Məhkəmə qərarları › İş №2(103)-6978/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6978/2025

24.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6978/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ "xxxx" MMC-nin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olmuş 2(007)- 2780/2021 nömrəli mülki iş üzrə maraqlarına toxunan şəxs qismində tanınması və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-2780/2021 nömrəli qətnaməsindən "xxxx" MMC-nin apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizələri üzrə (Açar sözlər: maraqlarına toxunan şəxs qismində tanınma və apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsinə dair mülki iş üzrə "xxxx" MMC tərəfindən “maraqlarına toxunan şəxs qismində tanınma” və “apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası” barədə verilmiş ərizələrə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2780/2021 nömrəli 19 noyabr 2025-ci il tarixli qərardadlarından Ərizəçi vəkili Vəkil1 tərəfindən verilmiş şikayətlər üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Ərizəçi qardaşı X1 “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-2780/2021 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, 09 iyul 1990-cı il tarixdə Abşeron rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir.

3. "xxxx" MMC tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olmuş 2(007)-2780/2021 nömrəli mülki iş üzrə maraqlarına toxunan şəxs qismində tanınması barədə ərizə verilmişdir.

4. Bundan əlavə, "xxxx" MMC apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.

İş üzrə qəbul olunmuş məhkəmə aktları:

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli 2(007)- 2780/2021 nömrəli qərardadı ilə Maraqlı şəxs2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-2780/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün maraqlarına toxunan şəxs kimi tanınmışdır.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin nizamnaməsindən göründüyü kimi X3 Maraqlı şəxs2 təsisçilərindən biridir, nizamnamə kapitalında 37,5 % payı vardır və buna görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-2780/2021 nömrəli qətnaməsi "xxxx" MMC-nin hüquq və vəzifələrinə toxunur.

7. Bundan əlavə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli 2(007)-2780/2021 nömrəli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-2780/2021 nömrəli qətnaməsindən "xxxx" MMC tərəfindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddət ötürülməmiş hesab edilmiş və mülki işin şikayətlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alnmışdır.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" MMC xx.xx.2025-ci il tarixdə ərizə verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)- 2780/2021 nömrəli qətnaməsi onların maraqlarına toxunduğu üçün qətnamənin rəsmi olaraq onlara təqdim edilməsini xahiş etmiş, "xxxx" MMC xx.xx.2025-ci il tarixdə qətnaməni rəsmi şəkildə əldə etdikdən sonra qətnamədən apellyasiya şikayəti vermişdir. Odur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)- 2780/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddət "xxxx" MMC tərəfindən ötürülməmişdir.

Şikayətin dəlilləri:

9. Ərizəçi vəkili Vəkil1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli 2(007)-2780/2021 nömrəli qərardadlarından şikayət vermişdir.

10. Maraqlı şəxs2 maraqlı şəxs kimi işə cəlb edilməsi barədə qəbul edilmiş qərardaddan verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Nizami Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli qərardadla qətnamənin qəbul edilməsindən 4 il sonra "xxxx" MMCnin hüquqlarına toxunan şəxs qismində işə cəlb edilməsi barədə qərardad qəbul etsə də, 4 il müddətində "xxxx" MMC ilə X1 qəyyumu Ərizəçi arasında bir neçə məhkəmə prosesində tərəf olmasını, "xxxx" MMC-nin artıq 2022-ci ildən X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə məlumatlı olmasını nəzərə almamış, ümumiyyətlə Ərizəçi təqdim etdiyi sənədlərə hüquqi qiymət verməmişdir. Nizami Rayon Məhkəməsi qətnamədən 4 il keçdikdən sonra, iş üzrə tərəf olmayan, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə məhkəmə qətnaməsi ilə maraqlarına toxunan şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul etsə də, hansı marağının pozulmasını öz qərardadında əsaslandırmamışdır.

11. Maraqlı şəxs2 tərəfindən apellyasiya şikayəti vermək üçün prosessual müddətin bərpa olunması barədə qəbul edilmiş qərardaddan verilmiş şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)- 2780/2021 nömrəli qətnaməsinin surəti əlavə edilməklə, "xxxx" MMC-nin hüquqi ünvanına 2022-ci ildə göndərilməsi barədə ərizənin surəti təqdim edilmiş, həmin vaxt "xxxx" MMC tərəfindən qətnamənin surətinin və ərizənin qəbul edilməsini təsdiq edən poçt bildirişi təqdim edilməsə də, hal-hazırda qərardaddan şikayətə əlavə edilməklə, bir daha təsdiq edir ki, "xxxx" MMC 2021-ci il tarixli qətnamədən xx.xx.2022-ci ildən məlumatlı olmuşdur. Bu barədə Ərizəçi tərəfindən göndərilmiş qətnamənin surətini ünvan 2 ünvanında "xxxx" MMC-də xx.xx.2022-ci il tarixdə Qəribov Əbil adlı şəxs xəbərnaməyə imza etməklə qəbul etmişdir.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.4-cü maddəsinə əsasən məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir.

13. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

14. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.

15. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər.

16. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

17. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.

18. Həmin Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, Ərizəçi vəkili Vəkil1 şikayətləri təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2780/2021 nömrəli 19 noyabr 2025-ci il tarixli qərardadları ləğv edilməli, "xxxx" MMC tərəfindən “maraqlarına toxunan şəxs qismində tanınma” və “apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası” barədə verilmiş ərizələri təmin edilməməlidir.

20. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC-nin direktoru Abdulla Hüseynov 26 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidentinə şikayət ərizəsi ünvanlamış və ərizəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2780/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə istinad edərək, X1 fəaliyyət qabiliyyəti olmayan şəxs olması barədə qətnamə qəbul olunduğunu bildirmişdir (i.v. 71).

21. Göründüyü kimi, "xxxx" MMC-nin ən azı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2780/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi barədə məlumatı olmuş və onun elə həmin dövrdə bu qətnamədən apellyasiya şikayəti verilməsi üçün maraqlarına toxunan şəxs tanınması və apellyasiya şikayəti vermək üçün müddətin bərpa edilməsinə dair məhkəməyə müraciət etmək imkanı olmuş, lakin o, bu imkandan istifadə etməmişdir.

22. Bundan əlavə, işin materiallarından göründüyü kimi "xxxx" MMC-nin digər təsisçiləri ilə X3 arasında əvvəllər məhkəmə mübahisələri olmuş və həmin mübahisələrdə X3 qəyyumu Ərizəçi ilə təmsil olunmuşdur.

23. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC-nin nümayəndəsi MMC-nin hazırki iş üzrə maraqlarına toxunan şəxs qismində cəlb olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin onların konkret olaraq hansı maraqlarına toxunduğunu kifayət qədər əsaslandıra bilməmişdir. Belə ki, MMC-nin təsisçilərindən biri olan X3 həmin qətnamə ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsa da, onun adından qəyyumu olan bacısı Ərizəçi çıxış edir.

24. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan hallara diqqət yetirməməklə "xxxx" MMC-ni hazırki iş üzrə maraqlarına toxunan şəxs qismində tanımaqla və MMC tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün müddətin ötürülməmiş hesab etməklə düzgün olmayan nəticəyə gəlmişdir.

25. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi vəkili Vəkil1 şikayətləri təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2780/2021 nömrəli 19 noyabr 2025-ci il tarixli qərardadları ləğv edilməli, "xxxx" MMC tərəfindən “maraqlarına toxunan şəxs qismində tanınma” və “apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası” barədə ərizələri təmin edilməməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Ərizəçi vəkili Vəkil1 şikayətləri təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2780/2021 nömrəli 19 noyabr 2025ci il tarixli “maraqlarına toxunan şəxs qismində tanınma” və “apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməmiş hesab edilməsi” barədə qərardadları ləğv edilsin. "xxxx" MMC tərəfindən “maraqlarına toxunan şəxs qismində tanınma” və “apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası” barədə ərizələri təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar