Məhkəmə qərarları › İş №2(103)-6963/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6963/2022

11.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6963/2022 11.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-441/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 326 C saylı bağ evi üzrə **********00003 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.

2. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2020-ci il tarixdə ******* saylı və xx.xx.2020-ci il tarixdə ******* saylı təbii X2nın pozulması (sayğacdan kənar xətt vasitəsilə istifadə edilmə) barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası məqsədilə hesabat aparılaraq qaz itkisinin xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə 14880 m3 , xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə 8856 m3 və xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə 22680 m3 olması müəyyən edilmişdir.

3. İddiaçının adına olan abonent saldosunun “ayın sonuna borc” bölməsində 2021-ci ilin oktyabr ayında ümumilikdə 4640,50 manat məbləğində borcunun olması qeyd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa kəndi, Bağlar ******* (abunə kodu: **********00003) ünvanına yazılmış 4640,50 manat cərimənin silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd edilən ünvanında bağ evi var. Həmin yaşayış sahəsində quraşdırılmış qaz sayğacı cavabdehin nümayəndələri tərəfindən çıxarılmış və əvəzinə digər sayğac quraşdırılmışdır. Sayğac dəyişdiriləndən sonra Cavabdeh əməkdaşları tərəfindən sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə etdiyinə görə müxtəlif vaxtlarda ona 4,640,50 manat dəyərində cərimələr tərtib ediblər. Sayğaclar quraşdırılan zaman və aktlar yazılan zaman evdə yaşayış olmayıb. İndinin özündə də evdə yaşayış yoxdur. Evdə qaz cihazları da qoşulmayıb. İki dəfə onun olmağı şərti ilə gəlib yoxlamalarına görə şikayət ərizəsi yazmışdır. Cavabdeh nümayəndələri gəlib yoxlamamış cərimələrin ödənilməsini məktubla tələb ediblər.

6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-441/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim P.Zamanlı) iddia təmin edilmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh qaz sayğaclarının saz vəziyyətdə saxlanılması vəzifəsini daşıyır. Bu vəzifəsinin yerinə yetirilməsi olaraq cavabdeh istehlakçılar tərəfindən qaz itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün mütəmadi yoxlamalar həyata keçirməlidirlər. Beləliklə, təbii X2nın pozulması barədə aktlarda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğundan həmin halların doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmiş, konkret olaraq iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini cavabdeh sübut edə bilməmişdir.

8. Bundan başqa cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı aktlar əsasında hesablanmış borcların iddiaçının sayğacdan kənar qanunsuz istifadəsi nəticəsində yarandığını bildirsə də, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/825 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən iddiaçıya məxsus yaşayış evinin yerləşdiyi ünvanda sayğacdan kənar qoşulmaqla təbii qazdan istifadə halı aşkar edilməmiş, lakin daşıyıcı qaz xəttini saxlayan metal borudan olan dayaqla daşıyıcı qaz xəttinin təmas yerində, daşıyıcı qaz xətti üzərində sonluğu tıxacla bağlı vəziyyətə olan borucuq vardır. Borucuğun sonluğunun açıq vəziyyətində həmin borucuq vasitəsilə sayğacdan kənar qoşulmaqla təbii qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür. Bununla da, iddiaçının, yaxud digər abonentin həmin borucuq vasitəsi ilə sayğacdan kənar təbi qazdan istifadə edib-etməməsi məhkəmə tərəfindən müəyyən edilə bilər. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, cavabdeh ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.

9. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 448.2-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 6.2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 5.2-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 2(011)- 441/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında yer alan dəymiş ziyan haqqında Akt İddiaçının qanunazidd hərəkətləri nətəcəsində və əsasında tərtib edilmişdir. Daha sonra həmin Akt əsasında Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçmi ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği 5974,80 manat təşkil etmişdir. Lakin, 1-ci instansiya məhkəməsi dəymiş ziyan məbləğinə “CƏRİMƏ” borcu kimi hüquqi qiymət verərək səhv nəticəyə gəlmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində Cavabdehə dəymiş zərər qiymətləndirilərək, İddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin 1-ci instansiya məhkəməsi bu halı nəzərə almamış, iddia tələbini təmin edərək, səhv qətnamə qəbul etmişdir. 1-ci instansiya məhkəməsi özbaşına hesablamalar apararaq, dəymiş maddi zərərin miqdarını müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən məsələdə səhv nəticəyə gəlmiş və bununla da Cavabdehin qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. 1-ci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair SALDO-da yer almış məlumatları da araşdırmamışdır. Belə ki, abonentin ödənişləri demək olar yoxdur. Belə ki, iddiaçı 2021-ci il 5 manat, 2021-ci il 8 manat ödəniş etmişdir. Bununla məlum olur ki, iddiaçı 2 il ərzində cəmi 13 manat ödəniş etmişdir. Bu da şübhə doğuran məqamdır. Məhkəmə tikinti-texniki ekspertizasının 10/825 saylı xx.xx.2022-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən iddiaçıya məxsus yaşayış evinin yerləşdiyi ünvanda sayğacdan kənar qoşulmaqla təbii qazdan istifadə halı aşkar edilməmiş, lakin daşıyıcı qaz xəttini saxlayan metal borudan olan dayaqla daşıyıcı qaz xəttinin təmas yerində, daşıyıcı qaz xətti üzərində sonluğu tıxacla bağlı vəziyyətə olan borucuq vardır. Borucuğun sonluğunun açıq vəziyyətində həmin borucuq vasitəsilə sayğacdan kənar qoşulmaqla təbii qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür yazılmasına baxmayaraq, məhkəmə bu əhəmiyyətli sübutu əsas götürməmiş və iddianı tam həcmdə təmin etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. 14.Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. 15.İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddianın rədd edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

20. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 23.1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 24.1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 25.1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun

26. 6.2-ci maddəsi üzrə bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır.

27. 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

28. 22-ci maddəsinə əsasən Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın:

29.1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 30.3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. 31.4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 32.6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

33. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

34. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

35. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

39. 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

40. 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

41. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

42. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş və iş materiallarına əlavə edilmiş abonent saldosundan müəyyən edilir ki, iddiaçıya məxsus ünvana qaz sayğacı 2015-ci ildə quraşdırılmışdır və həmin ünvanda iddiaçının istifadəsində 1 ədəd PQ-4 tipli qaz cihazı mövcuddur.

43. İddiaçının qaz xəttinə qanunsuz qoşulması ilə əlaqədar onun barəsində cavabdeh təşkilat tərəfindən 3 akt tərtib edilmişdir və həmin aktlar əsasında iddiaçıya hesablanmış borcun məbləği ümumilikdə 4640,50 manat təşkil edir.

44. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə qaz işlədicilərinə daxil borunun en kəsiyindən keçən qazın maksimal saatlıq qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 20 saat və hesabat müddəti 124 gün qəbul edilməklə, ümumilikdə 14880 m3 qaz itkisinin olması müəyyən edilmiş və buna görə iddiaçıya 1488,00 manat ziyan hesablanmışdır.

45. xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair eyni tarixli tələbnamədə PQ-4 maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün (1,2x24x90=2592m3), QSSQ-nın maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün (1,5x24x90=3240m3), dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (1,4x24x90=3024 m3, cəmi 8856 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və buna görə iddiaçıya 885,60 manat ziyan hesablanmışdır.

46. xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair eyni tarixli tələbnamədə isə PQ-4 maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 270 gün (1,2x24x270=7776m3), QSQ-nın maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün (1,5x24x270=9720m3), radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün qəbul edilməklə (0.8x24x270=5184 m3, cəmi 22680 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və buna görə iddiaçıya 2268,00 manat ziyan hesablanmışdır.

47. Kollegiya qeyd edir ki, hazırkı iddianın əsaslılığını müəyyən etmək üçün ilk növbədə onun tərəfindən qaz xəttinə qanunsuz qoşulmanın olub-olmadığı araşdırılmalıdır.

48. Bu məqsədlə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli rəyi ilə mübahisəli ünvanda sayğacdan kənar qoşulmaqla təbii qazdan istifadə halı aşkar edilməmişdir. Bununla yanaşı, müəyyən edilmişdir ki, göstərilən ünvanda daşıyıcı qaz xəttini saxlayan metal borudan olan dayaqla daşıyıcı qaz xəttinin təmas yerində, daşıyıcı qaz xətti üzərində sonluğu tıxacla bağlı vəziyyətdə olan borucuq vardır. Borucuğun sonluğunun açıq vəziyyətində həmin borucuq vasitəsilə sayğacdan kənar qoşulmaqla təbii qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür. Bununla da, iddiaçının, yaxud digər abonentin həmin borucuq vasitəsilə sayğacdan kənar təbii qazdan istifadə edib-etməməsi məhkəmə tərəfindən araşdırılmaqla müəyyən edilə bilər.

49. İş materiallarına fotoşəkillər əlavə edilmişdir. Həmin fotoşəkillərdə qaz xəttini saxlayan boru dirəyin daxilindən həmin qaz xəttinə qoşulma halı, həmin xəttin torpağın alt hissəsi ilə abonentə məxsus həyətyanı sahəyə daxil olması əks olunmuşdur.

50. İddiaçı bu fotoşəkillərdə ona məxsus qaz sayğacının və xətlərin olduğunu mübahisələndirməsə də, həmin xətdən onun istifadə etmədiyini bildirmişdir.

51. Həmçinin, iş materiallarında olan abonent saldosundan müəyyən edilir ki, iddiaçı aktların tərtib edildiyi müddət ərzində qazdan istifadəyə görə ödənişlər aparmamışdır.

52. Məhkəmə kollegiyası qeyd edilən sübutları əlaqəli şəkildə qiymətləndirərək bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən qaz xəttinə qoşulma halı mövcud olmuşdur.

53. Kollegiya hesab edir ki, iddiaçıya məxsus fərdi yaşayış evində qaz sayğacı 2015-ci ildə quraşdırılmasına baxmayaraq, aktların tərtib edildiyi dövrlər üzrə qazdan istifadəyə görə heç bir ödənişin aparılmaması, daşıyıcı qaz xəttinə qanunsuz qoşulmaq üçün nəzərdə tutulan borucuğun aşkar edilməsini çətinləşdirən üsulla qaynaq edilməsi, həmin ünvana baxış keçirilərkən bu borucuq vasitəsilə qoşulmanın qaz paylayacının əməkdaşları tərəfindən aşkar edilərək sənədləşdirilməsi onu deməyə əsas verir ki, iddiaçı qaz xəttinə sayğacdan kənar qoşulmaqla qazdan qanunsuz istifadə etmişdir.

54. Kollegiya qeyd edir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən aktların tərtib edilməsi zamanı abonentin iştirakının təmin edilməməsi və aktın bir nüsxəsinin abonentə təqdim edilməməsi özü-özlüyündə qanunsuz qoşulma halının olmaması anlamına gəlmir. Kollegiyanın qənaətinə görə, həmin aktlar sübut növlərindən biri kimi yalnız iş üzrə toplanmış digər sübutlarla birlikdə araşdırılmaqla onlara qiymət verilməlidir.

55. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının qaz xəttinə qanunsuz qoşulmamasına dair dəlilləri iş materialları ilə təkzib edilir.

56. Bununla yanaşı, kollegiyanın qənaətinə görə iddiaçının qaz xəttinə qanunsuz qoşulması nəticəsində vurulmuş ziyanın cavabdeh tərəfindən hesablanması qanunvericiliyin tələblərinə və işin həqiqi hallarına uyğun aparılmamışdır.

57. Belə ki, iş materiallarında olan abonent saldosundan və iddiaçının izahatından müəyyən olunur ki, onun istifadəsində bir ədəd PQ-4 tipli qaz cihazı vardır. Lakin xx.xx.2019-cu il tarixli akt üzrə hesabat aparılarkən bu hal nəzərə alınmamış, hesabat qaz boru xəttinin en kəsiyinin maksimal buraxıcılıq qabiliyyəti əsasında aparılmışdır. Bu cür hesabatın aparılması isə işin hallarına uyğun olmamaqla, iddiaçıya onun istifadə edə biləcəyindən dəfələrlə çox borcun hesablanmasına, nəticədə onun hədsiz yükə məruz qalmasına səbəb olur. İtirilmiş qaza görə hesabatın bu cür aparılmasının qanuni əsası da müəyyən edilmir. Ona görə də, həmin akt əsasında aparılmış hesabat üzrə cavabdehdən borcun tutulmasını kollegiya düzgün hesab etmir.

58. Bundan başqa, xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlar üzrə hesabat aparılarkən də iddiaçının istifadəsində olan 1 ədəd PQ-4 qaz cihazından başqa bir neçə (QSQ, QSSQ, Dəmir soba, Radiator) qaz cihazları üzrə də hesabat aparmış, həmçinin xx.xx.2020-ci il tarixli ******* tarixli akt üzrə hesabat 270 gün üçün aparılmışdır.

59. Lakin cavabdeh təşkilat iddiaçının istifadəsində göstərilən qaz cihazlarının hamısının olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

60. Bundan başqa, “X2”nın 2.7-ci bəndinə əsasən FHN-in və EN-in səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidirlər.

61. Bu mənada həmin qaz xəttinə 180 gündən daha əvvəl qoşulmanın olmasını sübuta yetirmək vəzifəsini də cavabdeh daşıyır. Lakin cavabdeh təşkilat bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, həmin akt üzrə hesabat onun tərtib edildiyi tarixdən 180 gün əvvəlki müddət üçün və yalnız 1 ədəd PQ-4 qaz cihazına görə aparılmalıdır.

62. Göstərilənlərlə yanaşı o da nəzərə alınmalıdır ki, qüvvədə olan normativ sənədlərə (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 14 mart 2011-ci il tarixli 11 saylı “İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında qərarı) əsasən itirilmiş qazın hesabatı istifadədə olan qaz cihazlarının maksimal sərfiyyat imkanları nəzərə alınmaqla, yay və qış aylarında fərqli saatlar (yay ayları üçün 6 saat, qış ayları üçün isə 18 saat) üzrə aparılır.

63. Yuxarıda qeyd edilənlər nəzərə alınmaqla iddiaçının qaz xəttinə qanunsuz qoşulması nəticəsində dəymiş zərərin məbləği: -xx.xx.2020-ci il tarixli akt üzrə 1 ədəd qaz cihazına görə 45 gün qış ayları üçün (1,2m3x18 saat x45 gün) 972 m3, 135 gün yay ayları üçün (1,2m3x6 saat x45 gün) 324 m3, ümumilikdə 1296 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya bor hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 129,6 manat; -xx.xx.2020-ci il tarixli akt üzrə 1 ədəd qaz cihazına görə 45 gün qış ayları üçün (1,2m3x18 saat x45 gün) 972 m3, 135 gün yay ayları üçün (1,2m3x6 saat x135 gün) 972 m3, ümumilikdə 1944 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 194,4 manat, ümumi borcun məbləği isə 324,00 manat müəyyən edilir.

64. Bununla da müəyyən edilir ki, iddiaçıya hesablanmış borcun yalnız 324,00 manat hissəsi əsaslı olmuşdur. Qalan 4316,50 manat borcla bağlı iddiaçının hər hansı hüquqa zidd hərəkəti müəyyən edilmədiyindən, kollegiya həmin borc məbləğinin hesablanaraq iddiaçıdan tələb edilməsini əsaslı hesab etmir. Göründüyü kimi, iddia tələbi qismən əsaslı olmuşdur.

65. Lakin işə baxmış birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır.

66. Bu səbəbdən kollegiya apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddiaçının qazdan qanunsuz istifadə etməsi ilə bağlı ona hesablanmış 4640,50 manat borcdan 4316,50 manatının silinməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalı, borcun qalan 324 manat hissəsinə münasibətdə isə qətnamə ləğv edilməklə, iddia rədd edilməlidir.

67. Kollegiya qeyd edir ki, hazırkı iddianın mübahisələndirilən hissədə qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

68. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qətetdi:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-441/2022 saylı qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 326 C saylı bağ evi fərdi yaşayış evi üzrə (abonent kodu **********00003) İddiaçı hesablanmış 4316,50 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 66,40 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Ekspert tədqiqatının dəyəri kimi hesablanmış 102 manat məbləğində xərc Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinin hesabına köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar