Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6887/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Qaziyevnanın cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı «vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(005)-2642/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qaziyevna cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı «vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (sonradan iddia tələbini dəqiqləşdirməklə), 19 aprel 2019-cu il tarixli 2V-36, 2V-37, 2V38 və 2V-39 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, ev 134 ünvanda yerləşən 37 saylı mənzilə və "xxxx" ASC-nin depozit hesabında saxlanılan 83.000 manat məbləğində əmanətə dair onun 2/4 hissədə payının müəyyən edilməsi və bu paya müvafiq olaraq yeni qanun üzrə vərəslik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 02 dekabr 1992-ci il tarixdə X6 ilə rəsmi nikaha daxil olmuş və ümumi nikahdan bir övladı anadan olmuşdur - xx xxx 1993-cü il təvəllüdlü Cavabdeh3. Birgə nikahda yaşadığı müddət ərzində onlar Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, ev 134 ünvanında yerləşən 37 saylı mənzili əldə etmişlər. Bundan əlavə, həmin müddətdə birlikdə ərinin adına "xxxx" ASC-də 83.000 manat ayırmışdılar. X8 16 oktyabr 2018-ci il tarixdə vəfat etmiş, bundan sonra o, miras əmlakı qəbul etmək üçün qanun tələblərinə uyğun olaraq Cavabdeh1nə müraciət etmişdir. Bundan başqa, ərinin birinci nikahdan iki övladı (Cavabdeh2 və Robert Şahbazov) da miras əmlakı qəbul etmək üçün həmin notariat ofisinə müraciət etmişlər. Robert Şahbazov ona miras əmlakdan düşən paydan qardaşı Cavabdeh2 xeyrinə imtina etmişdir. Lakin, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verən zaman iddaıçı tərəfindən verilmiş miras əmlakdan qanun üzrə ona düşən paydan qızının xeyrinə imtina ərizəsini əsas götürərək, mərhum əri ilə birgə mülkiyyətdən ona çatan əmlak hissəni nəzərə almamış və bölünmüyən payı da miras əmlaka daxil etmiş, nəticədə isə, miras əmlakın payları vərəsələrin arasında düzgün bölünməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(005)- 2642/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh2 (bundan sonra, cavabdeh), qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə iddianı təmin edərkən nəzərə almamışdır ki, qeyd olunan mənzil və bank hesabında olan pul cavabdehin mərhum atası Albert Şahbazovla arvadı İddiaçı tərəfindən birgə nikah dövründə əldə edilməsinə baxmayaraq, birgə vəsait hesabına əldə olunmamışdır. Belə ki, mərhum atası, anası Larisa Şahbazova ilə 1962-ci ildə nikaha daxil olmuşdur. Anası jurnalist işləmiş və işlədiyi təşkilatdan ona Bakı şəhəri, Nərimanov rayonu, 50 let VLKSM 5 ünvanda yerləşən 3 saylı mənzil (hazırkı Ə.Rəcəbli küçəsi, ev 5, mənzil 3) verilmişdir. Anası 14.01.1990-cı ildə vəfat etmiş, qeyd olunan mənzil isə vərəsəlik qaydasında atasının mülkiyyətinə keçmişdir. 02.12.1992ci ildə atası hazırkı iş üzrə İddiaçı ilə nikaha daxil olmuş, 23.03.2006-cı ildə isə mərhum anasından vərəsəlik qaydasında keçmiş mənzili 136.500 manata satmış və bir müddət sonra məhz həmin pula hazırda mübahisə predmeti olan mənzili alınmış, qalan pul isə Beynəlxalq Banka qoymuşdur. Göründüyü kimi, vərəsəlik predmeti olan mübahisəli mənzil və bankın depozit hesabında saxlanılan əmanət iddiaçı ilə mərhum atasının ümumi gəlirləri hesabına əldə olunmadığından miras kütləsinə daxil edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli, 2(103)-13480/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qeyd edilən qətnamədən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2020-ci il tarixli, 2(102)- 2969/2020 saylı qərarı ilə təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, cavabdeh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək, kassasiya instansiya məhkəməsinin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, işə qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli, 13(102)-8(k)/2021 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 iyun 2020-ci il tarixli, 2(102)-2969/2020 saylı qərarı və həmin qərarla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(103)-13480/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili), apellyasiya şikayətini müdafiə edərək, həmçinin bildirmişdir ki, cavabdehin anası Larisaya məxsus mənzil atası Albert tərəfindən 136.000 manata satılmış, həmin puldan cavabdehə 30.000 manat verilmiş, 61.880 manata miras əmlaka daxil olan mənzil alınmış və banka depozit qoyulmuşdur. Göründüyü kimi, mübahisəli mənzil və banka qoyulmuş pul iddiaçı ilə cavabdehin atasının birgə nikah dövründə əldə edilsə də, miras qoyana əvəzsiz qaydada keçdiyi üçün onların birgə mülkiyyəti sayıla bilməz. Odur ki, göstərilənlərə əsasən, şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) isə, apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Suallara cavab olaraq bildirmişdir ki, cavabdehin anası Larisa ilə atası Albert hər ikisi nikahda olduqları dövrdə mənzil növbəsində olmuş və dövlət tərəfindən Larisaya mənzil verilmişdir. Bu nikahdan onların iki oğulları olmuşdur. Larisanın ölümündən sonra mənzil vərəsəlik qaydasında Albertin mülkiyyətinə keçmiş və Albert 1992-ci ildə iddiaçı ilə nikaha daxil olmuşdur. 2006-cı ildə Albert ½ hissəsi şəxsi mülkiyyəti olan, digər ½ hissəsi isə keçmiş arvadı Larisadan qalmış həmin mənzili 136.000 manata sataraq, oğlu Edvarda 30.000 manat pul vermiş və bir mənzil almışdır ki, bu da anasından miras qalmış mənzilin ona düşən 1/6 hissəsindən daha çoxdur. Albert mübahisəli mənzilin dəyərinin bir hissəsini həmin mənzilin satılmasından əldə olunmuş məbləğ, bir hissəsini isə iddiaçının birgə nikahda olduqları 1992-ci ildən etibarən yığdığı pullar hesabına almışdır. Göründüyü kimi, həmin mənzil iddiaçı ilə miras qoyanın birgə nikah dövründə əldə edildiyindən iddiaçının həmin mənzilə ½ hissədə mülkiyyət hüququ tanınmalı və həmin hissə miras kütləsinə daxil edilməməlidir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, ev 134 ünvanda yerləşən 37 saylı mənzilə aid hissədə ləğv olunmalı, iddia həmin hissədə rədd olunmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən, miras qoyan Albert Şahbazov 16.10.2018-ci ildə Bakı şəhərində ölmüşdür. Larisa Şahbazova ilə 27.01.1962-ci il tarixdə girdiyi birinci nikahından müvafiq olaraq 27.012.1963-cü il tarixdə və xx.xx.1972-ci il tarixdə doğulmuş oğuları Robert Şahbazov və Cavabdeh2, 02.12.1992-ci il tarixdə ikinci dəfə nikaha girdiyi arvadı İddiaçı və bu nikahdan xx.xx.1993-cü il tarixdə doğulmuş qızı Cavabdeh3 miras qoyanın birinci növbə vərəsələridirlər. Miras əmlak - Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, ev 134 ünvanda yerləşən 37 saylı mənzil və "xxxx" ASCnin depozit hesabında saxlanılan pul vəsaitidir. Cavabdeh3 28.11.2018-ci il tarixdə, Cavabdeh2 isə 03.01.2019-cu il tarixdə atalarından miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar Bakı şəhəri 03 saylı notariat kontoruna müraciət etmiş və vərəsəlik işi açılmışdır. İddiaçı 28.11.2018-ci il tarixdə notarial qaydada ərizə verərək, miras əmlakdan özünə düşən paydan qızı Cavabdeh3 xeyrinə, Robert Şahbazov isə 15.01.2019-cu il tarixdə notarial qaydada ərizə verərək, miras əmlakdan özünə düşən paydan qardaşı Cavabdeh2 xeyrinə imtina etmişdir. Bakı şəhəri 03 saylı notariat kontoru tərəfindən verilmiş 19.04.2019-cu il tarixli, 2V-36, 2V-37, 2V-38 və 2V-39 reyestr nömrəli reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən Cavabdeh2 və Cavabdeh3 miras əmlaka 2/4 hissədə payları müəyyən edilmişdir. Hazırda iddiaçı, miras kütləsinə daxil edilmiş Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, ev 134 ünvanda yerləşən 37 saylı mənzilin və "xxxx" ASC-nin depozit hesabında saxlanılan 83.000 manat məbləğində pul vəsaitinin miras qoyan Albert Şahbazovla birgə nikahda olduqları dövrdə əldə edildiyini bildirərək, həmin əmlakın yalnız ½ hissəsinə vərəsələrin paylarının müəyyən edilməsini tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək, sözügedən mənzilin və pul vəsaitinin (faizlərlə birlikdə hesablanmaqla) mərhum anası Larisa Şahbazovaya məxsus olmaqla, onun ölümündən sonra vərəsəlik qaydasında mərhum atası Albert Şahbazova keçmiş mənzilin satılması nəticəsində əldə olunduğunu, buna görə də, miras əmlakın atasının ikinci arvadı İddiaçı ilə birgə nikahda olduqları dövründə əldə edilməsinə baxmayaraq, onların birgə vəsaiti hesabına əldə olunmadığından birgə mülkiyyəti sayılmadığını bildirir. Məhkəmələr tərəfindən cavabdehin etirazının dəlillərinin araşdırılması zamanı məlum olmuşdur ki, miras qoyan Albert Şahbazov 27.01.1962-ci il tarixdə Larisa Şahbazova ilə nikaha daxil olmuş və 20.06.1967-ci il tarixli order əsasında Larisa Şahbazovaya ünvan 3 ünvanında yerləşən 3 saylı mənzil verilmişdir. Larisa Şahbazova 30.01.1990-cı il tarixdə ölmüş və sözügedən mənzil Nərimanov Rayon İcra Hakimiyyətinin 11.11.1997-ci il tarixli, 1046 saylı mənzilin kirayə müqaviləsinin dəyişdirilməsi haqqında sərəncamına, 20.06.1967-ci il tarixli orderə, 20 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindın verilmiş 25.06.2005-ci il tarixli arayışlara, İddiaçı və Cavabdeh2 razılıq ərizələrinə əsasən 28.07.2005-ci il tarixdə Albert Şahbazovun adına ilkin qeydiyyatdan keçmişdir. Albert Şahbazov 23.03.2016-cı il tarixdə daşınmaz əmlakın alqı-satqı barədə notarial qaydada bağlanmış müqavilə ilə həmin mənzili 136.500 manata X1 və həmin məbləğdən oğlu Cavabdeh2 30.000 manat vermişdir. Bundan qısa müddət sonra, yəni 28.04.2016-cı il tarixdə Qolovçan (Hacımuradova) Natalya İvanova ilə arasında notarial qaydada bağlanmış müqavilə ilə 61.880 manata mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, ev 134 ünvanda yerləşən 37 saylı mənzili satın almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu iddianın təmin olunması bardə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə tam razılaşan əvvəlki aplleyasiya icraatında qəbul edilmiş qətnamənin dəyişdirmədən saxlanılması barədə Ali Məhkəmənin 29 iyun 2020-ci il tarixli qərarını qüvvədən düşmüş hesab edərkən, 18 mart 2021-ci il tarixli qərarında göstərmişdir ki, apellyasiya instansiya məhkəməsi Larisa Şahbazovaya məxsus əmlakın satılmasını, həmin məbləğdən 30.000 manatın Cavabdeh2 verilməsini, mübahisəli mənzilin alınmasını və 83.000 manatın bankın depozit hesabına qoyulmasını işin mübahisəsiz halı kimi göstərsə də, mənzilin satılmasından əldə olunmuş məbləğin göstərilən məbləğlərin cəmindən az olması nəticəsinə gələrək, cavabdehin dəlillərinin əsassız olduğunu hesab etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi işə baxarkən Cavabdeh2 bankın depozit hesabına ilkin qoyulmuş məbləği göstərən sənədi ala bilmədiyindən müvafiq sənədlərin alınmasının təmin edilməsi barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etdiyini nəzərə almayaraq, həmin vəsatətləri təmin etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu, hər iki instansiya səviyyəsində qəbul edilmiş qərarları ləğv edərək, işi eyni göstərişlərlə yeni apellyasiya baxışına göndərmişdir. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yeni apellyasiya baxışında qeyd olunan göstərişlər nəzərə alınmaqla, 09 sentyabr 2021-ci il tarixli qərardadla Albert Şahbazovun adına "xxxx" ASC-nin Nərimanov filialında açılmış 20624L********** saylı əmanət (depozit) hesabına ilk dəfə hansı məbləğdə pul vəsaitinin qoyulması, sonradan ona nə qədər faiz hesablanması (83000 manat məbləğində pulun əsas depozit məbləği, yoxsa hesablanmış faizlərlə birlikdə cəm məbləği olması) barədə məlumatlar "xxxx" ASC-dən tələb olunmuşdur. "xxxx" ASC tərəfindən 20.09.2021-ci il tarixli, 47 saylı məktubla bildirilmişdir ki, sözügedən hesaba ilkin olaraq əmanətçi tərəfindən 19.02.2018-ci il tarixdə 83.000 manat mədaxil olunmuş və bu əmanətə 19.02.2018-ci il tarixdən 22.01.2020-ci il tarixədək hesablanmış faizlər 15769,97 manat təşkil edir. Məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, iddia mübahisə predmetlərindən 83.000 manat pul vəsaitinə münasibətdə əsaslı olsa da, Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, ev 134 ünvanda yerləşən 37 saylı mənzilə aid hissələrdə rədd olunmalıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 32.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 225.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. MM-in 225.1 və 225.2-ci maddələrinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. AM-in 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. AM-in 32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. AM-in 34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Göründüyü kimi, qanunverici hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün aşağıdakı şərtlərin olmasını zəruri hesab etmişdir: - əmlakın nikah müddətində əldə olunması, - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması, - əmlakın əvəzli, yəni nikah müddətində ər-arvadın (onlardan birinin) əvəzli əqdlər əsasında əldə olunması. AM-in 37-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. MM-in 1151.1-ci və 1151.2-ci maddələrinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. MM-in 1162-ci maddəsinə əsasən, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ərarvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Baxılan işdən mübahisəsiz qaydada görünür ki, miras qoyan Albert Şahbazovun birinci arvadı Larisa Şahbazovaya 20.06.1967-ci il tarixdə order əsasında verilmiş ünvan 3 ünvanında yerləşən 3 saylı mənzil onun ölümündən sonra 28.07.2005-ci il tarixdə A.Şahbazovun adına qeydiyyata alınmış və sonuncu tərəfindən 23.03.2016-cı il tarixdə 136500 manata satılmışdır. A.Şahbazov həmin məbləğdən L.Şahbazova ilə birinci nikahından olan oğlu Cavabdeh2 30000 manat vermiş və cəmi bir ay beş gün sonra isə 28.04.2016-cı il tarixdə 61880 manata mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, ev 134 ünvanda yerləşən 37 saylı mənzili satın almışdır. Qeyd olunan xronoloji ardıcıllıq və miras qoyanın Cavabdeh2 anasına məxsus olmuş mənzilin satışından əldə edilmiş puldan pay verdikdən sonra mübahisəli mənzili əldə etməsi faktı nəzərə alındıqda isə cavabdehin mübahisə predmeti olan mənzilin miras qoyana əvəzsiz qaydada keçmiş anasına məxsus olmuş mənzilin satışından əldə olunmuş vəsait hesabına əldə olunması barədə dəlillərinin əsaslı olması inandırıcı görünür. Bu əsnada, məhkəmə kollegiyası, onu da nəzərə alır ki, Larisa Şahbazovanın vərəsələri onun X8 və iki oğlu (Edvard və Robert) olduğundan məsələnin mənəvi tərəfi baxımından A.Şahbazovun iradəsinin ondan qalmış mənzili satarkən aralarında öz hesabı ilə paylar müəyyənləşdirməklə, oğlu Edvarda çatası payı verməsi, özünə çatan pay hesabına isə mübahisəli mənzili alması yönündə olması ağlabatandır. İddiaçının nümayəndəsi (vəkili) isə, məhkəmə iclasında qeyd olunanlara belə açıqlıq gətirməyə çalışmıdır ki, Larisa Şahbazovaya məxsus olduğu iddia edilən mənzil birgə nikahda olduqları dövrdə əldə edildiyindən əslində Albert Şahbazovla onun birgə mülkiyyətində olmaqla, mənzilin ½ hissəsi A.Şahbazovun şəxsi mülkiyyəti olmuş, qalan ½ hissəyə isə onun və iki oğlunun 1/6 hissədə payları olmuşdur. A.Şahbazov mənzilin satışından əldə olunan puldan oğlu Cavabdeh2 30000 manat vermiş və əlavə olaraq ayrıca bir mənzil almışdır. Mübahisəli mənzilin dəyərinin bir hissəsi L.Şahbazova ilə A.Şahbazovun birgə mülkiyyətində olan sözügedən mənzilin satışından əldə olunmuş vəsait hesabına, digər hissəsi isə iddiaçı tərəfindən miras qoyanla nikaha daxil olduğu vaxtdan yığılan məbləğ hesabına əldə olunmuşdur. Kollegiya, iddia tərəfinin bu dəlilləri ilə razılaşmayaraq, ilk növbədə bildirir ki, hazırkı mübahisənin həlli baxımından miras qoyanın birinci arvadı Larisa Şahbazovaya 20.06.1967-ci il tarixdə order əsasında verilmiş mənzilin ər-arvadın bir mülkiyyəti sayılıbsayılmadığının hüquqi əhəmiyyəti yoxdur. Çünki həmin mənzil hər bir halda A.Şahbazovun iddiaçı ilə nikaha daxil olmasından əvvəl əldə edildiyindən, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələbləri baxımından sonradan onun satışından əldə edilən vəsait miras qoyanın iddiaçı ilə nikahda olduğu dövrdə əldə olunsa belə, şəxsi mülkiyyət sayılır. Digər tərəfdən, mübahisəli mənzilin dəyərinin bir hissəsinin iddiaçı ilə miras qoyanın nikahda olduqları dövrdə yığdıqları vəsait hesabına ödənilməsi iş materialları ilə təsdiq olunmur. Xüsusilə nəzərə alınmalıdır ki, mübahisəli mənzilin dəyəri əvvəl satılan mənzilin satış qiymətindən təqribən iki dəfə az olmuşdur. Eyni zamanda, iddiaçı da məhkəməyə öz dəlilini dəstəkləyəcək hər hansı mötəbər və kifayətedici sübutlar təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Əksinə, iş olan Nərimanov RPİ İŞ-nin 19.10.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarının məzmunundan görünür ki, birinci instansiya məhkəməsinin 20.08.2019-cu il tarixli xüsusi qərardadı (Bakı şəhəri 03 saylı notariat kontorunun əməkdaşlarının əməllərində cinayət əlamətlərinin olub-olmadığının araşdırılması barədə) üzrə aparılmış araşdıma zamanı İddiaçı verdiyi izahatında mərhum əri Albertin birinci nikahından iki oğlunun olduğunu, onlardan Robertin Rusiyada, Edvardın isə onlarla birlikdə Əhməd Rəcəbli küçəsi, ev 3, mənzil 5 ünvanında yerləşən 3 otaqlı mənzildə yaşadığını, 2006-cıl ildə Albertin həmin mənzili sataraq, Edvarda Nizami rayonu ərazisində 1 otaqlı, özlərinə isə hazırda yaşadıqları 2 otaqlı mənzili aldığını bildirmişdir. Göründüyü kimi, iddiaçı istintaq orqanında verdiyi izahatında mübahisəli mənzilin Larisa Şahbazovaya məxsus olmuş mənzilin satışından əldə edilmiş vəsait hesabına alındığını təsdiqləmişdir. Beləliklə, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanları birlikdə qiymətləndirərək, bu qənaətə gəlir ki, mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, ev 134 ünvanda yerləşən 37 saylı mənzil, miras qoyanla iddiaçının nikaha daxil olduqları tarixdən (02.12.1992-ci il) əvvəl miras qoyan tərəfindən əvəzsiz qaydada əldə edilmiş başqa bir mənzilin satışından əldə olunmuş vəsait hesabına alındığından ər-arvadın (iddiaçı və miras qoyan) birgə mülkiyyəti sayılmamaqla, miras qoyanın şəxsi mülkiyyətidir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın həmin mənzilə münasibətdə təmin olunduğu hissədə ləğv olunmalı, iddia həmin hissələrdə rədd olunmalıdır. Bununla belə, Kollegiya, başdan bəri qeyd olunan hüquqi mövqelərə və aşağıdakılara əsasən hesab edir ki, rayon məhkəməsinin digər mübahisə predmeti olan bank əmanətinə münasibətdə gəldiyi qənaət əsaslıdır. Ona görə ki, cavabdeh bu hissədə iddiaya etiraz edərək, həmin məbləğin də miras qoyan tərəfindən mərhum anası L.Şahbazovaya məxsus mənzilin satışından əldə edilən vəsait hesabına qoyulduğunu və faizlərlə birlikdə hesablanmış məbləğ olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı bu fakt öz təsdiqini tapmamışdır. Belə ki, işdən görünür ki, miras qoyan L.Şahbazova məxsus mənzili 23.03.2006-cı il tarixdə 136.500 manata satmış, həmin vəsait hesabına oğlu Cavabdeh2 30.000 manat vermiş və Kollegiyanın yuxarıdakı qənaətinə əsasən 28.04.2006-cı il tarixdə 61.880 manata mübahisə predmeti olan mənzili almışdır. Bu hesabla həmin tarixə miras qoyanda mənzilin satışından 44.620 manat məbləğində pul qalmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında miras qoyan tərəfindən 2006-cı ildə banka 50.000 ABŞ dolları məbləğində əmanət qoyulduğunu bildirsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Yuxarıda da qeyd edildiyi kimi, "xxxx" ASC tərəfindən 20.09.2021-ci il tarixli, 47 saylı məktubla məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, miras qoyan Albert Şahbazovun adına Bankın Nərimanov filialında açılmış 20624L********** saylı əmanət (depozit) hesabına ilkin olaraq əmanətçi tərəfindən 19.02.2018-ci il tarixdə 83.000 manat mədaxil olunmuş və bu əmanətə 19.02.2018-ci ildən 22.01.2020-ci il tarixədək hesablanmış faizlər 15.769,97 manat təşkil edir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia edilən 83.000 manat əmanət miras qoyan tərəfindən onunla nikahda olduğu dövrdə 19.02.2018-ci il tarixdə qoyulmaqla, faiz məbləğləri hesablanmadan ilk dəfə qoyulmuş məbləğdir. Belə olan halda, ər-arvadın ümumi birgə mülkiyyəti prezumpsiyası qüvvədə olur ki, aradan keçən uzun müddət nəzərə alındıqda cavabdehin dəlilləri bu prezumpsiyanı təkzib etməyə kifayət etmir. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, ev 134 ünvanda yerləşən 37 saylı mənzilə münasibətdə təmin olunduğu hissədə ləğv olunmalı, iddia həmin hissələrdə rədd olunmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0 və 384.0.2-ci maddələrinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Qaziyevnanın cavabdehlər Bakı şəhəri 03 saylı notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı «vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(005)- 2642/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(005)-2642/2019 saylı qətnaməsi “19 aprel 2019-cu il tarixli 2V-36 və 2V-38 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, ev 134 ünvanda yerləşən 37 saylı mənzilə dair iddiaçının 2/4 hissədə payının müəyyən olunması və həmin paya müvafiq olaraq yeni qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” hissələrində ləğv olunsun, iddia həmin hissələrdə təmin olunmasın. Qətnamə apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6887/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6887/2021
08.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver