Məhkəmə qərarları › İş №2(103)-6883/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6883/2025

10.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6883/2025 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Cavabdehin Cavabdeh iştirakı ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-3915/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 463 manat borcun (abonent kodu: **********410) və 30 manat dövlət rüsumunun tutularaq ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 tərəfindən Cavabdeh su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 463 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilər uyğun olaraq hesablanmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş sonuncu dəfə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borc ödənilməsini təmin etməmişdir.

3. Qaradağ Rayon Məhkəməsinin 2(002)-3915/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Gülnar Aslanova) ilə iddia tələbi təmin edilmiş, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edilməsinə görə yaranmış 463 manat məbləğində borc pul vəsaiti (abonent kodu: **********410 sayğac ********) və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2n xeyrinə ödənilməsi qət edilmişdir.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri:

5. Cavabdehin şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. O, daha əvvəl cavabdeh "xxxx" ASC-yə (indiki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2) qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 453,47 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Yasamal Rayon Məhkəməsinin xx.xx.2018–ci il tarixli 2(004)–947/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, sudan istifadəyə və tullantı sularının axıdılmasına görə xx.xx.2016-cı il tarixdə artıq hesablanmış 120 (bir yüz iyirmi) manat pul vəsaitinin ümumi borcdan silinməsi vəzifəsi cavabdeh "xxxx" ASC-yə həvalə edilmişdir. Qalan hissəsi isə onun pensiya kartından tutulmuşdur. Hətta o, iddia müddətinin tətbiq edilməsi ilə bağlı da məhkəməyə ərizə təqdim etdiyi halda, məhkəmə guya ərizə təqdim etmədiyini bildirmişdir. Hər iki qətnamənin məzmunundan görünür ki, söhbət eyni məbləğdən gedir və həmin məbləğin əsasını da eyni hallar təşkil edir. Lakin Qaradağ Rayon Məhkəməsi işin bu halını ümumiyyətlə nəzərə almamışdır. Bu da onu göstərir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını araşdırmaq əvəzinə, iddiaçı təşkilatın sifarişini yerinə yetirmişdir. Əvvəllər o, müraciət edən zaman əgər iddiaçılar doğurdan da haqlı idisə, həmin iş üzrə qarşılıqlı iddia vermək imkanları olmuşdur. Lakin belə bir iddia irəli sürülməmişdir. Odur ki, qətnamənin ləğv edilməsi, həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

7. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Belə olan halda Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

9. Mülki iş materiallarında olan xx.xx.2000-ci il tarixli, ******* nömrəli vəsiqədən müəyyən olur ki, Cavabdeh Yəhya oğlu müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmə hüququna malikdir.

10. Abonent kartı məlumatlarından görünür ki, ünvan 1 ünvanı üzrə abonent qismində Cavabdeh çıxış edir, həmin ünvanı üzrə xx.xx.2009-ci ildə su sayğacı quraşdırılmışdır. Müqavilənin bağlanma tarixi xx.xx.2009-ci il, müqavilə nömrəsi 26231266, 2016-cı il üzrə illik su sərfiyyatı 335.47 m3 və yekun borc məbləği 333.47 manat, 2017-ci il üzrə illik su sərfiyyatı 245 m3 və yekun borc məbləği 240 manat, 2018-ci il üzrə illik su sərfiyyatı 0 m3 və yekun borc məbləği 0 manat, 2021-ci il üzrə illik su sərfiyyatı 1.48 m3 və yekun borc məbləği -5.52 manat, 2022-ci il üzrə illik su sərfiyyatı 81 m3 və yekun borc məbləği 30 manat, 2023-cü il tarixədək il üzrə illik su sərfiyyatı 112 m3 və yekun borc məbləği 46 manat, 2024-cü il tarixədək il üzrə illik su sərfiyyatı 131 m3 və yekun borc məbləği 68.61 manat, xx.xx.2025-ci il tarixədək il üzrə illik su sərfiyyatı 105 m3 və yekun borc məbləği -129.56 manat olmaqla, ümumilikdə yekun borc məbləğinin 463 manat olduğu qeyd edilmişdir.

11. 18.09.2025-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, Cavabdeh su xidmətlərindən istifadə olunmasına görə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 463 manat məbləğində borcu olduğunu, həmin borcu 7 iş günü müddətində borcun ödənilməsi tələb olunmuş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

12. Yasamal Rayon Məhkəməsinin 2(004)-947/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı 453,47 manat “borcun silinməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh sudan istifadəyə və tullantı sularının axıdılmasına görə xx.xx.2016-cı il tarixdə artıq hesablanmış 120 (bir yüz iyirmi) manat pul vəsaitinin onun ümumi borcundan silinməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi qət edilmişdir.

13. Tətbiq edilən maddi hüquq normaları:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:

15. 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

16. 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.

17. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

18. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur.

19. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

20. Həmin qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır.

21. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir.

22. 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır.

23. 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Tətbiq edilən prosessual hüquq normaları:

24. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Hazırkı halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

27. Məhkəmə gəlmiş tərəfin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməməlidir.

28. Rayon məhkəməsi iddia tələbini təmin edərək öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı qismində çıxış edən su təchizatı müəssisəsi tərəfindən 2009-ci il tarixdən hazıradək cavabdeh qismində çıxış edən istehlakçıya su təchizatı obyektindən istifadə edilməsi ilə bağlı xidmətlər göstərilmişdir. Lakin buna baxmayaraq cavabadeh qismində çıxış edən istehlakçı görülmüş xidmətlərə görə qanunvericiliklə müəyyən eidlmiş qaydada və məbləğdə xidmət haqqını vaxtı-vaxtında, lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçı qarşısında mülki hüquqi məsuliyyətinə səbəb olan sudan istifadə edilməsinə görə xidmət haqqının ödənilməməsi ilə bağlı borc öhdəliyi yaranmışdır. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin sudan istifadə edilməsinə görə xidmət haqqının ödənilməməsi ilə bağlı yaranmış qalıq borcu xx.xx.2009-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr ərzində hər il üzrə 26231266 nömrəli abonent kodu üzrə elektron abonent kartına daxil edilmiş, həmin dövr ərzində ümumilikdə qalıq borcu 463 manat olduğu qeyd olunmuşdur. Qeyd edilən abonent üzrə xx.xx.2009-ci il tarixdən su sayğacı quraşdırılmışdır. Göründüyü kimi, qeyd edilən abonent üzrə su sayğacında cavabdehin illik su sərfiyatı (m3-lə), ödənilən pul vəsaitinin məbləği və illik yekun borc məbləği aşkar qeyd edilmişdir. Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, hazırkı iş üzrə cavabdehin su təchizatə xidmətlərindən istifadəyə görə xidmət haqqının ödənilməməsi ilə bağlı iddiaçı qarşısında 463 manat məbləğində borc öhdəliyinin yaranması aşkar olduğundan iddia tələbi əsaslı olmaqla təmin edilməlidir.

29. Məhkəmə rayon məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddia ərizəsindən iddiaçının tələb etdiyi 463 manat borc məbləğinin konkret olaraq hansı dövrə aid olduğu qeyri-müəyyəndir, eləcə də əsaslandırılmamışdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş və cavabdehə ünvanlanan xəbərdarlıq məktubunda da 463 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcun hansı dövrü əhatə etdiyi müəyyən edilmir. Bu da öz növbəsində öhdəliklərin icrasında olduqca əhəmiyyətli olan müddətlərlə bağlı maddi hüquq normalarının tətbiqini tamamilə mümkünsüz edir.

30. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

31. Məhkəmə həm də onu qeyd edir ki, mülki iş materiallarından müəyyən olduğu kimi, qanuni qüvvəyə minmiş Yasamal Rayon Məhkəməsinin 2(004)-947/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdedh Cavabdeh borcunun bir hissəsi silinmişdir.

32. Rayon məhkəməsi qətnamə çıxararkən qanuni qüvvəyə minmiş həmin məhkəmə aktını da nəzərə almayaraq, iş materiallarındakı sübutlara lazımi qiymət verməmiş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır.

33. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iş üzrə əlavə araşdırma aparılmasının, tərəflərin izahatlarının dinlənilməsi zərurəti olduğundan mülki işə baxılması yazılı icraatdan şifahi icraata keçirilməsinə baxmayaraq, iddiaçı mülki işin apellyasiya baxışı zamanı keçirilən iki məhkəmə iclasında da iştirak etməyərək, iştirak etməməsinin səbəbləri barədə də məlumat verməmiş, habelə apellyasiya şikayətinə hər hansı etiraz və ya izahatlarını Məhkəməyə təqdim etməmişdir. İddiaçının belə davranışı anlaşılmazdır.

34. Bu da onu göstərir ki, demək iddiaçının su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə cavabdehdən tələb etdiyi pul tələbi əsassız olmuşdur.

35. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və qətnamə ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Çünki iddia tələbi üzrə əsaslı, bir-birini tamamlayan və şübhədənkənar sübutlar Məhkəməyə təqdim edilmədiyindən hazırkı iddia tələbi təmin edilə bilmir.

36. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

39. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:

40. Göstərilənlərə əsasən Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməməlidir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

42. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir.

43. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

44. Beləliklə müəyyən olunur ki, hazırkı mülki iş üzrə iddianın qiyməti 463 manat olduğuna görə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

45. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qaradağ Rayon Məhkəməsinin 2(002)-3915/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin, yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilməsin Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar