Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-698/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “xxxx” QSC-nin nümayəndəsi X2, Digər cavabdeh Bakı şəhəri Cavabdeh3 icra məmuru Babək Qasımovun iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” MMC, “xxxx” QSC, Bakı şəhəri Cavabdeh3nə qarşı “hərracın nəticələri haqqında protokolun və onun əsasında dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Bakı şəhəri Nərimanov rayonu, X11 küçəsi, ev 78A ünvanında xüsusi mülkiyyətdə olan 7 nömrəli mənzilin açıq hərracdan satılması ilə bağlı cavabdeh “xxxx” MMC-nin hərracın nəticələri haqqında 30/02 nömrəli, xx.xx.2019-cu il tarixli protokolunun və onun əsasında dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə hesab etmişdir ki, iddiaçı borclu olmadığı təqdirdə banka 27.000 ABŞ dolları ödəniş etmişdir. Halbuki, o, hərracın keçirilməsindən xəbərdar olsaydı, ən azından bu vəsaiti ödəməzdi. Məhkəmə nəzərə almamışdır ki, hərrac mərkəzi tərəfindən məktublar səhv ünvana göndərilmiş və həmin bildirişlər ona təqdim edilməmişdir. Əgər hərrac mərkəzinin hərracın keçirilməsi barədə onu məlumatlandırmaq niyyəti olsaydı, ipoteka predmeti olan mənzilə bildiriş göndərərdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmçinin bildirmişlər ki, hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən iddiaçıya heç bir bildiriş təqdim edilməmişdir. Bütün bildirişlər səhv ünvana göndərilmişdir, halbuki, iddiaçı icra şöbəsinə yeni ünvanı barədə məlumat vemişdir. Lakin hərrac təşkilatı tərəfindən bu hal nəzərə alınmamaqla, bütün bildirişlər köhnə ünvana göndərilməklə, hərracın keçirilməsi qaydaları pozulmuş və iddiaçı tam şəkildə məlumatlandırılmadığı halda onun iştirakı olmadan hərraclar keçirilmişdir. İddia ərizəsində qeyd etdikləri köhnə ünvanı isə səhvən yazdıqlarının nəzərə alınması və şikayətin təmin olunmasını xahiş edirlər. Cavabdeh “xxxx” QSC-nin nümayəndəsi isə, apelyasiya şikayətinə etiraz edərək, həmçinin bildirmişdir ki, bank tərəfindən sözügedən mənzil qanunvericiliyə müvafiq qaydada əldə edilmiş və onun adına dövlət retestrindən çıxarış verilmişdir. Belə ki, hərrac təşkilatı tərəfindən keçirilmiş ilkin və təkrar hərraclar baş tutmadığından ipoteka predmeti olan mənzil ilkin satış qiymətindən 25% aşağı qiymətlə ipoteka saxlayana, yəni banka təklif edilmiş və bank tərəfindən qəbul edilmişdir. Ona görə də, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Cavabdeh Bakı şəhəri Cavabdeh3 icra məmuru da, apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Eyni zamanda, icra işini məhkəmə kollegiyasına təqdim etdi və kollegiya tərəfindən baxış keçirildi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-951 saylı, xx.xx.2017-cı il tarixli icra vərəqəsinə əsasən, X9, X7, X10 və İddiaçı müştərək qaydada Cavabdeh2 ASC-nin xeyrinə 26R000003374 saylı kredit razılaşması üzrə 29004 ABŞ dolları əsas, 9508,47 ABŞ dolları faiz və 3000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 41.512,47ABŞ dolları borc, 26R00005111 saylı kredit razılaşması üzrə isə 20.788,57 ABŞ dolları əsas, 4538,84 ABŞ dolları faiz və 2000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 27.327,41 ABŞ dolları borc, hər iki kredit razılaşması üzrə ümumilikdə 85.839,88 ABŞ dolları, məhkəmə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat rüsum və 42 manat xidmət haqqı tutulmalı, tələb X5 məxsus Kürdəmir şəhəri, Aeraport yolu, 2-ci dalanda xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 1 nömrəli fərdi yaşayış evinə və İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 78A ünvanında xüsusi mülkiyyətdə olan 7 nömrəli mənzilə yönəldilməli, qeyd edilən fərdi yaşayış evi torpaq sahəsi ilə birgə və mənzil açıq hərracdan satılmalı və ümumilikdə 85.839,88 ABŞ dolları borc, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə almması üçün ödənilmiş 20 manat və 42 manat xidmət haqqı ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına Cavabdeh2 ASC-yə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ borclulardan ümumi qaydada tutulmalı, Kürdəmir şəhəri, Aeroport yolu, 2-ci dalanda Xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 1 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqdan sonra X4 həmin evə istifadə hüququnun itirilməli, evdən çıxarılmalı, həmin fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılmalı və alıcıya təhvil verilməli, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 78A ünvanında xüsusi mülkiyyətdə olan 7 nömrəli mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra İddiaçı həmin mənzilə istifadə hüququnun itirilməli, mənzildən çıxarılmalı, həmin mənzilin boşaldılmalı və alıcıya təhvil verilməlidir. İcra sənədi icra olunması üçün Cavabdeh3nə göndərilmişdir. İcra şöbəsi təərfindən İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 78A ünvanında 7 nömrəli mənzilin hərracdan satılması “xxxx” MMC-yə sifariş edilmişdir. xxxx” MMC tərəfindən ilkin satış qiyməti 120.000 manat müəyyən olunmaqla, qeyd olunan daşınmaz əşya ilə bağlı hərracın keçirilmə tarixi xx.xx.2019-cu il tarixə, saat 11:00a təyin edilmiş, bununla bağlı “Birja Yenilikləri” qəzetində elan dərc olunmuş və bu barədə İddiaçı xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli bildirişlər göndərilmişdir. Satılmalı olan sözügedən mənzilin ilkin satış qiyməti 102.000 manat müəyyən olunmaqla, təkrar hərracın keçirilmə tarixi xx.xx.2019-cu il tarixə, saat 11:00-a təyin edilmiş, bununla bağlı “Birja Yekilikləri” qəzetində elan dərc olunmuş və bu barədə İddiaçı xx.xx.2019-cu il tarixli bildiriş göndərilmişdir. Cavabdeh3 tərəfindən Cavabdeh2 QSC-yə və borclu İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, 01/1917 saylı ipoteka predmetinin əldə olunmasına dair bildirişində qeyd olunmuşdur ki, İcra şöbəsinin 4290-15-2B saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən ipoteka predmetinin təkrar hərracının baş tutumaması barədə “Birja Yenilikləri” qəzetinin xx.xx.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. “İpotek haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə, yəni 76.500 manat olmaqla ipoteka saxlayana təklif olunur. Hərrac Təşkilatının 30/02 nömrəli, xx.xx.2019-cu il tarixli hərracın yekunları barədə protokoluna əsasən, İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsində yerləşən 78a saylı evin, 7 saylı mənzil İpoteka Haqqında qanunun 43.7-ci maddəsinə əsasən 76 500 manat qiymətlə həmin tarixli hərracın yekunları üzrə əmlakn alqı-satqı barədə müqaviləyə əsasən “xxxx” QSC tərəfindən əldə edilmiş və xx.xx.2019-cu il tarixdə onun adına dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı, hərraclar barədə məlumatının olmadığını, bu barədə ona hər hansı bildiriş təqdim edilmədiyini bildirərək, hərracın keçirilmə qaydasını mübahisələndirir. Kollegiya mübahisənin həlli ilə bağlı ilk növbədə bildirir ki, ipoteka predmetinin hərracda satılması və hərracın keçirilməsi qaydaları “İpoteka haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. İddiaçı, hərracın keçirilməsi barədə ona məlumat verilmədiyini bildirsə də, bu halı təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Halbuki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Odur ki, iddianın “hərracın nəticələri haqqında yekun protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsi də əsassızdır. Əksinə, işdə olan poçt sənədlərinə əsasən müəyyən olunur ki, hərrac təşkilatçısı “xxxx” MMC tərəfindən təyin edilmiş hərraclar barədə bildirişlər iddiaçının iş materiallarında olan rəsmi ünvanına (ünvan 3 göndərilmişdir. Bundan başqa, hərracı keçirən təşkilat tərəfindən həm ilkin, həm də təkrar hərracın vaxtı və keçirilmə yeri, satışa çıxarılan əşya barədə məlumatların kütləvi informasiya vasitəsində dərc olunması və ictimai açıqlanması təmin olunmuşdur. İddiaçı, apelyasiya şikayətində bildirir ki, hərracın keçirilməsi barədə bildirişlər ona səhv ünvana göndərilmişdir. Belə ki, o, yeni ünvanı barədə İcra şöbsəinə məlumat versə də, bu hal hərrac təşkilatı tərəfindən nəzərə alınmadan bütün bildirişlər köhnə ünvan üzrə göndərilmişdir. Kollegiya, iddiaçının bu dəlilləri ilə razılaşmır, ona görə ki, müvafiq icra işi sorğu edilmiş və məhkəmə iclasında Kollegiya tərəfindən baxış keçirilimiş, lakin orada iddiaçının yeni ünvanı barədə hər hansı məlumat aşkar olunmamışdır. Eyni zamanda, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman da həmin ünvanı (ünvan 3 qeyd etmişdir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göründüyü kimi, ipoteka predmetinin hərracda satılması qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilmişdir. Belə olan halda, həmin hərracın etibarlı hesab olunur. Odur ki, qeyd olunanlara əsasən, Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və mübahisənin həlli ilə bağlı düzgün nəticəyə gəlmişdir və şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1837/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-698/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-698/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver