Məhkəmə qərarları › İş №2(103)-6892/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6892/2025

20.02.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6892/2025 20.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı (Binəqədi Rayn İcra Hakimiyyəti müstəqil təlb sürməyən 3-cü şəxs qismində cəlb olunmaqla) «neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi» tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. İş materiallarında mövcud olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının nümayəndəsi tərəfindən torpaq sahəsinə və yaşayış evinə texniki baxış keçirilməsinə şərait yaradılmadığından sahəyə vizual baxış keçirilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsi"nin hüdudları daxilində yerləşir (Binəqədi Oil). Sahə bütövlüklə neft kəmərinin mühafizə zolağında yerləşir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ 500 mm-lik yerüstü neft kəmərinin 115.61-ci km-də, 39T 397154,31; 4477171.51 saylı koordinat üzrə kəmərdən təqribən 31 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh məxsus fərdi yaşayış evinin, hasarın, darvazanın və evə bitişik balkonun cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

3. İddia tələbi belə əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan- Böyükşor DŞ 500 mm-lik yerüstü neft kəmərinin 115.61-ci kmdə, 39T 397154,31; 4477171.51 saylı koordinat üzrə kəmərdən təqribən 31 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh məxsus fərdi yaşayış evi, hasar, darvaza və evə bitişik balkon tikilisi faktı aşkar edilmişdir. Belə ki, qeyd edilən fərdi yaşayış evinə quraşdırılmış ******* nömrəli qaz sayğacı əsasında “Azəriqaz” İB-dən müəyyən edilmişdir ki, fərdi yaşayış evi Cavabdeh məxsusdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və 03 yanvar 2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən "Neft Kəmərləri” İdarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılma qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərini quraşdırılması; Torpaq Məcəlləsinin 111 -ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 685 saylı Fərmanında, eləcə də Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən "tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və yə şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-2688/2025 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və iş üzrə icraat dayandırılmışdır.

5. AR Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubu ilə qərardadla ekspert qarşısında qoyulmuş sual xüsusi bilik tələb etməməklə hər hansı tədqiqat metdou ilə həll edilmədiyindən və tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilmişdir.

6. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsindən xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi əldə olunmuşdur. Rəydə qeyd olunmuşdur ki, iddiaçının nümayəndəsi tərəfindən torpaq sahəsinə və yaşayış evinə texniki baxış keçirilməsinə şərait yaradılmadığından sahəyə vizual baxış keçirilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsi"nin hüdudları daxilində yerləşir (Binəqədi Oil). Sahə bütövlüklə neft kəmərinin mühafizə zolağında yerləşir.

7. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-2688/2025 nömrəli qətnaməsi (hakim R.Qoşqarlı) ilə iddia tələbi təmin edilmiş, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ 500 mm-lik yerüstü neft kəmərinin 115.61-ci km-də, 39T 397154,31; 4477171.51 saylı koordinat üzrə kəmərdən təqribən 31 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar, darvaza və evə bitişik balkon Cavabdeh hesabına sökülərək kəmərin mühafizə zonasından çıxarılması, qətnamə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməsi və iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdehdən tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi qət edilmişdir.

8. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, Böyükşor DŞ 500 mm-lik yerüstü neft kəmərinin 115.61-ci km-də, 39T 397154,31; 4477171.51 saylı koordinat üzrə kəmərdən təqribən 31 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında fərdi yaşayış evi, hasar, darvaza və evə bitişik balkon inşa edilmiş, bununla bağlı iddiaçıdan hər hansı razılıq alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ 500 mmlik yerüstü neft kəmərinin 115.61-ci km-də, 39T 397154,31; 4477171.51 saylı koordinat üzrə kəmərdən təqribən 31 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar, darvaza və evə bitişik balkon Cavabdeh hesabına sökülərək kəmərin mühafizə zonasından çıxarılmalı, qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdirlər. 10.Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının hazırkı iddia tələbi ilə çıxış etməyə subyektiv hüququnun olub-olmaması araşdırılmadan, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçının iddiası təmin edilmişdir. Halbuki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi bələdiyyə qərarı ilə 2001-ci ildən ona verilmiş və həmin tarixdən fərdi yaşayış evini tikərək ailəsi ilə birlikdə orada yaşamağa başlamışdır. Mübahisəli torpaq sahəsinə dair Binəqədi Bələdiyyəsinin müvafiq qərarı mövcuddur və cavabdeh olaraq onun həmin torpaq sahəsinə “gözlənilən mülkiyyət” hüququ var. Torpaq sahəsinin iddiaçının istinad etdiyi sazişdə sadalanan fəaliyyətlə, yəni neft yataqlarının bərpası, işlənməsi və hasilatı, neft-qaz əməliyyatlarının aparılması ilə heç bir aidiyyatı yoxdur. Yəni, birinci instansiya məhkəməsi iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmədə subyektiv hüququ olub-olmamasını araşdırmamış və hüquqi qiymət verməmişdir. Bundan başqa məhkəmə iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallara düzgün və müfəssəl hüququ qiymət verməyərək, maddi hüquq normalarını işin hallarını tam araşdırmadan hazırki mübahisəyə tətbiq etmişdir. Həmçinin yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikilinin sökülməsi barədə iddianı təmin edərkən İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 8-ci maddəsi baxımından qiymətləndirmə aparmamışdır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahəsində özbaşına tikilmiş yaşayış sahələrinin sökülməsi və sakinlərin çıxarılması tələbləri ilə bağlı olan “Əhmədova Azərbaycana qarşı” işi üzrə qərarında Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməsə də, Konvensiyanın 8-ci maddəsi baxımından qiymətləndirmə apararkən işə baxan məhkəmələrin iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymətləndirilməsi istiqamətində zəruri araşdırmanın aparılmadığını göstərmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir. Bununla yanaşı, Konvensiyanın 8-ci maddəsi ilə qorunan mənzil hüququna müdaxilənin mütənasibliyinin yoxlanılması ilə bağlı qərarda qeyd olunanlar, məhkəmələrin yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair analoji işlərə baxarkən aşağıdakı məsələləri nəzərə almalarını tələb edir. Hesab edirəm ki, iddiaçının tələb etdiyi tikilinin sökülməsinə hazırkı halda hər hansı zərurət və iddiaçının qanuna söykənən marağı mövcud yoxdur. Həmçinin mənə məxsus tikilinin yerləşdiyi torpaq sahəsi SOCAR-ın İddiaçı istismarında olan Şirvan- Böyükşor DŞ 500 mm-lik yerüstü neft kəmərindən 50 metr daha aralı məsafədə yerləşir. Məhkəmə qeyd edilən halları araşdırmamış və mübahisənin obyektiv həlli üçün ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir. Halbuki, MPM-in 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Ona görə də hesab edir ki, mübahisənin obyektiv həlli baxımında iş üzrə ekspertiza təyin edilməlidir. Həmçinin Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti 10 il təşkil edir. Fərdi yaşayış evi 2001-ci ildən tikilmiş və o həmin vaxtdan ailəsi ilə birlikdə orada yaşayır. İddiaçı isə hazırkı iddia ərizəsi ilə 24 il sonra məhkəməyə müraciət etmişdir. Odur ki, hazırkı halda iddia tələbi əsaslı olmuş olsa belə iddiaçı tərəfindən ümumi iddia müddəti ötürülməklə məhkəməyə müraciət edildiyindən iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndələri Nümayəndə1 və X2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdirlər.

13. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 14.Cavabdeh və digər 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi:

19. Maddə 4.3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir;

20. Maddə 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir;

21. Maddə 49.1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur;

22. Maddə 50. dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir;

23. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır;

24. Maddə 67.2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir;

25. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir;

26. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır;

27. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

28. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır;

29. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur;

30. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz;

31. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

“Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydaları:

32. Maddə 6.3. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır.

33. Madə 6.7. a) bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər tərəfindən magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və quraşdırma işlərinin aparılması qadağandır.

34. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 2-ci maddəsində nəzərdə tutulduğu kimi, yaşamaq hüququnu qorumaq üçün bütün tədbirləri görmə öhdəliyi hər şeydən əvvəl dövlətin üzərinə vətəndaşların yaşamaq hüququna təhlükə yaradan hallara qarşı mübarizə mexanizmini təmin edən qanuni və inzibati resurslar yaratmaq və həmin fəaliyyətin insan həyatı baxımından yaratdığı potensial riskə uyğun olaraq müxtəlif tədbirlərin həyata keçirilməsini zəruri edir (Önəryıldız /Türkiyə, Paul və Audrey Edwards, paraqraf 54, 2000-Vİİ).

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 1-8-5/2- 1837/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə tikililərin sökülməsi və cavabdehlərin çıxarılması tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparmalı, bu halın mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azerbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələni müzakirə etməlidirlər. İcra müddətinin göstərilməsinin zəruriliyi ilə bağlı qənaətə gəlindiyi halda isə, məhkəmələr qətnamənin nəticə hissəsində “Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin" məzmununda bənd əlavə edə bilərlər.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Hazırkı işdə iddia tələbi təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

39. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh tərəfindən magistral neft kəmərlərinin mühafizə zonasında qanunvericiliyin tələbləri pozulmaqla özbaşına tikinti işləri aparılmış, həmin ərazidə fərdi yaşayış evi və sair tikililər inşa edilmişdir. İddiaçı bildirmişdir ki, sözügedən tikililərin inşa edilməsi normativ hüquqi aktlarla müəyyən edilmiş xüsusi hüquqi rejimli mühafizə zonasına daxil olmaqla, həm təhlükəsizlik qaydalarının, həm də torpaq və tikinti qanunvericiliyinin imperativ tələblərinin pozulması ilə nəticələnmişdir. Bu əsasla iddiaçı məhkəmədən cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

40. Göründüyü kimi, hazırkı mübahisənin düzgün və qanuni həlli üçün məhkəmə icraatında araşdırılmalı və hüquqi qiymət verilməli olan əsas məsələlər iki istiqamətdə cəmləşir. Birincisi, mübahisəli tikilinin magistral neft kəmərləri üçün qanunvericiliklə müəyyən edilmiş mühafizə zonasına düşüb-düşməməsinin müəyyən edilməsi, ikincisi isə həmin tikilinin hüquqi baxımdan özbaşına tikili olub-olmamasının aydınlaşdırılmasıdır.

41. Mübahisəli tikilinin neft kəmərinin mühafizə zonasına düşüb-düşməməsi ilə bağlı qeyd edilməlidir ki, birinci instansiya məhkəməsindəki icraat zamanı iddiaçının vəsatəti əsasında məsələnin aydınlaşdırılması məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Lakin ekspert qarşısında qoyulmuş suallar ekspertizanın həll etdiyi məsələlər dairəsinə aid olmadığı üçün ekspertizanın aparılmasından imtina edilmişdir. Bununla belə, məhkəmə iş üzrə sübutların tam, hərtərəfli və obyektiv araşdırılması prinsipinə riayət edərək alternativ sübut vasitələrindən istifadə etmiş, mübahisəli torpaq sahəsinin hüquqi rejiminin və tikilinin faktiki yerləşmə məsafəsinin müəyyən olunması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mütəxəssis rəyi almışdır. Həmin rəyə əsasən mübahisəli tikilinin magistral neft kəmərinin normativ qaydada müəyyən edilmiş mühafizə zonasına daxil olduğu göstərilmişdir.

42. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən mütəxəssis rəyi iş üzrə hüquqi əhəmiyyətli halların müəyyən edilməsi üçün kifayət qədər aydın, əsaslı və inandırıcı sübut mənbəyidir. Cavabdeh isə həmin rəyin qeyri-obyektivliyini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Mülki prosesdə sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsi prinsipindən irəli gələrək, tərəf öz etirazlarını əsaslandırmalı və onları sübut etməlidir. Cavabdeh tərəfindən belə sübutların təqdim edilməməsi isə mütəxəssis rəyinin etibarlılığına dəlalət edir. Beləliklə, kollegiya qeyd edir ki, mübahisəli tikilinin magistral neft kəmərinin mühafizə zonasına düşməsi iş üzrə toplanmış sübutlarla kifayət qədər təsdiq olunur.

43. Mübahisəli tikilinin hüquqi statusuna münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya müvafiq icazələr alınmadan, yaxud şəhərsalma və tikinti norma və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti hesab olunur. İş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş tikili üzrə hər hansı tikintiyə icazə sənədi, layihə sənədləri, istismarçı qurumun razılığı və ya qanunvericiliklə tələb olunan digər hüquqmüəyyənedici sənədlər mövcud deyildir. Cavabdeh apellyasiya şikayətində hüquqmüəyyənedici sənəd kimi bələdiyyə qərarının olduğunu göstərsə də məhkəməyə belə sənədlərin mövcudluğunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Bu hal tikilinin qanuni əsas olmadan, yəni özbaşına inşa edildiyini göstərir.

44. Cavabdehin bu məsələ ilə bağlı yeganə arqumenti isə ondan ibarət olmuşdur ki, guya mübahisəli torpaq sahəsi 2001-ci ildə bələdiyyə qərarı ilə ona verilmişdir. Lakin iş materiallarından belə bir qərarın mövcudluğu təsdiq olunmur. Cavabdeh iddia etdiyi qərarın surətini və ya onun qəbul edilməsini təsdiq edən hər hansı rəsmi sənədi məhkəməyə təqdim edə bilməmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə görə isə tərəf öz istinad etdiyi halları sübut etməlidir. Sübut edilməmiş hal hüquqi nəticə doğura bilməz. Bununla yanaşı, hətta fərz edilsə belə ki, bələdiyyə tərəfindən müəyyən qərar qəbul edilmişdir, bu hal özlüyündə xüsusi hüquqi rejimli torpaqlara münasibətdə qüvvədə olan imperativ məhdudiyyətləri aradan qaldırmır. Magistral neft kəmərlərinin mühafizə zonaları qanunvericiliklə xüsusi qorunan ərazilər kimi müəyyən edilmişdir və həmin ərazilərdə tikinti işlərinin aparılması yalnız müvafiq icazələr və istismarçı qurumun razılığı əsasında mümkündür. Bələdiyyə qərarı mühafizə zonasına dair qanuni qadağa və məhdudiyyətləri ləğv edən hüquqi əsas kimi çıxış edə bilməz. Odur ki, mübahisəli tikili həm mühafizə zonasında yerləşməsi, həm də müvafiq icazə və razılıqlar alınmadan inşa edilməsi səbəbindən özbaşına tikili hesab olunur.

45. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci və 180.3-cü maddələrinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Göründüyü kimi, cavabdeh iddia etdiyi “gözlənilən mülkiyyət” hüququna da əsaslana bilməz, çünki iş materiallarında torpaq sahəsinin onun mülkiyyətində olması barədə hər hansı sübut və ya rəsmi sənəd təqdim edilməmişdir.

46. Yuxarıda qeyd olunan halları məcmu şəkildə qiymətləndirən məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hazırkı iş üzrə mübahisəli tikili həm mühafizə zonasında, həm də müvafiq icazələr və sənədlər olmadan inşa edilmişdir. Eyni zamanda, tikili təhlükəli xarakter daşıyır, çünki magistral neft kəmərləri yüksək təzyiq altında fəaliyyət göstərən qurğularıdır və onların mühafizə zonasında hər hansı tikinti, həm texniki təhlükəsizlik, həm də ətraf ərazilərin və əhalinin həyat və sağlamlığı üçün potensial risklər yaradır. Belə tikililər boru kəmərinin istismarına mane ola, qəza və yanğın təhlükəsi yarada, həmçinin ətraf infrastruktur və ekosistemə ciddi ziyan vura bilər. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş tikilinin sökülməsi barədə qətnamə qanuni və əsaslıdır. Məhkəmə düzgün olaraq, həm qanunvericiliyin tələblərini, həm də ictimai təhlükəsizliyi, dövlətin təbii ehtiyat infrastrukturunun toxunulmazlığını və insanların həyat və sağlamlığının qorunmasını nəzərə almışdır.

47. Məhkəmə kollegiyası iddia müddəti məsələsi ilə bağlı cavabdehin dəlillərinə münasibətdə isə bildirir ki, qanunvericilikdə müəyyən edilmiş iddia müddəti hüququ pozulmuş şəxsin məhkəməyə tələb irəli sürməsi üçün müəyyən edilmiş müddətdir və bu müddətin ötürülməsi tərəflər üçün müəyyən hüquqi nəticələr doğura bilər. Lakin iddia müddətinin tətbiqi hər bir halda mümkün olmur və bu müddətin axımının başlanması konkret mübahisənin hüquqi mahiyyətindən asılıdır. Hazırkı iş üzrə mübahisəli tikilinin magistral neft kəmərinin mühafizə zonasına daxil olması və qanunsuz şəkildə saxlanılması davam edən hüquq pozuntusudur. Belə pozuntular, yəni konkret tikilinin həmin yerdə mövcudluğu ilə bağlı halların davam etməsi bir dəfə baş vermiş hadisə deyil, fasiləsiz və davamlı vəziyyətdir. Bu isə davam edən hüquq pozuntusu kimi qiymətləndirilir. Davam edən hüquq pozuntusunun xüsusiyyəti ondan ibarətdir ki, o, konkret tarixdə başlayan, lakin müəyyən edilmiş qısa müddətdə başa çatan hadisə deyil, hüquq subyektinin hər gün mühafizə zonasına zidd şəkildə mövcud olan tikilidən faydalanması, ona malik olması və bu vəziyyətin davam etməsidir. Bu faktor iddia müddətinin tətbiqində fərqli yanaşmanı tələb edir, çünki pozuntu hər gün təzələnir və davam edir. Odur ki, hazırkı mübahisədə iddia müddəti keçmiş sayılmamalıdır.

48. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyə əsaslanaraq yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmiş, mülki qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-2688/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar