Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6921/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi təminatın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(007)-705/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən və iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi təzminatın ödənilməsinə dair müqavilənin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2758/2021 saylı 02 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh cəmi 15700 manat pulun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 08 fevral 2016-cı ildə rəsmi nikahda olduğu Cavabdeh boşanmış, birgə nikahından 14 iyul 1999-cu il təvəllüdlü X7 və 07 noyabr 2000-ci il təvəllüdlü X6 doğulmuşdur. 21 noyabr 2018-ci ildə Cavabdeh ilə o, maddi təminatın ödənilməsinə dair müqavilə bağlamışlar. Müqavilənin şərtinə görə uşaqların atası-Cavabdeh 2018-ci ilin noyabr ayından başlayaraq 2023-cü ilin noyabr ayına kimi hər ay 600 manat ödənməsini öhdəliyinə götürmüşdür. O isə ikinci tərəf olaraq həmin 600 manat pulu uşaqlarının maddi təminatlarının ödənilməsi üçün xərclənməsini öz öhdəsinə götürmüşdür. Müqavilə üç nüsxədən ibarət tərtib olunmuşdur, biri notariat kontorunda saxlanılmaqla digər iki nüsxə onlara verilmişdir. Lakin müqavilənin şərtinə iki ay əməl olunmuşdur. 2018-ci ilin dekabr ayı və 2019-cu ilin yanvar aylarında, hər ay 450 manat olmaqla, cəmi 900 manat ödənilmişdir. Daha sonra Cavabdeh müqavilənin şərtinə əməl etməyib pulu ödəməmişdir. Cavabdehlə müqavilə bağlayarkən qızlarının təhsili, ehtiyaclarını və digər təminatlarını onunla ətraflı müzakirə etmiş və bu müqaviləni bağlamışlar. Cavabdeh yüksək pensiya aldığına görə ödəməyi üzərinə götürdüyü 600 manat pulu aybaay ödəmək onun üçün çətin deyildi. Müqavilə bağlayan zaman artıq qızlarının 18 yaşı tamam olmuşdur və cavabdeh bu burədə məlumatlı idi. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-705/2021 saylı 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 15700 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Bundan başqa iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi, daha sonra iddia tələbinə dəqiqləşdirmə barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında 21 noyabr 2018-ci il tarixdə bağlanmış və Notarial qaydada təsdiq edilmiş «Maddi Təminatın ödənilməsinə dair» müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış nikah Nərimanov Rayon Məhkəməsinin 08.02.2016-cı il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Birgə nikahdan doğulmuş uşaqları - 14 iyun 1999-cu il təvəllüdlü X5 və 07 noyabr 2000-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün məhkəmənin müəyyən etdiyi alimenti vaxtında və cavabdehin tələb etdiyi məbləğdə ödəməklə 2 dəfə alimentin məbləğinin artırılması barədə tələbinə etiraz etməmişdir. 07 noyabr 2000-ci il təvəllüdlü kiçik qızı yetkinlik yaşına çatdıqdan sonra da onların maddi təminatlarını qarşılamaq məqsədi ilə cavabdehlə 21 noyabr 2018-ci il tarixdə notarial qaydada təsdiq olunmuş “Maddi Təminatın ödənilməsinə dair" müqavilə bağlamışlar. Müqaviləyə əsasən o, 2018-ci ilin noyabr ayından başlayaraq 2023-cü ilin noyabr ayına kimi cavabdehə hər növbəti ayın birinə kimi ayda 600 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə həmin 600 manat pulu uşaqların maddi təminatlarının ödənilməsi üçün xərclənməsini öz öhdəsinə götürmüşdür. Lakin bu müqavilənin icra edilməsinə ehtiyac olmamışdır. Ona görə ki, 2019-cu ilin mart ayında cavabdeh uşaqları ilə birlikdə yaşamaq üçün onun yanına gəlmişlər. 2020-ci ilin oktyabr ayına kimi bir yerdə yaşamışlar. Bu dövrdə nəinki uşaqlarının, eyni zamanda keçmiş həyat yoldaşının da maddi təminat xərclərini o özü çəkmişdir. Cavabdeh 2020-ci ilin oktyabr ayından uşaqlarını da götürərək atası evinə getmişdir. Bu müqaviləni bağlayarkən maddi imkanı yaxşı olmuş və səhhətində heç bir problem olmamışdır. Hal-hazırda iki dəfə insult keçirmişdir və şəkərli diabetdən əziyyət çəkir. Eyni zamanda kirayədə yaşayır və banklara da kredit borcları vardır. Ona görə də müqaviləni icra etmək onun maddi imkanları xaricindədir. 22.04.2021ci ildə rəsmi teleqram və məktubla cavabdehə müraciət edərək aprelin 29-dək Notarusa gəlib qarşılıqlı razılaşmaya əsasən könüllü surətdə müqavilənin ləğv edilməsini bildirsə də heç bir cavab verilməmişdir. O özü könüllü olaraq uşaqların yetkinlik yaşına çatdıqdan sonra da onların təminatlarını ödəmək üçün hər ay 600 manat ödəməyi öhdəsinə götürmüşdür. İndi isə maddi vəziyyəti ilə əlaqədar olaraq həmin məbləği ödəyə bilmir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2758/2021 saylı 02 iyun 2021ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı Cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7570/2021 saylı 07.09.2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi təzminatın ödənilməsinə dair müqavilənin ləğv edilməsi tələbinə dair” mülki iş İddiaçı Cavabdeh qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi təminatın ödənilməsi tələbinə dair” mülki işlə bir icraatda birləşdirilmişdir. Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(007)-705/2021 saylı qətnaməsindən verdiyi apelyasiya şikayətində qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, iddia ərizəsinə etiraz versə də, münasibət bildirilməmişdir. Məhkəmə tərəflər arasındakı mübahisəyə hüquqi qiymət verərkən yalnız notarial qaydada təsdiqlənmiş müqaviləyə əsaslanmışdır, lakin bu müqavilənin hüquqi qüvvəsinin olub-olmamasına, müqavilənin qanunvericilikdə nəzərdə tutulan əsaslara uyğun olub-olmamasına əhəmiyyət verilməmişdir, müqavilə bağlandığı andan əhəmiyyətsizdir. Uşaqların hər ikisi də fiziki cəhətdən sağlam olmaqla tam fəaliyyət qabiliyyətlidirlər, Yeganə Abdullayeva ali təhsilini başa vurub işləyir, Ülviyyə Abdullayeva isə axırıncı kursda olmaqla ödənişsiz təhsil alır. Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2758/2021 saylı 02 iyun 2021-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, məhkəmənin istinad etdiyi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(007)-705/2021 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir, həmin qətnamə qanuni qüvvəsini almamışdır. Məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. Tərəflərin birgə nikahından olan X1 tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı hər iki qətnamədən verilmiş apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, müqavilə üzrə hər dəfə 450 manat olmaqla cəmi 900 manat almışdır. Həqiqətən də cavabdeh iki dəfə insult keçirmişdir, birinci dəfə 2017-ci ildə, ikinci dəfə isə 2019-cu il sentyabr ayının əvvəllərində. Birinci dəfə keçirdiyi insult nəticəsində cavabdehin səhhətində ciddi problemlər yaranmamış, hətta heç özü də insult keçirməsini bilməmiş, ikinci dəfə isə ağır vəziyyətə düşmüş, kənar qulluğa ehtiyacı yaranmışdır. Məhz bu səbəbdən, cavabdeh ikinci dəfə insult keçirdikdən sonra, yəni 2019-cu il sentyabr ayının əvvəllərində cavabdehin kirayə yaşadığı Bakı şəhəri, H.Əliyev prospekti, 101A saylı binanın 45-ci mənzilinə köçmüşlər və 2020-ci ilin sentyabr ayının 26-dək birlikdə yaşamış, cavabdehə o, qulluq etmişdir. Həmin müddətdə onlar bir ailə kimi yaşamış, evin bazarlığı cavabdehin pensiyasından edilmişdir. Mübahisələndirilən müqavilə könüllü, özü də məhz cavabdehin təklifi ilə bağlanmışdır, həmin vaxt cavabdeh 1.300 manat pensiya almışdır, 07.06.2021-ci ildə növbəti müayinə məqsədilə cavabdehə pensiya ödənişi müvəqqəti dayandırılmışdır. Hesab edir ki, müqavilənin etibarsız sayılması və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh nümayəndəsivəkili Nümayəndə hər iki qətnamədən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, müqavilə bağlanan anda xeyrinə müqavilə bağlanılmış hər iki şəxs, yəni tərəflərin birgə nikahında olan uşaqları Yeganə və Ülviyyə artıq 18 yaşına çatmışlar, belə olan halda isə iddiaçı həmin uşaqların mənafeyi baxımından müqavilə bağlamaq üçün səlahiyyətli şəxs olmamışdır. Buna görə də müqavilə əhəmiyyətsiz əqdir. Həmçinin, nəzərə alınmalıdır ki, təmsil etdiyi şəxs şəkərli diabet xəstəsidir, iki dəfə insult keçirmişdir, kirayə mənzildə yaşayır. Əlilliyə görə 1300 manat pensiya alırdı, lakin 07.06.2021-ci il tarixdən bu sahədə aparılan yoxlamalarla bağlı pensiyanın verilməsi dayandırılmışdır. Bundan başqa, 2019-cu ilin mart ayından 2020-ci ilin oktyabr ayına qədər tərəflər birgə yaşamışlar. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs Ülviyyə Abdullayeva qeyd etdi ki, 2017-2021-ci illər ərzində İqtisad Universitetində ödənişsiz təhsil almışdır. Həmin dövrdə qeyri-rəsmi olaraq işləmişdir. 2021-ci ilin aprel ayından isə rəsmi qaydada işləyir və 250 manat əmək haqqı alır. 2019-cu ilin sentyabr ayının əvvəlindən atası ilə birlikdə yaşamağa başlamışlar və 2020-ci ilin sentyabr ayının sonunadək birlikdə yaşamışlar. Lakin bu o demək deyildir ki, müqavilə icra olunmamalı idi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs Yeganə Abdullayeva qeyd etdi ki, 2016-2020-ci illər ərzində ADNSU-da təhsil almışdır. 2020-ci ilin dekabr ayından etibarən işləyir və 400 manat əmək haqqı alır. 2019-cu ilin sentyabr ayının əvvəlindən atası ilə birlikdə yaşamağa başlamışlar və 2020-ci ilin sentyabr ayının sonunadək birlikdə yaşamışlar. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(007)-705/2021 saylı qətnaməsindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, həmin qətnamə dəyişdirilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2758/2021 saylı 02 iyun 2021-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti təmin edilməli, həmin qətnamə ləğv edilməli və iddia təmin edilməlidir. İş materialları ilə aşağıdakılar müəyyən edilir. Birinci tərəf Cavabdeh ilə ikinci tərəf İddiaçı arasında bağlanmış 21 noyabr 2018-ci il tarixli «Maddi təminatın ödənilməsinə dair» müqavilədən görünür ki, Cavabdeh ilə X9 arasında 22.06.1999-cu il tarixli Bakı şəhəri Nərimanov VVADQ şöbəsində qeydə alınmış 269 nömrəli akt qeydinin pozulmasını Nərimanov Rayon Məhkəməsi qət etmiş və bununla bağlı 08.02.2016-cı il tarixli 2(005)-367/2016 nömrəli qətnamə çıxarılmışdır. Birgə nikahdan doğulmuş uşaqlarının - 14 iyun 1999-cu ildə doğulmuş X8 və 07 noyabr 2000-ci ildə doğulmuş X3 Universitetlərdə təhsil almaları və onların digər maddi təminatlarının ödənilməsi üçün uşaqların atası - Cavabdeh 2018-ci ilin noyabr ayından başlayaraq 2023cü ilin noyabr ayına kimi hər növbəti ayın 1-nə kimi ayda 600 manat ödənilməsini öz öhdəsinə götürür. X9 isə həmin 600 manat pulun uşaqların (14 iyun 1999-cu uldə doğulmuş X7 və 07 noyabr 2000-ci ildə doğulmuş X6) maddi təminatlarının ödənilməsi üçün xərclənməsini öz öhdəsinə götürür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-349/2020 saylı, 26.11.2020-ci il tarixli hökmünün məzmunundan və surətindən görünür ki, Cavabdeh 2020-ci ilin sentyabr ayının 26-da, saat 16:00 radələrində yaşadıqları ünvan 1 ünvanında yerləşən mənzilin qonaq otağında keçmiş arvadı İddiaçı ilə şəxsi münasibətlər zəminində mübahisə etmiş, mübahisə zamanı Yunis Abdullayev qəsdən yumruqla iki dəfə sonuncunun sifət nahiyyəsindən vuraraq ona burun sümüyünün qapalı, yerdəyişən sınığı, burun qanaxması, burunun qopması ilə nəticələnən sağlamlığa Az Ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Nəticədə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Cavabdeh üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət edilməsi, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov İcra və probasiya şöbəsinə həvalə edilməsi, Cavabdeh məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməsi qərara alınmışdır. İddiaçı hazırda həmin müqaviləyə əsaslanaraq, cavabdehdən 15700 manat pulun tutulmasını tələb edir. Cavabdeh isə həmin müqavilənin ləğv edilməsini tələb edir. Eyni zamanda, həm apelyasiya şikayətlərində, həm də nümayəndəsinin izahatında müqavilənin əhəmiyyətsiz əqd olması vurğulanır. Kollegiya ilk növbədə qeyd edir ki, xeyrinə müqavilə bağlanan X6 və X7 həmin vaxt yetkinlik yaşına çatmış şəxs olduqları, bu səbəbdən mübahisələndirilən müqavilə mülkihüquqi əqd olduğu üçün hazırki mübahisə Ailə Məcəlləsinin normaları ilə deyil, Mülki Məcəllənin müddəalarına əsasən araşdırılmalı və həll olunmalıdır. Kollegiya qeyd edir ki, ilk öncə tərəflər arasında bağlanmış 21.11.2018-ci il tarixli «Maddi təminatın ödənilməsinə dair» müqavilənin etibarlı əqd olub-olmaması müəyyən edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli qərarında göstərilmişdir ki, «müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.» Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsi ilə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. 324.4-cü maddəsinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (Mülki Məcəllənin 390.1-ci maddəsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14.07.2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Digər tərəfdən, müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı sübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Beləliklə, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi).» Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. 21.11.2018-ci il tarixdə maddi təminatın ödənilməsinə dair müqavilə bağlanarkən tərəflər sərbəst şəkildə onun predmeti barəsində razılığa gəlmiş, iradə ifadələrini əks etdirməklə müqaviləni imzalamışlar. Müqavilənin forma və məzmuna dair tələblərə riayət edilmişdir. Cavabdeh tərəf müqavilə bağlanarkən uşaqların yektinlik yaşına çatmasına istinad edərək, müqavilənin bağlandığı andan etibarsız (əhəmiyyətsiz) olmasını iddia edir. Kollegiya qeyd edir ki, 21.11.2018-ci il tarixli müqavilə bağlanan zaman tərəflərin nikahından doğulmuş Yeganə və Ülviyyə artıq yetkinlik yaşına çatmışlar və tərəflər bu barədə məlumatı ola-ola yuxarıda qeyd edilən məzmunda müqavilə bağlamışlar. Müqavilə məhz həmin uşaqların mənafeyi baxımından, onların xeyrinə bağlanmışdır. Mülki Məcəllənin 403.1 və 403.2-ci maddəsinə görə, üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər. Göründüyü kimi, qanunvericiliyə əsasən üçüncü şəxsin xeyrinə müqavilə bağlamaq imkanı nəzərdə tutulmuşdur. Yaqut Abdullayeva uşaqlarının xeyrinə müqaviləni bağlamış və həmin müqavilə ilə tərəflər razılaşdırılmış şəkildə üzərlərinə öhdəlik götürmüşlər. Bu müqavilə ilə cavabdehin ödəməyi öhdəsinə götürdüyü pul vəsaiti, yetkinlik yaşına çatmış uşaqların saxlanılması üçün ödənc (aliment öhdəliyi) deyildir, tərəflər arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş əqddir. Tərəflər sərbəst şəkildə məzmununu müəyyənləşdirməklə müqavilə bağlamışlar və həmin müqavilə şərtləri qanunvericiliyə zidd deyildir. Eləcə də İddiaçı səlahiyyətli şəxs olmuşdur, bu baxımdan da həmin əsasla əqdi əhəmiyyətsiz saymaq olmaz. Cavabdehin etirazı həmin müqavilənin etibarlılığını şübhə altına almağa əsas vermir. Beləliklə, tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir, odur ki, həmin müqavilə etibarlı əqddir. Müqavilənin etibarlılığı müəyyən edildiyi üçün, iddiaçı Yaqut Abdullayevanın həmin müqaviləyə istinadən cavabdehdən tələb etdiyi pul məbləğinə aid hissədə Kollegiya aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İddiaçı 15700 manat məbləğində pulun tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, 21.11.2018-ci il tarixdən 02.03.2021-ci il tarixə (iddianın dəqiqləşdirilməsi barədə ərizənin verildiyi günə), yəni 27 ay üzrə hər ay 600 manat olmaqla, cəmi 16200 manat pul cavabdehə ödənilməli olsa da, hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarması barədə MPMnin 218.3-cü maddəsinin tələbini nəzərə alaraq, cavabdehdən 15700 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Kollegiya hesab edir ki, cavabdehdən tutulmalı olan məbləğə aid hissədə qətnamə dəyişdirilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından, həmçinin məhkəmə iclasında verilmiş izahatlardan aydın olmuşdur ki, müqavilə üzrə cavabdeh tərəfindən hər dəfə 450 manat olmaqla iki dəfə ödəniş edilmiş, yəni 900 manat ödənilmişdir, bundan başqa 2019-cu ilin sentyabr ayının əvvəlində cavabdeh ikinci dəfə insult keçirdikdən sonra iddiaçı uşaqları ilə birlikdə onun yaşadığı evə köçmüş və birlikdə yaşamağa başlamışlar (cavabdeh 2019-cu ilin mart ayından birgə yaşadıqlarını göstərsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir). Tərəflər 2020-ci ilin oktyabr ayına qədər birlikdə yaşamışlar. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli hökmündən də müəyyən edilir ki, Cavabdeh 2020-ci ilin sentyabr ayının 26-da, saat 16:00 radələrində yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ev 101A, 46 saylı mənzildə İddiaçı qəsdən yumruqla iki dəfə vuraraq ona az ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Müəyyən olunur ki, Cavabdeh birgə yaşadıqları müddətdə müqavilə öhdəliyini digər qaydada icra etmişdir. Belə olan halda iddiaçıya 21.11.2018-ci il tarixdən (noyabr ayı da daxil olmaqla) 2021-ci ilin mart ayına qədər (sonuncu fevral ayı) ödənilməli olan pul məbləğindən tərəflərin birgə yaşadıqları 1 il 1 aya görə (2019-cu ilin sentyabr ayından 2020-ci ilin oktyabr ayına qədər) ödənilməli olan məbləğ, həmçinin ödənilmiş 900 manat çıxılmaqla, yerdə qalan 8100 manat ödənilməlidir. Belə ki, müqavilədə pulun ödənilməsinin başlanması vaxtı «2018-ci ilin noyabr ayından başlayaraq» kimi qeyd olunması onu deməyə əsas verir ki, ödənişin noyabr ayı da daxil olmaqla həmin aydan aparılmağa başlanılması razılaşdırılmışdır, ona görə də həmin ay üçün də 600 manat hesablanmalıdır. Beləliklə, 2018-ci ilin noyabr ayından başlayaraq 2021-ci ilin mart ayına kimi 28 ay təşkil edir ki, bundan da 13 ay çıxdıqda 15 ay qalır (15x600=9000), həmin məbləğdən də ödənilmiş 900 manatı çıxdıqda, ödənilməli olan borc məbləğinin 8.100 manat təşkil etdiyi müəyyən olunur. Cavabdeh iddia tələbində müqavilənin ləğv edilməsini tələb edərək, tələbini ona əsaslandırmışdır ki, müqaviləni bağlayarkən maddi imkanı yaxşı olmuş və səhhəttində heç bir problem olmamışdır, hazırda iki dəfə insult keçirmişdir və şəkərli diabetdən əziyyət çəkir. Eyni zamanda kirayədə yaşayır, banklara da kredit borcları vardır. Bundan başqa, uşaqları institutu bitirərək işləyirlər. İş materiallarından, həmçinin izahatlardan müəyyən edilmişdir ki, cavabdeh şəkərli diabet xəstəsi olmaqla, iki dəfə insult keçirmişdir, özü kirayədə yaşayır. Birgə nikahdan olan Yeganə Abullayeva “X17” MMC-də “assistent, insan resursları” vəzifəsində işləməklə, 400 manat əmək haqqı alır, Ülviyyə Abdullayeva isə "xxxx" MMC-də “icraçı assistent” vəzifəsində işləməklə 250 manat əmək haqqı alır. Mülki Məcəllənin “Müqavilə hüququ” Fəslinin 4-cü paraqrafında müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları və qaydaları nəzərdə tutulmuşdur. Həmin müddəalara əsasən müqavilənin ləğv edilməsinin üç əsası müəyyən edilmişdir: - tərəflərin razılaşması; - tərəflərdən birinin tələbi ilə digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması; - tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi. Müqavilənin ləğv edilməsi əsaslarından yuxarıda qeyd olunan birinci və ikinci halın hazırki işə aidiyyəti yoxdur. Cavabdeh tələbi yalnız üçüncü hal əsasında araşdırıla bilər, yəni onun qeyd etdiyi dəlillərin müqavilə bağlandıqdan sonra şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilməli olub-olmaması və həmin əsasla müqavilənin ləğv edilməsinin mümkünlüyü araşdırılmalıdır. Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Məcəllənin 422.2-ci maddəsinə görə, əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Baxılan iş üzrə göründüyü kimi, müqavilə bağlandıqdan sonra Cavabdeh təkrar 2019-cu ilin sentyabr ayında insult keçirmiş və bunun nəticəsində səhhətində ciddi problemlər əmələ gəlmiş (tibbi sənədlər əlavə edilmişdir), kənar qulluğa ehtiyacı yaranmışdır, həmçinin şəkərli diabet xəstəsidir, kirayədə yaşayır (01.04.2019-cu il tarixli kirayə müqaviləsi mövcuddur), hazırda uşaqların hər ikisi də ali təhsilini bitirməklə, Ülviyyə Abdullayeva 2020-ci ilin dekabr ayından, Yeganə Abdullayeva isə 2021-ci ilin aprel ayından əmək müqaviləsi ilə işləyirlər. Göründüyü kimi, Cavabdeh səhhətində yaranmış problemlər onun üçün əlavə xərclərə səbəb olmuşdur, əlavə olaraq kirayə haqqı ödəyir. O, bu halları qabaqcadan görə bilməzdi. Kollegiya göstərilən halları Cavabdeh üçün müqavilə bağlanarkən əsas götürdüyü şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirir. Belə olan halda, onun hazırki tələbi qanuni və əsaslı hesab edilir. Mülki Məcəllənin 424.2-ci maddəsinə görə, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-cü maddəsinə görə, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Beləliklə, Kollegiya hesab edir ki, tərəflər arasında bağlanılmış 21.11.2018-ci il tarixli müqavilə ləğv edilməli, müqavilənin ləğv edildiyi gün qətnamənin qanuni qüvvəyə mindiyi gün hesab edilməlidir. Cavabdeh tərəfin birinci instansiya məhkəməsində yeni qaldırdıqları “21.11.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” mülki işə baxılıb hüquqi qiymət verilənədək hazırki mülki işin dayandırılması barədə vəsatətinə münasibətdə Kollegiya qeyd edir ki, yuxarıda göstərildiyi kimi, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. Baxılan iş üzrə müqavilənin etibarlılığı yoxlanılmışdır. Ona görə də qeyd olunan hal hazırki iş üzrə icraatın dayandırılmasına əsas verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-705/2021 saylı iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh, 2018-ci ilin noyabr ayından (həmin ay da daxil olmaqla) 2021-ci ilin mart ayına kimi (sonuncu fevral ayı olmaqla) olan müddət üçün tərəflərin birgə yaşadıqları 1 il 1 aya görə (2019-cu ilin sentyabr ayından 2020-ci ilin oktyabr ayına qədər) ödənilməli olan məbləğ (7800 manat), həmçinin ödənilmiş 900 manat çıxılmaqla, 8100 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddiaçı Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2758/2021 saylı iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış “Maddi təminatın ödənilməsinə dair” 21.11.2018-ci il tarixli müqavilə ləğv edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6921/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6921/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver