Məhkəmə qərarları › İş №2(103)-6927/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6927/2025

27.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6927/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 9 saylı Notariat Ofisinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi, şəhadətnamə əsasında aparılmış qeydiyyatların ləğv edilməsi, mirasda payın müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, X5 Əziz qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3271/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 27 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı Eldəniz Lazimov və Nümayəndə birgə nikahından doğulmuşdur. İddiaçının atası X3 və X4 (hazırkı iş üzrə cavabdeh) arasında xx.xx.1989-cu il tarixdə nikah bağlanmış, bu nikahdan iki uşaq (digər cavabdehlər) - Cavabdeh2, Cavabdeh3 anadan olmuşdur. İddiaçının babası Məmməd Lazimov xx.xx.2004-cü il tarixdə, atası Eldəniz Lazimov isə xx.xx.2006-cı ildə vəfat etmişdir. Eldəniz Lazimov atası Məmməd Lazimovdan miras qalmış əmlakı qanun üzrə vərəsəlik hüququ əsasında rəsmi qəbul etmədiyi üçün Məmməd Lazimovdan miras qalmış əmlak irsi transmissiya qaydasında Eldəniz Lazimovun arvadı – Cavabdeh1, övladları - Cavabdeh2 və Cavabdeh3 keçmişdir. xx.xx.2004-cü il tarixdə vəfat etmiş Məmməd Lazimovun adına açılmış vərəsəlik işi açılmış, sonuncunun miras əmlakı qəbul etmiş vərəsələrinə xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmidir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vərəsələrin hər birinin miras əmlakdan 1/3 payda irs almalı olduqları və şəhadətnamə verilən miras əmlakın X2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Balahüseyn Mirqəzəb oğlu küçəsi, ev 14a (Yeni qaydalarla: AZ 1050, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47.50 m2 olan fərdi yaşayış evindən ibarət olması əks olunmuşdur.

2. Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmiş qərardan görünür ki, miras qoyan – xx.xx.2004-cü il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbulu ilə bağlı qanunla müəyyənləşdirilmiş müddət buraxıldığı üçün notariat hərəkətinin aparılmasının qanunvericiliyin tələblərinə zidd olduğu qeyd edilmiş və notariat hərəkətinin aparılmasından imtina edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 9 saylı Notariat Ofisinə (bundan sonra – cavabdeh) qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, reyestrdə 2V-476 nömrə ilə qeydiyyata alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, M.Balahüseyn küçəsi, ev 14A (Yeni qaydalarla: AZ1050 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində payının ¼ hissədə hesab edilməsi, cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinin üzərinə fərdi yaşayış evi üzərində payının ¼ hissədə hesab edilməsi haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin qoyulması, daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi ilə bağlı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, reyestrdə 2V-476 nömrə ilə qeydiyyata alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında aparılmış mülkiyyət hüququ haqqında qeydiyyatın və sonrakı qeydiyyatların ləğv edilməsi və verilmiş çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o da atasının birinci dərəcəli varisi olmasına baxmayaraq, cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən onun miras əmlakda payının olması barədə şəhadətnamə verilməsindən imtina edilmişdir. Hesab edir ki, Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə onun miras əmlakdan pay almaq hüququ pozulmuşdur. Cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisi miras əmlak üzrə vərəsələrin dairəsini müəyyən etməli olduğu və onun miras əmlakda payını açıq saxlamalı olduğu halda bunu etməmiş, bununla da qanunvericiliyin tələblərini pozmuşdur.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3271/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim F.Rzayeva) iddia təmin edilməmişdir.

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının atasından irsi transmissiya qaydasında miras qalan əmlakda (fərdi yaşayış evində) yaşamamış, həmin əmlaka faktiki sahiblik etməyə və əmlakı faktiki idarə etməyə başlamamış, eləcə də miras əmlakın qəbulu ilə bağlı notariat ofisinə yazılı ərizə ilə müraciət etməmiş, miras əmlakı qanunla müəyyən edilmiş müddətdə qəbul etməmişdir. Bu da onun mirasdan pay almaq hüququnun itirilməsinə səbəb olur və iddia tələbinin rədd olunması üçün müstəqil əsasdır. İddiaçının mirası qəbul etməsi müəyyən olunmadığına görə, onun iddia ərizəsində irəli sürdüyü digər tələblər üzrə araşdırma aparılmasına zərurət qalmır. Çünki həmin tələblər, iddiaçının mirası qəbul etməsindən irəli gələn hüquqlara bağlıdır. Cavabdehlərin uzun müddətdən sonra miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri əldə etmələri ilə bağlı iddiaçının dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş üzrə cavabdehlərin miras əmlakı qeyri-formal üsulla qəbul etmələri, yəni miras əmlaka sahiblik etməyə və mirası idarə etməyə faktiki başlamaları işin mübahisə edilməyən halıdır. Artıq yuxarıda da qeyd edildiyi kimi, mirasın qeyri-formal üsulla da qəbulu mümkündür və bu üsul birbaşa qanunvericilik qaydasında təsbit edilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi isə qəbul edilmiş mirasın rəsmiləşdirilməsi proseduru ilə bağlı notariat hərəkətini özündə ehtiva edir. Yəni, iş üzrə cavabdehlərin vərəsəlik hüquqları məhz qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında yaranmamışdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə (əvvəlki redaksiyada), hazırda qüvvədə olan 1133, 1262, 1263, 1273-1-ci maddələrinə, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarına, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı Fuad Lazımov apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, notarius vərəsəlik hüququ haqqında şəhadətnamə verən zaman mərhumun vərəsələrinin dairəsini dəqiq müəyyən etməli idi, lakin vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair notariat işi materiallarından görünür ki, notarius vərəsələrin dairəsini dəqiq müəyyən etməmişdir. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir.Lakin qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilən zaman iddiaçı nəzərə alınmamışdır. Halbuki, o, digər bacı-qardaşları ilə birlikdə bərabər pay hüquqlu vərəsə sayılır. İddiaçı həmçinin miras əmlakı faktiki qəbul etmişdir, belə ki, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün nümayəndəsi vasitəsilə notariusa müraciət etsə də, notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Cavabdehlərin miras əmlakla bağlı müraciət etməsindən sonra notarius tərəfindən iddiaçıya məlumat verilərək dəvət edilməli olduğu halda bu edilməmişdir, iddiaçı eyni zamanda cavabdehlərin miras əmlakla bağlı müraciət etmələri barədə məlumatlı olmamış, ona bu barədə heç kim bildirməmişdir. Odur ki, məhkəmənin iddiaçının da cavabdehlərlə eyni vaxtda notariusa müraciət etməsi barədə dəlilinin hüquqi əsası yoxdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi haqqında işə baxan məhkəməyə bildirməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Maddə 1263. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263cü maddələri tətbiq edilir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

17. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.

18. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mirasın iddiaçı tərəfindən nə faktiki, nə də rəsmi (formal) qəbul edilmədiyi qənətinə gəlmişdir. İddiaçı mirası faktiki qəbul etdiyini bildirsə də, bu halı sübuta yetirə bilməmişdir. Belə ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (“G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarı).

19. İddiaçı isə mirası faktiki qəbul etdiyini iddia etsə də, onun iddiaçının hansı hərəkətində ifadə olunmasına dair heç bir sübut təqdim etməmiş, iş materialları ilə isə bu dəlil öz təsdiqi tapmamışdır.

20. İddiaçının digər dəlili açılmış miras haqqında notariusun ona xəbər verməməsi ilə bağlıdır. Kollegiya bununla bağlı qeyd edir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə bildiriş göndərir (maddə 55). İş materiallarından notariusun iddiaçı barədə hər hansı məlumatı olması görünmür. Həm də bu o halda əhəmiyyət kəsb edərdi ki, iddiaçı mirası faktiki qəbul etməsinə dair məhkəməyə hər hansı sübut təqdim etmiş olsun.

21. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin ləğvi və yaxud dəyişdirilməsi üçün əsas vermir.

22. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar