Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6925/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “müqavilə öhdəliyinin icra edilməməsinə görə cərimə ödənilməsi barədə” ilk iddiasına, Cavabdeh iddiaçı "xxxx" MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, əsassız borcun silinməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddiada tələb olunub ki, 02.02.2017-ci il tarixli müqavilə ilə müəyyən olunmuş pul öhdəliyi vaxtında yerinə yetirilmədiyinə görə 23.262 manat cərimə ödənilsin. Qarşılıqlı iddiada tələb olunub ki, mənzilin təhvil verilməsinin gecikdirilməsinə görə maddi zərərin əvəzi kimi 20.000 manat, mənəvi zərərin əvəzi kimi 10.000 manat ödənilsin, habelə 577,50 manat borc silinsin. Qətnamə ilə qət olunub ki, ilk iddia qismən təmin olunsun, 10.000 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, ilk iddianın qalan hissəsi və qarşılıqlı iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia rədd olunsun, qarşılıqlı iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun vəkili Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətininin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəmsəsi ilk iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib. Belə ki, 02.02.2017-ci ildə tərəflərin arasında müqavilə bağlanıb (iş v. 10). Həmin müqavilənin 1.1, 1.2, 1.3 və 1.4-cü bənlərində mənzil verilməsi və pul ödənilməsi barədə qarşılıqlı öhdəliklə müəyyən ediblər. Müqavilənin 1.3-ci bəndində əlavə sahəyə görə cavabdehin 63.000 manat pul ödəmək öhdəliyi müəyyən olunub. Müqavilənin 1.4-cü bənində isə pulun hissə-hissə ödənilməsi razılaşdırılıb. Həmin bənddə qeyd olunub ki, bu müqavilə imzalandığı tarixdən 6 ay sonra, yəni 2017-ci ilin iyul ayında cavabdeh iddiaçıya 5.000 manat, 2017-ci ilin avqust, sentyabr, oktyabr və noyabr aylarının hər birində 3.000 manat, cəmi 12.000 manat, 2017-ci ilin fevral ayında isə qalan 46.000 manatı tam olaraq ödəyir. Cavabdeh pul öhdəliyinin icrasını gecikdirib. İcranın gecikdirilməsi birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən olunub və lazımi qaydada əsaslandırılıb. Müqavilənin 1.5-ci bəndində qeyd olunub ki, ödəniş gecikdirildiyi halda gecikdirilən hər gün üçün ödənilməli olan məbləğin 0,1 faizi məbləğində cərimə ödənilməlidir. İddiaçı həmin bəndə istinad edərək 23.262 manat cərimə tələb edir. Birinci instansiya məhkəməsi cərimənin məbləğini tənsübsüz surətdə yüksək hesab edərək onu azladıb, 10.000 manat müəyyən edib. Bu nəticə Mülki Məcəllənin 425 və 462-ci maddələrinin göstərişlərinə uyğundur. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlib. Belə ki, cavabdehin hər hansı hüququnun, azadlığının və ya qanuni mənafeyinin iddiaçı tərəfindən pozulduğu müəyyən olunmur. Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrindən görünür ki, “zərər” və “mülki məsuliyyət” anlayışlarının əsasında şəxsin hüququnun, azadlığının və ya qanuni mənafeyinin pozulması dayanır. O cümlədən kommunal xidmətə görə 577,50 manat borcun silinməsi barədə tələb düzgün olaraq rədd olunub. Belə ki, cavabdehin vəkili və nümayəndəsi birinci instansiya məhkəməsində bildirib ki, kommunal ödənişlər ödənilib, bununla bağlı mübahisə yoxdur. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6925/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6925/2021
06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver