Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6909/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə Məhkəmə iclas katibi X8 oğlunun katibliyi ilə, İddiaçı X3 cavabdeh «Azəriqaz» İB-yə qarşı «aktın etibarsız hesab edilməsi və borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(005)-2194/2021 saylı qətnaməsindən cavabdehin nümayəndəsi kimi X4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdeh «Azəriqaz» İB-yə qarşı «aktın etibarsız hesab edilməsi və borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(005)- 2194/2021 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia təmin edilmiş, qətnamədən cavabdehin nümayəndəsi kimi X4 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası şikayəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 69.2-ci maddəsinin tələbinə görə hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Göründüyü kimi, hüquqi şəxsləri məhkəmədə müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri təmsil edir. İşdə olan, iş yerinə dair arayışdan (iş vərəq 63) görünür ki, cavabdehin nümayəndəsi kimi apellyasiya şikayətini imzalayan X4 ilə cavabdeh «Azəriqaz» İB arasında bağlanmış əmək müqaviləsinin müddəti 24.04.2021-ci il tarixdə bitmişdir (həmin arayışdan görünür ki, onun etibarlılıq müddəti 24.04.2021-ci il tarixədəkdir). Belə olan halda, X2 cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi kimi apellyasiya şikayətini imzalamaq səlahiyyəti olmamışdır. Qeyd olunmalıdır ki, apellyasiya şikayətinin onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması şikayətin qaytarılması üçün əsasdır (MPM-in 363.1 və 363.1.1-ci maddələri). Eyni zamanda, işdən görünür ki, birinci instansiya məhkəməsi məhkəməsi apellyasiya şikayəti verilmə müddətini gözləmədən mülki işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə ki, işdən görünür ki, qətnamə tərəflərə 25 may 2021-ci il tarixdə təqdim edilmiş, mülki iş isə 17 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Halbuki, MPM-in birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli qərardadının 49-cu bəndinə görə tərəflərin hər birinə şikayət verməklə bağlı bərabər imkanların yaradılması baxımından əhəmiyyətli olan şikayət daxil olduqdan sonra işin yuxarı instansiya məhkəməsinə göndərilməsi müddətlərinə dair MPMin 364 və 409-cu maddələrinin tələblərinə riayət edilməlidir. Belə ki, birinci və apelyasiya instansiyası məhkəmələri şikayətin MPM-in aidiyyəti üzrə 361 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxladıqdan sonra ilk daxil olan şikayəti yuxarı instansiya məhkəməsinə mütləq şəkildə işdə iştirak edən bütün şəxslərə münasibətdə şikayət vermə müddətini gözlədikdən sonra göndərməlidir. Bu qaydaya riayət edilmədiyi halda yuxarı instansiya məhkəməsi həmin müddətin gözlənilməsi ilə bağlı prosessual tələblərə riayət edilməsinin təmin edilməsi üçün işi icraata qəbul etmədən müvafiq aşağı instansiya məhkəməsinə geri qaytarmalıdır. Bu mövqe, kassasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin kassasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət edildiyi halda işin baxışdan çıxarılması ilə bağlı olan MPM-in 417.1.7-ci maddəsinin tələbləri ilə də uzlaşır. Göründüyü kimi, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən hallara diqqət yetirməmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X3 cavabdeh «Azəriqaz» İB-yə qarşı «aktın etibarsız hesab edilməsi və borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(005)-2194/2021 saylı qətnaməsindən cavabdehin nümayəndəsi kimi X4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6909/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6909/2021
29.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver