Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6954/2025 23.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 və üçüncü şəxs Habil Məmmədovun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 9 saylı Notariat ofisinə qarşı “kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-1929/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Borc verən Cavabdeh2 ilə borc alan İddiaçı Bakı şəhəri 9 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli 3M-146 reyestr nömrəli kredit müqaviləsi bağlayıblar. Müqaviləyə görə, borc verən 235.300 ABŞ dolları borc verir, borc alan isə həmin pulu xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürür. Sonradan kredit müqaviləsi borcun qaytarılması müddətinə münasibətdə iki dəfə dəyişdirilib. Belə ki, borcun qaytarılması müddəti “kredit müqaviləsinə əlavə” adlı xx.xx.2022-ci il tarixli müqavilə ilə xx.xx.2023-cü il tarixədək, “kredit müqaviləsinə 2 saylı əlavə” adlı xx.xx.2023-cü il tarixli müqavilə ilə xx.xx.2023-cü il tarixədək uzadılıb. 2.Kredit öhdəliyinin icrası ipoteka ilə təmin olunub. İpoteka saxlayan Cavabdeh2 və ipoteka qoyan İddiaçı Bakı şəhəri 9 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli 3M-147 reyestr nömrəli ipoteka müqaviləsi bağlayıblar. Müqaviləyə görə, İddiaçı məxsus olan, Bakıxanov qəsəbəsi, S.Mehmandarov prospekti, 36/14 ünvanında yerləşən, ümumi sahəsi 318,8 kv.m təşkil edən qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilib. Borcun qaytarılması müddəti birinci dəfə uzadılanda tərəflər “ipoteka müqaviləsinə əlavə” adlı xx.xx.2022-ci il tarixli müqavilə bağlayaraq həmin dəyişikliyin ipoteka ilə təmin olunduğunu razılaşdırıblar. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsində tələb olunub ki, kredit müqaviləsi, kredit müqaviləsinə əlavə kimi bağlanmış müqavilə və ipoteka müqaviləsi etibarsız hesab edilsin. 4.Tələbi onunla əsaslandırılıb ki, kredit və ipoteka müqaviləsi yalan əqddir. Belə ki, İddiaçı və Cavabdeh2 həmin müqavilələri bağlamaq niyyəti olmayıb. Borc münasibətində əsl borc alan Habil Məmmədov, əsl borc verən isə Saleh Abdullayevdir. Müqaviləni “borc alan” kimi imzalamış İddiaçı əsl borc alan Habil Məmmədovun qardaşı, müqaviləni “borc verən” kimi imzalamış Cavabdeh2 əsl borc verən Saleh Abdullayevin arvadıdır, onlar formal boşanıblar. Habil Məmmədov ilə Saleh Abdullayevin arasındakı həqiqi borc müqaviləsi İddiaçı və Cavabdeh2 arasında bağlanmış formal kredit və ipoteka müqaviləsi ilə pərdələnib. 5.Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Qətnamə onunla əsaslandırılıb ki, həmin müqavilələr yalan əqd deyil. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 7.Məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 və iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Habil Məmmədov apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. 8.Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 9.İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.İddiaçı kredit müqaviləsində “borc verən” və “borc alan” kimi göstərilmiş şəxslərin müqavilənin əsl tərəfləri olmadığını iddia edərək müdafiə üçün məhkəməyə müraciət etdiyinə görə, məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. 11.Birinci, iddiaçının müdafiəsi baxımından, borc pulun Cavabdeh2 və ya onun keçmiş əri - üçüncü şəxs Saleh Abdullayev tərəfindən verməsinin hüquqi əhəmiyyəti yoxdur. Belə ki, borcun qaytarılmasını tələb etmək hüququnun kimə məxsus olmasına münasibətdə Cavabdeh2 ilə Saleh Abdullayevin arasına fikir ayrılığı yoxdur, əksinə, hazırkı mübahisədə onların mənafeləri eynidir. İddiaçı özü də bunu təsdiq edib, yəni iddia ərizəsində qeyd edib ki, Cavabdeh2 və Saleh Abdullayev ər-arvadıdır, formal boşanıblar. Bundan başqa, Cavabdeh2 və Saleh Abdullayevin polisə verdiyi izahatlardan görünür ki, hazırkı mübahisədə onların mənafeləri eynidir. Bu izahatlar Nərimanov RPİ Təhqiqat Şöbəsinin təhqiqatçısının “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərarında qeyd olunub. Odur ki, borcun kim tərəfindən verilməsindən asılı olmayaraq iddiaçı borcu qaytarmaq vəzifəsi daşıyır. 12.İkinci, iddiaçının müdafiəsi baxımından, borcu onun özünün və ya qardaşının üçüncü şəxs Habil Məmmədovun almasının hüquqi əhəmiyyəti var, lakin müəyyən olunur ki, hazırkı işdə iddiaçının və onun qardaşının mənafeləri eynidir, pul iddiaçının qardaşına lazım olsa da, pulu qardaşı üçün iddiaçı borc alıb. Borc münasibətində borc alanın kim olması pulun kimin üçün alınmasına görə deyil, pulu kimin almasına görə müəyyən olunur. İddiaçı qardaşı üçün borc aldığı pulu borc verənə qaytardıqdan sonra qardaşına qarşı pul tələbi barədə iddia qaldıra bilər. Göründüyü kimi, iddiaçı borcu qaytardıqdan sonra müdafiəsiz qalmayacaq, müvafiq məbləğdə pulu qardaşından tələb edə biləcək. 13.Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında qeyd olunub: “Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır”. Kredit və ipoteka müqaviləsinin başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlandığı müəyyən edilmir. Odur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 14.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-1929/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6954/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6954/2025
23.01.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver