Məhkəmə qərarları › İş №2(103)-6953/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6953/2022

23.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6953/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh3, Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X1 və Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 23 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Hüquqi ünvanı ünvan 1ü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1994-cü il tarixli 1280 №-li Sərəncamına əsasən Nəsimi rayon İcra hakimiyyətinin xx.xx.1994-cü il tarixli məktubu nəzərə alınaraq, “Mehparə-1” firmasının ünvan 2 ünvanda nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərməsi üçün torpaq sahəsi ayrılmışdır, həmin müəssisənin 100% təsisçilik payı X2 məxsus olmuşdur. X4 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir, yəni mirasın açılması vaxtı xx.xx.2008-ci ildir. Mərhumun Z.Ə.Bağırova ilə olan rəsmi nikahına 1993-cü ildə xitam verilmişdir, onun İddiaçı, Cavabdeh3, Bağırova (Quliyeva) Mehparə Vaqif qızı adlı 3 övladı vardır.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəlik hüququnun tanınaraq ünvan 3 ünvanı olan 100% təsisçilik payı atası X3 malik olan “Mehparə-1” şəxsi firması (VÖEN:**********) üzərində 1/3 payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili V.S.Hüseynzadə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə əlavə olaraq, miras əmlakın qəbuluna dair buraxılmış müddəti üzürlü hesab edərək, buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, miras qoyan X5 iddiaçının atası olmuş, xx.xx.2008-ci ildə Bakı şəhərində vəfat etmişdir. Miras qoyan Z.Nəbiyeva ilə nikahda olmuş və nikahları 1993-cü ildə, yəni firmanın qeydiyyata alındığı dövrdən əvvəl ləğv olunmuşdur. Onların birgə nikahından 3 uşaq – İddiaçı, Cavabdeh3, Bağırova (Quliyeva) Mehparə Vaqif qızı anadan olmuşdur, hal-hazırda hamısı sağdır, mübahisəli tikili nikahın ləğvindən sonra inşa edilmişdir, 100% təsisçilik payına malik olmaqla ünvan 3 ünvanı olan “Mehparə-1” şəxsi firması (VÖEN:**********) iddiaçının atasının mülkiyyətində olmuşdur, həmin ünvanda yerləşən iki mərtəbəli tikili atası tərəfindən onun köməyi ilə inşa olunmuşdur, atası vəfat etdikdən sonra vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə bağlı uzun müddət heç kim müraciət etməmişdir, atası ölən günə kimi iddiaçıya məxsus Xətai rayonunda qeydiyyatda olmuş, iddiaçı ilə yaşamış, böyük oğul, böyük qardaş kimi firmanın idarəçiliyini ona həvalə etmişdir, firmanı iddiaçı idarə etmişdir, lakin bununla bağlı bir sübutu yoxdur, firmanın qanunsuz icarəsi ilə bağlı mübahisə olmuş, giriş-çıxış məhdudiyyəti qoyulmuş, hətta bu barədə polisə də müraciət olunmuşdur, yanvar ayında iddiaçı ona düşən pay üzrə vərəsəlik hüququnun rəsmiləşdirilməsi ilə bağlı Xətai rayonu 6 saylı Notariat kontoruna müraciət etmiş, lakin notariat orqanı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini, qanun üzrə müəyyən edilmiş müddəti buraxdığı üçün mümkün hesab etməmişdir, valideynlərinin nikahı 1993-cü ildə pozulduğundan, atasının 3 vərəsəsi vardır, vərəsə olaraq atasına məxsus əmlaka 1/3 hissədə payının müəyyən olunmasını istəyir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3646/22 saylı iş üzrə 22 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev) iddia rədd edilmişdir.

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, mübahisəli əmlak (“Mehparə-1” şəxsi firması) miras açıldığı vaxtdan sonra mərhumun oğlu - vərəsə Cavabdeh3 tərəfindən faktiki idarə etməyə başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə qəbul edildiyindən, iddiaçı mirası qəbul etmək barədə vərəsəlik açılan gündən altı ay müddətində notariat orqanına ərizə vermədiyindən və mirası qəbul etmək barədə qanunvericiliklə nəzərdə tutulmuş müddətin ötürülməsinin üzürlü səbəblərinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbi təmin edilə bilməz.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1243.2, 1246, 1248.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Cavabdeh3 firmanı idarə edilməsinə dair faktları araşdırmamışdır. Cavabdeh3 firma ilə əlaqəli bir rəsmi fəaliyyəti olmadığı halda, iddiacı bir müddət fəaliyyətini dayandırdıqdan və tikili uzun müddət fəaliyyətsiz qaldıqdan sonra, Cavabdeh3 qapının acarlarını dəyişərək gizli, qeyrirəsmi, 2021-ci ilin sonlarında, gələcək məhkəmə proseslərində fikir yaratmaq ücün kirayə vermişdir və bu barədə iddiacı xəbər tutduqda polis və vergi orqanlarına şikayətlər ünvanlamışdır. Şahid və cavabdehlərin məhkəmədə verdiyi ifadələrdən də görünür ki, ataları Vaqif Bağırov bütün əmlakını İddiaçı bağışlamış, lakin məhkəmə bu fakta da bitərəf mövqe tutaraq qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

12. Cavabdeh2 nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. Digər Cavabdeh3 nümayəndəsi (vəkili) başqa bir iş üzrə məhkəmə iclasında iştirak etməsi ilə əlaqədar hazırkı məhkəmə iclasının təxirə salınması barədə vəsatət göndərsə də, həmin vəsatətə üzrlü səbəb kimi göstərdiyi halı təsdiq edən mötəbər sübut əlavə etmədiyindən məhkəmə kollegiyası vəsatəti rədd etdi və onun iştirakı olmadan işə baxılmasını mümkün saydı.

14. Bakı şəhəri 6 saylı notariat ofisi məktub göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

16. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

17. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

18. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

19. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

20. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 fevral 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı Mülki Məcəllənin mirasın açılma vaxtını tənzimləyən 1146-cı maddəsində nəzərdə tutulmuş “gün” anlayışı miras qoyanın ölümü anından sonra hesablanan iyirmi dörd saatlıq sutka mənasında deyil, miras qoyanın ölümünün baş verdiyi gün, təqvim tarixi olaraq qəbul edilməlidir. Miras qoyanın öldüyü gün təqvim tarixi etibarilə vərəsəliklə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bir sıra məsələlərin həlli üçün mühüm meyar kimi çıxış edir. Məhz həmin tarixdən etibarən mirası qəbul etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin axımı başlanır, qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır, eləcə də vərəsəlik şəhadətnaməsi vərəsələrə bir qayda olaraq, mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir (Mülki Məcəllənin 1246, 1255 və 1322-ci maddələri). Qeyd edilən məsələlərin həllində mirasın açılma tarixi miras qoyanın öldüyü gün, təqvim tarixi olaraq müəyyən edilir və qanunvericilikdə müəyyən edilmiş müddətlərin axımı həmin təqvim tarixindən başlamaqla hesablanır.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 23.Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

26. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyriformal) üsullarını müəyyən etmişdir.

27. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir.

28. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur.

29. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi.

30. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun mənasına görə vərəsə tərəfindən mirasın kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir.

31. Miras əmlakın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), torpağın becərilməsi, ona qulluq edilməsi, əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aiddir. Nəzərə almaq lazımdır ki, həmin hərəkətlər həm vərəsənin özü, həm də onun tapşırığına əsasən digər şəxslər tərəfindən də həyata keçirilə bilər.

32. Miras əmlakın faktiki cəhətdən qəbulunun təsdiqlənməsinin və sübut edilməsinin böyük əhəmiyyəti vardır. Bu hal müxtəlif orqanlar tərəfindən sənədlərlə təsdiq oluna bilər. Məsələn, miras qoyan ölən anda və miras açılandan sonra vərəsənin miras evdə yaşaması mənzil orqanı tərəfindən verilən müvafiq arayışla təsdiq olunur. Yaxud, miras qoyana məxsus əmlaka görə vərəsənin vergi ödəməsi vergi orqanı tərəfindən verilən arayışla təsdiq oluna bilər və s.

33. Lakin yuxarıda qeyd olunduğu kimi, mirasın qəbuluna (istər rəsmi, istərsə də faktiki) yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir.

34. Mirasın qəbul edilmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Bu müddət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi ilə dəqiq müəyyən edilmişdir. Həmin maddəyə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

35. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qanunla müəyyən olunmuş müddət ərzində mirası (“Mehparə-1” şəxsi firması) nə rəsmi, nə də faktiki qəbul etməmişdir. Ən azından işə baxan məhkəməyə bununla bağlı hər hansı sübut təqdim olunmamışdır.

36. Əksinə, digər cavabdehlər mübahisəli əmlakın mərhumun digər oğlu Cavabdeh3 tərəfindən faktiki idarə edildiyini bildirmişlər. Tərəflərin anası - mərhumun həyat yoldaşı Zərifə Bağırova şahid qismində ifadə verərək firmanın Zaur tərəfindən idarə olunduğunu, iddiaçının firmanın idarə olunmasında iştirak etmədiyini bildirmişdir. İddiaçının bacısı Mühparə Quliyeva da iddiaçının mirası faktiki qəbul etmədiyini, firmanın digər qardaşı Cavabdeh3 tərəfindən idarə olunduğunu göstərmişdir. İddiaçı özü də apellyasiya şikayətində tikili uzun müddət fəaliyyətsiz qaldıqdan sonra Cavabdeh3 qapının açarlarını dəyişərək firmanı icarəyə verdiyini bildirmişdir.

37. Əslində, iddiaçı özü də mirası qanunla müəyyən olunmuş müddət ərzində qəbul etmədiyini etiraf etmiş və məhz elə buna görə də məhkəmədən mirasın qəbulu müddətinin uzadılmasını xahiş etmişdir.

38. Lakin işə baxan məhkəmə tərəfindən mirasın qəbulu müddətinin uzadılması üçün əsaslar müəyyən edilməmişdir. İddiaçı bununla bağlı nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində hər hansı sübut təqdim etməmişdir.

39. Məhkəmə kollegiyası onu da qeyd edir ki, miras qoyanın sağlığında öz mülkiyyətində olan əmlaklardan hər hansı birini iddiaçıya bağışlamış olması, miras qoyanın ölümündən sonra mirasın iddiaçı tərəfindən faktiki qəbulu kimi qiymətləndirilə bilməz.

40. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

41. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

42. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır.

43. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

44. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

45. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

46. Məhkəmə kollegiyasının qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 22 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar