Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-697/2023 13.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadıyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 oktyabr 2022-ci il tarixli qətnamədən cavabdeh Birliyin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı, cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 764,60 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Ev cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur və bununla bağlı olaraq evdən kənarda, yəni küçədə Birlik tərəfindən qaz sayğacı quraşdırılmışdır. xx.xx.2017-ci il tarixdə Birliyin əməkdaşları əvvəlki smart tipli qaz sayğacını yenisi ilə əvəz etmişlər. Yeni sayğacdan bir müddət istifadə etdikdən sonra smart kartından pul tutulmaların aparıldığını görmüş və bununla bağlı Birliyə müraciət etmişdir. Birliyin əməkdaşları iddiaçıya bildirmişlər ki, əvvəlki qaz sayğacı laboratoriyaya göndərilmiş, orada aparılmış müayinə zamanı müəyyən edilmişdir ki, sayğaca müdaxilə edilmişdir və bununla əlaqədar olaraq ona əlavə sərfiyyat olaraq 764,60 manat məbləğində əlavə borc hesablanmışdır. İddiaçı bildirir ki, özü və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. Sayğac yeni isə əvəz edilərkən sayğacın qoruyucu plombları yerində olmuş, onlar qırılmadan sayğacın daxilinə müdaxilə edilməsi qeyri-mümkündür. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir. Qaz sayğacı iddiaçıya məxsus sahədən kənarda quraşdırılmışdır. İddiaçı tərəfindən qaz sayğacına hər hansı bir formada müdaxilə olunmasına, habelə onun tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda iddia əsaslı hesab edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə natamam və birtərəfli araşdırma aparmış, nəticədə isə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçıya məxsus yaşayış sahəsinə aid qaz xəttinə və qaz sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, iddiaçı qaz xəttinə özbaşına qoşulmaqla qazdan qanunsuz istifadə edir. Birliyin əməkdaşları bu barədə müvafiq akt tərtib etmişlər. Lakin işə baxmış Rayon Məhkəməsi bu halları nəzərə almamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, əsassız və sübuta yetməyən iddianı təmin etmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı barə məlumat
7. Cavabdeh Birliyin nümayəndəsi və iddiaçı işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) işdə olan sənədlər barədə məlumat
8. İşdə olan sənədlərdən görünür ki, iddiaçı, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Ev cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur və bununla bağlı olaraq evdən kənarda, yəni küçədə Birlik tərəfindən qaz sayğacı quraşdırılmışdır.
9. Cavabdeh Birliyin əməkdaşları tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* saylı aktdan görünür ki, iddiaçıya məxsus ünvandakı İTRON G-4 markalı, 1002A**********86 saylı qaz sayğacı yeni İTRON G-4 markalı, 1702AZ**********01 saylı qaz sayğacı ilə əvəz edilmişdir.
10. Birliyin xx.xx.2018-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış (əvvəlki) sayğaca baxış keçirən zaman müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilmişdir.
11. Birlik tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərardan və digər sənədlərdən görünür ki, aşkar edilmiş və yuxarıda qeyd edilmiş aktda əks olunmuş fakta görə iddiaçıya əlavə sərfiyyat olaraq 764,60 manat məbləğində borc hesablanmışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Göstərilənləri, nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
13. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8.). Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9.).
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tləblərinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (bənd 4.2.). Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (bənd 4.5.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (bənd 4.7.). Fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (bənd 4.8.). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (bənd 4.9.).
15. Qeyd olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, fiziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Müdaxilənin iddiaçı tərəfindən edilməsini təsdiq edən hər hansı sübut cavabdeh Birlik tərəfindən məhkəmələrə təqdim edilməmişdir.
16. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Başqa sözlə, yuxarıda qeyd edilən həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın – Birliyin üzərinə düşür, lakin o, öz mövqeyini sübuta yetirə bilmir.
17. Bununla da, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi göstərilənlərə əsaslanaraq iddianın təmin edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin işə baxmış Rayon Məhkəməsinin iş üzrə natamam və birtərəfli araşdırma aparması, nəticədə isə iş üzrə əsassız qətnamə qəbul etməsi barədə dəlilləri əsassızıdır.
18. Apellyasiya şikayətinin digər dəlilinə gəldikdə isə Məhkəmə qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında bu mülki mübahisənin yaranmasına əsas – iddiaçının yaşadığı ünvana aid qaz sayğacında sayğaca müdaxiləni təsdiq edən izlərinin aşkar edilməsi olmuş, lakin apellyasiya şikayətində Birlik qeyd edir ki, həmin ünvanda qaz xəttinə qanunsuz qoşulma faktı aşkar edilmişdir. Bu hal Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş və yuxarıda qeyd edilən aktlar və qərar ilə təkzib edildiyindən, Məhkəmə, apellyasiya şikayətinin bu dəlilini də əsaslı saymır. g) apellyasiya instansiyası məhkəməsinin nəticəsi
19. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Cavabdeh Birliyin apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
20. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
21. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Birlik tərəfindən ödənilmiş dövlət rüsumu MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
23. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
24. Odur ki göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 oktyabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.