Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6952/2025 26.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdehin nümayəndəsi İsmailova Leilinin iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2025ci il tarixli, e-2(004)-5426/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı yetkinlik yaşına çatanadək sağlamlıq imkanları məhdud uşaq olmuşdur, yəni, iddiaçının anadangəlmə sağlamlıq imkanları məhdud olmuşdur. Daha sonra yetkinlik yaşına çatdıqdan sonra inzibati orqan tərəfindən iddiaçıya əlillik təyinatı aparılmamışdır. İnzibati orqanın müvafiq qərarı iddiaçı tərəfindən inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilmişdir. Məhkəmə icraatı zamanı qəbul edilmiş aralıq qərardadın icrası ilə əlaqədar iddiaçıya əlillik təyinatı aparılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və X1 İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əsasən, İddiaçı xx.xx.2022-ci il tarixdən ümumi xəstəlik səbəbilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli istehlak krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsinə əsasən, sığortalı İddiaçı, sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC, faydalanan şəxs sığorta hadisəsinin baş vermə tarixinə sığorta olunanın kredit müqaviləsi üzrə əsas qalıq borc məbləği həddində "xxxx" ASC, sığorta təminatı sığortalının ölməsi və ... ona əlilliyin müəyyən olunması, sığorta məbləği xx.xx.2024-cü il tarixli Sığortalının istehlak krediti müqaviləsi üzrə kredit məbləği, sığorta müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2028-ci il tarixədəkdir. Hazırda iddiaçı cavabdehdən sığorta ödənişinin tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC yə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Sığorta Şirkəti ASC-dən 27044,82 (iyirmi yeddi min qırx dörd manat səksən iki qəpik) manat qalıq kredit məbləğinin 50% həcmində, yəni 13522,41 (on üç min beş yüz iyirmi iki manat qırx bir qəpik) manat sığorta ödənişinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sığorta Şirkəti ASC ilə iddiaçı arasında LİB-ATB-0000005 nömrəli "İstehlak krediti üzrə borcalanın həyat sığortası" müqaviləsi bağlanmışdır. Müqavilə müddəti dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 may 2025-ci il tarixli qərarı ilə iddiaçı barəsində ümumi xəstəlik səbəbilə müddətsiz üçüncü dərəcə (50%) əlillik təyinatı aparılmışdır. Qeyd olunan qərardan sonra Cavabdeh Sığorta Şirkəti ASC-yə müqavilə öhdəliklərinin icrasına görə müraciət etsə də, onlar tərəfindən sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilən imtina qanunsuz və əsassızdır. Belə ki, iddiaçı 2 iyun 2022-ci il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə özünə əlilliyin təyin olunması ilə bağlı müraciət etmişdir. Lakin, həmin orqan tərəfindən əlilliyin təyin olunmasından imtina olunmuşdur. Bundan sonra 30 yanvar 2024-cü il tarixində həmin qərar əsasında Gəncə İnzibati Məhkəməsində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia qaldırmışdır. Gəncə İnzibati Məhkəməsi tərəfindən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin olunmuşdur. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən “ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulması barədə qərar qəbul edilməlidir.” Gəncə İnzibati Məhkəməsinin 13 fevral 2025-ci il tarixli qərardadı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyniin üzərinə “1 ay müddətində zəruri araşdırmanın aparılaraq qərar qəbul edilməsi ilə bağlı” öhdəlik qoyulmuşdur. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi də iddiaçını canlı müayinə edərək 1 may 2025-ci il tarixində iddiaçıya əlilliyin təyin olunması ilə bağlı qərar qəbul etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nın təsdiq edilməsi barədə Qərarının 6.5.3. xəstəlik səbəbindən sığortalının orqanizminin funksiyalarının pozulması ilə əlaqədar sığorta müqaviləsinin bağlanmasından öncə əlilliyinin müəyyən olunması üçün səlahiyyətli dövlət orqanına (qurumuna) ünvanlandığı müraciəti üzrə sığorta müqaviləsi bağlandıqdan sonra 6 (altı) ay ərzində əlilliyinin müəyyən olunması sığorta hadisəsi hesab olunmur. İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC ilə sığorta müqaviləsini 30 sentyabr 2024-cü ildə bağlamışdır. Əlilliyin müəyyən olunması üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə isə 2 iyun 2022-ci il tarixində müraciət etmişdir. Səlahiyyətli dövlət orqanı tərəfindən iddiaçıya əlilliyin təyin olunması ilə bağlı qərar 1 may 2025-ci il tarixində verilmişdir. Bu isə o deməkdir ki, “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nın təsdiq edilməsi barədə Qərarının 6.5.3.-cü maddəsində göstərildiyi kimi 6 ay müddəti keçdiyi üçün (8 ay) bu sığorta hadisəsi hesab olunur. Lakin Cavabdeh Sığorta Şirkəti ASC imtina ərizəsində “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nın təsdiq edilməsi barədə Qərarının 6.5.1.-cü maddəsini əsas götürərək sığorta ödənişinin verilməsindən imtina etmişdir. Həmin maddədə qeyd olunur ki, “sığortalının orqanizminin funksiyalarının pozulması ilə əlaqədar sığorta müqaviləsi bağlananadək əlilliyinin müəyyən olunması halı sığorta hadisəsi hesab edilmir”. Cavabdeh Sığorta Şirkəti ASC ilə arasında sığorta müqaviləsi 30 sentyabr 2024-cü il tarixində bağlamışdır. Həmin zaman isə iddiaçının heç bir əlillik statusu olmamışdır. Təqdim edilən sənədlərdən də aydın olur ki, 30 sentyabr 2024-cü il tarixində hələ iddiaçının iddiası Gəncə İnzibati Məhkəməsində davam edirdi. İddiaçıya əlilliyin təyin olunması ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarı isə sığorta müqaviləsi bağlandıqdan tam 8 ay sonra qəbul olunmuşdur. Odur ki,Cavabdeh Sığorta Şirkəti ASC-nin 19 may imtina məktubu əsassızdır. İddiaçının “Azər-Türk” Bankdan götürdüyü, sözügedən istehlak kreditinin 1 may 2025-ci il tarixində qalıq məbləği 27044,82 (iyirmi yeddi min qırx dörd, səksən iki) manat təşkil edir (qoşmada əlavə edilib). “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nın təsdiq edilməsi barədə Qərarının 17.1.2.-cimaddəsinə əsasən sığortalının əmək qabiliyyətini itirdiyi halında sığorta məbləğinin sığortalıya təyin olunan orqanizmin funksiyalarının pozulması faizi həcmində həyata keçirilir. Məhkəmə tibbi-ekspertizasının T570/2024 nömrəli ekspert rəyində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyən olunması meyarları”nın 13.5.1.2 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulması barədə qərar qəbul edilməli olduğu qeyd edilmişdir. Odur ki, 1 may tarixində qalıq kredit məbləğinin 50% həcmində sığorta ödənişi həyata keçirilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli, e-2(004)- 5426/2025 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya təyin edilmiş əlillik sığorta dövründən əvvəl baş vermiş sığorta hadisəsinə əsaslanır. İddiaçıya əlillik təyinatı hüquqi nəticə kimi xx.xx.2022-ci il tarixdən aparılmışdır. Əlillik təyinatının aparılmasına əsas olan tibbi əsas(lar) sığorta dövründən əvvəlki tarixdə yaranmışdır. Şəxsin əlilliyi 2025-ci il tarixdə müəyyən edilsə də, əlillik hüquqi kateqoriya olaraq əvvələ tətbiq edilməklə 2022-ci ildə yaranmışdır ki, bu da sığorta dövrünə təsadüf etmir. Əgər, əlillik təyinatı məhz 2025-ci il tarixdən aparılsa idi, iddia tələbinin perspektivi nəzərdən keçirilə bilərdi. Doğrusu da odur ki, əlillik statusu əlillik təyinatı aparıldığı tarixdən deyil, nəticənin mövcud olduğu vaxtdan (əlillik təyinatının aparılması üçün müraciət tarixi və ya müvafiq imtina qərarının qəbul edildiyi vaxt) hesablanmalıdır. Çünki, həmin nəticə əvvəldən mövcud idi, təyinatın aparılması isə mövcud olan faktın təsbit edilməsidir. Hüquqdan sui-istifadə, mülki hüquq münasibətlərinin subyektlərinin vicdanlı davranışı hüquq tətbiqi zamanı qiymətləndirilməlidir. İddiaçının ixtisasca hüquqşünas olması və sığorta sahəsi üzrə (sığorta şirkətlərinin birində) hüquqşünas kimi fəaliyyət göstərməsi nəzərə alınır. Məhkəmə qeyd etmişdir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Hazırki mübahisə üzrə (sığorta müqaviləsinə dair hissədə) göstərilən 4 (dörd) elementin heç biri müəyyən edilmir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi "iddiaçıya təyin edilmiş əlillik sığorta dövründən əvvəl baş vermiş sığorta hadisəsinə əsaslanır" qeyd etsə də bu yanlış yanaşmadır. Belə ki, burada sığorta hadisəsi onun səhhətində yaranan problem deyil, ona əlilliyin təyin olunması hesab olunur. Məhkəmə isə qeyd edir ki, əlillik təyinatının aparılmasına əsas olan tibbi əsaslar sığorta dövründən əvvəlki tarixdə yaranmışdır. Əlillik üçün əsas olan amillərin sığorta müddətindən əvvəl yaranması sığorta ödənişinin verilməsindən imtinaya səbəb deyildir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nın təsdiq edilməsi barədə Qərarının 6.5.3. xəstəlik səbəbindən sığortalının orqanizminin funksiyalarının pozulması ilə əlaqədar sığorta müqaviləsinin bağlanmasından öncə əlilliyinin müəyyən olunması üçün səlahiyyətli dövlət orqanına (qurumuna) ünvanlandığı müraciəti üzrə sığorta müqaviləsi bağlandıqdan sonra 6 (altı) ay ərzində əlilliyinin müəyyən olunması sığorta hadisəsi hesab olunmur. Qeyd olunan maddədən də göründüyü kimi, əlillik üçün əsas olan amil sığorta müqaviləsindən əvvəl ola bilər, lakin əlillik sığorta müqaviləsi bağlandıqdan 6 ay müddətində verilərsə bu sığorta hadisəsi hesab olunmur. Onunla cavabdeh arasında sığorta müqaviləsi xx.xx.2024-cü il tarixində bağlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən isə ona əlillik xx.xx.2025-ci il tarixində təyin olunmuşdur. Buradan da görünür ki, müqavilə bağlandıqdan 8 ay sonra ona əlilllik statusu verilmişdir. Bu isə əlbəttə ki sığorta hadisəsi hesab olunur. Digər tərəfdən məhkəmə onun iş yerini və ixtisasını əsas gətirərək bildiririr ki, hüquqdan sui-istifadə etmişdir. Lakin burda söhbət sui-istifadədən gedə bilməz. Yenə Azərbaycan Respublikası Mərkəzi Bankının “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nın təsdiq edilməsi barədə Qərarının 6.5.3-cü maddəsini xatırladaraq bildirir ki, onun hüququ var ki, ona əlilliyin təyin olunması üçün səlahiyyətli orqana müraciət etdikdən sonra sığorta müqaviləsi bağlaya bilər. Və sığorta müddəti dövründə ilk 6 ay ona əlillik təyin olunmazsa bu sığorta hadisəsi hesab olunur və sığorta ödənişi ala bilər. Məsələyə məhkəmənin tərzi ilə yanaşılsa bu maddə ilə sığorta tələbi olan hər kəs hüquqdan sui-istifadə etmiş olacaq. Əgər belədirsə onda bu maddə niyə var? Digər tərəfdən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 2022-ci ildən müraciət etmişdir. 30 yanvar 2024-cü il tarixindən isə onlara qarşı məhkəmədə iddia qaldırmışdır. Praktikadan da bəllidir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi onlardan şikayət vermiş iddiaçılarla kasasiya məhkəməsinədək mübahisəni davam etdirirlər. Sığorta müqaviləsi bağlanan zaman Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aralıq qərardad əsasında ona əlillik təyin olunmasını ehtimalını nəzərə almamışdır. Əgər belə olardısa elə öz işlədiyi sığorta şirkəti ilə müqavilə bağlayar və məsələnin bu yerə qədər gəlməsinə şərait yaratmazdı. Buradan da bəllidir ki, məhkəmə əsassız olan qətnaməsinə don geyindirmək üçün onun ixtisasını da bura əlavə edərək guya hüquqdan sui istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.1-ci maddsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 904.1-ci maddəsinə əsasən, sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. 935.1.8-ci maddəsinə əsasən, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişini ödəməkdən imtina edir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və X1 İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən ümumi xəstəlik səbəbilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli istehlak krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsinə əsasən müəyyən edilir ki, sığortalı İddiaçı, sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC, faydalanan şəxs sığorta hadisəsinin baş vermə tarixinə sığorta olunanın kredit müqaviləsi üzrə əsas qalıq borc məbləği həddində "xxxx" ASC, sığorta təminatı sığortalının ölməsi və ona əlilliyin müəyyən olunması, sığorta məbləği xx.xx.2024-cü il tarixli sığortalının istehlak krediti müqaviləsi üzrə kredit məbləği, sığorta müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2028-ci il tarixədəkdir. Şəhadətnaməyə əlavənin 4-cü bəndinin: a) bəndinə əsasən, sığortalının orqanizminin funksiyalarının pozulması ilə əlaqədar sığorta müqaviləsi bağlananadək ona əlilliyin təyin olunması, b) bəndinə əsasən, sığorta müqaviləsi bağlananadək sığortalının orqanizminin funksiyalarının pozulmasına səbəb olan bədbəxt hadisənin baş verməsi ilə əlaqədar ona sığorta müqaviləsi müddətində əlilliyin müəyyən olunması və c) bəndinə əsasən, xəstəlik səbəbindən sığortalının orqanizminin funksiyalarının pozulması ilə əlaqədar sığorta müqaviləsinin bağlanmasında öncə əlilliyin təyin olunması üçün səlahiyyətli dövlət orqanına (qurum) ünvanladığı müraciəti üzrə ona sığorta müqaviləsi bağlandıqdan 6 ay ərzində əlilliyin təyin olunması sığorta hadisəsi hesab edilmir. Göründüyü kimi İddiaçı xx.xx.2022-ci il tarixdən ümumi xəstəlik səbəbilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, əlillik təyinatının aparılmasına əsas olan tibbi əsaslar sığorta dövründən əvvəlki tarixdə yaranmışdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəə gəlmişdi ki, şəxsin əlilliyi 2025-ci il tarixdə müəyyən edilsə də, əlillik hüquqi kateqoriya olaraq əvvələ tətbiq edilməklə 2022-ci ildə yaranmışdır ki, bu da sığorta dövrünə təsadüf etmir. Belə ki, əlillik statusu əlillik təyinatı aparıldığı tarixdən deyil, nəticənin mövcud olduğu vaxtdan (əlillik təyinatının aparılması üçün müraciət tarixi və ya müvafiq imtina qərarının qəbul edildiyi vaxt) hesablanmalıdır. Çünki, həmin nəticə əvvəldən mövcud idi, təyinatın aparılması isə mövcud olan faktın təsbit edilməsidir. İddiaçı isə apellyasiya şikayətində bildirir ki, onunla cavabdeh arasında sığorta müqaviləsi xx.xx.2024-cü il tarixində bağlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən isə ona əlillik xx.xx.2025-ci il tarixində təyin olunmuşdur. Buradan da görünür ki, müqavilə bağlandıqdan 8 ay sonra ona əlilllik statusu verilmişdir. Bu isə əlbəttə ki sığorta hadisəsi hesab olunur. Məhkəmə Kollegiyası iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, əlillik faktiki olaraq 2025-ci ildə müəyyən edilib, yəni tibbi cəhətdən rəsmi müayinə və qərar bu tarixdə verilib. Hüquqi baxımdan isə əldə edilən əlillik 2022-ci il tarixində "yaranmış" sayılır. Bu, adətən, əlilliyə səbəb olan xəstəliyin, vəziyyətin və ya hadisənin baş verdiyi tarix kimi qəbul edilir. Sığorta dövrü 2022-ci il tarixini əhatə etmədiyindən əlilliyin "yaranma anı" sığorta dövrünə daxil deyil. Göründüyü kimi iddiaçıya 2025-ci ildə əlillik təyin edilsə də, iddiaçıya 2022-ci ildən ümumi xəstəlik səbəbilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Bu isə onu deməyə əsas verir ki, əlillik təyinatının aparılması artıq sığorta hadisəsinin baş vermə tarixi hesab edilir, çünki həmin dövrdə iddiaçıya artıq təyinat aparılmışdır və bu halın mövcudluğu sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Bu kontekstdə Məhkəmə Kollegiyası hesab edir ki, apellyatorun şikayətində Azərbaycan Respublikası Mərkəzi Bankının “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nın təsdiq edilməsi barədə Qərarının müvafiq müddaəlarına özünə uyğun qaydada təfsir etməyə çalışmaqla yanaşı irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli, e-2(004)- 5426/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.