Məhkəmə qərarları › İş №2(103)-6969/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6969/2022

14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6969/2022 14.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-3297/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə iddia ərizəsi ilə müraciət edərək, 07 noyabr 2019-cu il tarixli UNİ-3037 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, cavabdehdən xx.xx.2019-cu il tarixli UNİ-337 saylı Daxili lizinq müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə eduilməsinə görə xx.xx.2022-ci il tarixə 1579.21 manat gecikdirilmiş əsas, 350.79 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 733.22 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə 2954 manat dəymiş zərər, cəmi 5635.22 manat borc və ödənilmiş 77.16 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

2. Yasamal Rayon Məhkəməsinin 2(004)-3297/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, UNİ-3037 saylı xx.xx.2019-cu il tarixi “Daxili lizinq” müqaviləsi ləğv edilmiş, Cavabdeh xx.xx.2019-cu il tarixli UNİ-3037 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 1597,21 manat gecikdirilmiş əsas, 350,79 manat mükafat, 100 manat cərimə olmaqla, cəmi 2048 (iki min qırx səkkiz) manatın tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 38 (otuz səkkiz) manatı cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

3. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi tərəfindən lizinq obyektinə dəymiş zərər görə tələb edilən 2954 manat məbləğ hissədə iddia tələbi təmin edilməmişdir. Məhkəmə dəymiş zərərin təmin olunmamasını onunla əsaslandırmışdır ki, iddiaçı maddi zərərin əvəzinin cavabdehdən tutulmasını tələb etsə də qeyd edilən qüsurların məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yarandığını sübuta yetirə bilmir. Məhkəmə qətnamədə Azərbaycan Respublikası Mülki Məcəllənin 748-7-ci maddəsinə isdinad etsə də maddənin tələblərini və “Daxili lizinq” müqaviləsinin bəndlərini nəzərə almamışdır. “Daxili lizinq” müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektinisaz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmiş, yalnız iddiaçı elektron kabinet vasitəsi ilə ərizə göndərərək, səlahiyyətli nümayəndənin rayon məhkəməsinə ezam edilməsi əsası ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 07 noyabr 2019-cu il tarixli UNİ-3037 saylı “Daxili lizinq müqaviləsi”nin surətindən müəyyən olunur ki, X1 ilə 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA542142 ban 0470 mühərrik nömrəli avtomobil 14.800 manat məbləğinə İddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir.

7. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 12 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389.74 manat, ümumilikdə isə 14.800 manat məbləğində pulu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödəməyi öhdəsinə götürmüşdür.

8. Mülki iş materiallarında olan 21 may 2021-ci il tarixli Cavabdeh, X4 və İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış UNİ-3037 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinin surətindən müəyyən olunur ki, 07 noyabr 2019-cu il tarixli UNİ-3037 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür.

9. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli təhvil-təslim aktının surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı ASC-nin mülkiyyətində olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA542142 ban 0470 mühərrik nömrəli avtomobili X2 təhvil almışdır.

10. 20.07.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, 20 iyul 2022-ci il tarixə 1597,21 manat gecikdirilmiş əsas, 350,79 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 733,22 manat dəbbə pulu, cəmi 2681,22 manat borcu vardır.

11. Avtomobilin təhvil verilməsi barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, bu avtomobilin 2 nömrəsi yoxdur, texniki pasportu yoxdur, qabağı əzilmiş, bufer-fara və bəzi detallar əzilmiş, iki yan güzgüsü yoxdur, qapısı bağlıdır.

12. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, işlərin görülməsi və ehtiyat hissələrinin ümumi dəyəri də daxil olmaqla ümumilikdə 2954 manat tələb edilir.

13. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 176 saylı pretenziya məktubunun surətindən müəyyən olunur ki, cavabdehə daxili lizinq müqaviləsinə əsasən yaranmış borcunu dərhal ödəmədiyi təqdirdə, “Daxili lizinq” müqaviləsinin 9-cu bəndinə əsasən müqavilə birtərəfli qaydada ləğv ediləcəyi və yaranmış borcun və lizinq obyektinin məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

18. Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

19. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

20. Maddə 747.2. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur.

21. Maddə 748.3. Lizinq müqaviləsində tərəflərin öhdəliklərinin mübahisəsiz və aşkar pozuntular sayılan və lizinq müqaviləsinin ləğvinə səbəb olan hallar müəyyənləşdirilməli, tərəflər arasında hesablaşma və lizinq obyektinin geri götürülməsi proseduru hökmən qeyd olunmalıdır.

22. Maddə 748-1.9. Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır.

23. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:

24. Maddə 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

25. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

26. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.

27. Maddə 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

33. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

36. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

38. Hazırkı halda, iddiaçı apellyasiya şikayətində qətnaməni mahiyyət etibarı ilə dəymiş zərərə dair hissəsində mübahisələndirdiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən iddia tələbinin təmin edilməyən dəymiş zərər hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. İddia tələbini dəymiş zərər hissədə təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, iddiaçı da məhz bu məbləğdə maddi zərərin əvəzinin cavabdehdən tutulmasını tələb etsə də, qeyd edilən qüsurların məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yarandığını sübuta yetirə bilmir.

41. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).

42. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Rayon məhkəməsinin möveyi ilə razılaşan Kollegiya, eyni zamanda qeyd edir ki, iddiaçı dəymiş zərərə dair iddia tələbində özləri tərfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsaslanır, lakin qeyd edilən akt sübutlara dair əsaslı, şübhədənkənar və təkzibedilməzliklə bağlı tələblərə cavab vermir.

44. Beləliklə, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticə:

45. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

47. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

48. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 oktyabr 2021-ci il tarixindən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə edilmiş dəyişikliyə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər (maddə 402.1).

49. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

50. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-3297/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar