Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6931/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs (bundan sonra üçüncü şəxs) X2 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(011)-388/2023 saylı qətnaməsindən üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ona məxsus qeyri-yaşayış sahələrinin önündə inşası aparılan tikilinin onun mülkiyyət hüquqlarına maneələr yaratdığına istinad edərək, tikilinin sökülməsini və cavabdehin oradan çıxalmasını, həmin ərazinin boşaldılaraq, əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayonu, 2951-ci məhəllə, Qədir Məmmədov küçəsi, 2B saylı binanın 1-ci mərtəbəsində iddiaçıya məxsus olan sahəsi 30 kv.m. olan qeyri-yaşayış sahəsinin qarşısında qanunsuz tikilinin Cavabdeh1 MTK tərəfindən öz hesabına sökülməsi, onun və oradakı şəxslərin həmin tikilidən çıxarılması, həmin ərazinin boşaldılması və əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin xx.xx.2020-ci il tarixli 89 saylı maliyyə arayışına və xx.xx.2020-ci il tarixli protokoluna əsasən, Bakı şəhəri Xətai rayonu, 2951-ci məhəllə, Qədir Məmmədov küçəsi, 2B saylı binanın 1-ci mərtəbəsində sahəsi 30 kv.m. olan qeyri-yaşayış sahəsinin dəyəri tam olaraq İddiaçı tərəfindən ödənilmişdir və iddiaçıya məxsusdur. Lakin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qarşısında Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən dövlət mülkiyyətində təxminən 200 kv.m torpaq sahəsini özbaşına zəbt edərək heç bir hüquqi sənədləri olmadan uzunluğu təxminən 50 metr, eni 4 metr ölçüdə tikinti aparılır. 4.Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhəri Xətai rayonu, 2951-ci məhəllə, Qədir Məmmədov küçəsi, 2B saylı binanın 1-ci mərtəbəsində iddiaçıya məxsus olan sahələri 30 kv.m. və 145 kv.m.olan qeyri-yaşayış sahələrinin qarşısında qanunsuz tikilinin Cavabdeh1 MTK tərəfindən öz hesabına sökülməsi, onun və oradakı şəxslərin həmin tikilidən çıxarılması, həmin ərazinin boşaldılması və əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 22 avqust 2023-cü il tarixli, 2(011)-388/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Aygün Həsənova) ilə iddia tələbi təmin edilməmiş, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Məhkəmə işin faktiki halları ilə bağlıaşağıdakıları qeyd etmişdir: 6.İddiaçı ona məxsus qeyri-yaşayış sahələrinin önündə inşası aparılan tikilinin onun mülkiyyət hüquqlarına maneələr yaratdığına istinad edərək tikilinin sökülməsini və cavabdehin oradan çıxalması ilə bağlı məhkəməyə müraciət etmişdir. 7.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi ərazidə əvvəllər mağaza fəaliyyət göstərmişdir. İstinad olunan mağaza 17 yanvar 2009-cu il tarixli barter müqaviləsi əsasında Cavabdeh1 MTK-ya keçmişdir. Daha sonra mağaza "xxxx" ASC-yə aid boru xəttinə maneə yaratdığı üçün sökülmüşdür. Hazırkı mərhələdə "xxxx" ASC özünəməxsus xətti başqa səmtə yönəltdiyi üçün cavabdeh mağazanın əvvəlki sərhədlərdə bərpa etmək qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən keçirilən yerli baxış zamanı istinad olunan ünvanda cavabdeh tərəfindən tikintisi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin bünövrəsinin qoyulması aşkar olunmuşdur. 8.Məhkəmə işin hallarının araşdırılması məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli rəydən görünür ki, Bakı şəhəri Xətai rayonu, 2951-ci məhəllə, Qədir Məmmədov küçəsi, 2B saylı binanın yanında cavabdehlərin həyata keçirdiyi tikinti iş materiallarında olan Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin cizgisində mağaza binası kimi göstərilən koordinatlar daxilində yerləşir. Cavabdehlərin həyata keçirdiyi tikintiyə dair layihə sənədləri təqdim edilmədiyindən və eləcə də hal-hazırda inşa olunmadığından, həmin inşa olunmalı tikilinin tikinti norma və qaydalarına, Azərbaycan Repsublikası Şəhərsalma və Tikinti Məcəlləsinə, o cümlədən ara məsafəsi ilə bağlı normaların tələblərinə uyğun inşa olunub-olunmamasına dair tədqiqat aparılmamışdır. Cavabdehlərin həyata keçirdiyi tikinti iddiaçının mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, 2951-ci məhəllə, Qədir Məmmədov küçəsi, 2B saylı binanın 1-ci mərtəbəsində iddiaçıya məxsus olan sahələri 30 kv.metr və 145 kv.metr olan qeyri-yaşayış sahələrinin sahibliyinə və istifadəsinə maneələr, o cümlədən əmlakın işıqlanmasına maneələr yaratmadığı müəyyən olunmuşdur. 9.Məhkəmə ilk öncə qeyd etmişdir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddiairəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. 10.Sözügedən subyektiv hüququn mövcud olub-olmamasını araşdıran zaman ilk öncə, iddiaçının öz iddia ərizəsində qeyd etdiyi cavabdeh tərəfindən hər-hansı tikintinin aparılıb-aparılmaması, aparıldığı təqdirdə bu tikintinin aparılması iddiaçının hansı dərəcədə hüququnu pozub-pozmadığı halları müəyyən edilməlidir. Yuxarıda istinad edilən kimi məhkəmə tərəfindən həyata keçirilən yerli baxış zamanı və 25 iyun 2023-cü il tarixli rəylə müəyyən olunmuşdur ki, qeyd olunan ünvanda tikintisi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin yalnız bünövrəsi mövcuddur. 11.İddiaçı hazırkı mərhələdə yalnız bünövrəsi mövcud olan tikilinin özünün hansı dərəcədə hüququnun pozduğunu əsaslandıra bilməmiş və ehtimallara əsaslanaraq iddia irəli sürməklə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli rəyə əsasən cavabdehlərin həyata keçirdiyi tikinti iddiaçının mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, 2951ci məhəllə, Qədir Məmmədov küçəsi, 2B saylı binanın 1-ci mərtəbəsində iddiaçıya məxsus olan sahələri 30 kv.metr və 145 kv.metr olan qeyriyaşayış sahələrinin sahibliyinə və istifadəsinə maneələr, o cümlədən əmlakın işıqlanmasına maneələr yaratmadığı müəyyən olunmuşdur. 12.İddiaçı tərəfin cavabdehin mağazanın tikilməsi ilə bağlı hər hansı qanuni əsasının olmamasına istinad etməsi də məhkəmə tərəfindən belə qiymətləndirilmişdir ki, hər hansı vətəndaşın dövlət orqanları tərəfindən verilmiş lazımi icazələr olmadan tikinti işləri aparmasına elə həmin orqanların özləri tərəfindən nəzarət edilir və tikintinin həqiqətən də qanunsuz olaraq inşa edilməsi aşkarlandıqda həmin orqanlar məhkəməyə müraciət etməklə tikilinin sökülməsi ilə bağlı iddia qaldırır. 13.Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, iddiaçının istinad etdiyi tikintisi nəzərdə tutulan sahənin onun hansı hüquq və mənafelərinə toxunması aşkar olunmadığından iddia təmin edilə bilməz. 14.Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat iddiaçıdan alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. 15.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə; Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1, 119.1, 217.4, 88 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 16.Üçüncü şəxs X5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, 2951-ci məhəllə, Qədir Məmmədov küçəsi, 2B saylı binanın 1-ci mərtəbəsində sahələri 108.4 kv.m. və 12.5 kv.m olan qeyri-yaşayış sahələri X4 məxsusdur. Cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 oğlu tərəfindən dövlət mülkiyyətində olan təxminən 200 kv.m torpaq sahəsini özbaşina zəbt edərək heç bir hüquqi sənədləri olmadan uzunlugu təxminən 50 (əlli) metr, eni təxminən 4 (dröd) metr ölçüdə apardıqları tikinti X6 oğluna məxsus olan Bakı şəhəri, Xətai rayonu, 2951-ci məhəllə, Qədir Məmmədov küçəsi, 2B saylı binanın 1-ci mərtəbəsində sahələri 108.4 kv.m. və 12.5 kv.m olan qeyri-yaşayış sahələrinin bilavasitə qarşısında aparılır. Bu qanunsuz tikili X6 oğluna məxsus olan Bakı şəhəri, Xətai rayonu, 2951-ci məhəllə, Qədir Məmmədov küçəsi, 2B saylı binanın 1-ci mərtəbəsində sahələri 108.4 kv.m. və 12.5 kv.m olan qeyri-yaşayış sahələrinin bilavasitə qarşısında olduğu üçün həmin sahələrin səmərəli istifadəsinə, giriş-çıxışına, normal havalanmasına, işıqlanmasına maneələr yaradır. Bundan başqa, işə Xətai rayon məhkəməsində baxılarkən cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 oğlu apardıqları qanunsuz tikintinin X6 oğlunun da maraqlarına toxunduğu barədə ərizə verilmiş, lakin X6 oğlunun maraqlarına toxunan üçüncü şəxs kimi işə cəlb edilməmişdir. İş materiallarında cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 oğlu tərəfindən Bakı şəhəri Xətai rayonu, 2951-ci məhəllə, Qədir Məmmədov küçəsi, 2B saylı binanın 1-ci mərtəbəsinin qarşısında aparılmış tikiliyə dair müvafiq dövlət orqanlarının heç bir razılıq və ya məlumatlandırma sənədi yoxdur. Bu isə həmin tikintinin qanunsuz olduğunu sübut edir. Xətai Rayon Məhkəməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69, 70ci maddələrini pozmuşdur. Cavabdehlər mübahisəli tikilini inşa edərkən, şərh edilən qanun normalarının tələblərinə riayət etməmişlər. Cavabdehləri apardığı qanunsuz tikili X6 oğluna məxsus olan Bakı şəhəri, Xətai rayonu, 2951-ci məhəllə, Qədir Məmmədov küçəsi, 2B saylı binanın 1-ci mərtəbəsində sahələri 108.4 kv.m. və 12.5 kv.m olan qeyri-yaşayış sahələrinin yanğın təhlükəsizliyinə, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsinə maneələr yaradır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 19.Məhkəmə kollegiyasını iclasında üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında ona verilən suallara cavab olaraq qeyd etdi ki, hazırki mülki iş üzrə onun iddia tələbi yoxdur. 20.Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 21.Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 22.İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 23.Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 24.Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 25.Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 26.Maddələr 180.4.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 27.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 28.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 29.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 30.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 32.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin üçüncü şəxsin dəlillərinə münasibətdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 33.Məhkəmə kollegiyası cavabdeh tərəfi və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə üçüncü şəxsin dəlillərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. 34.Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi ərazidə əvvəllər mağaza fəaliyyət göstərmişdir. İstinad olunan mağaza 17 yanvar 2009-cu il tarixli barter müqaviləsi əsasında Cavabdeh1 MTK-ya keçmişdir. Daha sonra mağaza "xxxx" ASC-yə aid boru xəttinə maneə yaratdığı üçün sökülmüşdür. Hazırkı mərhələdə Azərsu” ASC özünə məxsus xətti başqa səmtə yönəltdiyi üçün cavabdeh mağazanın əvvəlki sərhədlərdə bərpa etmək qənaətinə gəlmişdir. 35.Həmçinin məhkəmə tərəfindən keçirilən yerli baxış zamanı istinad olunan ünvanda cavabdeh tərəfindən tikintisi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin bünövrəsinin qoyulması aşkar olunmuşdur. 36.Məhkəmə iş materiallarına, həmçinin ekspert rəyinə qiymət verərək hesab etmişdir ki, iddiaçının istinad etdiyi tikintisi nəzərdə tutulan sahənin onun hansı hüquq və mənafelərinə toxunması aşkar olunmadığından iddia təmin edilə bilməz. 37.Göründüyü kimi, məhkəmə iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir. Hazırki qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. 38.Hazırda üçüncü şəxs özünə məxsus tikiliyə münasibətdə qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. 39.Kollegiya bununla bağlı qeyd edir ki, üçüncü şəxsin hazırki iş üzrə iddiası olmadığından, onun apellyasiya şikayətinin dəlillərinə münasibətdə subyektiv hüququ yaranmadığından, apellyasiya şikayəti təmin edilə bilməz. 40.Kollegiya həmçinin üçüncü şəxsə izah edir ki, o, gələcəkdə məhkəməyə idda tələbi ilə müraciət etdiyi halda, onun tələbinə məhkəmə tərəfindən qiymət veriləcəkdir. 41.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 42.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 43.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(011)-6931/2023 saylı qətnaməsi üçüncü şəxsin dəlillərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdiyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-6931/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6931/2023
06.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver