Məhkəmə qərarları › İş №2(103)-6944/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6944/2022

15.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6944/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 18 saylı Notariat Ofisinə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs: X7) qarşı iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi, mülkiyyət hüquqlarının bərpa edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və X3 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi X9, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 18 saylı Notariat Ofisinə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7) qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi, mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(011)- 73/2022 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə 15 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan 16 avqust 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X15 ilə X17 arasında ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzilə dair daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır.

2. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzil xüsusi mülkiyyət hüququ üzrə X12 adına daşınmaz əmlakın dövlət reyestrində 539 nömrəli reyestr kitabının 49605 nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. İş materiallarında olan 14 may 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X17 ilə X16 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.33 kv/m olan, 4 otaqlı mənzilə dair daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır.

4. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi, b.16, mənzil 82 xüsusi mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 23 may 2019-cu il tarixdə qeydiyyata alınmışdır.

5. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X17 xx.xx.2020-ci il, X16 xx.xx.2020-ci il tarixlərdə ölmüşdür.

6. İş materiallarında olan cinayət işi üzrə icraata xitam verilməsi barədə 05 iyun 2020-ci il tarixli qərarın surətindən görünür ki, vətəndaş X12 ölməsi faktına görə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi və vətəndaş İddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi kimi iştirakına xitam verilməsi qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Bakı şəhəri 18 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi b. 16, 82 saylı mənzilin X13 bağışlanmasına dair Bakı şəhəri 18 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-91 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2019-cu il tarixdə verilmiş reyestr nömrəsi **********02-05101-093016, ********** qeydiyyat nömrəsi olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi b. 16, mənzil 82 üzərində X10 adına aparılmış qeydin və adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması, həmin mənzil üzərində X12 mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu General Mehmandarov küçəsi b. 16, 82 saylı mənzili 2007-ci il tarixdə o, X6nın adına rəsmiləşdirməklə almış və qeyd olunan tarixdən hal-hazırki günə kimi həmin mənzildə öz ailəsi ilə birlikdə yaşayır. X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Hər bir övlad üçün ana itirmək nə dərəcədə çətin olduğunu anası vəfat etdikdən sonra tam hiss etmişdir. Elə bu səbəbdən də mənzilinin anasının adına olması və onu öz adına rəsmiləşdirmək barədə düşünməyə tələsməmişdir. Bir müddət sonra isə 28 iyul 2020-ci il tarixdə qardaşı X16 vəfat etmişdir. X23 Federasiyasında yaşayırdı və RF-nın vətəndaşı idi. Onlara verdiyi məlumata görə qardaşının ailə həyatı baş tutmamış və o, spirtli içkilərin aludəçisi olduğu üçün ailə qurduğu qadınlarla uzun müddət birgə yaşaya bilməyərək boşanmışdır. Onun həmin arvadlarından birindən Ruslana adında qızının olması onlara məlumdur. Anasının, daha sonra isə qardaşının vəfat etməsi bir insan olaraq həyatında gərginlik yaratdığı üçün sənədlərlə heç maraqlana bilməmişdir. Lakin bir müddət sonra, daha dəqiq 2020-ci ilin noyabr ayında evdə səliqə yaradarkən, özü tərəfindən alınmış, lakin anasının adına formal olaraq rəsmiləşdirilmiş mənzilə vərəsəlik hüquqlarını rəsmiləşdirmək üçün tapılmış sənədlərə baxış keçirərkən məlum olmuşdur ki, mərhum qardaşı X16 mərhum X6nın xəstəliyindən və öz hərəkətlərinin mənasını dərk etməməyindən istifadə edərək notariusa aparmış, anasının adına rəsmiləşdirilmiş və faktiki olaraq ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi b. 16, 82 saylı mənzilin özünə bağışlanması barədə həmin gündə bağışlama müqaviləsi bağlamağa nail olmuşdur. Qeyd olunan xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X17 ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 63.33 kv/m olan 4 otaqlı mənzili X10 mülkiyyətinə verir. Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi b. 16, 82 saylı mənzil tərəfindən 16 avqust 2007-ci ildə mənzilin əvvəlki mülkiyyətçisi olan X5 66406 manata alınmışdır və pulu satıcıya o, vermişdir. Əgər məhkəmə bunu zəruri hesab edərsə X11 məhkəmə iclasına dəvət edib şahid qismində dindirə bilər və o, bu faktı təsdiq edəcəkdir. Onun tərəfindən alınmış, lakin anasının adına rəsmiləşdirilmiş bu mənzildə bir müddət anası ilə qardaşı birlikdə yaşamışlar. Məhz bu birlikdə yaşadıqları vaxta da qardaşı anasının psixi xəstəliyindən istifadə edərək ona məxsus olan mənzili öz adına bağışlanmasına nail olmuşdur. Hal-hazırda isə həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən qardaşı X10 adına xüsusi mülkiyyət kimi xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Qardaşının belə bir iş tutmasını tam dərk etməsə də, ehtimal edir ki, belə bir hal onun ailə həyatının baş tutmaması və evsiz qalmaq qorxusundan yaranmışdır. X6 uzun müddət xroniki psixi xəstəlikdən (Diaqnoz: 1. Alsheymer (altheimer) xəstəliyi, Demensiya, Foo, ağır vəziyyət, 2.Delirium) əziyyət çəkirdi və vəfat edənədək öz hərəkətlərinin mənasını dərk etmirdi. Bunu tibbi sənədlər - uzun müddət psixi xəstəlikdən əziyyət çəkməsi, bununla bağlı müalicə olunması və sonda yaşadığı binadan yıxılaraq vəfat etməsi, anasının pisixi vəziyyətini əks etdirən disk və sair sübutlar təsdiq edir. Mübahisəli mənzilin kirayə haqlarını və digər xərclərini daimi olaraq o, ödəmişdir. O, hesab edir ki, bu da özlüyündə iddianın təmin edilməsini şərtləndirir. Buna görə də, o, hesab edir ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 18 saylı Notariat Ofisində aparılmış, X6nın adına olan Bakı şəhəri, Xətai rayonu General Mehmandarov küçəsi b. 16, 82 saylı mənzilin X13 bağışlanması barədə müqavilənin etibarsız hesab edilməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-ci il tarixdə verilmiş reyestr nömrəsi **********02-05101-093016, ********** qeydiyyat nömrəsi olan Bakı şəhəri, Xətai rayonu General Mehmandarov küçəsi b. 16, mənzil 82 üzərində mülkiyyət hüquqlarının X10 adına aparılmış Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv olunmalıdır. İddiaçı göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi b. 16, m 82-nin X13 bağışlanmasına dair Bakı şəhəri 18 saylı Notariat Ofisində təsdiq edilmiş 4Ə-91 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-ci il tarixdə verilmiş reyestr nömrəsi **********02-05101-093016, ********** qeydiyyat nömrəsi olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi b. 16, mənzil 82 üzərində X10 adına aparılmış qeydin və adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv olunması, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi b. 16, 82 saylı mənzil üzərində X12 mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(011)-73/2022 saylı qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi b.16, 82 saylı mənzilə dair Bakı şəhəri 18 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən 4Ə-91 reyestr nömrəsi ilə təsdiq edilmiş X17 ilə X16 arasında 14 may 2019-cu il tarixdə bağlanmış "Daşınmaz Əmlakın Bağışlama Müqaviləsi" etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-ci il tarixdə verilmiş reyestr nömrəsi **********02-05101-093016, ********** qeydiyyat nömrəsi olan ünvan 3 üzərində X10 adına aparılmış qeyd və onun adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv olunması, ünvan 3 ünvanda yerləşən sahəsi 63.33 kv.m-dən ibarət mənzilə X12 mülkiyyət hüquqlarının bərpa edilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli , “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarlarına, Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 337,5 339.2, 339.3, 342.1, 347.1, 347.2, 354.1 maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. X7 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 25 iyul 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iş üzrə Məhkəmə Psixiatrik Ekspertizası təyin edilməsi haqqında tərəfindən vəsatət verilmişdir. Məhkəmənin 08 dekabr 2021-ci il tarixli qərardadı ilə təyin edilmiş ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertiza və X8 həvalə edilmişdir. Halbu ki, bu növ ekpertizanın keçirilməsi səlahiyyəti yalnız Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatriya Ekspertizası” X24 Şəxsinə məxsusdur. Göründüyü kimi bu diaqnozun qoyulması o qədər məhsuliyyətli məsələdir ki, onu Qanunla tənzimləmək ehtiyacı yaranmışdır və orada qeyd olunan prosedur imperativ xarakter daşıyır. Göründüyü kimi psixi pozuntunun diaqnozunun qoyulması üçün yalnız müasir diaqnostika prinsiplərinə və beynəlxalq təsnifata uyğun müəyyən edilir. Bu qanunun tələbləri “HB-Güvən KHK”nin həkim-psixiatrı tərəfindən kobud şəkildə pozulmuş, yəni heç bir müasir diaqnostika prinsiplərinə və beynəlxalq təsnifata uyğun müayinə aparılmamış və eləcə də Ekspertər tərəfindən bu diaqnozun təsdiq olunması üçün hansı müasir diaqnostik prinsiplər rəhbər tutulduğu məlum deyildir. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş, iddiaçının bacısı öz ifadəsində bildirmişdir ki, anası sağ olarkən mübahisə edilən mənzili oğlu Şahinə bağışlamışdır. Lakin onlar buna əhəmiyyət verməmişlər. Göründüyü kimi mərhum Lala Kərimova bağışlama müqaviləsini imzalayarkən öz hərəkətlərinin mənasını dərk etmişdir. Buradan da belə anlaşılır ki, iddiaçının hazırki müqavilənin rəsmiləşdirilməsindən hələ anası Lala Kərimova sağ olanda məlumatlı olmuş və Azərbaycan Respublikası Mülki Məcəlləsini 354-cü maddəsində nəzərdə tutulmuş kəsici norma olan bir illik müddəti buraxmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

17. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

18. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.

19. Maddə 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır.

20. Maddə 342.1. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir.

21. Maddə 342.2. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd onun xeyrinə olduqda qəyyumunun razılığı ilə etibarlı sayıla bilər.

22. Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

23. Maddə 346.3. Şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər.

24. Maddə 346.4. Ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Hər bir fiziki şəxsin bağladığı əqdin etibarlılığı onun fəaliyyət qabiliyyəti baxımından hansı qrupa aid olmasına və həmin kateqoriya üçün müəyyən edilmiş şərtlərə uyğunluğuna əsasən müəyyən edilir. Müraciətdə şərh edilməsi xahiş olunan Mülki Məcəllənin 346.1-ci maddəsi isə fiziki şəxslərin əqdin bağlandığı anda anlaqlılıq halının müvəqqəti itirilməsi vəziyyəti ilə bağlıdır. Belə ki, fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zaman anlaqlılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzərdə tutulmuşdur. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Beləliklə, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Odur ki, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsızdır və sonradan hüquq sahibi tərəfindən bəyənilmədiyi təqdirdə arzu olunan heç bir hüquqi nəticələri yarada bilməz. Belə əqd üzrə icra edilmiş hərəkətlərin nəticələrinin tənzimlənməsi qaydası əhəmiyyətsiz əqdlərdə olduğu kimidir. Qeyd edilən normanın məqsədi anlaqlılığını müvəqqəti itirən şəxslərin mənafeyini qorumaq olduğundan, həmin şəxslərin bağladıqları əqd sonradan bəyənilməklə etibarlı hala gətirilə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi təmin olunmamalıdır.

33. Kollegiya qeyd edir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”.

34. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə əsas tələb mübahisəli mənzilə dair bağışlama müqaviləsinin etibarsızlığı barəsindədir və bu mənada yuxarıda qeyd olunan prinsipə görə həmin müqavilənin mülki qanunvericiliyin tələblərinə uyğun olmasını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

35. İşin müəyyən edilmiş hallarından görünür ki, 14 may 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X17 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.33 kv/m olan, 4 otaqlı mənzili X13 bağışlamışdır, həmin mənzil 23 may 2019-cu il tarixdə X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

36. Hazırki iddia ərizəsində iddiaçı xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin qardaşı Şahin İbrahimovun anası Lala Kərimovanı xəstəliyindən və öz hərəkətlərinin mənasını dərk etməməyindən istifadə edərək notariusa apardığını və ona məxsus olan mənzilin həmin gündə özünə bağışlanmasına nail olduğunu iddia edir.

37. Birinici instansiya məhkəməsi iddianı təmin edərkən belə qənaətə gəlmişdir ki, mübahisənin predmeti olan bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş əsas mövcud olduğundan, yəni bağışlama müqaviləsinin tərəflərindən biri olan (hədiyyə verən) X17 əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə əqdi bağladığından və bu ekspert rəyi və digər sübutlarla təsdiq edildiyindən, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir.

38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

39. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən psixiatriya müayinələrinin və ekspertizalarının həyata keçirilməsi zamanı psixi pozuntunun diaqnozu yalnız müasir diaqnostika prinsiplərinə və beynəlxalq təsnifata uyğun olaraq həkim-psixiatr tərəfindən təyin edilir. Digər ixtisaslı həkimlər tərəfindən təyin edilən psixi pozuntunun diaqnozu ilkin diaqnoz hesab edilir və şəxsin qeyri-könüllü hospitallaşdırılmasına, psixiatriya qeydiyyatına götürülməsinə və digər sosial-hüquqi məsələlərin həllinə əsas vermir.

40. İş materiallarında olan “HB-Güvən Klinik” xəstəxanasının psixatrı Fuad Bəşirov tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, L.Kərimova müayinədə 1 dəfə xx.xx.2020-ci il tarixində olmuş, ona “Alsheymer xəstəliyi, Demensia, Foo, ağır vəziyyəti, 2 Delirium” diaqnozu qoyulmuşdur. Təkrar müayinə edilməmişdir.

41. İş materiallarında olan cinayət işi üzrə icraata xitam verilməsi barədə 05 iyun 2020-ci il tarixli qərarın surətindən görünür ki, vətəndaş X12 ölməsi faktına görə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi və vətəndaş İddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi kimi iştirakına xitam verilməsi qərara alınmışdır. Həmin qərarda qeyd edilmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş İddiaçı ifadəsində bildirmişdir ki, anası Lalada 2019-cu ilin əvvələrindən etibarən psixoloji problemlər yaranmış, keçmişdə ölmüş adamlarla sanki özbaşına söhbət etmişdir. Gözünə sanki əvvəllər ölmüş adamlar görünmüş, bəzən öz övladlarını ani olaraq tanımamışdır. Bundan başqa, onda əsəbləşmələr, tez-tez özündən çıxmalar baş vermişdir. Əsəbləşdiyi vaxt bəzən əlinə keçən bir şey olduqda sındırmışdır. Bakı şəhərində olduğu zaman bəzi hallarda evdən çıxıb yolun əks tərəfə keçdiyi zaman Yevlax şəhərində olduğunu bildirmişdir. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş X18 verdiyi ifadəsində bildirmişdir ki, L.Kərimovanın yaşlı qadın olmasını, yeriməkdə çətinlik çəkməsini, qonşulardan eşitdiyinə görə onun psixi problemləri də olmuş, danışığında qəribə ifadələr işlətmişdir. Hətta bir dəfə Yevlaxa çörək almağa gedəcəyini də həyətdə olduğu zaman qonşuların yanında demişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020- ci il tarixli, 11/104 nömrəli rəyinə əsasən X12 fərdipsixi xüsusiyyətlərində onun özünü öldürməsində təzahür etmiş olan bəzi psixogen depressiv və nevrotik reaksiya əlamətləri müşahidə olunmuşdur. X12 ölümündən əvvəlki dövrdə onurğanın osteoxondrozu, dəqiqləşdirilməmiş qastrit, şəkərli diabet, digər somatik xəstəliyi və bununla yanaşı onda mövcud olmuş herontoloji xüsusiyyətlər onun özünü öldürməsində təzahür etmişdir.

42. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin xx.xx.2022-ci il tarixli, T 68/2022 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “mərhumə L.M.Kərimovanın adına tərtib edilmiş tibbi sənədlərdən və təqdim olunmuş iş materiallarında verilən məlumatlardan görünür ki, onda “Alsheymer xəstəliyi nəticəsində yaranmış demensiya, deliriy halları ilə (F00)” müşahidə olunmuşdur. Qeyd edilən xəstəliklər yaddaşın, dərketmə, informasiyaların mənimsənilməsi və ağılın pozulması ilə özünü büruzə verdiyindən daşınmaz əmlakın bağışlanması müqaviləsi imzalayarkən o, öz hərəkətlərinin mənasını başa düşmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmaması qənaətinə gəlməyə əsas verir.”

43. Həmin rəydən görünür ki, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından və Respublika Narkoloji Mərkəzindən alınaraq cinayət işinin materiallarına əlavə edilmiş arayışda müəyyən edilmişdir ki, L.M.Kərimova ruhi və psixi xəstə kimi göstərilən xəstəxanalarda müalicə almayıb.

44. Göründüyü kimi, Lala Kərimovaya sağ olan dövrdə psixi pozuntu diaqnozu təyin edilməmişdir. Onun mübahisəli mənzili bağışlayan zaman öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik etməməsinə dair psixiatrik ekspertizasının rəyi yoxdur. Belə olduğu halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mötəbər sübutlar olmadan şəxsi mülahizələrinə əsaslanaraq iddianı təmin etməkdə haqlı olmamışdır.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır.

46. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

48. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

49. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

50. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93).

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

52. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

53. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

54. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Lala Kərimovanın bağışlama müqaviləsini imzalayan zaman öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi halları iş materialları ilə sübuta yetirilmədiyindən həmin müqavilənin etibarsız hesab edilməsi üçün heç bir qanuni əsas mövcud deyil. Ona görə də iddia tələbi təmin edilməməlidir.

55. Bununla yanaşı məhkəmə kollegiyası iddiaçı tərəfindən bir illik müddətin ötürülməsi barədə apellyasiya şikayətlərinin dəlili ilə razılaşmır və qeyd edir ki, işin müəyyən edilmiş hallarına əsasən iddiaçı əqdi mübahisələndirmək üçün nəzərdə tutulmuş bir illik müddəti ötürməmişdir.

56. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməməlidir.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(011)-73/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Bakı şəhəri 18 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi, mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair” iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar