Məhkəmə qərarları › İş №2(103)-6968/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6968/2021

22.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6968/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(011)-2722/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, itirildiyi iddia olunan 4860 kub metr həcmində qazın dəyərinin ondan tutulmalı olmasına dair cavabdehin tələbinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yerləşən fərdi yaşayış evlərinə vaxtilə quraşdırılmış köhnə qaz sayğaclarının istismara yararsız olanlarının yeniləri ilə əvəz edilməsi layihəsi çərçivəsində 03.05.2019-cu il tarixdə, Cavabdeh əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Süleyman Əhmədov 43A ünvanında ona məxsus fərdi yaşayış evində quraşdırılmış smart tipli G-4 markalı 1202AQ**********3 nömrəli qaz sayğacı texniki baxış keçirilməsi üçün quraşdırıldığı yerdən çıxarılaraq smart tipli G-4 markalı STS**********1 nömrəli yeni qaz sayğacı ilə əvəz edilmişdir. Sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasında aparılan dövlət yoxlaması zamanı smart tipli G4 markalı 1202AQ**********3 nömrəli qaz sayğacının çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilərək təbii qaz itkisinin yarandığı aşkar edilərək, 19.06.2019-cu il tarixdə “Qaz sayğacının yoxlanılması barədə 29/1710-01553 №-li Akt”la rəsmiləşdirilmişdir. Aparılan dövlət yoxlamasında nöqsan aşkar edildiyi üçün itirilmiş qazın dəyərinin hesablanıb ödənilməsinə dair Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları tərəfindən 31.05.2019-cu il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li Akt” tərtib edilmişdir. Bakı Regional Qazın Satışı Departamentinin “İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası” isə itirilmiş qazın həcminin 4860m3 olduğunu iddia etdiyi üçün, hal-hazırda qeyd edilən 4860m3 qazın dəyəri kimi 486 (dörd yüz səksən altı) manat vəsait hissə-hissə smart karta vurulan balansdan silinir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(011)-2722/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yerləşən fərdi yaşayış evinə hesablanmış 4860 kub metr həcmində qazın dəyərini, yəni 486 manat məbləğində borcu silmək vəzifəsinin Cavabdehnə həvalə edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh İB-nin apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, İddiaçı mənzilində quraşdırılmış qaz sayğacı Cavabdeh İB-nin nümayəndələri tərəfindən çıxarılmış və dövlət yoxlamasıncan keçirilməsi üçün göndərilmişdir. Yoxlamanın rəyinə əsasən sayğaca müdaxilə edilməsi müəyyən edilmişdir. Ona görə də 486 manat məbləğində dəymiş ziyanın ödənilməsi istehlakçıdan tələb edilmişdir. Bilindiyi kimi əsasən qaldırılmış iddiaların mahiyyəti qaz xəttinə müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması deyil (təbii, bu da vacibdir), təsbitlənmis (foto şəkillər, protokollar, aktlar və s.) müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş külli miqdarda ziyanın ödənilməsidir. Proses iştirakçılarının izahatları: İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, apellyasiya şikayəti qətnamənin ləğvinə və iddia tələbinin təmin edilməməsinə yönəldilmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 may 2019-cu il tarixli, ******* saylı aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid sayğac laboratoriyaya göndərilmiş, qaz sayğacının yoxlanılması barədə akta əsasən “sayğacın çıxış plastmas borusu deşilmişdir” kimi qeyd edilmişdir. Hesabdan çıxarışın surətindən məlum olur ki, İddiaçı 2020-ci il üçün 486 manat məbləğində borcu vardır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin edərkən birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 may 2019-cu il tarixli, ******* nömrəli aktda “sayğacın çıxış plastmas borusu deşilmişdir” kimi qeyd edilsə də, cavabdeh həmin qüsurun iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 4860 kub metr həcmində qazın dəyərinin, yəni 486 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Qazdan istifadə Qaydaları”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə (evlərinə) quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsi barədə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilmədiyinə görə, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(011)-2722/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 388, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(011)-2722/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar