Məhkəmə qərarları › İş №2(103)-6909/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6909/2023

20.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6909/2023 20.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3848/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. 29 mart 2023-cü il tarixli, ******* nömrəli “Təbii X2nın pozulması haqqında” AKT-ın surətindən görünür ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. Sayğacın yaddaş arxivi oxunmuşdur. Sayğacın istismar müddətində “ALARM-1” rejimi aşkar olunmamışdır. Xətalar normadan artıqdır. Sayğac nominal və minimal sərfiyyatda -100% nisbi xətayla işləyir. Hesablama mexanizmi nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır.

2. xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 25.920 m3 həcmində itirilmiş qaz hesablanmışdır.

3. Abonent saldosundan görünür ki, abonentin 2023-cü ilin mart ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 3.110,40 manat borcu mövcud olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən onun barəsində tərtib edilmiş “dəymiş ziyanın bərpasına dair tələbnamə”nin ləğv edilməsi və 25.920 m3 qaza görə hesablanmış 3.110,40 (üç min yüz on manat qırx qəpik) manat dəyərində dəymiş zərər kimi hesablanmış pul vəsaitinin və sayğaca müdaxiləyə görə sayğacın dəyəri olan 159,96 manat olmuş pul vəsaitinin (cərimənin) silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən tərtib edilmiş “dəymiş ziyanın bərpasına dair” tələbnamənin ləğv edilməsi və 25.920 m3 qaza görə hesablanmış 3.110,40 manat dəyərində dəymiş zərər kimi hesablanmış pul vəsaitinin silinməsi öhədəliyinin cavabdehin üzərinə qoyulması və sayğaca müdaxiləyə görə sayğacın dəyəri olan 159,96 manat məbləğinin iddiaçıdan tutulmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2019- cu ilin aprel ayında Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 25-ci məhəllə, 13C saylı (yeni qaydalarla AZ5003, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 229,5 kv. m olan, ********** qeydiyyat nömrəli, **********94-10301 reyestr nömrəli fərdi yaşayış evini almışdır. Evi yeni alanda onun evində qaz (eləcə də su, işıq) sayğacı olmuşdur. Evi aldıqdan sonra da 2019-cu ildən 2022-ci ilədək evdəki bütün kommunal xətlər (qaz, işıq və su) və onların sayğaclarında heç bir problem olmamış, qaydasında çalışmışdır. Cavabdeh Sumqayıt X5 özünün təşəbbüsü ilə 2022-ci ilin sentyabr ayının 8-də məhəllədəki evlərin qaz sayğacları yenisi ilə əvəz olundu. Sayğaclar dəyişdirilərkən qaz sayğacının istismar müddətinin 5 il olduğunu, onların sayğacının isə 8 ilə yaxındır istifadə edildiyi kimi əsaslar gətirildi və sayğac dəyişdirildi. Sayğac dəyişdirilərkən sayğacın dəyişdirilməsi barədə xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib edildi, sayğaca baxış keçirildiyi və dəyişdirildiyi zaman orada iştirak etmişdir. Baxış zamanı sayğacda hər hansı nöqsan aşkar edilmədi və sayğacın plombu da sayğacın üzərində idi. 2023-cü ilin aprel ayında Sumqayıt QİS əməkdaşları 7 ay öncə dəyişdirilmiş köhnə qaz sayğacı barədə laboratoriyadan cavab gəldiyini, sayğacın çıxış plastmas borusunda “deşik” olduğu və həmin deşiyin qazın havaya getməsinə səbəb olduğunu bildirdilər. Qaz idarəsinin əməkdaşları tərəfindən cari ilin aprel ayında 29 mart 2023-cü il tarixli təbii X2nın pozulması haqqında ******* nömrəli aktın bir nüsxəsi onlara təqdim edilsə də, həmin nüsxədəki yazılmış anlaşılmayan mətni oxumaq mümkün olmadığına görə, bir neçə gün sonra Cavabdeh Sumqayıt QİS-ə yaxınlaşmışdır. Ona orada 29 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə və digər sənədlər verildi. 29 mart 2023-cü il tarixli “Dəymiş ziyanın bərpası”na dair tələbnaməyə əsasən köhnə sayğac “Sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasının Qaz sayğacının (abonent kodu: **********00133) yoxlanılması barədə” 29 mart 2023-cü il tarixində AKT № MSK - 14-2-2/3-5- 1799-1 akta əsasən sayğaca baxış keçirilmiş, bir sıra nöqsanlar müəyyən edilmiş və sayğacın istismara yararsız oluğu qeyd edilmişdir. Nəticədə verilən sənədlərə görə ondan 25.920 m3 qazın dəyəri olan 3.110,40 (üç min yüz on manat qırx qəpik) manat dəymiş ziyanın ödənilməsini tələb olunmuşdur. O, sayğaca heç bir müdaxilə etməmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3848/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməsi, ünvan 2 ünvan üzrə İddiaçı (abonent kodu: **********00133) 2023-cü ilin mart ayına hesablanmış 3.110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində borcun silinməsi, 1602AZ**********27 saylı sayğacın dəyərinin ödənilməsi məqsədilə 159,96 (bir yüz əlli doqquz manat doxsan altı qəpik) manat məbləğinin iddiaçıdan tələb edilməsi (abonent kodu: **********00133) Cavabdehnə qadağan edilməsi, 51.10 (əlli bir manat on qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, sayğacın dəyərinin iddiaçıdan tələb edilməsinin cavabdehə qadağan edilməsi ilə bağlı iddia tələblərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

9. Məhkəmə gəldiyi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26-cı maddələri, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə, 13-cü maddəsinin 8-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3 və 1.4-cü bəndlərinə, Qaydaların 4.1, 4.2, 4.8-ci maddələri və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 77.2, 88, 217.3, 217.4, 218.1, 220.4-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3848/2023 saylı, xx.xx.2023-c ü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 3.110,40 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, İddiaçıya aid olan abonent koduna hesablanmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

13. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, iddiaçı 2019-cu il aprel ayında mənzili almışdır, yay aylarında da mənzilə köçmüşdür. 3 il sonra cavabdeh sayğacın istismar müddətinin bitdiyi üçün dəyişilməsi olduğunu bildirmişdir. Həmin mənzildə iddiaçı və yoldaşı yaşayırlar. Oğulları isə xarici ölkədə yaşayırlar. İddiaçının qızı isə evlənib başqa yerə köçmüşdür. İddiaçı və yoldaşı yaşlıdırlar, qaza müdaxilə etmə potensialları yoxdur. Cavabdeh iddiaçıya müdaxilə olduğunu, boruda deşik olduğunu bildirmişdir. Sayğacda olan nasazlıqla bağlı cavabdeh məsuliyyət daşıyır. Vətəndaş qaz sayğacına baxış keçirə bilməzdi. Buna görə iddia əsaslıdır. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

15. Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

16. Mülki Məcəllənin 1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

18. 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

19. 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

20. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

21. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə,qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

26. İddiaçı xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən tərtib edilmiş “dəymiş ziyanın bərpasına dair” tələbnamənin ləğv edilməsini, akta əsasən hesablanmış borcun silinməsini və sayğaca müdaxiləyə görə sayğacın dəyəri olan 159,96 manat məbləğinin hesablanmasının cavabdehə qadağan edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir.

27. "Azəriqaz” İstehsalat Birliyi qətnamədən verdiyi apellyasiya şikayətinin dəlili olaraq qeyd etmişdir ki, iddiaçıya məxsus sayğaca müdaxilə edildiyi, sayğacın çıxış plastmas borusunun deşildiyi, sayğacın yaddaş arxivinin oxumadığı, hesablama mexanizminin qazın həcmini qeyd etmədiyi halı aşkar edilmiş, 3.110,4 manat borc itirilmiş qazın dəyəri olaraq hesablanmışdır.

28. Məhkəmə kollegiyası istehsalat birliyinin şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “X2”nın tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Həmçinin qeyd edilməlidir ki, işlək vəziyyətdə saxlanılmasına görə istehsalat birliyinin məsuliyyət daşıdığı sayğacda aşkar edilmiş qüsurların məhz istehlakçı – İddiaçı tərəfindən yol verilmiş qanun pozuntusu nəticəsində baş verməsinə dair hər hansı sübut "Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəməyə təqdim edilməmişdir.

29. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş akt əsassızdır, onun əsasında tərtib edilmiş “dəymiş ziyanın bərpasına dair” tələbnaməyə əsasən iddiaçıdan borcun tələb edilməsi qanunvericiliyin tələbinə uyğun deyildir.

30. İddiaçının sayğaca müdaxilə nəticəsində onun dəyişdirilməsinə görə 159,96 manat məbləğin tutulmasının cavabdehə qadağan edilməsi tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir.

31. Göründüyü kimi, qaz paylayıcının istehlakçının qaz sayğacının zədələnməsində təsqiri sübuta yetirilmədiyi halda onun təmir olunması, texniki baxışdan keçirilməsinə görə vəsaitinin istehlakçıdan tələb edilməsi qanunvericiliyin tələbinə uyğun deyildir.

32. Belə ki, sayğacda olan qüsurların məhz istehlaçı tərəfindən edilməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir.

33. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

35. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3848/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar