Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6939/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4136/2021 saylı, 20 may 2021-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ən e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" MMC-yə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evin sökülməsi ilə əlaqədar "xxxx" MMC-dən 270000 (iki yüz yetmiş min) manat məbləğində kompensasiyanın alınaraq İddiaçı1 və İddiaçı2 hər birinə 1/3 hissədə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Eyni zamanda iddiaçılar iddia ərizəsinə iddianı təmin tədbiri barədə ərizə əlavə edərək, iddianı təmin etmək üçün ünvan 1 ünvanında yerləşən evdə hər hansı bir söküntü işlərinin aparılması və həmin evə dair hər hansı bir kompensasiyanın verilməsinin "xxxx" MMC-yə qadağan edilməsi və həmin evin üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda mübahisə predmeti olan evin sökülməsi prosesinə hazırlıq gedir, iddianın məhkəmə baxışı xeyli vaxt aparacağı üçün məhkəmə prosesi yekunlaşana qədər həmin fərdi yaşayış evi sökülə bilər, həmçinin cavabdehlər tərəfindən evin sökülməsi ilə əlaqədar müvafiq kompensasiyanın verilməsi ilə bağlı razılıq da əldə edilə, kompensasiya da ödənilə bilər. Bu cür hal iddianın nəticə etibarı ilə mahiyyətsiz olmasına gətirib çıxara bilər. Ona görə iddianın təmin olunması üçün fərdi yaşayış evində söküntü işlərinin aparılması və həmçinin bu fərdi yaşayış evi ilə əlaqədar hər hansı kompensasiyanın ödənilməsi qadağan edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4136/2021 saylı, 20 may 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan iddiaçılar şikayət verərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Şikayət, iddia təmin tədbiri barədə ərizənin dəlilləri ilə əsaslandırılmış, həmçinin göstərilmişdir ki, mübahisələndirilən qərardad qanunvericiliyin tələblərinin pozulması ilə, məhkəmə tərəfindən birtərəfli qaydada yalnız cavabdehin hüquqlarına yönələn qərardad qəbul edilmişdir. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən, cavabdehin qanunla qorunan hüquqlarına qeyri-mütanasib olması qənaətinə gəlmişdirsə ona həmin ərizənin rədd edilməsi də iddiaçıların hüquqlarının pozulub-pozulmamasına qiymət verməmişdir. Qeyd edilir ki, özlərinə məxsus olan fərdi yaşayış evə dair iddia təmin tədbiri barədə ərizə verilmişdir. Yəni ərizənin təmin edilməsi bir evə dair olacaq və cavabdehin ümumi sahibkarlıq fəaliyyətinə heç bir təsir göstərməyəcəkdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4136/2021 saylı, 10 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya, şikayəti iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun göstərilən müddəaları baxımından iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin tədbirləri qətnamənin gələcəkdə icra edilməsi məqsədinə yönəldiyindən və belə ərizələrə daxil olduğu gündən sonra təxirə salınmadan baxılmalı olduğundan həmin tədbirlərin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. İddianı təmin tədbirlərinin görülməsi üçün məhkəməyə ilkin zəruri sübutların təqdim edilməsinə, ərizədə cavabdeh kimi qoyulmuş şəxs(lər)ə qarşı yönəldilmiş tələb(lər)in ilkin əsaslandırılmasına və bununla bağlı dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxs(lər)in, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. İşin hallarından görünür ki, iddiaçılar ünvan 1 ünvanında yerləşən evin sökülməsi ilə əlaqədar "xxxx" MMC-dən 270000 (iki yüz yetmiş min) manat məbləğində kompensasiyanın alınaraq İddiaçı1 və İddiaçı2 hər birinə 1/3 hissədə ödənilməsi tələbini irəli sürmüş, eyni zamanda iddianın təmin tədbiri kimi ünvan 1 ünvanında yerləşən evdə hər hansı bir söküntü işlərinin aparılması və həmin evə dair hər hansı bir kompensasiyanın verilməsinin "xxxx" MMC-yə qadağan edilməsi və həmin evin üzərinə həbsin qoyulmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən belə qənaətə gəlmişdir ki, iddiaçının təmin tədbirinin görülməsinə dair iddiası iddia tələbinə və cavabdehin qanunla qorunan hüquqlarına qeyri-mütənasibdir. Bundan başqa qeyd olunmalıdır ki, cavabdeh "xxxx" MMC-yə ünvan 1 ünvanında yerləşən evdə hər hansı bir söküntü işlərinin aparılması və həmin evə dair hər hansı bir kompensasiyanın verilməsinin qadağan edilməsi, həmin evin üzərinə həbsin qoyulması onun fəaliyyətinin çətinləşməsinə, eləcə də hüquqi şəxs kimi bazar münasibətlərində digər şəxslər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməməsinə, bunun nəticəsində də ona maddi ziyan dəyməsinə səbəb ola bilər ki, bu da ədalət mühakiməsi baxımından yolverilməzdir. Kollegiya iddianı təmin etmə tədbiri barədə ərizənin - ünvan 1 ünvanında yerləşən evdə hər hansı bir söküntü işlərinin aparılması və həmin evin üzərinə həbsin qoyulması hissəsində təmin edilməməli olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, iddia tələbinin mahiyyətinə nəzər saldıqda aydın olur ki, iddiaçılar qeyd olunan evin sökülməsi ilə bağlı kompensasiya tələb edir. Belə olan halda həmin evin üzərinə həbs qoyulması və söküntü işlərinin aparılmasının qadağan edilməsi məhz iddia təmin tədbirinin mahiyyətinə ziddir, belə ki, ərizənin qeyd olunan hissəsi qəbul ediləcək qətnamənin gələcəkdə icrasına hər hansı bir maneə yaratmayacaqdır. Bununla belə kollegiya hesab edir ki, hazırki mübahisə üzrə yekun məhkəmə aktı qəbul edilənədək cavabdeh tərəfindən evin sökülməsi ilə bağlı başqa şəxslərə kompensasiya verilməsi istisna edilmir. Bu hal da qətnamənin gələcəkdəki icrasında çətinliklər yarada bilər. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçılarla digər cavabdeh bacıqardaşdırlar və aralarında belə bir razılıq olub ki, hazırda mübahisəsi gedən ev dövlət ehtiyacları üçün sökülərsə əldə edilən vəsait iddiaçılar eyni zamanda digər bacılarının arasında bölüşdürüləcək, hazırki məhkəmə mübahisəsi də məhz kompensiyanın ödənilməsi ilə bağlıdır. Göründüyü kimi ərizə - mübahisəli evə dair hər hansı bir kompensasiyanın verilməsinin "xxxx" MMC-yə qadağan edilməsi hissəsində əsaslı olmuşdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4136/2021 saylı, 20 may 2021-ci il tarixli qərardadı ərizənin - ünvan 1 ünvanında yerləşən evə dair hər hansı bir kompensasiyanın verilməsinin "xxxx" MMC-yə qadağan edilməsi ilə bağlı təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iddianı təmin etmə tədbiri barədə ərizə təmin edilməli, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4136/2021 saylı, 20 may 2021-ci il tarixli qərardadı iddianı təmin etmə tədbiri barədə ərizənin - ünvan 1 ünvanında evə dair hər hansı kompensasiyanın verilməsinin "xxxx" MMC-yə qadağan edilməsi ilə bağlı təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə ərizə təmin edilsin. ünvan 1 ünvanında yerləşən yerləşən Cavabdeh2 məxsus evə dair hər hansı kompensasiyanın verilməsi "xxxx" MMC-yə qadağan edilsin. Qərardad mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərardadın icrası Nəsimi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-6939/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6939/2021
08.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver