Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6926/2025 26.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə) Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), X1 Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2(001)-6997/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ:
1. İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsində İddiaçı Bakı şəhər 14 saylı notariat ofisində Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2(001)- 6997/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir.
4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hazırki iddia tələbində etibarsızlığını mübahisələndirdiyi kredit müqaviləsinə həm Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1210/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli qətnaməsində, həm də Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-1036/2025 saylı, xx.xx.2025- ci il tarixli qərarında hüquqi qiymət verilmiş və əqdin etibarsızlığına dəlalət edən hər hansı bir hal aşkar edilmədiyindən pul tələbinə dair iddianın təmin edilməsinə dair qətnamə qüvvədə saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
ŞİKAYƏTİN DƏLİLLƏRİ, ŞİKAYƏTƏ ETİRAZİN DƏLİLLƏRİ VƏ BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN ŞİKAYƏTƏ DAİR GƏLDİYİ NƏTİCƏ:
5. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6997/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməklə, iddia ərizəsinin icraata qəbul edilərək baxılmasını xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı mülki iş üzrə iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, Cavabdeh oğlu ilə əvvəllər heç bir tanışlığı olmayıb. Onunla arasında Bakı şəhər 14 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsi əslində formal xarakter daşımış və həmin müqavilə predmetinə heç bir aidiyyəti yoxdur. Həmin müqavilə digər şəxslər arasında olan borca görə bağlanmışdır. Yəni, müqavilənin tərəfləri əslində cavabdehin oğlu X6 oğlu (borc verən) və onun dayısı X4 (borc alan) olmalı idi. Belə ki, dayısı X7 oğlu 1988-ci ildən Rusiya Federasiyasında yaşayır və sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, 2(001)- 6997/2025 saylı qərardadı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6997/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi-vəkili X5 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ NORMALARİ və MƏHKƏMƏNİN MÖVQEYİ
8. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin -153.2-ci maddəsinə əsasən Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: -153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; - 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
9. Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər.
10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
11. Məlum olduğu kimi, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir.
12. İddianın əsasını isə irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir.
13. Yuxarıda sadalanları konkretləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, ayrıayrı iddia tələblərinin və ya əsasının fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli və əsaslı olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri, iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar baxımından kompleks şəkildə qiymət verilməlidir.
14. Belə ki, iş materiallarına əsasən Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 1210/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli qətnaməsində, həm də Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-1036/2025 saylı, xx.xx.2025- ci il tarixli qərarında hüquqi qiymət verilmiş və əqdin etibarsızlığına dəlalət edən hər hansı bir hal aşkar edilmədiyindən pul tələbinə dair iddianın təmin edilməsinə dair qətnamə qüvvədə saxlanılmışdır.
15. Göründüyü kimi iddiaçı qanuni qüvvəsini almış məhkəmə aktına əsasən öz həllini tapmış məsələni məhkəməyə yenidən müraciət etməklə mübahisələndirir. Halbuki mahiyyəti üzrə araşdırılmış və barəsində yekun məhkəmə aktı qəbul edilmiş halların, o cümlədən həmin hallara əsasən məhkəmənin gəldiyi nəticənin bu cür prosessual qaydada mübahisələndirilməsi yolverilməzdir, bu da həmin nəticənin qanuni və əsaslı olması prezumpsiyasından irəli gəlir.
16. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olduğundan birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2(001)- 6997/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: Günel Abbasova Hakimlər : Fuad Talışınski Məmməd Məmmədov