Məhkəmə qərarları › İş №2(103)-6933/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6933/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6933/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borc) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borc tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3145/2023 nömrəli 03 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" MMC ilə Cavabdeh Zakaryevna arasında bağlanmış HBK07510 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 3192.39 manat dəyərində nisyə aldığı mala görə 200 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 2992.39 manat borcu isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 24 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür.

2. İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 2992.39 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya Təhvil - təslim aktında qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür.

3. 24.02.2023-cü il tarixli hesabdan çıxarışa əsasən cavabdehin 2992,39 manat əsas borc, 0 manat cərimə borcu vardır.

4. 25.02.2023-cü il tarixli bildirişə əsasən Cavabdeh İddiaçı QSC-yə borcunun olması barədə xəbərdar edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2992,39 manat əsas borc, 0 manat cərimə borcu, 50 manat dövlət rüsumu və 0,40 qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının QSCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda istinad olunan faktiki hallarına əsasən belə əsaslandırılmışdır ki, QSC ilə MMC arasında bağlanan faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan Sazişə əsasən MMC-nin cavabdehə qarşı olan 2992,39 manat məbləğindəki tələb hüququ QSC-yə keçmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazimı qaydada icra etmir.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 may 2023-cü il tarixli 2(008)-3145/2023 nömrəli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddia təmin edilmiş, xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 2992,39 manat əsas borc, 0 manat cərimə borcu, 50 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının əvəzinin Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 2992,39 manat əsas borc, 0 manat cərimə borcu, 50 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 448.1, 467, 600.1, 600.2, 600.4, Mülki Prosessual Məcəllənin 284-1, 284-5.2, 284-5.3, 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən ona bildiriş göndərilməmiş və barəsində borc tələbinə dair belə bir iddianın olmasından xəbərsiz olmuşdur. "xxxx" MMC ilə arasında bağlanmış HBK07510 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən dəyəri 3192,39 manat olan yataq mebelini ilkin 200 manat ödəniş etməklə, yerdə qalan məbləği isə 24 ay ərzində hissə-hissə ödəmək şərti ilə almış, MMC-nin əməkdaşları mebeli evinə gətirib quraşdıran zaman görmüşdür ki, mağazadan bəyənib aldığı mebelin əvəzində səhvən başqa bir mebel gətirilib. Bu barədə MMC-nin əməkdaşlarına demiş, onlar gətirdikləri mebeli geri aparıb əvəzində isə mağazadan bəyənib aldığı mebeli gətirib quraşdırıb ona təhvil vermişlər. Həmin vaxtdan indiyə kimi aldığı mebelə görə müqaviləyə əlavə edilən cədvəl üzrə aylıq ödənişlərini vaxtında edir və heç bir gecikməsi də yoxdur. "xxxx" MMC-yə müraciət edib baş vermiş yanlışlığa aydınlıq gətirilməsini xahiş etmiş, ona xx.xx.2023-cü il tarixli arayış təqdim edilmişdir. Həmin arayışda qeyd edilir ki, onunla "xxxx" MMC arasında HBK07510 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi bağlanmış, sonradan müştəri müqavilə üzrə sifariş etdiyi 7 ədəd 2992,39 manat məbləğində olan mebeldən imtina etmiş və nəticədə sözügedən müqavilə ləğv edilmişdir. Hazırda xx.xx.2022-ci il tarixli, HBK07510 saylı nisyə alğı-satqı müqaviləsi üzrə "xxxx" MMC-nin sistemində borc o azn təşkil edir. Arayışdan da göründüyü kimi onun HBK07510 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə hazırki vaxta heç bir borcu yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Qətnamə cavabdehin şikayətinə münasibətdə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

22. İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 2992.39 manat məbləğindəki tələb hüququnun İddiaçı QSC-yə keçməsinə əsaslanaraq hazırki iddiaçı qaldırmışdır.

23. Cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 21 iyul 2023-cü il tarixli arayışda göstərilmişdir ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixində HBK07510 saylı “Nisyə alqı-satqı müqaviləsi” bağlanmışdır. Sonradan müştəri müqavilə üzrə sifariş etdiyi 7 ədəd 2992,39 azn məbləğində olan mebel məhsullarından imtina etmişdir. Nəticədə xx.xx.2022 tarixli HBK07510 saylı “Nisyə alqı-satqı müqaviləsi” ləğv edilmişdir. Hazırda xx.xx.2022 tarixli HBK07510 saylı “Nisyə alqı-satqı müqaviləsi” üzrə "xxxx" MMC sistemində borc 0 azn təşkil edir. "xxxx" QSC-də xx.xx.2022 tarixli HBK07510 saylı “Nisyə alqı-satqı müqaviləsi” üzrə borcalanın adında olan 2992,39 azn artıq borc qalığı "xxxx" MMC-nin öhdəliyidir.

24. Göründüyü kimi hazırki iddia tələbinin əsasını təşkil edən, iddiaçının tələb etdiyi borc məbləğinin yarandığı "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış HBK07510 saylı xx.xx.2022-ci il tarixli “Nisyə Alqı-satqı müqaviləsi” ləğv edilmişdir.

25. Qanunvericiliyin tələbinə əsasən də müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

26. "xxxx" MMC tərəfindən həmin müqavilə üzrə cavabdehin borcunun olmadığı göstərilmişdir.

27. Beləliklə cavabdehin sözügedən müqavilə üzrə hər hansı öhdəliyi qalmadığı aşkardır. İddiaçının həmin müqaviləyə əsaslanaraq cavabdehdən borc məbləği tələb etməsi əsassızdır.

28. Odur ki, apellyasiya şikayətində göstərilənlər əsaslı olduğundan təmin edilməli, qətnamə ləğv edilməklə, iddia tələbi rədd edilməlidir.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3145/2023 nömrəli iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı QSC-nin Cavabdeh qarşı “borc tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar