Məhkəmə qərarları › İş №2(103)-6975/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6975/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6975/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı “xxxx” MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4059/2020 saylı 27 avqust 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, Müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı – 10.04.2019-cu il tarixli müqaviləsinə əsasən, Hoffmann markalı soyuducu və Led televizor üçün 1044 manat ödənilməmiş hissə, 104 manat cərimə pulu borcu, ümumilikdə 1148 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1178 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4059/2020 saylı, 27 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından aydın olur ki, yuxarıda qeyd olunan qətnamənin surəti 28.08.2020-ci il tarixdə Cavabdeh poçt vasitəsilə göndərilmiş, iş materiallarında olan poçt qəbzinə (xəbərnaməyə) əsasən 03 sentyabr 2020-ci il tarixdə təhvil alınmışdır. Hazırki apellyasiya şikayəti isə 01 iyun 2020-ci il tarixdə poçta təqdim edilmişdir (şikayət vermə müddətinin bitməsindən 10 ay sonra). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Göründüyü kimi, birinci instansiya məhkəməsi Cavabdeh apellyasiya şikayətini geri qaytarmalı olduğu halda, onu baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, şikayətə prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilmədiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll olunmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4059/2020 saylı 27 avqust 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki işin materialları Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar