Məhkəmə qərarları › İş №2(103)-698/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-698/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-698/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, cavabdeh “X3 Azərbaycan” QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə və “X3 Azərbaycan” QSCyə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(006)-/21) iddia təmin edilməmişdir. İddiaçılar qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişlər. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin 30.11.2017-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC və İddiaçı1 “X3 Azərbaycan” QSC-nin xeyrinə 21 may 2014-cü il tarixli, 4 saylı kredit sazişi üzrə cəmi 213.247,88) manat məbləğində borcun və 22 may 2014-cü il tarixli, 5 saylı kredit sazişi üzrə cəmi 201.554,59 manat məbləğində borcun tutulması, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsindəki 131 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 90.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsindəki 253 saylı evin 117-ci mənzilinin ilkin satış qiyməti 95.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsindəki 253 saylı evin 116-cı mənzilinin ilkin satış qiyməti 110.000 manat və Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 128.000 manat müəyyən edilməklə tutmanın həmin daşınmaz əşyalara yönəldilməsi, bu əmlakların açıq hərracdan satılması və s. qət edilmişdir. Qətnamədən müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri verilsə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Qətnamə üzrə bir sıra icra hərəkətləri aparılmış, lakin onlar bu icra hərəkətlərinin aparılmasından xəbərsiz olmuşlar. Bir neçə gün əvvəl Qaradağ icra və probasiya şöbəsindən icra məmuru iddiaçıya zəng edərək ipoteka ilə yüklü edilmiş yaşadığı yeganə fərdi yaşayış evinin guya hərrac vasitəsilə qətnamə üzrə tələbkara satıldığını bildirmişdir. İddiaçı icra məmurundan hərracın hansı hərrac təşkilatı vasitəsilə keçirildiyini soruşduqda icra məmuru hərracın "xxxx" tərəfindən keçirildiyini bildirmişdir. İddiaçılar dərhal həmin hərracın keçirildiyi İ.Hidayətzadə küçəsində yerləşən ofisə getdikdə həmin təşkilatın artıq fəaliyyətini dayandırdığını öyrənmişlər. Onlar məcbur qalıb Qaradağ İcra və Probasiya şöbəsinə gedib 06 oktyabr 2020-ci il tarixli ərizə ilə rəsmi qaydada müraciət edib hərracın yekun protokollarını əldə etmişlər. "xxxx" MMC formal hərrac keçirərək Qaradağ rayonu, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini 81.600 manata “X3 Azərbaycan” QSC-yə satmışdır. 20 sentyabr 2019-cu il tarixli, Y-233/1 №-li “Hərracın yekunları barədə Protokol” qanunun tələblərinə cavab vermədiyindən məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Belə ki, hərrac təşkilatının 81.600 manata tələbkara satdığı evin real bazar dəyəri bir milyon manatdan artıqdır. Əgər həmin evə baxış keçirilsə evin real dəyərinin daha artıq olduğu dərhal bilinər. Başqa bir maraqlı məsələ isə hərracı keçirən təşkilatın artıq fəaliyyət göstərməməsidir. Onlarda olan məlumata görə bu təşkilat birdəfəlik bağlanıb. Bütün bunlar bir daha göstərir ki, cavabdehin iştirakı olmadan keçirilən hərrac hansı məqsəd daşıyıb. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini mübahisələndirilən ipoteka predmetinin hərracda ucuz satılması və keçirilən hərrac barədə onlara məlumat verilməməsi ilə əsaslandırmışlar. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Səbail Rayon Məhkəməsinin 30.11.2017-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC və İddiaçı1 “X3 Azərbaycan” QSC-nin xeyrinə 21 may 2014-cü il tarixli, 4 saylı kredit sazişi üzrə cəmi 213.247,88 manat və 22 may 2014-cü il tarixli, 5 saylı kredit sazişi üzrə cəmi 201.554,59 manat məbləğində borcun tutulması, tutmanın ipoteka predmeti olan digər daşınmaz əmlaklarla yanaşı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin ilkin satış qiymətinin 128.000 manat müəyyən edilməsi, bu əmlakların açıq hərracdan satılması və s. qət edilmişdir. Qətnamədən müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri verilsə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış və qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Qaradağ rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1-in açıq hərracda satışı üçün elan verilmiş və ilkin hərrac və təkrar hərrac keçirilmiş, lakin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2-ci maddəsinə əsasən hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış elan olunmuşdur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən əmlak 25 % endirimlə “X3 Azərbaycan” QSC-yə təklif olunmuş və nəticədə QSC tərəfindən ipoteka predmeti əldə edilmişdir. İddiaçılar keçirilmiş hərracdakı əmlakın satış qiyməti ilə razılaşmayaraq hazırkı tələblə məhkəməyə müraciət etmişlər. Onların tələbi hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və gəldiyi nəticəni “İpoteka haqqında” Qanunun 41, 42, 43, 44-cü, Mülki Məcəllənin 415.5-ci maddələri və s. ilə əsaslandırmışdır. «İpoteka haqqında» Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.. Həmin Qanununun 43.8-ci maddəsinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmin Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol müqavilə qüvvəsinə malikdir. Birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını hazırkı iş üzrə mübahisəli hüquq münasibətinə tətbiq edərək bu qənaətə gəlmişdir ki, hazırkı işdə hərracın nəticələri haqqında tərtib olunmuş protokolun etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur. Birinci instansiya məhkəməsi iddiaçılar tərəfindən ipoteka predmeti olan mübahisəli evin hərracdakı satış qiymətinin mübahisələndirildiyini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad etmiş və qeyd etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 30.11.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur və onun yenidən mübahisələndirilməsi yolverilməzdir. MPM-nin 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya şikayətinin əsas dəlilərindən biri də məhz həmin normanın düzgün tətbiq olunmaması barədədir. Apelyatorların fikrincə qətnamə çıxdıqdan sonra icraya qədər daşınmaz əmlakın qiymətində dəyişiklik olması mümkündür və bu hal ipoteka predmeti olan əmlak hərraca çıxarılarkən nəzərə alınmalıdır. Hazırda onların əmlakının (evinin) satış qiyməti 1 000 000 manat civarındadır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini əsassız sayır və birinci instansiya məhkəməsinin həmin dəlilə verdiyi qiymətlə razılaşır. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhkəmə kollegiyası məhz bu prinsipi əsas götürərək hesab edir ki, yuxarıda qeyd olunan məhkəmə aktları ilə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı məsələyə faktiki olaraq hüquqi qiymət verilmişdir. İddiaçılar həmin işdə ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirmiş və məhkəmə ona müvafiq hüquqi qiymət vermişdir. Məhkəmə aktları ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında isə qeyd olunmuşdur ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Apellyasiya şikayətinin digər dəlili hərrac təşkilatçısı tərəfindən təyin olunan hərracın vaxtı və yeri haqqında iddiaçılara məlumat verilməməsi, onlara bildiriş göndərilməməsi barədədir. Məhkəmə kollegiyası bu dəlili də iş materialları təkzib olunduğundan əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı bilirdi ki, onun evinə tutma yönəldilmişdir və hərracda satılmaq üçün çıxarılacaq. Həm də hazırkı işin 87, 88-ci vərəqlərində olan poçt göndərişlərinin surətlərindən də göründüyü kimi, keçirilən hərraclar barədə iddiaçılara lazımi qaydada məlumat verilmişdir. Cavabdehin nümayəndəsi apellyasiya baxışı zamanı da bununla bağlı sübutları bir daha məhkəmə kollegiyasına təqdim etdi. Mülki Məcəllənin 415.2-ci maddəsində nəzərdə tutulan bildirişlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında belə şərh verilmişdir ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar