Məhkəmə qərarları › İş №2(103)-695/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-695/2023

19.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-695/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) və Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, pulun qaytarılması və mənəvi zərər; vurulmuş ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının (qarşılıqlı cavabdeh) nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi, pulun qaytarılması və mənəvi zərər tələbinə dair” ilkin, Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(005)-42/2022 saylı qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə 19 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 208 saylı 03 noyabr 2016-cı il tarixli “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamına əsasən İddiaçı MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir.

2. “Tikinti şirkəti”-İddiaçı MMC ilə “Əmlak mülkiyyətçisi”- Cavabdeh1 əvəzinə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 10 QYS nömrəli müqaviləyə görə “Əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən xx.xx.2002-ci il tarixində, 1 saylı reyestr kitabında 88 səhifə, qeydiyyat 000604 nömrəsi ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 84,36 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün İddiaçı MMC-yə təhvil verir, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək qeyri-yaşayış sahəsini qəbul edir (1.1.1-ci b). “Tikinti şirkəti” ünvan 1 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini təmin edir və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, Səməd Vurğun küçəsində 3-cü blok, 1-ci mərtəbəsində, ümumi sahəsi 103,4 kv.m-dən ibarət təmirsiz qeyri yaşayış sahəsini “Əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verir (1.1.2-ci b). “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və “Əmlak mülkiyyətçisi”ni qeyri yaşayış sahəsi ilə təmin edən günədək onun müvəqqəti fəaliyyəti təmin etmək məqsədi ilə “Əmlak mülkiyyətçisi”-nə aylıq 1300,0 (bir min üç yüz) manat məbləğində icarə haqqını 01 noyabr 2017-ci il tarixindən etibarən əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda l(bir) dəfə ödəyir. “Əmlak mülkiyyətçisi”-nin kommunal borcları olduğu halda “Tikinti şirkəti” həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir (1.2-ci b).

3. “Tikinti şirkəti”-İddiaçı MMC ilə “Əmlak mülkiyyətçisi”- Cavabdeh1 əvəzinə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 10 QYS-A nömrəli müqaviləyə əsasən “Tərəflər” 11QYS saylı, xx.xx.2018-ci il tarixli Müqaviləyə əsasən xx.xx.2002ci il tarixində, 1 saylı reyestr kitabında 88 səhifə, qeydiyyat 000604 nömrəsi ilə Azərbaycan Respublikası İqtisadi inkişaf Nazirliyi Dövlət Əmlakının özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Mülkiyyət htiququ haqqında Şəhadətnaməyə əsasən öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, 84,36 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün İddiaçı MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürmüşlər (2-ci b). Hazırda təqdim edilmiş texniki pasportda və yerində qeyri-yaşayış sahəsinə baxış keçirən zaman, yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin arxasında, bitişik, başqa çıxış-girişi olmayan 14,0 kv.m qeyri-yaşayış sahənin də mövcud olduğu müəyyən edilir (3-cü b). “Əmlak mülkiyyətçisinin istəyi və xahişi ilə əlavə aşkarlanmış sahənin hər kvadrat metrinin dəyəri 2857,0 (iki min səkki; yüz əlli altı) manatdan hesablanması razılaşdırılır (14,0 kv.m x 2857 manat“ 40 000 manat) (4-cü b). “Tikinti şirkəti” 40000.(qırx min) manat məbləğində pulu müqavilə bağlandığı anda “Əmlak mülkiyyətçisinə ödəməyi “Əmlak mülkiyyətçisi” də öz növbəsində 14,0 kv.m qeyriyaşayış sahənin sökülmək üçün İddiaçı MMC-yə təhvil verməyi öz öhdələrinə götürür (5-ci b).

4. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə görə Cavabdeh1 ünvan 3 ünvanında yerləşən “Badi-Kubə” kiçik müəssisəsinin əmlakının mülkiyyətçisidir. Nəsimi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, binaların tikintisi üçün zəruri ərazidə yerləşən mənzillərin sakinləri ilə bu müqavilənin imzalandığı tarixdən 2 (iki) ay müddətinə tam razılıq əldə edərək zəruri müqavilələr imzalamaq (2.1-ci b); Sakinlərin köçürülməsinə onlarla müəyyən edilmiş həddə nəqliyyat və əşyalarının daşınması üçün hər mənzil üçün birdəfəlik 300 pul vəsaiti ödəmək (2.2-ci b); Yeni binanın tikintisi haşa çataiıadək. (sakinlər binaya köçənədək) sakinlərə yaxın ərazidə və razılaşdırılmış şəraiti müvəqqəti yaşayış yerləri üçün kirayə haqqını ödəmək: 1 otaqlı mənzillər üçün ayda 300 (üç yüz) manat, 2 otaqlı mənzillər üçün ayda 350 (üç yüz əlli) manat, 3 otaqlı mənzillərüçün ayda 400 (dörd yüz) manat; 4 otaqlı mənzillər üçün ay da 450 (dörd yüz əlli) manat, 5 otaqlı mənzillər üçün ay da 500 (beş yüz) manat Binaların tikintisi üçi'ııı nəzərdə unuları ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalardan sökülən mənzilin sahəsindən 20%-dən artıq sahəsi olan, təmiri i mənzil sahəsi ilə təmin etmək Bu zaman həmin mənzilləri su, qaz və elektrik enerjisi sayğacları ilə təmin etmək: Bu müqavilə imzalandıqdan sonra 15 edin müddətində tikiləcək binaların qanunvericiliyə müvafiq olaraq hazırlanmış layihələrini razılaşdırmaq üçün İcra Hakimiyyətinə təqdim etmək öhdəlikləri şirkətin üzərinə qoyulmuşdur.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2020-ci il tarixli, **********33 nömrəli məktubunda göstərilmişdir ki, Cəmiyyətin tikinti sahəsinə daxil olan ünvan 5 ünvanında yerləşən "Badi-Kubə" kiçik müəssisəsinin əmlakının mülkiyyətçiləri haqda məlumatların, texniki pasportun, qeyri-yaşayış sahələrinin eskiz layihəsinin surətinin təqdim edilməsinə köməklik göstərilməsi barədə xx.xx.2020-ci il tarixli 493 nömrəli məktubunuza Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında, həmçinin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 4 saylı Qərarının tələblərinə uyğun olaraq arayışların verilməsi ilə bağlı xidmət haqlarının ödənilməsi barədə sənədlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə müraciət edildiyi təqdirdə verilir.

6. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İinventarlaşdırılması İdarəsinin xx.xx.1997-ci il tarixdə tərtib edilmiş Texniki Pasportuna görə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85,5 kv.m qeyri-yaşayış sahəsi “Badu-kübə” kiçik müəssisəsinin balansındadır.

7. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İinventarlaşdırılması İdarəsinin xx.xx.1997-ci il tarixdə tərtib edilmiş Texniki Pasportuna görə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 89,8 kv.m qeyri-yaşayış sahəsi “Badu-kübə” kiçik müəssisəsinin tikiş sexinin balansındadır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə bir neçə ərizə ilə məhkəməyə müraciət edərək, nəticə etibarı ilə İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 10QYS-A saylı, xx.xx.2018-ci il tarixli Müqaviləyə Əlavənin etibarsız hesab edilməsi və əsassız yerə İddiaçı MMC tərəfindən ödənilmiş 40000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınıb İddiaçı MMC-yə qaytarılması, Cavabdeh2 vurduğu mənəvi ziyana görə 150000 manat məbləğində pulun alınıb İddiaçı MMC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini, cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri olduğu üçün barələrində xüsusi qərardad çıxarılıb prokurorluğa göndərilməsini xahiş etmişdir.

9. Eyni zamanda Cavabdeh1 İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış 08 aprel 2018-ci il tarixli 10QYS saylı müqavilənin tələbinin tam yerinə yetirilməməsi nəticəsində cavabdehin ona vurduğu zərərin əvəzi olan 150.000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə qərarına əsasən, adları göstərilən rayonlarının ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 208 saylı, 03 noyabr 2016-cı il tarixli “yaşayış və qeyriyaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə İddiaçı MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara mövcüd sahələrindən 20 % əlavə sahə verilməklə və aylıq kirayə haqları ödənilmək şərti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyri-yaşayış tikililər sökülərək, yerlərində müasir hündürmərtəbəli, 7 girişli, 4 binanın tikintisinə başlanılmışdır. O cümlədən, İddiaçı MMC ilə Cavabdeh1 arasında 10QYS saylı, xx.xx.2018-ci il tarixli müqavilə imzalanmış və müqavilənin 1.1.1 -ci bəndinə görə, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 84,36 kv.m qeyri-yaşayış sahəsini sökülmək üçün “Pilot İnşaat-A" MMC-yə təhvil verir, əvəzinə həmin ünvanda inşa edilən 103.4 kv.m-dən ibarət qeyri- yaşayış sahəsi verilir. Daha sonra, həmin Müqaviləyə 10QYS-A saylı, xx.xx.2018-ci il tarixli Əlavə imzalanmış və həmin əlavədə göstərilmişdir ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 84,36 kv.m qeyri-yaşayış sahəsinin arxasında, bitişik, başqa çıxışı-girişi olmayan 14.0 kv.m qeyri-yaşayış sahəsinin mövcudluğu müəyyən edilmiş və həmin sahənin əvəzinə 40000 manat məbləğində pul ödənilmişdir. Cavabdeh1 yuxarıda göstərilən qeyri-yaşayış sahəsi ilə bağlı “mülkiyyət hüququ haqqında” şəhadətnamə təqdim etmiş və həmin şəhadətnamədə “Badi-Kubə” kiçik müəssisəsinin əmlakı qeyd edilsədə, lakin şəhadətnamədə əmlakın sahəsi barədə heç bir məlumat yoxdur. Bu ilin əvvəllərində, müvafiq sənədlərə baxış keçirilərkən bəlli olmuşdur ki, Cavabdeh1 mülkiyyətində olan “Badi-Kubə” kiçik müəssisəsinin texniki pasportu iş materiallarında mövcud deyildir. Bununla bağlı Cavabdeh1 şifahi və yazılı şəkildə müraciətlər edilmiş, lakin qeyri-yaşayış sahəsinin texniki pasportunu təqdim etməkdən imtina etmişdir. Hətta ƏMDK-nə müraciət etsələr də, onlara verilən cavabda bildirilmişdir ki, yalnız əmlakın mülkiyyətçisinə müvafiq cavab veriləcəkdir. Aparılmış araşdırmalardan bəlli olmuşdur ki, Cavabdeh1 qonşuluqda yerləşən qohumu X1 mənsub qeyri-yaşayış sahəsini də özünə məxsus sahə kimi təqdim edərək, İddiaçı MMC-nin işçilərini aldatmış, külli miqdarda kompensasiya və əlavə sahə əldə etmişdir. Halbuki müqaviləyə əlavə ilə 40000 manat məbləğində pul aldığı 14.0 kv.m qeyri-yaşayış sahəsi olmamış, həmin göstərilən sahə qohumu X1 məxsus olmaqla, dəyəri həmin şəxsə ayrıca ödənilmişdir. Bundan əlavə, əsas müqavilədə göstərdiyi sahənin 84.36 kv.m olmamış, sahəsi daha az olmuşdur. Beləliklə, Cavabdeh1 və onun nümayəndəsi Cavabdeh2 İddiaçı MMC-ni aldatmaqla, tikinti şirkətinə külli miqdarda maddi ziyan vurmuşlar.

11. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə aralarında bağlanmış 08 aprel 2018-ci il tarixli 10QYS saylı müqavilənin 1.1.2-ci bəndinin tələbinə görə tikinti şirkəti ünvan 6 ünvanında yerləşən əmlak mülkiyyətçisinin, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini təmin edir və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, Səməd Vurğun küçəsində 3-cü blok, 1-ci mərtəbədə ümumi sahəsi 103,4 kv.m-dən ibarət təmirsiz qeyri-yaşayış sahəsini əmlak mülkiyyətçisinin mülkiyyətinə verir. Bu müqavilənin 2.2.5-ci bəndinin tələbinə görə müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini ona təhvil verməlidir. Lakin cavabdeh sözügedən öhdəliyini tam yerinə yetirməmişdir. Belə ki, cavabdehin ona təhvil verdiyi qeyri-yaşayış sahəsinin ümumi sahəsi müqavilədə göstərilən ölçüyə uyğun deyil. O, bunu cavabdehin əməkdaşlarının iştirakı ilə ölçərək müəyyən etmişdir. Hazırda ona verilmiş sahə 93 kv.m.-dir ki, bu da müqavilə üzrə cavadehin öhdəsinə götürdüyü sahədən 10,4 kv.m azdır. Hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliyini tam yerinə yetirməməsi nəticəsində ona vurulmuş zərər 10,4 kv.m. sahənin hazırkı real bazar dəyəri olan 150.000 manat pul cavabdehdən alınaraq ona ödənilməlidir.

12. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, ƏEM/F-21-104/21 saylı rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1 kv.m üçün xx.xx.2021-ci il tarixinə bazar dəyəri 3500 manat təşkil edir.

13. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/5648 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Qərardadın birinci sualı üzrə: Cavabdeh1 ilə İddiaçı ilə arasında bağlanmış 08 aprel 2018-ci il tarixli, 10QYS saylı müqaviləsi üzrə (müqavilədə 103,4 kv.m göstərilmiş) ünvan 6 ünvanında Cavabdeh1 istafadəsinə verilmiş qeyri-yaşayış sahənin faktiki sahəsi 95,25 kv.m. təşkil edir. Qeyri-yaşayış sahəsinin ayrı-ayrılıqda ölçülə rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir. Qərardadın ikinci-üçüncü sualları üzrə: Cavabdeh1 ilə “Pilot inşaat-A" MMC ilə arasında bağlanmış 08 aprel 2018-ci il tarixli, 10QYS saylı əlavə müqavilə üzrə Cavabdeh1 verilmiş (müqavilədə təsvir olunmuşəlavə müqavilənin 3-cü bənd) 14,0 kv.m qeyri-yaşayış sahəsi faktik mövcud deyildir. Bu səbəbdən də, qeyri-yaşayış sahəsinin faktiki ölçüsü nə qədər təşkil eməsinə dair tədqiqat aparılmadı. Eyni zamanda İddiaçı MMC tərəfindən inşa olunmuş cox mərtəbəli yaşayış binasına dair layihə sənədləri olmadığı üçün, Cavabdeh1 ilə İddiaçı MMC ilə arasında bağlanmış 08 aprel 2018-ci il tarixli, 10QYS saylı müqaviləsi üzrə qeyri-yaşayış sahəsinin faktiki sahəsi ilə müqavilədə olan-ölçüləri arasında fərq olub-olmamasını müəyyən etmək mümkün olmadı.

14. "Yeni dövr" Qiymətləndirmə Mərkəzinin xx.xx.2021-ci il tarixli YD 067 saylı rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 103,0 kv.m olan qeyri-yaşayış sahəsinin 1 kv.m üçün 10050 (on min əlli) manat təşkil edir.

15. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli SN 34 saylı rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri təmirsiz olaraq 1 kv.m üçün 4470 (dörd min dörd yüz yetmiş) manat təşkil edir.

16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 sentyabr 2022-ci il tarixli 2(005)-42/2022 nömrəli qətnaməsi ilə (hakim Aytən Novruzova) ilk iddia ərizəsi rədd edilmiş, qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı MMC-dən 36430,5 manatın tutularaq Cavabdeh1 ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

17. Məhkəmə ilkin iddia tələbinə münasibətdə göstərmişdir ki, iddiaçı MMC 14,0 kv.m qeyri-yaşayış sahənə dair 10QYS-A saylı, xx.xx.2018-ci il tarixli Əlavə bağlanarkən hər iki tərəf öz iradə ifadəsini göstərmiş, könüllü surətdə müqavilə bağlamağa razılıq vermişlər. Məhkəmə İddiaçı MMC-nin iddia ərizəsinə münasibətdə qeyd etmişdir ki, 14,0 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh1 deyil, digər üçüncü şəxsə məxsus olması və həmin sahəni Cavabdeh1 özünə məxsus sahə kimi əlavə pul alması göstərməsi ilk iddianın təmin olunması üçün əsas yaratmır. Hazırkı tələb üzrə tərəflər arasında bağlanmış 10QYS-A saylı, xx.xx.2018-ci il tarixli Əlavənin etibarsızlığı üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən ilk iddia tələbi müqavilənin etibarsızlığı hissəsində rədd edilməlidir.

18. Eyni zamanda, məhkəmə, İddiaçı MMC-nin Cavabdeh1 qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) “müqavilənin etibarsız hesab edilməsi, pulun qaytarılması və mənəvi zərər” tələbinə dair ilk iddia ərizəsinin “müqavilənin etibarsız hesab edilməsi” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin “pulun qaytarılması və mənəvi zərərin ödənilməsi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə əsas tələbin təmin olunubolunmamasından asılı olduğunu nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi “pulun qaytarılması və mənəvi zərər” hissəsində də təmin edilə bilməz.

19. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, MMC tərəfindən müqavilə şərtləri pozularaq 95,25 kv.m-dən ibarət təmirsiz qeyri-yaşayış sahəsi verilmişdir. Bununla da iddiaçının 8,15 kv.m qeyri-yaşayış sahəsinə dair hüquqları pozulmuşdur. Bu hal işdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/5648 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə də təsdiq edilir. Məhkəmə tərəfindən qiymətləndirmə ekspertizası təyin edilmiş, "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli SN 34 saylı rəyi ilə müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri təmirsiz olaraq 1 kv.m üçün 4470 (dörd min dörd yüz yetmiş) manat təşkil edir. Bu halda müqavilə üzrə Cavabdeh1 verilməli olan 8,15 kv.m qeyri-yaşayış sahəsinə görə iddiaçıya dəymiş zərər 36.430,5 manat müəyyən edilməlidir.

20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337, 331.1, 578.1, 385.1, 442, 443.1, 448.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən iddiaçı və Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir.

22. İddiaçı apellyasiya şikayətində qətnamənin ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini, həmin hissədə iddianın tam təmin edilməsi, qarşılıqlı iddia ilə bağlı qismən, qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməsini, qarşılıqlı iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə işə baxarkən Cavabdeh1 özünə məxsus olduğunu iddia etdiyi 14.0 kv.m qeyri-yaşayış sahəsinin müvafiq sənədlərini tələb etməmiş, sadəcə olaraq göstərmişdir ki, tərəf öz iradə ifadəsini bildirdiyi üçün müqaviləyə əlavə etibarsız sayıla bilməz. Məhkəmə texniki pasportun təsdiqlənmiş surətini alıb iş materiallarına əlavə etməmiş və Cavabdeh1 qeyri-yaşayış sahəsinin dəqiq sahəsini müəyyən etməmişdir. Məhkəmə MMC tərəfindən inşa edilmiş yaşayış kompleksi istismara təhvil verilmədiyi üçün istismar aktı tərtib olunmadığına görə, qeyri-qanuni qeyriyaşayış sahəsi istifadə edən Cavabdeh1 tələb etmək hüququnun olmamasını nəzərə almamışdır.

23. Cavabdeh1 apellyasiya şikayətində qətnamənin qarşılıqlı iddianın təmin olunmadığı hissədə ləğv edilməsini, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin hesabladığı zərər məbləği öhdəliyini icra etməmiş MMC-nin ona vurduğu zərəri ödəmir. İş materiallarında qeyri-yaşayış sahəsinin bazar dəyərinə dair 3 fərqli qiymət mövcuddur. Məhkəmə zərəri hesablayarkən qiymətlər arasında orta qiymət olan 1 kv.m üçün 4470 manatı seçmiş, lakin bu nəticəsini əsaslandırmamışdır. Hesab edir ki, ona vurulmuş zərərin hesablanması ən pis halda 1 kv.m üçün 10050 manat əsas götürülməklə aparılmalı idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

25. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi MMC-nin apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etdi.

26. Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil ərizə ünvanlayaraq xəstə olduğundan məhkəmə iclasında iştirak edə bilmədiyini, ekspert rəyində müəyyən olunmuş əmlakın orta bazar qiyməti ilə razı olmadıqlarını, təkrar ekspertizanın təyin olunmasının əsaslandırılması üçün yeni sübutlar təqdim ediləcəyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Qeyd edilən hala dair hər hansı sənəd təqdim edilmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

27. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

29. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

30. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

31. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

32. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

33. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

34. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

41. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

43. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 208 saylı, 03 noyabr 2016-cı il tarixli “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı əsasında Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Bundan sonra MMC tərəfindən qeyd edilən ərazidə yerləşən mənzilllərin mülkiyyətçiləri ilə müqavilələr bağlanmışdır. Həmçinin Cavabdeh1 ilə MMC arasında ünvan 1 ünvanında yerləşən 84,36 kv.m qeyri-yaşayış sahəsinə dair 10QYS saylı, xx.xx.2018-ci il tarixli müqavilə və 14,0 kv.m qeyri-yaşayış sahənə dair 10QYS-A saylı, xx.xx.2018-ci il tarixli Əlavə imzalanmışdır.

44. İddiaçı hazırda 14,0 kv.m qeyri-yaşayış sahəsinə dair bağlanmış 10QYS-A saylı, xx.xx.2018-ci il tarixli Əlavəni mübahisələndirərək etibarsızlığını tələb etmişdir.

45. İddiaçı xx.xx.2018-ci il tarixli Əlavənin aldatılmaqla bağlandığını bildirmişdir.

46. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

47. Hazırda mübahisələndirilən əqdin bağlanması zamanı qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmiş, etibarsızlıq şərtlərinin mövcudluğu aşkarlanmamışdır. Məhkəmə haqlı olaraq göstərmişdir ki, qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Əksinə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Buna görə də qeyd edilən müqavilələrin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur.

48. Digər tərəfdən Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən bir illik kəsici müddət ötürülmüşdür. İddiaçının bildirdiyi hal, yəni Əlavənin aldatma nəticəsində bağlanması iradənin zədələnməsi ilə bağlanan əqd olmaqla təsnifatına görə mübahisə edilən əqdlər kateqoriyasına aiddir. Belə əqdlər üçün isə qanunvericilik 1 illik mübahisələndirmə müddəti müəyyən etmişdir.

49. Qarşılıqlı iddia tələbinə aid hissədə də məhkəmə iddianı qismən təmin etməkdə qanuni və əsaslı nəticəyə gəlmişdir.

50. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 08 aprel 2018-ci il tarixli 10QYS saylı müqavilənin 1.1.2-ci bəndinin tələbinə görə tikinti şirkəti, yəni İddiaçı MMC ünvan 6 ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan qeyriyaşayış sahəsinin sökülməsini təmin edir və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, Səməd Vurğun küçəsində 3-cü blok, 1-ci mərtəbədə ümumi sahəsi 103,4 kv.m-dən ibarət təmirsiz qeyri-yaşayış sahəsini əmlak mülkiyyətçisinin mülkiyyətinə verir. Qeyd edilən müqavilənin 2.2.5-ci bəndinin tələbinə görə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini Cavabdeh1 təhvil verməlidir. Lakin MMC tərəfindən müqavilə şərtləri pozularaq 95,25 kv.m-dən ibarət təmirsiz qeyriyaşayış sahəsi verilmişdir. Bununla da iddiaçının 8,15 kv.m qeyri-yaşayış sahəsinə dair hüquqları pozulmuşdur.

51. Məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə nəticəsində "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli SN 34 saylı rəyi ilə müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri təmirsiz olaraq 1 kv.m üçün 4470 (dörd min dörd yüz yetmiş) manat təşkil edir.

52. Cavabdeh R.Zeylanova apellyasiya şikayətində bu hissəni mübahisələndirmişdir.

53. Apellyasiya şikayətinin dəlilinin araşdırılması məqsədi ilə Kollegiya tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ünvan 7 ünvanında yerləşən, təmirsiz qeyri-yaşayış sahəsinin 1 kv.m-nin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 3207,0 manat məbləğində təşkil edir.

54. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən əsas götürülmüş qiymətləndirmə rəyi ilə müəyyən edilmiş məbləğ hazırki ekspert rəyi ilə müəyyən edilmiş məbləğdən daha yüksəkdir. Ona görə də Kollegiya hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətinin məbləğin aşağı olması ilə bağlı dəlilləri əsassızdır, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-42/2022 nömrəli iş üzrə 14 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar