmişlər. Tərəfindən həmin şəxslərin fəaliyyət qabiliyyəti yoxlanılmış və arzuların uyğun olaraq etiraf edilmiş borc pulun miqdarı və qaytarılma müddəti haqqında məlumat alındıqdan sonr əqdin layihəsi hazırlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390, 739, 746 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Notariat haqqında qanununun 8 və 9-cu məaddələrinin tələbləri rəhbər tutularaq əqdi mənası, əhəmiyyəti, tərəflərin hüquq və vəzifələri, məzmunu onlara izah olunmuş, tərəflərə əqdi bağlanmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Bundan sonra onun iştirakı ilə tərəflər xx.xx.2019-cu il tarixdə, 3M-1025 nömrəli reyestrlə qeyd alınmış mövcud borcun etirafı haqqında mücərrəd müqaviləni imzalamışlar. Həmin əqdin ləğv edilməsi üçün hüquqi əsas yoxdur. Bununla əlaqədar İddiaçı1 cavabdehlər Cavabdeh1n və Bakı şəhəri 52 saylı notariat ofisinə qarşı mövcud borcun etirafı haqqında, mücərrəd müqaviləni etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini və mülki işə iş yükünün çoxluğu ilə əlaqədar olaraq iştirakları olmadan baxılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı Yasamal rayon İcra Şöbəsinə göndərilmiş soruğuya əsasən məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixində ərizə ilə müraciət edərək, borc müqaviləsi üzrə icra sənədinin icrasına xitam verilməsini xahiş etdiyini bildirmiş və həmin ərizəyə münasibətdə xx.xx.2020-ci il qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, tərəflər arasında razılıq əldə edilmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyətrək, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən və müraciəti nəzər aalınaraq cavabdeh Bakı şəhəri 52 saylı Notariat Ofisinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığın Azərbaycan Respublikası Mülki Məcəllənin 324, 337-354, 385-388, 560; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 371-372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402- 406-cı maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1470/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar