Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6950/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6950/2024 (Açar sözlər: ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2904/2024 saylı 10 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 25 dekabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Range Rover” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Rav-4” markalı, **-ME- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində İXMnin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Toyota Rav-4” markalı, **- ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 15357,72 manat (on beş min üç yüz əlli yeddi manat yetmiş iki qəpik) sığorta ödənişinin və ödənilmiş 136,07 manat (yüz otuz altı manat yeddi qəpik) dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Range Rover” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Rav-4” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********89 nömrəli sığorta şəhadətnaməsinin və 127678 nömrəli sığorta aktının çıxarışından görünür ki, “Toyota Rav- 4” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkətində xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər müddətdə könüllü sığorta müqaviləsi əsasında sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş qiymətləndirmə aktına əsasən, “Toyota Rav-4” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 18235 manat (on səkkiz min iki yüz otuz beş manat) məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş 140 saylı ödəniş tapşırığından aydın olur ki, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Toyota Rav-4” markalı, **- ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma (franşiza) məbləği çıxılmaqla zərərçəkən X1 18135 manat (on səkkiz min yüz otuz beş manat) sığorta ödənişini ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmçinin iş meterillarında olan izahatlarda da şəxsin təqsirli olması qeyd olunmuşdur. Sığorta hadisəsinin baş verməsi və sığorta ödənişinin sığorta şirkəti tərəfindən ödənilməsi ilə ona qarşı subroqasiya hüququ yaranmışdır. İş materiallarına əlavə edilmiş İAS240208 sığorta ödənişi aktına əsasən 18135 manat (on səkkiz min yüz otuz beş manat) məbləğin 2777,28 manat (iki min yeddi yüz yetmiş yeddi manat iyirmi səkkiz qəpik) hissəsi “Range Rover” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan “Meqa Sığorta” şirkəti” ASC tərəfindən İddiaçı Sığorta Şirkətinə ödənilmişdir. Qalan məbləğ, yəni 15357,72 manat (on beş min üç yüz əlli yeddi manat yetmiş iki qəpik) məbləğində pul Cavabdeh tərəfindən hal-hazırda ödənilməmiş qalmaqdadır. Hesab edir ki, qalan 15357,72 manat (on beş min üç yüz əlli yeddi manat yetmiş iki qəpik) məbləğidə pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli e-2(004)- 2904/2024 saylı qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia tələbinin təmin edilməsi, Cavabdeh 15357,72 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 136,07 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1, 936.2, 1097.1, 1108.1, 1099.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107, 119.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən iş üzrə hər hansı qiymətləndirmə ekspertizası aparılmamış, iddiaçının təqdim etdiyi sübutlarla kifayətlənilmişdir. Bu da real dəyən zərərlə, iddiaçı tələb etdiyi məbləğ arasında kəskin fərqin iddiaçının xeyrinə təfsir olunmasına gətirib çıxarır. Həmçinin birinci instansiya məhkəməsi tərəfin məhkəmə iclasında zəruri iştirakını təmin etməmiş, bununla da onun müvafiq prosessual hüquqlarını pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdehin vəkili məhkəməyə ərizə təqdim edərək başqa məhkəmə işi ilə əlaqədar hazırki iclasda iştirak edə bilməyəcəyini bildirmiş və iclasın təxirə salınmasını xahiş etmişdir.
10. İşin halları, həmçinin prosesin təxirə salınmasını xahiş edən nümayəndə və vəkilin ərizəsində qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi (kimin nümayəndə və vəkili olması barədə müvafiq etibarnamə və ya order, məhz həmin şəxsin qeyd edilən gün və saatda müdafiəsi üçün məhkəmə prosesinin keçirilməsinə dair hər hansı sübut), eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
12. Maddə 936.2. Faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
13. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər
14. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
18. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən müddəaların mənasından göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdehdur. Bu baxımdan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
25. Belə ki, iş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Range Rover” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Rav-4” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir.
26. **********89 nömrəli sığorta şəhadətnaməsinin və 127678 nömrəli sığorta aktının çıxarışından görünür ki, “Toyota Rav-4” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkətində xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər müddətdə könüllü sığorta müqaviləsi əsasında sığortalı olmuşdur.
27. Qiymətləndirmə aktına əsasən, “Toyota Rav-4” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 18235 manat (on səkkiz min iki yüz otuz beş manat) məbləğində zərər dəymişdir.
28. 140 saylı ödəniş tapşırığından aydın olur ki, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Toyota Rav-4” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma (franşiza) məbləği çıxılmaqla zərərçəkən X1 18135 manat (on səkkiz min yüz otuz beş manat) sığorta ödənişini ödəmişdir.
29. xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində İXMnin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir.
30. İAS240208 sığorta ödənişi aktına əsasən 18135 manat məbləğin 2777,28 manat hissəsi “Range Rover” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan “Meqa Sığorta” şirkəti” ASC tərəfindən İddiaçı Sığorta Şirkətinə ödənilmişdir.
31. İlk növbədə qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericilik formal həqiqət prinsipi əsasında qurulur ki, bu da mahiyyət etibarilə onu deməyə əsas verir ki, məhkəmələr iddia tələbini araşdırılması zamanı tərəflərin təqdim etdiyi sübutlarla işə baxmaqda haqlıdır.
32. Lakin qeyd olunan halların mötəbər hesab olunması üçün həmin sübutlar bir sıra şərtlərə cavab verməli, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
33. Hazırki iddia tələbinin predmeti qismində sığorta ödənişi ilə əlaqədar pul tələbi çıxış edir. Yəni göründüyü kimi iddiaçı tərəfindən analoji halların mövcudluğunu sübut olunması üçün ilk növbədə müvafiq ödəmələri təsdiq edən hər hansı sənəd, sonra isə çəkilən xərclərlə faktiki görülən işlər, ödəmənin təyinatı, subroqasiya hüququnun yaranma əsasları və s. hallar əsaslandırılmalı, o cümlədən bu hallar biri digərini təsdiq edən mötəbər sübutlara söykənməlidir.
34. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
35. Kollegiya apelyasiya şikayətində qeyd olunan məhkəmə hesablanan sığorta ödənişi məbləğinin şişirdilməsi barədə dəlillərə münasibətdə isə bildirir ki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarından da aydın olduğu kimi, məhkəmə orqanlarının ekspertiza təyininə dair səlahiyyətləri dispozitiv həddə müəyyən edilmişdir.
36. Bundan əlavə Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Qeyd edilən normaların tələblərindən də göründüyü kimi istər iddianı irəli sürən şəxs, istərsə də həmin iddia tələbi ilə razılaşmayaraq buna etiraz edən müvafiq olaraq öz mülahizələrini əsaslandırmalı və məhkəmə həmin əsaslandırmaların kökündə duran sübutlara qiymət verməli, yalnız həmin dəlillər kifayət etmədikdə məhkəmə tərəfindən bunun üçün əlavə tədbirlərin görülə biləcəyi nəzərdə saxlanılmalıdır. Hazırki iş üzrə cavabdeh iddiaçı tərəfindən hesablanmış sığorta ödənişi məbləği ilə razı olmadığını bildirsə də, bu mülahizələrini əsaslandıracaq hər hansı dəlili məhkəməyə təqdim etməmiş, iş materiallarında qeyd edilən sənədlərin mübahisəyə qiymət vermək üçün kifayət olmaması və məhkəmə ekspertizasının təyin edilməsinin iş üzrə zəruri olduğunu təsdiq edəcək hər hansı əsaslar aşkarlanmamışdır. Qeyd edilənlərə əsasən kollegiya cavabdehin göstərilən dəlilini də əsassız hesab edir.
38. Ümumiyyətlə, qeyd olunmalıdır ki, zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; iddiaçı şirkətin isə sığortalıya məhz 18135 manat ödəmiş olduğu və bu məbləğin 15357,72 manat hissəsini zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən sığorta şirkəti tərəfindən ödənildiyi rəsmi sənədlərlə (ödəniş tapşırıqlar) öz təsdiqini tapır.
39. Kollegiya apellyasiya şikayətinin birinci instansiya məhkəməsində cavabdehin zəruri iştirakının təmin edilməməsinə münasibətdə də qeyd etməyi zəruri hesab edir ki, apelyasiya şikayəti bu hissədə də əsassız olduöğundan təmin edilməməlidir.
40. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin məhkəmə iclasında iştirakı üçün bütün zəruri məlumatlandırma mexanizmlərindən istifadə edilmiş, buna baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmişdir.
41. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin prosessual hüquqları qorunaraq, qərarı apelyasiya instansiyasında mübahisələndirilmə imkanı yaradılmışdır ki, bu da öz növbəsində cavabdehin apelyasiya şikayətində göstərdiyi hallarla, ziddiyyət təşkil etməkdədir.
42. Qeyd olunanlara əsasən kollegiyanın qənaətinə görə apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
44. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
46. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
47. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2904/2024 saylı iş üzrə 10 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdiyev