Məhkəmə qərarları › İş №2(103)-6969/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6969/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6969/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(011)-941/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 15352 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07.11.2014-cü il tarixdə cavabdehdən müqavilələr üzrə hər m2 üçün 760 manat olmaqla, ümumilikdə 141018 manat ödəməklə iki mənzil (ümumi sahəsi 112.4 m2 və 73.15 m2 olan) almış, 12.04.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş mülkiyyət haqqında çıxarışlarda isə mənzillərin ümumi sahələri müvafiq olaraq 103.3 m2 və 62.05 m2 kimi göstərilmişdir. Bu barədə cavabdehə bildirsə də, heç bir məhəl qoyulmamışdır. Göründüyü kimi, mövcud vəziyyətdə müqavilələrdə göstərilmiş sahələrdən fərqli olaraq 20.2 m2 sahə az olmuş, lakin cavabdeh onu aldadaraq həmin sahənin də pulunu almışdır. Bu səbəbdən hesab edir ki, cavabdehdən yaranmış fərq görə hər m2 üçün 760 manat hesablanmaqla ümumilikdə 15352 manat tutularaq ona ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(011)-941/2021 saylı qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia təmin edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmə prosesində cavabdehin iştirakının təmin olunmaması iddiaçıya iki mənzilə görə razılaşdırılmış 185,55 m2 sahənin faktiki olaraq təhvil verilməsi, reyestr xidməti tərəfindən verilmiş çıxarışlarda hesablamanın “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”na əsasən aparılması, yəni hər iki mənzildə mövcud olan 4 ədəd balkon sahələrinin 0,3 əmsalına vurulmaqla hesablanması, tələbdə qeyd olunan fərqin də məhz balkonların bu qaydada hesablanmasından meydana gəlməsi ilə əsaslandırılmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı isə, apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin olunmamalıdır. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən olunur ki, tərəflər arasında 26.08.2009-cu il tarixdə Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədov küçəsi, 3099 saylı məhəllədə inşa edilən yaşayış binasının tikintisində pay bölgüsü haqqında bağlanmış müqavilələrə əsasən, Cavabdeh MTK sözügedən yaşayış binasının 1-ci girişinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 112,4 m2 olan 118 saylı iki otaqlı və ümumi sahəsi 73,15 m2 olan 117 saylı bir otaqlı mənzilləri İddiaçı təhvil verməyi, sonuncu isə mənzilləri mülkiyyətə qəbul etməyi və dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər qarşılıqlı surətdə öz öhdəliklərini yerinə yetirmişlər. Sonradan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (bundan sonra DƏDRX) 1 saylı Bakı Ərazi İdraəsi tərərəfindən 04.04.2018-ci il və 10.04.2018-ci il tarixlərdə mənzillərə dair verilmiş texniki pasportlarda müqavilədə ümumi sahəsi 112,4 m2 göstərilən iki otaqlı mənzildə otaqların təyinatı – dəhliz 23,6 m2, hamam 3 m2, mətbəx 19,6 m2, yaşayış olaraqları 34,2 m2 və 19 m2, balkonlar 1,3 m2, 1.1 m2 və 1,5 m2 (Qeyd: 4.4x0.3=1.3; 3.5x0.3=1.1; 5.1x0.3=1.5) kimi; müqavilədə ümumi sahəsi 73,15 m2 göstərilən bir otaqlı mənzildə otaqların təyinatı – dəhliz 4,5 m2, hamam 4,7 m2, mətbəx 16,2 m2, yaşayış otağı 32 m2, balkon 4,6 m2 (Qeyd: 15x0.3=4,65) kimi göstərilmişdir. Qeyd olunan texniki pasportlar əsasında DƏDRX tərəfindən 06.04.2018-ci il və 12.04.2018-ci il tarixlərdə mənzillərə dair verilmiş çıxarışlarda iki otaqlı mənzilin ümumi sahəsi 103,3 m2, bir otaqlı mənzilin ümumi sahəsi isə 62,05 m2 göstərilmişdir. Hazırda iddiaçı, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə yerinə yetirilmədiyini bildirərək, mənzillərin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardakı faktiki sahəsi ilə müqavilələrdə göstərilmiş sahə arasındakı ölçü fərqinə görə artıq ödədiyi məbləğin geri qaytarılmasını tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək, iddiaçıya faktiki təhvil verilmiş sahə ilə müqavilələrdəki sahələrin eyni olmasını, çıxarışlarda qeyd olunmuş fərqin isə balkonların sahəsinin qaydalara uyğun olaraq 0.3 azaltma əmsalına vurulmaqla hesablanması nəticəsində yarandığını bildirir. Məhkəmə kollegiyası, tələbin hüquqi əsaslarını nəzərdən keçirib mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. MM-in 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Hazırkı işdə tərəflər arasında 26.08.2009-cu il tarixdə yaşayış binasının tikintisində pay bölgüsü haqqında müqavilələr bağlandığı üçün iddia tələbinə həmin əqdlərdən irəli gələn öhdəliklər çərçivəsində hüquqi qiymət verilməlidir. Həmin müqavilələrin 1.2-ci bəndinə əsasən, Cavabdeh MTK sözügedən yaşayış binasının 1-ci girişinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 112,4 m2 olan 118 saylı iki otaqlı və ümumi sahəsi 73,15 m2 olan 117 saylı bir otaqlı mənzilləri İddiaçı təhvil verməyi, sonuncu isə mənzilləri mülkiyyətə qəbul etməyi və dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi, iddianı təmin edərkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin tam icra edilməməsi, yəni iddiaçı tərəfindən müqavilələrdə razılaşdırılmış cəmi 185,55 m2 sahə üçün 141018 manat ödənilməsinə baxmayaraq, faktiki olaraq ona cəmi 165,05 m2 sahə təhvil verilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən rayon məhkəməsinin gəldiyi bu qənaəti əsaslı saymır. Belə ki, Şəhərsalma və Tikinti Məcəllsinin 59.2-ci və 59.3-cü maddələrinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Qeyd olunmalıdır ki, istinad olunan bu maddələr, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normalardır. Azərbaycan respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə əsasən, mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Baxılan işdən görünür ki, sözügedən mənzillərin çıxarışda əsk olunmuş ümumi sahələri DƏDRX tərəfindən bu qaydalara uyğun balkonların sahələri 0.3 əmsalına vurulmaqla hesablanmış və mənzillərin faktiki, eyni zamanda müqavilədə göstərilən sahələri ilə çıxarışda əks olunmuş sahələri arasındakı ölçü fərqi (20,2 m2) də məhz bunun nəticəsində yaranmışdır. Belə ki, mənzillərə dair DƏDRX tərəfindən verilmiş texniki pasportlardan görünür ki, balkonların faktiki sahəsi qeyd olunmaqla onların 0.3 əmsalına vurulması nəticəsində əldə edilmiş rəqəm ümumi sahəyə hesablanmışdır. Pasportlarda əks olunmuş faktiki sahələr toplandıqda isə mənzillərin hər birinin faktiki sahələrinin tərəflər arasında bağlanmış müqavilələrdə əks olunmuş ümümi sahələrlə eyni olması müəyyən olunur: - iki otaqlı, müqavilədə ümumi sahəsi 112.4 kv.m. göstərilən mənzilin pasporta əks olunmuş faktiki sahəsi: 23,6 (dəhliz) + 3 (hamam) + 19,6 (mətbəx) + 34,2 + 19 (yaşayış otaqları) + 4,4 + 3,5 + 5,1 (balkonlar)=112,4 m2; Qaydalara uyğun balkon sahələri 0,3 əmsalına vurulmaqla hesablanmış sahəsi: 23,6 (dəhliz) + 3 (hamam) + 19,6 (mətbəx) + 34,2 + 19 (yaşayış olaraqları) + 1,3 + 1,1 + 1,5 (balkonlar)=103,3 kv.m.; aralarındakı fərq: 112,4-103,3=9,1 m2 - bir otaqlı, müqavilədə ümumi sahəsi 73,15 kv.m. göstərilən mənzilin pasporta əks olunmuş faktiki sahəsi: 4,5 (dəhliz) + 4,7 (hamam) + 16,2 (mətbəx) + 32 (yaşayış otağı) + 15,5 (balkon) =72,9 m2; Qaydalara uyğun balkon sahələri 0,3 əmsalına vurulmaqla hesablanmış sahəsi: 4,5 (dəhliz) + 4,7 (hamam) + 16,2 (mətbəx) + 32 (yaşayış otağı) + 15,5 (balkon)=62,05 kv.m.; aralarındakı fərq: 72,9-62,05=10,85 m2. Göründüyü kimi, birinci mənzilin faktiki sahəsi ilə müqavilədə göstərilmiş sahəsi eynidir, ikinci mənzilin faktiki sahəsi ilə müqavilədə göstərilən sahəsi arasında fərq isə cüzi (0,25 m2) olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, cavabdeh aralarında bağlanmış 26.08.2009-cu il tarixli yaşayış binasının tikintisində pay bölgüsü haqqında müqavilələr üzrə iddiaçı qarşsında öhdəliklərini lazımi qaydada icra etmişdir. Ona görə də, iddiaçının bu müqavilələrdən irəli gələn hazırkı iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilərək, qətnamə ləğv olunmalı, iddia təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(011)-941/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(011)- 941/2021 saylı qətnaməsi ləğv olunsun, iddia təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar