Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6969/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdehin nümayəndəsi-vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna qarşı “renta müqaviləsinin ləğv edilməsi” dair mülki üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(002)-1819/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Bakı şəhəri 45 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, renta alan İddiaçı, ƏMDK-nin yanında DƏRDX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə ********************002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüququ üzrə ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 45.6 m2 olan mənzili tam hissədə renta ödəyicisi Cavabdeh1 mülkiyyətinə verir. Renta müqaviləsi üzrə öhdəliklər aşağıdakı kimi müəyyən edilir:- renta ödəyicisi Cavabdeh1 renta alan İddiaçı özgəninkiləşdirilən tam hissə (45,6 kv\m) müqabilində aylıq 250 manat haqq ödəməlidir. Hazırda iddiaçı renta müqaviləsinin ləğvini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh1 Bakı şəhər 45 saylı notariat kontorunda bağlanmış 24 oktyabr 2017-ci il tarixli renta müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 45 saylı notariat kontorunda 24 oktyabr 2017-ci il tarixdə renta müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 45.6 kv.m olan mənzilini Cavabdeh1 rentaya verməyi, bunun müqabilində renta ödəyicisi Cavabdeh1 aylıq 250 manat haqq ödənilməsi nəzərdə tutulmuşdur. Rentanın satınalma qiyməti 50000 manat müəyyən edilmişdir. Lakin renta ödəyicisi olan Cavabdeh1 renta müqaviləsində nəzərdə tutulmuş şərtlərə əməl etməmiş və həmin pulu ödəməmişdir. Bütün bu illər ərzində həmin pul iddiaçının təqaüdündən ödənilmişdir. Cavabdeh1 renta verilməsi üçün nəzərdə tutan öz öhdəliklərinin icrasını etməmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(002)- 1819/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 45 saylı notariat kontorunda bağlanmış 24 oktyabr 2017-ci il tarixli renta müqaviləsinin ləğv olunması və iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, iddiaçı renta müqaviləsinin şərtinin yerinə yetirilməməsi əsası ilə, yəni cavabdehin hər ay 250 manat 00 qəpik renta haqqı ödəmək öhdəliyini ümumiyyətlə icra etməməsi ilə bağlı aralarında bağlanmış müqavilənin ləğv edilməsini tələb etmiş, Cavabdeh1 məhkəmə iclasında renta haqqı olaraq ödənişləri heç bir ay üzrə icra etmədiyini etiraf etmişdir. Renta haqqının ödənilməməsi cavabdeh tərəfindən məhkəmə iclasında etiraf edildiyindən və etirafın aldatma, hədə və ya yanılma nəticəsində baş vermədiyi aşkar olduğundan məhkəmə işin bununla bağlı halını sübut edilmiş hesab etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən müqavilə şərtinin pozulması halı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir və həmin hal Mülki Məcəllənin 879.1-ci maddəsinin tələbinə əsasən, renta alanın renta müqaviləsinin ləğvini tələb etməsi üçün əsasdır. Cavabdeh renta müqaviləsinin şərtinin ona aydın olmamasını, 6 il ərzində iddiaçının məişət tələbatlarının ödənilməsinə köməklik göstərdiyini və renta predmeti olan evin ona məhz həmin məişət xarakterli yardımların müqabilində veriləcəyini düşünməsi ilə bağlı bildirdiklərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında müqavilə notarial qaydada bağlanmış, tərəflər könüllü şəkildə iradə ifadələrini həmin müqavilədə əks etdirməklə qarşılıqlı razılığa gəlmişlər və renta alanın məişət xarakterli tələbatlarının ödənilməsi həmin müqavilənin şərtlərində nəzərdə tutulmamışdır. Məhkəmə cavabdeh tərəfindən dəvət edilmiş şahidlərin ifadələrinə münasibət bildirərək qeyd etmişdir ki, həmin ifadələr cavabdeh tərəfindən iddiaçıya müəyyən məişət tələbatlarının ödənilməsində kömək göstərilməsi halı ilə bağlı olmuş, iddiaçı renta müqaviləsində belə şərtlərin nəzərdə tutulmadığını və cavabdehin göstərdiyi xidmətlərin haqqını ödədiyini bildirmişdir. Qeyd edilən xidmətlər tərəflər arasında bağlanmış müqavilənin şərtlərində nəzərdə tutulmadığından məhkəmə cavabdehin renta müqaviləsinin pozulmaması ilə bağlı mövqeyinin əsassız olması qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması halı baş verdiyindən iddiaçı həmin müqavilənin ləğvini tələb etmək hüququna malikdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 424.2, 424.3, 864.1, 864.2, 865.1, 865.2, 866, 867.1, 867.2, 869.1, 869.2, 869.3, 878, 879.1-ci maddələrinə eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə bağlanan vaxtdan iddiaçının və onun həyat yoldaşının ev baxıcılığını edib, əziyyət çəkmişdir. Bunu onlar təklif etmişdilər. Onlar qəyyum olmağı təklif etməsəydilər bütün bunları etmək ona lazım deyildi. İddiaçıya altı il baxmış, əziyyət çəkmişdir, hansı ki, təfərrüatını sadalamaq istəmir. Həmçinin məişət qayğılarını çəkərək, bazarlıq etmiş, hətta bu işə bütün ailəsini cəlb etmişdir. Maraqlı budur ki, iddiaçı 250 manat pulun ödənilmədiyini qeyd edir, hansı ki, onun iddiaçı və həyat yoldaşına etdiyi ev baxıcılığının və digər işlərin dəyəri qat-qat üstündür. Onun gördüyü işlərin həcmi və dəyəri 250 manatdan çoxdur. Əgər məsələ 250 manatda idisə, onda həmin pulu ödəyib, öz işləri ilə məşğul olardı. Nə üçün həm pul ödəməli, həm də, xəstə və yaşlı adamların baxıcılığını etməlidir. Müqaviləyə əsasən, iddiaçıya ayda 250 manat ödəməli idi. Bunun müqabilində isə o ay ərzində ən aşağısı 600 manat dəyərindən çox iş görmüşdür. Məhkəmə bununla bağlı statistik məlumat əldə etsə idi, əmin olacaqdı ki, renta müqaviləsinin şərtlərini artıqlaması ilə yerinə yetirmişdir. Bu gün hansısa maraqlara görə, iddiaçı tərəf, onun illər boyu çəkmiş olduğu əzab əziyyəti yerə vuraraq, belə bir haqsız iddia qaldırmışdır. Əfsuslar olsun ki, məhkəmə də, buna düzgün qiymət verməmiş, ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə işə obyektiv qiymət versə idi, belə ədalətsiz qərar qəbul etməzdi. Bundan başqa birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinin tələbini pozaraq, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, həmin maddənin tələbinə görə - tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi tərəfindən iddiaçıya heç bir ziyan vurulmamışdır. 6 il ərzində yalnız onun və həyat yoldaşının qayğılarını çəkmişdir, onlar üçün işləmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələbini də pozmuşdur. İddiaçı tərəfindən ona hər hansı təklif, bildiriş və xəbərdarlıq göndərilməmişdir. Qanunun tələbinə görə iddiaçı aralarında olan müqavilənin ləğvi ilə bağlı ona rəsmi bildiriş, xəbərdarlıq göndərməli idi. Həmçinin iddiaçı iş üzrə istinad etdiyi halları sübut edən hər hansı əsas və sənəd təqdim etmədiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə qanunun tələbini pozaraq, ədalətsiz qərar qəbul etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, yalnız iddiaçının izahatına, əsaslanmışdır. Halbuki, Cavabdeh1 əslində müqavilə şərtlərini tam yerinə yetirməsinə dair kifayət qədər sübutlar mövcud olmuşdur. Birinci instansiya məhkəməsi isə bu xüsusatları nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi-vəkili tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etsə də, hazırki məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi və digər tərəf məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən hazırkı apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 864.1. Renta müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür. 864.2. Renta müqaviləsinə görə rentanı müddətsiz ödəmək (daimi renta) və ya renta alanın ömrü boyu ödəmək (ömürlük renta) vəzifəsinin müəyyənləşdirilməsinə yol verilir. 865.1. Renta müqaviləsi tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanır. 865.2. Renta ödənilməsi üçün daşınmaz əmlakın özgəninkiləşdirilməsini nəzərdə tutan renta müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
866. Renta ödənilməsi üçün daşınmaz əmlakın özgəninkiləşdirilməsini nəzərdə tutan renta müqaviləsinə görə mülkiyyət hüququnun keçməsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. 867.1. Renta ödənilməsi üçün özgəninkiləşdirilən əmlakı renta alan renta ödəyicisinin mülkiyyətinə haqq müqabilində və ya pulsuz verə bilər. 867.2. Renta müqaviləsində əmlakın haqq müqabilində verilməsinin nəzərdə tutulduğu halda əmlakın verilməsi və ödənilməsi üzrə tərəflərin münasibətlərinə alğı-satqı haqqında qaydalar, belə əmlakın pulsuz verildiyi halda isə bağışlama müqaviləsi haqqında qaydalar tətbiq edilir, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin qaydaları ilə ayrı hal müəyyənləşdirilməsin və bu, renta müqaviləsinin mahiyyətinə zidd olmasın. 869.1. Torpaq sahəsi və ya digər daşınmaz əşya renta ödənilməsi üçün verildikdə renta alan renta ödəyicisinin öhdəliyinin təminatından ötrü həmin əşyaya girov hüququ əldə edir. 869.2. Pul məbləğinin və ya başqa daşınar əşyanın renta ödənilməsi üçün verilməsini nəzərdə tutan müqavilənin mühüm şərti renta ödəyicisinin öz öhdəliklərinin icrasına təminat vermək və ya bu öhdəliklərin icra olunmaması, ya da lazımınca icra olunmaması üçün məsuliyyət riskini renta alanın xeyrinə sığorta etdirmək vəzifəsini müəyyənləşdirən şərtdir. 869.3. Renta ödəyicisi bu Məcəllənin 869.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə renta şərtlərinin təminatı renta alanın cavabdeh olmadığı hallara görə itirildikdə və ya pisləşdikdə renta alanın renta müqaviləsini ləğv etmək və müqavilənin ləğvi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək ixtiyarı vardır.
878. Əgər ömürlük renta müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ömürlük renta hər təqvim ayının sonunda ödənilir. 879.1. Renta ödəyicisi ömürlük renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduqda renta alan renta ödəyicisindən rentanı satın almağı və ya müqaviləni ləğv etməyi və zərərin əvəzini ödəməyi tələb edə bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı. Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 45 saylı notariat kontorunda bağlanmış ömürlük renta müqaviləsinə əsasən İddiaçı renta alan qismində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 45.6 kv/m olan mənzili renta ödəyicisi olan Cavabdeh1 mülkiyyətinə hər ay 250 manat renta haqqının ödənilməsi şərtilə vermişdir. Hazırda isə iddiaçı renta müqaviləsinin şərtinin yerinə yetirilməməsi əsası ilə, yəni cavabdehin hər ay 250 manat 00 qəpik renta haqqı ödəmək öhdəliyini ümumiyyətlə icra etməməsi ilə bağlı aralarında bağlanmış müqavilənin ləğv edilməsini tələb etmişdir. Cavabdeh1 isə birinci instansiya məhkəməsi baxışı zamanı eləcə də apellyasiya şikayətində renta haqqı olaraq ödənişləri heç bir ay üzrə icra etmədiyini qeyd etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən müqavilə şərtinin pozulması halı müəyyən edilmişdir ki, həmin halın mövcudluğu renta alanın renta müqaviləsinin ləğvini tələb etməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması halı baş verdiyindən iddiaçı həmin müqavilənin ləğvini tələb etmək hüququna malikdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh tərəf iddiaçıya hər hansı ziyan vurulmamasını eləcə də iddiaçı tərəfindən ona hər hansı təklif, bildiriş və xəbərdarlıq göndərilməməsinə istinad edərək, həmçinin 6 il ərzində iddiaçının məişət tələbatlarının ödənilməsinə köməklik göstərməsini və renta predmeti olan evin ona məhz həmin məişət xarakterli yardımların müqabilində veriləcəyini düşünməsini göstərməsi mahiyyəti üzrə qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə renta alanın məişət xarakterli tələbatlarının ödənilməsi həmin müqavilənin şərtlərində nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin araşdırılmış halları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən məhz müqavilədə nəzərdə tutulmuş öhdəliklər həyata keçirilməmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh iddiaçıya vurduğu zərər nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Həmin halın mövcud olması isə müqavilənin bir tərəfli qaydada ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarının qətnamsində istinad etdiyi maddi hüquq normalarına istinadən düzgün olaraq bu qənaətə gəlmişdir ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri həyata keçirməməsi iddiaçıya vurduğu zərər nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması ilə nəticələnmişdir ki, bununla da müqavilə müvafiq surətdə ləğv edilmiş sayılır. Məhkəmə kollegiyası cavabdehin iddiaçı tərəfindən ona hər hansı təklif, bildiriş və xəbərdarlıq göndərilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə olaraq qeyd edir ki, qanunvericilik tələbləri baxımından bu pozuntu kimi qəbul oluna bilərdi. Lakin iş materiallarından görünür ki, əvvəla cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən bu hal onun iddiaya etirazın əsası kimi istinad etdiyi dəlillərdən biri olmamışdır. Halbuki, bununla bağlı yazılı mövqeyini təqdim edə bilərdi. Belə ki, qeyd edilən hal pozuntu olsa da, birinci instansiya məhkəməsinin mahiyyəti üzrə düzgün qəbul edilmiş qətnaməsinin ləğvi prosessual qənaət prinsipinin tələblərinə zidd olardı. Çünki, cavabdehə iddiaçı tərəfindən ona hər hansı təklif, bildiriş və xəbərdarlıq göndərilməməsindən sonra hazırki mübahisəyə məhkəmə qaydasında baxılsa idi belə, birinci instansiya məhkəməsinin müəyyən etdiyi əsaslar faktiki olaraq dəyişilməz olaraq qalacaqdı. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətində qeyd edilənlər birinci instansiya məhkəməsinin qətnaməsini ləğvi üçün əsas deyildir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eləcə də iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(002)- 1819/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə