Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6900/2024 23.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, e-2(004)-739/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Cavabdeh MTK (satıcı), "xxxx" ASC (ipoteka saxlayan) və İddiaçı (alıcı-ipoteka qoyan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İlkin bazardan alqı-satqı və ipoteka müqaviləsi”ndən görünür ki, satıcı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60C, M11, m1 ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ın 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********31-05301-093161 olan hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən ona məxsus mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Müqavilənin 1.2.2-ci bəndinə əsasən mənzilin ümumi sahəsi 95,75 kv.metr göstərilmişdir. Müqavilənin 1.4-cü bəndinə əsasən mənzilin satış qiyməti 109.634 manatdır, mənzilin dəyərinin 21.934 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 87.700 manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan və alıcı-ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış xx.xx.2019-cu il tarixli 020-19/İ nömrəli kredit müqaviləsinə əsasən kreditor-ipoteka saxlayan tərəfindən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. "xxxx" ASC ilə İddiaçı arasında imzalanmış xx.xx.2019-cu il tarixli 020-19/İ nömrəli kredit müqaviləsindən görünür ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 87.700 manat məbləğində illik 4 faiz dərəcəsi ilə 360 ay müddətinə ipoteka krediti verməyi, borcalan isə kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirməyi öhdəsinə götürmüşdür. Kredit borcalana Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60C, M11, m1 ünvanında yerləşən daşınmaz əmlakın alınmasına verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60C, M11, m1 ünvanında yerləşən 78,20 kv.metr mənzil xx.xx.2021-ci il tarixində İddiaçı adına qeydiyyata alınmışdır. Hazırda İddiaçı iddia edir ki, cavabdehlə bağladığı müqavilə üzrə ona satılmalı olan mənzilin ölçüsü ilə çıxarışda qeyd edilmiş, ona faktiki olaraq satılan mənzilin ölçüsü arasında fərq olduğundan o, bu mənzilə görə 20.095 manat daha artıq məbləğdə pul ödəmişdir. Bu əsasla iddiaçı həmin pulu Cavabdeh MTK-dan tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60C, M11, m1 nömrəli mənzil üçün artıq ödədiyi 20.095 (iyirmi min doxsan beş) manat məbləğində pulun və ödənilmiş 150 manat dövlət rüsumunun onun xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60C, M11, m1 nömrəli mənzili Cavabdeh MTK-dan 53 saylı notariat ofisində alqı-satqı və ipoteka müqaviləsi əsasında almışdır. Qeyd edilən müqaviləyə əsasən cavabdeh ona 95,75 kvadrat metr mənzili təhvil verməli və o da bunun əvəzində mənzilin satış qiyməti olan 109.634 manatı cavabdehə ödəməli idi. Müqavilə üzrə mənzil ona 95,75 kvadrat metr adı ilə verilmiş və o da 21.934 manatı özü, qalan 87.700 manat məbləği isə "xxxx" ASC tərəfindən verilən kredit əsasında ödəmişdir. Lakin xx.xx.2021-ci il tarixdə həmin mənzilə çıxarış alarkən müəyyən edilmişdir ki, mənzilin sahəsi 78.20 kvadrat metri əhatə edir. Deməli cavabdeh ona 17.55 kvadrat metr (95,75-78,20) az mənzil vermişdir. Mənzilin bir kvadrat metri sadə riyazi üsulla (109.634 bölünsün 95,75 bərabərdir 1145,003) hesablandıqda 1145,003 manat edir. Deməli o cavabdehə 17,55 kvadrat metr mənzil sahəsinin pulunu artıq ödəmişdir. Həmin məbləğ isə 20.095 (17,55x1145,003=20095) manat edir. Cavabdehə artıq ödənilən pulun geri qaytarılmasını tələb etsə də, ona pul qaytarılmamış və heç bir münasibət də cavabdeh tərəfindən bildirilməmişdir. Həmçinin qeyd edir ki, müqavilədə arakəsmələrin, eyvanın və s. ümumi sahəyə aid etmələri göstərilmədiyindən mənzilin ümumi sahəsi qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmalı idi. Belə ki, mənzillərin ümumi sahələrinin hesablanmasının əsasları və qaydası həm Şəhərsalma və Tikinti Məcəlləsində, həm də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nda əks olunmuşdur. Beləliklə iddia ərizəsinə əlavə olunmuş sübutlardan görünür ki, satıcı kimi cavabdeh ona müqavilədə nəzərdə tutulduğundan az sahəli mənzil vermişdir. Ona görə də hesab edir ki, mənzilin artıq ödənilmiş sahəsinin pulu geri qaytarılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, e-2(004)- 739/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MTK-dan 13.339 (on üç min üç yüz otuz doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 99,56 (doxsan doqquz manat əlli altı qəpik) manat pulun tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 50,44 (əlli manat qırx dörd qəpik) manat (150-99,56=50,44) iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 (əlli) manat pulun Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60C, M11, m1 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsini, habelə mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsini müəyyən etmək üçün xüsusi bilik tələb edildiyinə görə, iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/3115 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60C, M11, m1 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 84,1 kv.m, həmin mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 95,7 kv.metr təşkil etdiyi müəyyən edilmişdir.Formalaşmış məhkəmə təcrübəsinə görə də, analoji işlərdə mənzilin ümumi sahəsi eyvan (lociya) sahələrinə əmsal tətbiq edilmədən, daxili sahələr isə divaraltı sahələr nəzərə alınmadan hesablanır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/3115 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60C, M11, m1 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 84,1 kv.m təşkil etdiyi öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı müqavilənin tələblərini tam olaraq icra etsə də, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzili ona təhvil vermişdir. Məhkəmə qeyd etmişdir ki, müqavilə öhdəlikləri üzrə fərqin 11,65 kv.m (95,75-84,1=11,65 kv.m) olması və hər kvadrat metri üçün 1145 manat təşkil etməsi nəzərə alınmaqla cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində iddiaçı tərəfindən cavabdehə 13339 (11,65x1145=13339 yuvarlaqlaşdırılmaqla) manat əsassız pul vəsaiti ödənilmişdir. Bu baxımdan həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə müqavilə bağlandığı zaman ona Bakı şəhəri, Xətai rayonu, Gəncə pr. 60C, M11, mən.1 ünvanında yerləşən mənzilin faktiki sahəsinə uyğun təqdim edilmiş, faktiki sahəsi 95,75 kv.m.olan mənzilin tam sahəsinə uyğun alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə tərəfi olaraq müqavilə öhdəliklərini qəbul etmiş, daha sonra isə mübahisələndirmişdir. Hesab edir ki, iddiaçı müqavilə tərəfi olaraq öhdəliklərini qəbul etməsinə baxmayaraq, müqavilə öhdəliklərini mübahisələndirməklə, kobud pozuntulara yol vermişdir. Bağlanmış müqaviləyə dair müddəalar məhkəmə qətnaməsi ilə nəzərə alınmadığı üçün Mülki Məcələnin müqavilə azadlığına dair müddəaları ehtiva edən normada pozuntuya yol verilmişdir. Məhkəmə tərəflərin müqavilə üzrə tam sahənin iddiaçı tərəfindən qəbul edilməsini nəzərə almamış, həmçinin ekspert rəyi əsasında qətnamə qəbul edilmişdir. Birinci İnstansiya məhkəməsi tərəfindən 95,75 kv.m mənzilin tam sahəsinin iddiaçıya təqdim edilməsinin müəyyən edilməsinə baxmayaraq, iş üçün əhəmiyyətli olduğu halda sübuta yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində mübahisələndirilmişdir. Həmçinin iddiaçı iddia tələbinin təmin edilməyən hissəsini apellyasiya qaydasında mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 577.1. Alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. 578.1. Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.
Şəhərsalma və Tikinti Məcəlləsi:
59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”. 3.8. Mənzillərin ümumi sahəsi- yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri- 0,3; şüşəbənd və lociyalar- 0,5; eyvanlar (verandalar)- 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.
Mülki Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdeh MTK tərəfindən ona satılmış mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək artıq verdiyi pul məbləğinin qaytarılmasını tələb edir, cavabdeh tərəf isə apellyasiya şikayətində faktiki sahəsi 95,75 kv.m.olan mənzilin tam sahəsinə uyğun alqı-satqı müqaviləsi bağlanmasına və iddiaçının müqavilə tərəfi olaraq müqavilə öhdəliklərini qəbul etməsinə baxmayaraq daha sonra isə mübahisələndirməsinin qanunsuz olmasına istinad edərək iddiaya etiraz etməklə birinci instansiya məhkəməsinin qətnaməsinin nəticəsi ilə razılaşmamışdır. İddiaçının qeyd etdiyi halın müəyyən edilməsi, daha dəqiq mənzilin sahəsinin müqavilədə göstəriləndən az olmasının müəyyən edilməsinin araşdırılması üçün xüsusi bilik tələb olunduğundan və məhkəmənin bu kimi xüsusi biliyə malik olmadığından birinci instansiya məhkəməsi baxışı zamanı müvafiq ekspertiza təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/3115 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60C, M11, m1 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 84,1 kv.m, həmin mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 95,7 kv.metr təşkil etdiyi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən halın müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən eləcə də qeyd edilən rəyi şübhə altına alan hər-hansı əsas müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi ekspert rəyinə istinad etməklə düzgün olaraq belə nəticəyə gəlmişdir. Belə ki, formalaşmış məhkəmə təcrübəsinə görə də, analoji işlərdə mənzilin ümumi sahəsi eyvan (lociya) sahələrinə əmsal tətbiq edilmədən, daxili sahələr isə divaraltı sahələr nəzərə alınmadan hesablanır. Qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçı müqavilənin tələblərini tam olaraq icra etsə də, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzili ona təhvil vermişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müqavilə öhdəlikləri üzrə fərqin 11,65 kv.m (95,75-84,1=11,65 kv.m) olması və hər kvadrat metri üçün 1145 manat təşkil etməsi nəzərə alınmaqla cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində iddiaçı tərəfindən cavabdehə 13.339 (11,65x1145=13339 yuvarlaqlaşdırılmaqla) manat əsassız pul vəsaiti ödənilmişdir. Bu baxımdan həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müqavilə tərəfi olaraq müqavilə öhdəliklərini qəbul etməsi və müqavilə üzrə tam sahənin iddiaçı tərəfindən qəbul edilməsi o demək deyil ki, cavabdeh müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri icra etməməlidir. Tam əksinə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hazırda isə işin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh MTK tərəfindən iddiaçıya satılmış mənzilin sahəsi müqavilədə göstəriləndən az olmuşdur. Eyni zamanda cavabdeh tərəf müqavilə ilə nəzərdə tutulmuş sahədə mənzilin iddiaçıya verilməsi barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizələrdən ibarət olduğu üçün onun dəlilləri də əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, e-2(004)- 739/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə