Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-696/2024 15.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə İddiaçı Cavabdehnə (bundan sonra mətndə Cavabdeh İB) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2775/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi, dalan 10, mənzil 11 (ünvan 1 ünvanına dair tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, elektron göstərici fərqlidir.
2. Abonent saldosundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi, dalan 10, mənzil 11 (ünvan 1 ünvanına (abonent kodu: **********00111) 2445,25 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən **********00111 saylı abonent kodu üzrə ona hesablanmış 2445,25 manat məbləğində debitor borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin Bakı RQSD-nin rəisi Z.Mehrəliyev (Paylayıcı) ilə İddiaçı (İstehlakçı) arasında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi, dalan 10, mənzil 11 (ünvan 1 ünvanına dair bağlanmış xx.xx.2023-cü il tarixli D-10062 №-li qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilədən görünür ki, “Paylayıcı” bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq “İstehlakçı”nı keyfiyyətli qazla təmin edir, “İstehlakçı”isə aldığı qazın dəyərini qaz sayğacının göstərişinə uyğun olaraq “Paylayıcı” tərəfindən təqdim edilən hesaba əsasən ödəyir (bənd 1). Qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş 14-2-2/3-5-4074-1 №-li “qaz sayğacının yoxlanılması” barədə aktdan görünür ki, GPG18080319 №-li sayğaca baxış keçirilmişdir. Sayğacın klapanı işlək deyil. Göstəricilər arasında fərq mövcuddur. Sayğacın yaddaşı arxiv olundu. Sayğaca istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb. Xətalar normaya uyğundur. Sayğac istismara yararsızdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi, dalan 10, mənzil 11 (ünvan 1 ünvanına dair tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, elektron göstərici fərqlidir. Akt tərtib olunan zaman o, İsmayıllıda idi. Buraya gəldikdə sayğacın çıxarılıb yenisi ilə əvəz olunduğunu görmüşdür. Buna dair sənədi qonşuya təqdim ediblər və sənəddə 2500 manat cərimə borcu olduğu yazılıb. Borc yazılan ev balacadır, evdə yalnız soba və “4 göz” var, kombi sistemi yoxdur. O, tez-tez həmin sayğaca 20 manat məbləğində ödənişlər edir və borcun yaranması mümkün deyil.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2775/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi, dalan 10, mənzil 11 (ünvan 1 ünvanına (abonent kodu: **********00111) hesablanmış 2445,25 (iki min dörd yüz qırx beş manat iyirmi beş qəpik) manat məbləğində borcun ləğv olunması, iddianın qalan hissədə rədd edilməsi, Cavabdehndən 44,45 (qırx dörd manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə toplanmış sübutları araşdıran məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə bağlanmış və iddiaçıya məxsus fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının qaz sayğacının klapanın işlək vəziyyətdə olmaması və göstərici fərqinin olması ilə bağlı akt tərtib olunarkən, sayğacın yararsız vəziyyətə salınmasının iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin iddiaçı tərəfindən birbaşa olaraq qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. “Qaz təchizatı” haqqında Qanunda, eləcə də, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Odur ki, akt qanunvericiliyinin tələbləri pozulmaqla tərtib olunduğundan, həmçinin qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh təşkilat tərəfindən sübut edilmədiyindən, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Həmçinin, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Buna görə də iddia qismən təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 2445,25 borc silinməlidir. Cavabdehin etirazında göstərdiyi dəlillər isə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki qaz sayğacının zədələnməsi istehlakçının təqsiri üzündən baş verdikdə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilə bilər. Cavabdeh tərəfindən isə iddiaçının qaz sayğacına qanunsuz müdaxilə etməsi, sayğacın yararsız vəziyyətə salınması nəticəsində qaz itkisinin yaranmasında iddiaçının təqsirli olması yaxud hər hansı bir qanunsuz əməl nəticəsində iddiaçının cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də, iddiaçı törətmədiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıya bilməz. Bundan əlavə, Qaydalara əsasən qaz sayğacının mühafizəsini təmin etmək vəzifəsinin cavabdehin üzərinə düşdüyünü və iddiaçının sayğacı kənar təsirlərdən mühafizə etmək öhdəliyi olmadığını nəzərə alınaraq hesab edilməlidir ki, istehlakçıdan sayğacın yararsız vəziyyətə salınması nəticəsində qaz itkisinin yaranmasına görə hər hansı ziyan tələb edilə bilməz.
7. Məhkəmə gəldiyi nəticəni “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarının 1.3, 3.1.5, 4.6, 4.7, 4.8, 4.9, 5.2, 6.5-ci maddələri, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanunun 13-cü maddəsinin 8,9-cu bəndləri və Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2775/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, qeyd olunan 2445.20 manat məbləğində borc sayğac vasitəsilə istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qazın dəyəridir. Belə ki, istehlakçının ünvanında quraşdırılmış G4 markalı 1802AZ**********19 nömrəli qaz sayğacına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, qeyd olunan sayğacda texniki nasazlıq baş vermiş və bunun da nəticəsində sayğacın klapanı bağlanmadığı üçün (sayğac mənfiyə işlədiyi üçün) istehlakçı tərəfindən ödəniş aparılmadan təbii qazdan istifadə olunmuşdur. Bu səbəbdən xx.xx.2023-cü il tarixində istehlakçının sayğacı yenisi ilə əvəz edilmiş və bununla bağlı ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir. Tərtib edilmiş aktda sayğacın mənfiyə işlədiyi, həmin tarixə elektron göstəricisinin 12098 m3, mexaniki göstəricisinin 21989 m3 qaz sərfiyyatı olduğu qeyd olunmuş. Daha sonra aktda qeyd olunan məlumatlarla elektron bazada olan məlumatlar qarşılıqlı yoxlanılmış və müəyyən edilmişdir ki, əvəzlənən sayğac üzrə istehlakçı tərəfindən cəmi 12098 m3 qaz sərfiyyatının dəyəri ödənilmişdir. Qeyd olunan göstəricilər arasındakı fərq 9891 m3 (21989-12098=9891) təşkil edir ki, həmin sərfiyyatın da dəyəri istehlakçı tərəfindən ödənilməmişdir. Həmin vaxt qüvvədə olan tariflərə əsasən 9891m (550m x 0.20 = 110 + 9341m x 0.25) illik limit keçildiyi üçün bu qiymətlə hesablanmışdır)= 2335.25) )= 2445.25 manat təşkil edirdi. Göründüyü kimi qeyd olunan məbləğ iddiaçı tərəfindən dəyəri ödənilmədən sayğac vasitəsilə istifadə edilmiş təbii qazın dəyəridir. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəflərindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini təmin etmişdir. Məbləğ sırf sayğac göstəricisi əsasında hesablanmışdır. Lakin məhkəmə göstərilənləri nəzərə almamış, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq düzgün olmayan qətnamə qəbul etmişdir. İddiaçı məhkəməyə iddia tələbini təsdiq edən hər hansı bir sübut təqdim edə bilməmiş, iddianı sırf şəxsi mülahizələrinə əsasən əsaslandırmışdır. Bunun əksinə iddia tələbinin tamamilə əsassız olduğunu cavabdeh tərəf olaraq sübuta yetirdiyimiz halda birinci instansiya məhkəməsi iddia tələbini hər hansı bir əsas olmadan təmin etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
12. Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
13. Mülki Məcəllənin 1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
14. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
15. 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
16. 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 18.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə,qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
23. İddiaçı xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən hesablanmış borcun silinməsini xahiş edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir.
24. "Azəriqaz” İstehsalat Birliyi qətnamədən verdiyi apellyasiya şikayətinin dəlili olaraq qeyd etmişdir ki, iddiaçıya məxsus sayğaca müdaxilə edildiyi, sayğacın klapanının işlək olmaması, göstəricilər arasında fərqin mövcud olması halı aşkar edilmiş, 2445,25 manat borc itirilmiş qazın dəyəri olaraq hesablanmışdır.
25. Məhkəmə kollegiyası istehsalat birliyinin şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “Qazdan istifadə Qaydaları”nın tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Həmçinin qeyd edilməlidir ki, işlək vəziyyətdə saxlanılmasına görə istehsalat birliyinin məsuliyyət daşıdığı sayğacda aşkar edilmiş qüsurların məhz istehlakçı – İddiaçı tərəfindən yol verilmiş qanun pozuntusu nəticəsində baş verməsinə dair hər hansı sübut "Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəməyə təqdim edilməmişdir.
26. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
28. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2775/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev