Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6899/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 cavabdeh "xxxx" ASC-yə qarşı “dəymiş zərərə görə sığorta haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “dəymiş zərərə görə sığorta haqqının ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-957/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı – cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş zərər görə sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilə dəymiş 7,500 manat zərərin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Əliyev Zaur idarə etdiyi “X6” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilini Kürdəmir şəhəri, Bakı prospekti ilə üzü dörd yol dairəsi istiqamətində öz yolunda hərəkətdə olan zaman bir qədər qarşıda yolun hərəkət hissəsinin sağ kənarında kənd təsərrüfatı texikası olan, hərəkətdə olmayan KY-HM 24 markalı traktorun arxasındakı Selkasının (taxıl səpən dəzgah) yanından ötüb keçmək istəyərkən avtomobilin kabinasının sağ hissəsi ilə həmin Selkanın sol çıxıntısı ilə toqquşaraq qəza törətmişdir. "xxxx" MMC-nin hesabatında göstərilmişdir ki, taxıl səpən qəza nəticəsində istifadəyə yararsız vəziyyətə düşmüşdür. Yenisinin dəyəri isə 7,500 manat təşkil edir. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş olunur.
3. Səbail Rayon Məhkəməsinin 2(009)-957/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim İlkin Rüstəmli) ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC-dən 3,115 (üç min yüz on beş) manat zərər məbləği və ödənilmiş dövlət rüsumunun 50 manat hissəsinin tutularaq İddiaçı ödənilməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat vəsaitin 25 manat hissəsinin İddiaçı, 50 manat hissəsinin cavabdeh "xxxx" ASC-dən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
4. İddiaçı qətanamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili ondan ibarət olmuşdur ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, cavabdeh "xxxx" ASC, iddiaçıya dəymiş zərərə görə xx.xx.2023-cü il tarixli məktubunda zərərçəkmişə yəni iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəymiş ziyanı əvvəlcə 500 (beş yüz) manat, sonra 3665 (üçmin altı yüz altmış beş) manat təklif etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza, ekspertiza mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində vurulmuş zərərin 3115 (üç min yüz on beş) manat qiymətləndirilməsi sonda əsas götürülərək qətnamə çıxarılmışdır.
6. "xxxx" MMC-nin hesabatında göstərilmişdir ki, taxıl səpən qəza nəticəsində yarasız vəziyyətə düşmüşdür. Yenisinin dəyəri isə 7500 (yeddi min beş yüz) manatdır. Birinci instansiya məhkəməsi cavabdehin mənafeyi baxımdan vurulmuş zərərə görə 3115 (üç min yüz on beş ) manat deyil, ən azından AR MPM-nin 103.1-ci maddəsinin verdiyi səlahiyyətlə icbari sığortanın üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə müəyyən edilmiş 5000 (beş min) manat məbləğində də təmin edə bilərdi. Onsuz da bütün bu vəziyyətdən zərər görən iddiaçının maddi vəziyyəti ürəkaçan deyildir. Artıq bir ilə yaxındır ki, texnika işlək deyil, həmçinin lizinq ilə alındığından ödənişlərdə də çətinliklər yaranmışdır.
7. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilərək və “Azərbaycan Sənaye Sığorta “şirkətindən KY-HM 24” markalı kənd təsərrüfatı texnikası taxıl səpənin (SELKA) yenisinin və ya dəymiş ziyanın dəyərini yəni 7500 (yeddi min beş yüz) məbləğində sığorta ödənişinin iddiaçıya alınıb verilməsi barədə yeni qətnamə qəbul edilməsini qəbul edilmişdir. Tərəflərin izahatı:
8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, qəza nəticəsində iddiaçının dolanışıq mənbəyi olan kənd təsərrüfatı texnikası tam yararsız vəziyyətə düşmüşdür, təzəsi isə 7500 manatdır, onun başqa qazanc yeri yoxdur, ekspert texnikaya baxış keçirmədən dəyən zərəri yarıbayarı azaltmışdır, halbuki, cavabdeh iddiaçıya dəyən zərər üçün 3665 manat təklif etmişdir. Buna görə də apellyasiya şikayətinin təmin olunaraq, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili E.Cəfərli apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, rəy mötəbər sübutdur, məhkəmə də rəyi əsas götürərək iddianı qismən təmin etmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
10. TP № ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın, “X6” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zaur Əliyevin izahatının və sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Əliyev Zaur idarə etdiyi “X6” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilini Kürdəmir şəhəri, Bakı prospekti ilə üzü dörd yol dairəsi istiqamətində öz yolunda hərəkətdə olan zaman bir qədər qarşıda yolun hərəkət hissəsinin sağ kənarında kənd təsərrüfatı texikası olan, hərəkətdə olmayan KY-HM 24 markalı traktorun arxasındakı Selkasının (taxıl səpən dəzgah) yanından ötüb keçmək istəyərkən avtomobilin kabinasının sağ hissəsi ilə həmin Selkanın sol çıxıntısı ilə toqquşaraq qəza törətmişdir. X2 oğlu İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir.
11. 21.07.2023-cü il tarixli 9/3816 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 2017-ci il buraxılışlı “KY-HM” markalı 56 T 468 dövlət qeydiyyat nişanlı kənd təsərrüfatı texnikasının təmir-bərpa xərci təxminən 3,115 manat müəyyən edilmişdir.
12. 21.07.2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizası tərəfindən verilmiş rəyin təsviri hissəsindən aydın olur ki, 2017-ci il buraxılışlı “KY-HM” markalı 56 T 468 dövlət qeydiyyat nişanlı kənd təsərrüfatı texnikasının təmir-bərpa xərci 750, dəyişilməli hissələrin dəyəri 2365 manat müəyyən edilmişdir.
13. Cavabdeh tərəfindən iddiaya verilmiş xx.xx.2023-cü il tarixli etirazda iddia ərizəsinin 3665 manat məbləğində qismən təmin edilməsi, qalan hissədə təmin edilməməsi xahiş olunmuşdur (i/v 34). Tətbiq edilən maddi hüquq normaları:
14. Azərbaycan Respublikası Mülkü Məcəlləsi: Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.5-ci maddəsinə əsasən, sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir.
15. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Maddə 7. Mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Maddə 15.3. Zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər və s. əmlaka dəyən zərərin məbləğinə aiddir. Maddə 20.2. Həmin Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Maddə 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. Tətbiq edilən prosessual hüquq normaları:
16. Mülki Prosessual Məcəllə
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
19. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
22. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
23. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
24. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
25. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
28. 384.0.3. qətnaməni dəyişdirə bilər;
29. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
30. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir.
32. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, ona məxsus nəqliyyat vasitəsinə dəymiş ziyana görə cavabdeh əvvəlcə 500 (beş yüz) manat, sonra 3665 (üç min altı yüz altmış beş) manat təklif etmiş, rayon məhkəməsi isə məhkəmə-əmtəəşünaslıq ekspertizası nəticəsində verilmiş rəyə əsasən, vurulmuş zərərin 3115 (üçmin yüzon beş) manat qiymətləndirilməsini əsas götürərək, iddia tələbini rəydə göstərilən məbləğdə təmin etmişdir. Cavabdeh tərəfindən iddiaya verilmiş xx.xx.2023-cü il tarixli etirazda iddia ərizəsinin 3665 manat məbləğində qismən təmin edilməsi, qalan hissədə təmin edilməməsi xahiş olunmuşdur (i/v 34). Göründüyü kimi, iddia tələbinə qarşı verdiyi xx.xx.2023-cü il tarixli etirazda cavabdeh iddia ərizəsinin 3665 manat məbləğində qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Buna baxmayaraq rayon məhkəməsi dəymiş ziyana görə ekspert rəyinə uyğun olaraq 3,115 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir. MPM-in 52.2-ci maddəsinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
33. Kollegiya qeyd edir ki, hazırkı halda iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı halda, rayon məhkəməsinin iddia tələbini cavabdehin yazılı şəkildə 3665 manat məbləğində qəbul etməsinə baxmayaraq, ekspert rəyinə əsasən, iddia tələbini 3115 (üç min yüz on beş) manat məbləğində təmin etməkdə haqlı olmamışdır. Bu baxımdan apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə tutulan məbləğ 3665 (üç min altı yüz altmış beş) manat müəyyən edilməlidir.
34. Kollegiya apellyasiya şikayətinin dəymiş ziyana görə 7,500 manat məbləğin tutulması barədə dəlili üzrə qeyd edir ki, dəymiş ziyanın məbləğinin 7500 manat məbləğində olması ilə bağlı iddiaçı tərəfindən biri digərini tamamlayan mötəbər sübutlar təqdim edilmədiyindən, apellyasiya şikayəti həmin hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Nəticə:
35. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, cavabdehdən dəymiş zərərə görə tutulan məbləğ 3665 (üç min altı yüz altmış beş) manat müəyyən edilməli, qətnamə onun şikayətinə əsasən qalan mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (7500- 3665= 3835) 3835 (üç min səkkiz yüz otuz beş) manat təşkil etdiyindən MPM-ə edilmiş son dəyişikliyə görə 402.1-ci maddəyə əsasən, həmin qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
37. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin ödənilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
38. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Səbail Rayon Məhkəməsinin 2(009)-957/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilsin, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulmalı pul vəsaitinin məbləği 3665 (üç min altı yüz altmış beş) manat müəyyən edilsin. Qətnamə onun şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Kamran Əkbərov