Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6889/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “borcun silinməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5071/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi, keçid 6 ünvanına aid sayğaca baxış keçirilmiş “sayğacın çıxış plastmas borusunda dəlik aşkar olundu” kimi qeyd edilmişdir.
2. Cavabdeh İB tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli abanent saldosundan görünür ki, İddiaçı (abonent kodu: **********20000) cəmi borcu 5184,00 manat təşkil edir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi, keçid 6 ünvanında istifadədə olan 0.02383 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 155 kv.metr yaşayış, 550.4 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixdə, ********* nömrə ilə qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində sonradan quraşdırılmış 28025503 saylı mexaniki sayğacın sökülüb götürələrək ondan əvvəl mövcud olmuş “Smart” tipli sayğacın yerinə quraşdırılması, sayğacın yararsız hala saldıqları qutusunun dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına və ona 28025503 saylı mexaniki sayğac əsasında hesablanmış 5193.60 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında ailəsi birlikdə 2006-cı il tarixdən halhazıradək yaşayırlar. Ev təbii qazla təmin olunarkən cavabdeh tərəfindən “Smart” tipli sayğac quraşdırılmış və ona da D2012989-AB saylı Smart Payment kartı verilmişdir. “Smart” tipli sayğacın quraşdırıldığı tarixdən uzun illərdir ki, istifadə olunur və sayğacda bir problem yox idi. Məlum olduğu kimi “Smart” tipli sayğacın istismarı yalnız Smart karta qaz yüklədikdən və həmin qaz sayğaca köçürüldükdən sonra mümkün olmur. Sayğacdakı qaz qurtardıqda isə qaz xətti bağlanır və qazdan istifadə etmək mümkün olmur. Bu halda yalnız Smart karta yenidən qaz yükləyib onu Smart tipli sayğaca köçürdükdən (yüklədikdən) sonra qaz xətti açılır və qazdan istifadə etmək mümkün olur. Başqa sözlə Smart tipli sayğac istifadəçisinin istifadə etdiyi qaza görə hər hansı məbləğdə borcunun yaranması mümkün deyildir. Yəni smart kart vasitəsilə nə qədər qaz yüklənirsə, o qədər gələcək. Yüklənilən qaz qurtardıqdan sonra yüklənməsə qaz da olmayacaq. İstifadəsində olan Smart tipli sayğacın hər hansı bir problemi olmadığı halda, cavabdehin əməkdaşları onun və ailə üzvlərindən heç birinin evdə olmadığı bir vaxtda istifadəsində olan Smart tipli sayğacı, buna hər hansı zərurət olmadan və ona heç bir məlumat vermədən, gizlicə söküb götürmüş, yerinə isə işlənmiş köhnə 28025503 saylı mexaniki sayğac quraşdırılmışlar. Mexaniki sayğacın 19 aprel 2023-cü il tarixdə quraşdırılmasına baxmayaraq, elə həmin tarixdə üzərində 5939 m3 qaz istifadə olunduğu göstərilmişdir. Söküb apardıqları sayğacın üzərində 70-80 m3 qaz var idi. Hətta sayğacın yerləşdiyi qutunu çox kobud şəkildə doğrayıb yararsız vəziyyətə salmışlar. Smart tipli sayğac sökülüb götürülərkən onun qaza görə hər hansı məbləğdə borcunun olmamasına baxmayaraq, elə həmin gün quraşdırılmış mexaniki tipli sayğacda guya 5939 m3 borcun qeyd olunması qanunsuzdur. Mexaniki sayğac quraşdırıldıqdan sonra sayğacın üzərindəki rəqəmlərə əhəmiyyət verməmişdir. İddiaçı təbii olaraq düşünmüşdür ki, cavabdehin əməkdaşları bu dərəcədə qanunsuzluq etməzlər. Yəni, smart tipli sayğacın sökülüb yerinə elə həmin gün də mexaniki sayğacın quraşdırılması ilə bir anda abonentin 5939 m3 borcunu süni olaraq yaratmaq kimi olduqca qanunsuz bir hərəkəti etməzlər. Lakin iddiaçının ünvanına xx.xx.2023-cü il tarixli bildiriş gəldikdə və həmin bildirişdə demək olar ki, az bir fərqlə eyni rəqəmin, yəni ödəniləcək məbləğin 5193.60 manat olduğunu gördükdə başa düşmüşdür ki, onun heç bir problemi olmayan, tamamilə işlək vəziyyətdə olan Smart tipli sayğacını ona və ailə üzvlərindən heç birinə məlumat vermədən, gizlicə və qanunsuz olaraq söküb götürüb, yerinə hardasa başqa yerdə işlənmiş və borc yığılmış mexaniki tipli sayğacı quraşdırmaqla cavabdeh həmin, yəni başqa yerdə istifadə edilmiş qaza görə ödənişi qanunsuz və əsassız olaraq ondan tutmaq istəmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5071/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu: **********20000) hesablanmış 5193.60 manat məbləğində borcu silmək vəzifəsinin Cavabdehnə həvalə edilməsi qət edilmişdir. (hakim X1)
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətində “sayğacın çıxış plastmas borusunda dəlik aşkar olundu” qeyd edilsə də, aktda sayğacda hansı qüsurun olması qeyd edilməmiş, eyni zamanda cavabdeh iddiaçının yaşadığı fərdi yaşayış evinə dair hesablanmış 5193.60 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 77.1-ci, 89.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Belə ki, iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Məhkəmə iddia tələbini təmin edərkən təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. İddiaçı tərəfdən isə qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan abonentə dair saldoda yer almış məlumatları, borcun yaranması hallarını araşdırmamışdır. Mülki iş üzrə hesabatların doğru olub-olmadığını yoxlamaq üçün mühasibatlıq və trassoloji ekspertizasına göndərilməmişdir. Göründüyü kimi, məhkəmə iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmiş və izahatına əlavə olaraq göstərmişdir ki, ümumilikdə 1 akt tərtib olunub. Aktda abonentin borcu 5184 manat göstərilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sənədləri nəzərə almamışdır. Bundan əlavə olaraq iddia tələbindəki məbləğlə aktdakı məbləğ üst-üstə düşmür. Bu səbəbdən göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş və izahatına əlavə olaraq bildirmişdir ki, onların məlumatı və iştirakları olmadan sayğacın qabını sındıraraq dəyişdirmişlər. İndiyə kimi dəfələrlə Azəriqazın işçiləri ora baxmış, qəbz yazmışlar. Əgər hər hansısa problem olsa idi, bildirərdilər. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.2-ci bəndinə əsasən, 4.2-ci bənd. Qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bənd. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bənd. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bənd. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bənd. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
13 (8-ci bənd). Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları Bənd 5.1. Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
17.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər;
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunduğundan,qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaətlə razlaşaraq hesab edir ki, iddiaçının abonent hessabına akt əsasında hesablanmış borc məbləği silinməlidir. Lakin məhkəmənin akta görə hesablanmış borcun məbləğinə münasibətdə kollegiya hesab edir ki, məhkəmənin qətnaməsi dəyişdirilməlidir.
22. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur.
23. xx.xx.2023-cü il tarixdə Cavabdeh İB tərəfindən tərtib edilən aktda sayğacın çıxış plastmas borsunda dəlik olmasının aşkarlanması qeyd edilmiş və zərər hesablanması qeyd edilmişdir. Zərər isə 43200 m3 hesablanmışdır. Bu səbəbdən cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi bu akt tərtib etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar və həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Qeyd edilməlidir ki, qaz sayğacı küçədə yerləşməklə bu kimi təsirlərdən qorunması iddiaçının məsuliyyətində ola bilməz. Əksinə küçədə yerləşən sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdehliyi fiziki şəxslərdə qaz paylayıcısı daşıyır. Bu baxımdan da kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı sayılmamaqla təmin edilə bilməz.
24. Eyni zamanda kollegiya qeyd edir ki, mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş akt və həmin aktın tərtib edilməsinə əsas sayğacın çıxış plastmas borsunda dəlik olması (sayğaca müdaxilə) göstərilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halın məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müyyən edilir ki, həmin akt tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən abonent hesabına hesablanmış borc da əsaslı hesab edilməməklə silinməlidir.
25. Birinci instansiya məhkəsi də haqlı olaraq abonent hesabına akta görə hesablanmış borcun silinməsi nəticəsinə gəlsə də, silinməli olan məbləği düzgün müəyyən etməmişdir. Belə ki, akt üzrə zərər 43200 m3 hesablandığından (43200m3 x 0.12=5184 manat) İddiaçı (abonent kodu: **********20000) abonent hesabından həmin akta görə hesablanmış 5184 manat (qətnamə ilə 5193,60 manat silinib) silinməlidir.
26. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5071/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilməli, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi, keçid 6 ünvanı (abonent kodu **********20000) üzrə Cavabdeh tərəfindən hesablanmış 5184,00 manat məbləğində borc silinməlidir.
27. Həmçinin kollegiya hesab edir ki, İddiaçı ödəməkdən azad edildiyi 36 manat məbləğində dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5071/2023 nömrəli, 06 sentyabr 2023cü il tarixli qətnaməsi dəyişdirilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi, keçid 6 ünvanı (abonent kodu **********20000) üzrə abonent hesabına Cavabdeh tərəfindən hesablanmış 5184,00 manat məbləğində borc silinsin. İddiaçı ödəməkdən azad edildiyi 36 manat məbləğində dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.