Məhkəmə qərarları › İş №2(103)-6915/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6915/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6915/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3429/2020 saylı mülki iş üzrə qəbul etdiyi 28 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı "əsas və faiz borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, "xxxx" ASC ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X2 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-1012 saylı, 19 dekabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına verilmişdir. "xxxx" ASC-nin Qaradağ filialı ilə Cavabdeh arasında 25.07.2014-cü il tarixdə, 243 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22 % tətbiq edilməklə, 12 ay müddətinə 2600 (iki min altı yüz) manat məbləğində pul vəsaiti verilmişdir. 25.07.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin əsas borc üzrə 1949,39 (bir min doqquz yüz qırx doqquz manat, otuz doqquz qəpik) manat, faiz borcu üzrə 1189,48 (bir min bir yüz səksən doqquz manat, qırx səkkiz qəpik) manat olmaqla, cəmi 3138,87 (üç min bir yüz otuz səkkiz manat, səksən yedi qəpik) manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(006)- 3429/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 1-ci instansiya məhkəməsi işi tam araşdırmadan qərar qəbul etmişdir. Belə ki, məhkəmə cavabdehin iddianı qəbul edibetməməsini araşdırmamış, yalnız cavabdehin ərizəsi ilə kifayətlənmişdir. Cavabdh qəsdən kredit ödəməkdən yayınmış və nəticədə əsas borc üzrə 1949,39 (bir min doqquz yüz qırx doqquz manat, otuz doqquz qəpik) manat, faiz borcu üzrə 1189,48 (bir min bir yüz səksən doqquz manat, qırx səkkiz qəpik) manat olmaqla, cəmi 3138,87 (üç min bir yüz otuz səkkiz manat, səksən yedi qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.K.Ağayev apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3429/2020 saylı mülki iş üzrə qəbul etdiyi 28 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" ASC-nin Qaradağ filialı ilə Cavabdeh arasında illik 22% tətbiq edilməklə, 12 ay müddətinə 25.07.2014-cü il tarixli, 243 saylı kredit müqaviləyə əsasən cavabdehə 2600 (iki min altı yüz) manat məbləğində pul vəsaiti verilmişdir. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən "xxxx" ASC ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə kredit 12 ay müddətinə verilib və kreditdən istifadə müddəti 25.07.2015-ci il tarixdə başa çatır. Belə olan halda həmin müqavilə üzrə iddia müddəti 25 iyul 2018-ci il tarixdə bitmişdir. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı iddia tələbi ilə 02 iyun 2020-ci il tarixində məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsində isə təsbit olunmuşdur ki, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli qərarında birbaşa ifadə olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməli və iddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Tərəflər arasında bağlanmış kredit müqaviləsində də bütün öhdəliklər üzrə icra müddəti 25.07.2015-ci il tarixi müəyyən edilmişdir. Həmin tarixdən Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş 3 illik iddia müddətini hesabladıqda isə müəyyən edilir ki, iddiaçı 25.07.2018-ci il tarixədək cavabdehə qarşı iddia irəli sürə bilərdi. Lakin iddiaçı iddia müddəti keçdikdən sonra, yəni 02 iyun 2020-ci il tarixdə hazırkı iddianı qaldırmışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3429/2020 saylı mülki iş üzrə qəbul etdiyi 28 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Ali Məhkəməyə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar