Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6927/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ("xxxx" KB ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı iş üzrə (Açar sözlər: “pul” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, e-2(005)- 264/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı və Cavabdeh xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olmuş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə boşanmışlar. xx.xx.2019-cu ildən nikah münasibətlərinə faktiki olaraq xitam verilmişdir. xx.xx.2010-cu ildə iddiaçı ilə "xxxx" KB ASC arasında kredit müqaviləsi bağlanmışdır. xx.xx.2010-cu il tarixdə bağlanmış alqı-satqı və ipoteka müqavilələrinə əsasən iddiaçı Nərimanov rayonu, Həsənoğlu küçəsi 14-də yerləşən və ümumi sahəsi 49,36 kvm olan 2 otaqlı 28 saylı mənzili əldə etmişdir. Mənzilin ümumi dəyərini təşkil edən 54500 manatın 18000 manatı alıcının özü tərəfindən ilkin ödəniş kimi ödənilmiş, qalan 36500 manatın isə bankdan götürülmüş kredit hesabına ödəniş cədvəli üzrə aybay ödənilməsi nəzərdə tutulmuşdur. Mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2010-cu ildə qeydiyyatdan keçmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh ("xxxx" KB ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən Banka ilkin ödəniş kimi ödənilmiş pul vəsaitinin 9000 (doqquz min) manat hissəsi, cədvəldən kənar ödənilmiş 3500 (üç min beş yüz) manat hissəsi, xx.xx.2019-cu ildən xx.xx.2030-cu il tarixədək ödənilən 15925 (on beş min doqquz yüz iyirmi beş) manat, ödənilmiş 176 manat dövlət rüsumunun, ümumilikdə isə 28601 (iyirmi səkkiz min altı yüz bir) manat məbləğində pul vəsaitinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehdən Banka ilkin ödəniş kimi ödənilmiş pul vəsaitinin 9000 (doqquz min) manat hissəsi, cədvəldən kənar ödənilmiş 3500 (üç min beş yüz) manat hissəsi, xx.xx.2010-cu il tarixdən xx.xx.2030-cu il tarixədək ödənilən və ödəniləcək 33157.83 (otuz üç min yüz əlli yeddi manat 83 qəp) manat məbləğində pul vəsaitinin, ödənilmiş 176 manat dövlət rüsumunun, ümumilikdə 45833.83 (qırx beş min səkkiz yüz otuz üç manat 83 qəp) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" Kommersiya Bankı ASC ilə İddiaçı və X2 arasında yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinin elementlərini özündə birləşdirən qarışıq, 06 iyul 2010-cu il tarixli, 27İKYi/10 nömrəli “Alqı-satqı və İpoteka” müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 30 iyun 2010-cu il tarixli, 11/15210 nömrəli arayışa əsasında 2 otaqlı, ümumi sahəsi 49,36 kv.m olan, ünvan 1 nömrəli binada yerləşən 28 nömrəli mənzili Alıcı-İpoteka qoyanın - İddiaçı mülkiyyətinə verir. Müqavilənin 1.4-cü bəndinə əsasən mənzilin satış qiyməti 54500 (əlli dörd min beş yüz) manatdır, mənzilin dəyərinin 18000 (on səkkiz min) Alıcı-İpoteka qoyanın özü tərəfindən, 36500 (otuz altı min beş yüz) manatı isə Kreditor-İpoteka saxlayan tərəfindən 05 iyul 2010-cu il tarixli, 27İKYi/10 nömrəli Kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Müqavilənin 1.6.2-ci bəndinə əsasən Kreditin qaytarılma tarixi - Kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin Alıcı- İpoteka qoyana faktiki təqdim edildiyi tarixindən 240 (iki yüz qırx) ay müddətinə 01 iyul 2030-cu il tarixədək müəyyən edilir. Müqavilənin 1.6.4-cü bəndinə əsasən kredit üzrə əsas borc və faizlər növbəti ayın 5-dək aylıq 305,30 (üç yüz beş manat, 30 qəpik) manat məbləğində bərabər hissələrlə ödənilir. Müqavilənin 2.4.1-ci bəndinə əsasən ipoteka predmetinin alınması üçün (ilkin ödəniş) 18000 (on səkkiz min) manat məbləğində vəsait xx.xx.2010-cu il tarixdə notariusun depozit hesabına mədaxil edilmişdir. Kreditin (cədvəldən kənar, vaxtından əvvəl) 7000 (yeddi min) manatı isə xx.xx.2012-ci il tarixdə iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2012-ci il tarixdən kredit ödənişi müqavilənin 1.6.4-cü bəndində qeyd edilən kimi deyil, hər ay üçün 245 (iki yüz qırx beş) manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-213/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Cavabdeh 25 sentyabr 2019-cu il tarixdən yaşadığı mənzili sərbəst şəkildə tərk etmişdir, yəni bu tarixdən birgə təssərrüfat aparmamışlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 109/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 28 nömrəli mənzilə Cavabdeh 2/1-hissədə payı müəyyən edilmiş və onun həmin paya mülkiyyət hüququ tanınmışdır. 2022-ci ildə ünvan 1 ünvanında yerləşən bina söküldüyü üçün, xx.xx.2022-ci il tarixli, 27İKYi/10-2 nömrəli İpoteka müqaviləsinə əsasən ipoteka predmeti X3 məxsus Bakı şəhəri, Gen., Şıxlinski küçəsində yerləşən 36 nömrəli evin 53 nömrəli mənzil ilə əvəz edilmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq 06 iyul 2010-cu il tarixli, 27İKYi/10 nömrəli “Alqı-satqı və İpoteka” müqaviləsinin 2.4.1-ci bəndinə əsasən ipoteka predmetinin alınması üçün, ilkin ödəniş kimi ödənilmiş 18000 (on səkkiz min) manat məbləğində pul vəsaitinin 9000 (doqquz min) manat hissəsi, xx.xx.2012-ci il tarixdə cədvəldən kənar ödənilmiş 7000 (yeddi min) manat məbləğində pul vəsaitinin 3500 (üç min beş yüz) manat hissəsi, xx.xx.2019-cu ildən xx.xx.2030-cu il tarixədək, 15925 (on beş min doqquz yüz iyirmi beş) manat, ümumilikdə isə 28425 (iyirmi səkkiz min dörd yüz iyirmi beş) manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, e- 2(005)-264/2023 nömrəli qətnaməsi ilə (hakim S.Ədilova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 10561,41 (on min beş yüz altmış bir manat, 41 qəpik) manat məbləğində pulun və 41 manat dövlət rüsumunun tutulması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə belə qənaətə gəlmişdir ki, mülki qanunvericiliyin normaları baxımından iddiaçı “ilkin ödəniş və cədvəldən kənar ödənilmiş pul vəsaitlərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə tələb irəli sürməkdə haqlı olmamışdır. Həmin hissədə tələblərə qanuni qüvvəsini almış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-109/2021 nömrəli qətnaməsi ilə hüquqi qiymət verilmiş, mübahisəli mənzilin tərəflərin birgə nikah dövründə ümumi vəsaitləri hesabına əldə etmələri öz təsdiqini tapmışdır. Belə olan halda iddiaçının təkrarən həmin vəsaitlərlə bağlı mübahisə etməsinin heç bir hüquqi əsası olmamışdır. Bununla yanaşı məhkəmə iddiaçının “xx.xx.2010-cu il tarixdən xx.xx.2030-cu il tarixədək ödənilən və ödəniləcək 33157.83 (otuz üç min yüz əlli yeddi manat 83 qəp) manat pul vəsaitinin ödənilməsi” tələbinə münasibətdə yuxarıda qeyd olunanlara istinad edərək belə qənaətə gəlmişdir ki, iddiaçı müvafiq ipoteka müqaviləsi üzrə pul vəsaitini xx.xx.2010-cu il tarixdən başlayaraq tələb etməsi əsaslı hesab edilə bilməz. Çünki iddiaçının hazırda iddia tələbi sadəcə xx.xx.2019-cu il tarixindən sonrakı müddətlə əhatə olunmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2023-cü il tarixli, 9/1126 nömrəli ekspert rəyi ilə "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 27İKYİ/10-2 nömrəli ipoteka müqaviləsi üzrə İddiaçı xx.xx.2019-cu il tarixə əsas borc üzrə 21043,32 manat, faiz borcu üzrə 79,50 manat olduğu müəyyən edilmişdir. Eyni zamanda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-109/2021 nömrəli qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən 28 nömrəli mənzilə İddiaçı ½ hissədə payı, Cavabdeh isə ½ hissədə payı müəyyən edildiyindən, iddiaçının “ipoteka müqaviləsi üzrə 33157.83 manat pul vəsaitinin ödənilməsi” tələbi xx.xx.2019-cu il tarixə olan ümumi borc məbləğinin, yəni 21122,82 manat pulun ½ hissədə tutulması hissəsində əsaslıdır və 10561,41 manat (21122,82 : 2) pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 36 və 37-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin isə rədd olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bir sıra pozuntulara və yanlışlıqlara yol vermişdir. Nəticədə cavabdehin hüquqları pozulumuşdur. Məhkəmə öz qətnaməsində ipoteka predmeti olan mənzilin iddiaçının anasının mülkiyyətində olan Bakı şəhəri, Gen.,Şıxlinski küçəsində yerləşən 36 nömrəli evin 53 nömrəli mənzili ilə əvəz edilməsi, yeni müqavilənin şərtləri, ödəniləcək kreditin şərtlərinin dəyişib-dəyişilməməsi ilə bağlı heç bir araşdırma aparmamışdır. Çünki qətnamədən hal-hazırda kreditin ödənişinin kimin tərəfindən aparılması, iddiaçının cavabdehə qarşı 01 sentyabr 2019-cu ildən 01 iyul 2030-cu ilədək kredit müqaviləsinin şərtlərinə uyğun olaraq hissə-hissə ödənilməsi nəzərdə tutulan kredit borcu məbləğinin iddiaçı tərəfindən cavabdehdən birdəfəyə tutulması barədə iddia tələbi irəli sürməyə subyektiv hüququnun olub-olmaması müəyyən olunmur. Cavabdeh birinci instansiya məhkəməsinin ondan iddiaçının xeyrinə tutulmalı olan kredit borcu məbləğinin 01 sentyabr 2019-cu il tarixdən hesablamasını düzgün hesab etmir. Belə ki, bu məbləğ 01 iyun 2020-ci il tarixdən (iddiaçı ilə aralarında olan nigahın pozulması barədə Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin çıxarılma tarixindən) 01 iyul 2030-cu il tarixədək olan dövr ərzində ödənilməli olan kredit borcu məbləğini əhatə etməli idi. Həmçinin cavabdeh 25 sentyabr 2019-cu il tarixdə yaşadığı evi tərk etsə də, iddiaçı ilə müəyyən münasibətləri mövcud idi və tam olaraq 01 iyun 2020-ci il tarixdən sonra həmin münasibətlərə son qoyulmuşdur. Birinci instansiya məhkəməsinin 10561,41 manat pulun birdəfəyə ondan iddiaçının nəfinə tutulması ilə bağlı qənaətini düzgün hesab etmir. Belə ki, iddiaçı krediti üzrə borc tam şəkildə bağlandıqdan sonra ödədiyi məbləğin cavabdehə düşən hissəsinin birdəfəlik ödənilməsini tələb edə bilərdi. İddiaçı isə məhkəməyə kreditin tam ödənilməsi ilə bağlı hər hansı sənəd təqdim etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi.
12. İddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
14. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, İddiaçı kredit müqaviləsi üzrə apardığı ödənişləri özündə əks etdirən hesabdan çıxarışı elektron kabinet vasitəsilə məhkəməyə göndərmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
15. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Azərbaycan Respublikası Ailə Məcəlləsi:
16. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
17. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə:
18. 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);
19. 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddia tələbinin qismən təmin edilmiş hissəsində mübahisələndirildiyindən, iddiaçı isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı iddia tələbinin təmin olunan hissəsi üzrə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni həll edərkən işin hallarını düzgün müəyyən etsə də, həmin hallar üzrə düzgün nəticəyə gəlməmiş və bununla da maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
26. Belə ki, Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
27. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına əsasən, ər-arvadın ümumi mülkiyyətinə ər-arvadın nikah dövründə əldə etdiyi gəlirlər, qazanc, pensiya və müavinət, paylar, əmanətlər, ümumi gəlirlər hesabına əldə edilən daşınar və daşınmaz əmlak, yəni faktiki qazanılmış gəlirlər və əmlaklar daxildir. Həmin maddədə ər-arvadın ümumi birgə mülkiyyətinə bankdan alınan kreditin daxil olduğu müəyyən edilməmişdir. Bankdan alınan kredit ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olmadığından, həmin borc ər-arvadın birbirinə qarşı ümumi əmlakın bölünməsi tələbi üzrə ümumi əmlak kimi bölünə bilməz.
28. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.
29. Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarı).
30. Adı çəkilən normaların mənasından göründüyü kimi, tərəflərin vaxtı ilə rəsmi nikahda olduqları dövrdə iddiaçının ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə, yəni cavabdehlə birgə yaşamaq üçün mənzilin alınması məqsədilə üzərinə götürdüyü öhdəliklər iddiaçı ilə yanaşı cavabdeh üçün də vəzifələr yaradır. Bu isə işin mübahisəsiz halıdır və iş materialları ilə sübut olunur.
31. Yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında nikah münasibətinə faktiki olaraq 2019-cu ilin sentyabr ayında xitam verilmişdir və birinci instansiya məhkəməsi bunu, eləcə də ekspert rəyini əsas götürərək məhz həmin tarixə olan qalıq borc məbləğini müəyyən etməklə sonrakı dövrdə ödənilmiş və ödəniləcək qalıq borc məbləğinin yarısının cavabdehdən tutulmalı olduğu qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi 2019-cu ilin sentyabr ayınadək olan dövrdə, yəni birgə nikah müddətində ödənilmiş məbləğin yarısının tutulması hissəsində iddianı əsassız sayıb təmin etməmiş və iddiaçı da bununla razılaşaraq qətnaməni həmin hissədə mübaisələndirməmişdir. Ona görə də qətnamənin həmin hissəsi hazırkı apellyasiya baxışının predmetini təşkil etmir. Hazırkı apellyasiya baxışının predmetini qətnamənin cavabdeh tərəfindən mübahisələndirilən qalan hissəsi, yəni iddianın təmin olunan hissəsi təşkil edir. Cavabdehin fikrincə, hələ ödənilməmiş, gələcəkdə aybaay ödənilməli olan vəsaitin yarısının əvvəlcədən birdəfəlik olaraq ondan tutulması qanunsuzdur.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının gələcəkdə ödəməli olduğu məbləğlərin ½ hissəsini əvvəlcədən birdəfəlik olaraq cavabdehdən tutmaqla iş üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi yalnız icra edilmiş öhdəlikdən paya uyğun hissəni cavabdehdən tuta bilərdi.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi müqavilə müddətinin sonuna, yəni xx.xx.2030-cu ilədək olan dövrə görə icra edilmiş və edilməmiş öhdəliklərlə bağlı olduğundan iddia tələbi qismən – tərəflərin nikah münasibətinə faktiki xitam verildiyi 2019-cu ilin sentyabr ayından hazırkı iş üzrə qətnamə çıxarılan tarixədək ödənilmiş borc məbləğinin yarısının cavabdehə aid edilməsi və ondan tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır. Məhkəmə kollegiyası bunu iddia tələbindən kənara çıxma kimi qiymətləndirmir.
34. Bank qarşısında icra edilməmiş öhdəliklərə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin öhdəliklərdə tərəflərin payları bərabər sayılmalıdır. Bu, öhdəliyi icra edən kredit müqaviləsi üzrə borclunun həmin məbləği gələcəkdə ümumi əmlakın digər mülkiyyətçisindən tələb etmək hüququnun yaranması üçün əsasdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmləşdirilməsindən asılı olmayaraq onlar üçün ümumi öhdəliklər yaradan əqdlər əsasında əldə edilmiş vəsaitlər hesabına, o cümlədən, birgə nikah dövründə ərin və ya arvadına adına bağlanmış ipoteka krediti müqaviləsi əsasında əldə olunmuş daşınar və daşınmaz əşyalar ər-arvadın ümumi əmlakını təşkil edir və ər-arvadın əmlakının qanuni rejiminə uyğun olaraq onlar arasında bölünür. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən həmin müqavilə icra edildikdən sonra ər-arvadın ümumi ehtiyacları üçün alınmış pul vəsaiti ər-arvadın ümumi əmlakının aktiv qisminə çevrilmiş olur. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən isə kredit müqaviləsi üzrə öhdəliklər də həmin vəsait hesabına əldə olunmuş əşyadakı paylara uyğun olaraq əmlakın passiv qismi kimi tərəflərə aid edilir.
36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor qarşısında icra edilməmiş öhdəliyinin qarşı tərəfdən alınaraq ona verilməsi üçün qanuni əsas və müqavilə əsası olmadığından, bu cür iddiaların təmin edilməsi son nəticədə Mülki Məcəllənin 1091-ci maddəsinə müvafiq olaraq əsassız varlanma halına səbəb ola bilər. Lakin mübahisə artıq məhkəmənin icraatında olarkən kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə, ödənilmiş məbləğin ümumi əşyada müəyyən edilmiş paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq qarşı tərəfə ödənilməsini qət edə bilər.
37. Məhkəmə kollegiyası işin müəyyən edilən faktiki hallarını və sadalanan qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, məhkəmənin mübahisələndirilən hissədə gəldiyi nəticə işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə iddianın təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunmalıdır (MPM-nin 385.1.1, 385.1.4-cü maddələri).
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində, yəni Cavabdeh İddiaçı xeyrinə 10561,41 manat pulun tutulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunsun. "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 27İKYi/10 nömrəli kredit müqaviləsi üzrə tərəflərin nikah münasibətlərinə faktiki olaraq xitam verdikləri 2019-cu ilin sentyabr ayından hazırkı iş üzrə qətnamə çıxarılan tarixədək, yəni xx.xx.2023-cü ilədək icra edilmiş öhdəliklər üzrə ödənilmiş 12740 manat kredit borcunun yarısı, yəni 6370 (altı min üç yüz yetmiş) manat Cavabdeh alınıb İddiaçı ödənilsin. "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 27İKYi/10 nömrəli kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliklərdə tərəflərin payları bərabər hesab edilsin. İddia tələbi apellyasiya baxışının predmeti olan qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.