Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6932/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1 nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-710/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi» tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, 8 mikrorayon, Şövkət Məmmədova küçəsi, 5 saylı binanın qarşısında inşa edilən binanın Vİ sağ mərtəbəsində ümumi sahəsi 130 kv.m olan sahənin - mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 MMC ilə aralarında bağlanmış xx xxxxx 2009-cu il tarixli müqavilə üzrə Cavabdeh2 MMC Bakı şəhəri, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi, 5 saylı binanın qarşısında inşa edilən binanın Vİ sağ mərtəbəsində ümumi sahəsi 130 kv.m olan sahənin tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti olan obyektin ona verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə o, sahənin dəyəri bir kv.metr üçün 700 manat olmaqla 91000 manat pulu tam ödəmişdir. Müqavilə üzrə tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti olan obyekt Cavabdeh2 MMC tərəfindən ona təhvil verilməli idi. Lakin sonradan ona məlum olmuşdur ki, həmin sahə eyni zamanda xx xxxxxxx 2009-cu il tarixli müqavilə üzrə Cavabdeh1 da satılmış və hazırda həmin obyektdən cavabdeh istifadə edir. Dəfərlərlə cavabdehdən ona məxsus sahənin boşaldılmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Onunla Cavabdeh2 MMC arasında bağlanmış müqavilə qüvvədə olduğu halda, eyni zamanda Cavabdeh2 MMC ilə qanunsuz olaraq Cavabdeh1 arasında yeni müqavilə bağlanmışdır. Həmin sahə üzrə ilkin müqavilə onunla bağlanmış və onun tərəfindən müqavilə üzrə ödəniş tam həyata keçirilmişdir. Lakin buna baxmayaraq, sonradan həmin sahəyə dair eyni şərtlərlə Cavabdeh1 ilə müqavilə bağlanmışdır. Mübahisəli sahəyə dair ilkin müqavilə onunla bağlandığından sonradan bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)- 710/2020 saylı qətnaməsi ilə (hakim Fuad Abdıyev) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək,şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək,birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş,əlavə olaraq göstərmişdir ki,mübahisəli mənzil qanuni əsaslarda cavabdehə məxsusdur,sonuncu uzun müddətdir ki,mənzilini təmir edərək orada yaşayır.İddiaçı ilə bağlımış müqavilə isə formal olmaqla,əhəmiyyətsizdir.İddiaçı ümumiyyətlə mənzilin harada yerləşməsini belə bilmir,iddiaçını binada heç kim tanımır. Həmçinin qeyd edir ki, Cavabdeh2 MMC-nin təsisçisi və direktoru X6 Azərbaycan Resrublikası CM-nin 178.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsi ilə bağlı cinayət işinin istintaqı zamanı kimlərin binadan mənzil alması dəqiqləşdirilmiş, bununla bağlı müvafiq cədvəllər tərtib edilmişdir.İstintaq materiallarında iddiaçının adı, onun binada mənzilə sahib olması və s.kimi hallar müəyyən olunmamış,əksinə hüquqlarını təmsil etdiyi cavabdehin müqaviləsinə uyğun binanın Vİ mərtəbəsində müvafiq mənzillərə sahib olması cədvəllərdə də öz əksini tapmışdır.O,vəkil sorğusu verərək həmin sənədləri əldə etmişdir. Bununla yanaşı, işdə mənzilin təhvil verilməsi ilə bağlı iddiaçının xeyrinə olan məhkəmə qərarı da mövcuddur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş,lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib,iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış 09aprel 2009-cu il tarixli müqavilənin və eyni tarixli arayışın surətindən görünür ki,Cavabdeh2 MMC Bakı şəhəri, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi, 5 saylı binanın qarşısında inşa edilən binanın Vİ sağ mərtəbəsində ümumi sahəsi 130 kv.m olan sahənin tikinti işləri başa çatdıqdan sonra İddiaçı verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə sahənin dəyəri bir kv.metr üçün 700 manat olmaqla 91000 manat müəyyən olunmuş və həmin pul vəsaiti ödənilmişdir. İşdə olan Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 08oktyabr 2009-cu il tarixli müqavilənin və eyni tarixli arayışın surətindən görünür ki,Cavabdeh2 MMC Bakı şəhəri, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi, 5 saylı binanın qarşısında inşa edilən binanın Vİ sağ mərtəbəsində ümumi sahəsi 246kv.m olan sahənin tikinti işləri başa çatdıqdan sonra Cavabdeh1 verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə sahənin dəyəri bir kv.metr üçün 700 manat olmaqla 172200 manat müəyyən olunmuş və həmin pul vəsaiti ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2015-ci il tarixli, 2(102)-3068/2015 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə müstəqil tələblər irəli sürən üçüncü şəxs Cavabdeh1 və qeyrilərinin Cavabdeh2 MMC-yə qarşı «öhdəliklərin yerinə yetirilməsi, yaşayış binasının təhvil verilməsi öhdəliyinin qoyulması» barədə iddiasının qismən təmin olunması, Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsində inşa edilən 5 saylı binanın qarşısında inşa edilən 10 mərtəbəli (9 yaşayış mərtəbəli) 36 mənzildən ibarət binanın Cavabdeh1 və qeyriləri ilə bağlanmış müqavilələrə uyğun mənzillərin təhvil verilməsi vəzifəsinin Cavabdeh2 MMC-yə təhvil verilməsi qət olunmuş, qətnamə kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X10 göstərmişdir ki, o, Adil adlı şəxslə və İddiaçı ilə qonşu olmuşdur. Onun Adilə borcu yaranmışdır. Borcun bir hissəsinin təminatı olaraq Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsində inşa edilən binada yerləşən və atasına məxsus olan mənzili atasının razılığı ilə müvəqqəti olaraq vermişdir. Lakin Adilin istəyinə uyğun olaraq, mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. Belə ki, Adil şəxsi işləri ilə bağlı adının belə bir müqavilədə hallanmasını istəmirdi. Borcun bir hissəsi ödənilmiş, bir hissəsi isə digər əmlakla, yəni qarajla əvəzləşdirilmişdir və həmin əmlak (qaraj) hazırda da Adilin sahibliyindədir. Borc tam ödənildikdən sonra İddiaçı müraciət edilmiş və müqavilənin geri qaytarılması xahiş edilmişdir. Lakin İddiaçı müxtəli bəhanələrlə, o cümlədən müqaviləni itirdiyini, qaynatasında olmasını və sair bildirməklə, müqaviləni geri qaytarmamışdır. Halbuki, İddiaçı həqiqətdə mübahisəli mənzili almamış və mənzilə görə hər hansı məbləğdə pul ödəməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, aralarındakı şifahi razılığa əsasən Bakı şəhəri, 8 mkr, Şövkət Məmmədova küçəsində bina inşa edilməsi üçün Cavabdeh2 MMC-nin direktoru Tofiq Əliyevə pul vermiş, bunun müqabilində həmin binanın bir neçə mənzili, o cümlədən həmin binanın 6-cı mərtəbəsində yerləşən mübahisəli mənzil ona verilmişdir. Oğlu ilə İddiaçı arasında borc münasibətləri olduğundan həmin borcun bir hissəsinin müqabilində mübahisəli mənzili formal olaraq İddiaçı adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Nəticədə borcun bir hissəsi ona məxsus qeyri-yaşayış sahəsi (qarajla) ilə əvəzləşdirilmiş, digər hissəsi isə ödənilmişdir. Lakin buna baxmayaraq, İddiaçı müqaviləni qaytarmaqdan imtina etmişdir. Həqiqətdə İddiaçı mübahisəkli mənzilə görə hər hansı məbləğdə pul ödəməmiş və mənzilə heç vaxt sahiblik və ondan istifadə etməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən göstərmişdir ki, Cavabdeh2MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi, 5 saylı binanın qarşısında çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. xx xxxxx 2009-cu il tarixdə Cavabdeh2MMC ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh2MMC həmin binanın Vİ sağ mərtəbəsində ümumi sahəsi 130 kv.m olan mənzili inşa edib İddiaçı təhvil verməyi, İddiaçı isə bu mənzilin ümumi dəyərini təşkil edən 91000 manat məbləğində pulu Cavabdeh2MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmin mənzilin dəyərini təşkil edən 91000 manat məbləğində pulun İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə ödənilməsinə dair xx xxxxx 2009-cu il tarixli maliyyə arayışı mövcuddur. xx xxxxxxx 2009-cu il tarixdə Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh2 MMC həmin binanın Vİ sağ mərtəbəsində ümumi sahəsi 246 kv.m. olan mənzili inşa edib Cavabdeh1 təhvil verməyi, Cavabdeh1 isə bu mənzilin dəyərini təşkil edən 172200 manat məbləğində pulu Cavabdeh2 MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2009-cu il tarixli maliyyə arayışına əsasən həmin mənzilin dəyəri Cavabdeh1 tərəfindən Cavabdeh2 MMC-yə ödənilmişdir. Hazırda İddiaçı xx.xx.2009-cu il tarixli müqaviləyə istinadən mübahisəli mənzilin ilk olaraq ona satıldığını, Cavabdeh1 həmin mənzilə əsassız olaraq sahiblik etdiyini iddia edir və cavabdehlər arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsini, mənzilin boşaldılmasını və ona təhvil verilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf (Cavabdeh1 nümayəndəsi və vəkili X1 şəxsində) iddianı qəbul etmir, iddiaçının həqiqətdə mübahisəli mənzili almadığını, mənzilin ona təhvil verilmədiyini, mənzilin yerləşdiyi yerdən heç vaxt məlumatlı olmadığını, mənzilə heç vaxt sahiblik etmədiyini, həmin mənzilə dair onunla müqavilənin borcun ödənilməsinin təminatı qismində və müvəqqəti olaraq bağlandığını, mənzilin dəyərinin Cavabdeh1 tərəfindən ödənildiyini və mənzilin ona təhvil verildiyini, mənzilin Cavabdeh1 tərəfindən artıq təmir edildiyini və onun mənzildə yaşadığını bildirir. Məhkəmə iclasında şahidlər Cavabdeh1 nümayəndəsi və vəkili X1 izahatına uyğun ifadə verirlər. Eyni zamanda, cavabdeh tərəf iddiaçıya aid xx.xx.2009-cu il tarixli müqavilədə göstərilən mənzilin sahəsinin cavabdehlər arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilədə göstərilən mənzilin sahəsindən fərqli olduğunu və xx.xx.2009-cu il tarixli müqavilədə göstərilən mənzilin Cavabdeh1 məhkəmə qərarı ilə təhvil verildiyini vurğulayır. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq tərəflər arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Bir mənzilə dair müxtəlif şəxslərlə podrat müqaviləsinin bağlanması və bir mənzilin eyni zamanda müxtəlif şəxslərin istifadə və sahibliyinə verilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyri mümkündür. Belə olan halda, hazırki vəziyyətdə mənzilin qanuni sahibi və istifadəçisi olan, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olan (bu hüququ əldə etmək üçün real hüquqi gözləntiyə malik olan) şəxsin müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir. Bunun müəyyən edilməsi üçün də reallıqda müqavilələrdən hansının daha əvvəl bağlanması (öhdəliyin əmələ gəldiyi) ilə yanaşı, həmçinin payçı (sifarişçi) qismində çıxış edən şəxslərdən hansının mənzilə daha əvvəl sahiblik və ondan istifadə etməyə, o cümlədən bu istiqamətdə hərəkətlərin edilməsinə başlaması və sair bu kimi aidiyyəti hallar araşdırılmalıdır. Müddət etibarı ilə Cavabdeh2 MMC ilə İddiaçı arasında müqavilə daha əvvəl bağlanmışdır. Lakin bu hal Cavabdeh2 MMC-nin mübahisəli mənzilin Cavabdeh1 deyil, məhz ona təhvil verilməsi barədə öhdəliyin yaranması kimi qəbul edilə bilməz. Belə ki, İddiaçı ilə müqavilə xx xxxxx 2009-cu il tarixdə bağlanmasına baxmayaraq, araşdırma zamanı İddiaçı həmin müqavilədə göstərilən mənzili təhvil aldığı, bu mənzildən hər hansı vaxt istifadə və ona sahiblik etdiyi müəyyən edilməmişdir (iddiaçı tərəf bu barədə hər hansı sübut təqdim edə bilməmişdir). Cavabdeh1 bu istiqamətdə etdiyi hərkətlər (gördüyü tədbirlər) isə əksinə mənzilin məhz Cavabdeh1 təhvil verildiyini (mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olduğunu) təsdiq edir. Belə ki, Cavabdeh1 xx.xx.2009-cu il tarixli müqavilədə göstərilən mənzilin onun istifadə və sahibliyinə verilməsi üçün hələ 2013-cü ildə məhkəməyə müraciət etmiş və məhkəmə araşdırılmasının nəticələrinə dair mənzilin ona təhvil verilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra Cavabdeh1 həmin mənzili təmir etdirmiş və hazırda orada yaşayır. Digər tərəfdən iddiaçının etibarsızlığını mübahisələndirdiyi xx.xx.2009-cu il tarixli müqavilənin predmeti ümumi sahəsi 246 kv.m. olan mənzil olduğu halda, iddiaçının özü ilə bağlandığı xx.xx.2009-cu il tarixli müqavilənin predmeti ümumi sahəsi 130 kv.m olan mənzildir. Hüquqi nəticə etibarı ilə bu iki müqavilənin predmeti eyni deyil, fərqli fərdi-müəyyən əşyadır və iddiaçı tam fərqli bir mənzilin ona təhvil verilməsini tələb edir. Bütün bunlar öz növbəsində cavabdeh tərəfin mövqeyinin və məhkəmə tərəfindən ifadələri mötəbər sübut kimi qiymətləndirilmiş şahidlərin ifadələrinin həqiqi olduğunu bir daha təsdiq edir. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur. Cavabdeh1 hazırda qanuni əsaslarla xx.xx.2009-cu il tarixli müqavilədə göstərilən mənzildən istifadə və ona sahiblik edir və həmin mənzilin onun mülkiyyətinə verilməsi üçün üstün hüquqa malikdir. Bu səbəbdən iddia tələbləri əsassızdır və rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin qeyd etməyi zəruri hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkilinin sorğusuna cavab olaraq təqdim edilmiş ibtidai istintaq (Cavabdeh2 MMC-nin təsisçisi və direktoru X6 Azərbaycan Resrublikası CM-nin 178.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsi ilə bağlı) materiallarının surətlərindən (cədvəllər, maddi sübut kimi tanınma qərarı, təqsirləndirilən şəxsi əlavə dindirmə protokolu, ittiham aktı və s.) görünür ki, ibtidai araşdırma zamanı Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsində inşa edilən 5 saylı binanın qarşısında inşa edilən 1 girişli, 10 mərtəbəli yaşayış binasından müqavilələr və həmin mənzillərdə yaşamaq hüququna malik olan şəxslərin siyahısı dəqiqləşdirilmiş, həmin siyahılarda iddiaçının adı ümumiyyətlə mövcud olmamış, əksinə Cavabdeh1 Vİ mərtəbədə mənzillərə sahib olması öz əksini tapmışdır. Bununla yanaşı, yuxarıda da qeyd edildiyi kimi, mənzillə bağlı iddiaçının xeyrinə olan, onun hüquqlarını müəyyən və təsdiq edən məhkəmə qərarı da mövcuddur (Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2015-ci il tarixli, 2(102)-3068/2015 saylı qərarı). Əksinə, məhkəmə araşdırmaları zamanı keçən uzun müddət ərzində iddiaçının müqavilədə göstərilən mənzillə bağlı hər hansı real hərəkətlərinin (mənzilin təhvil alınması, ona sahiblik, istfadə və s. istiqamətində) mövcudluğu müəyyən olunmamışdır. Eyni zamanda, birinci instansiya məhkəməsində ifadə vermiş şahidlərin ifadələrindən görünür ki, iddiaçı ilə müvafiq müqavilənin bağlanmasına əsas olan hal verilmiş pulun (borcun) müqabilində təminat rolunu oynamış, reallıqda iddiaçı həmin mənzili almamış, ona görə pul ödəməmişdir. Xüsusilə qeyd edilməlidir ki, yaşayış sahəsi faktiki olaraq cavabdehə təhvil verilmiş, sonuncu ora köçmüş, mənzili təmir edərək yaşayır. MM-nin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Göründüyü kimi, qanun, fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur (əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur). Cavabdeh mübahisəli mənzilə faktiki sahiblənən alıcı olduğundan, yəni əşya artıq ona faktiki olaraq verildiyindən və keçən müddət ərzində sonuncu ona yiyələnərək, mülkiyyətçi kimi sahiblik etdiyindən digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmışdır. Digər tərəfdən, birinci instansiya məhkəməsi haqdlı olaraq qeyd etmişdir ki, iddiaçının etibarsızlığını mübahisələndirdiyi xx.xx.2009-cu il tarixli müqavilənin predmeti ümumi sahəsi 246 kv.m. olan mənzil olduğu halda, iddiaçının özü ilə bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin predmeti ümumi sahəsi 130 kv.m olan mənzildir. Göründüyü kimi,iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «X2rşı» işüzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» işüzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslışübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsin iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal mülahizələrə əsaslanmışdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-710/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)- 710/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6932/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6932/2020
20.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver