Məhkəmə qərarları › İş №2(103)-6983/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6983/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6983/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X4 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin və avtomobilin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-390/2021 saylı 28.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan “Honda” markalı “Accord” modelli **-AR-*** qeydiyyat nömrəli avtomaşının cavabdehin qanunsuz istifadəsindən alınıb mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması, cavabdehdən iddiaçının xeyrinə 17.893 manat əsas lizinq borcu, 6.505 manat lizinqdən istifadəyə görə faiz borcu, 6.800 manat hesablanmış penya, cəmi 31.198 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin direktoru X2 ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2018-ci il tarixli 1801/0488 saylı daxili lizinq müqaviləsinə əsasən, İddiaçı MMC cavabdehin ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə 1-də göstərilən və ümumi dəyəri 26.000 manat olan 1 ədəd “Honda” markalı “Accord” modelli **-AR-*** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, Cavabdeh müvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh isə öz növbəsində 18.200 manat məbləğində borcu illik 32 faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh 36 ay müddətinə illik 32 faiz mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə xəbərdarlıq edilmişdir. Daha sonra İddiaçı MMC-nin nümayəndəsi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan “Honda” markalı “Accord” modelli **-AR-*** qeydiyyat nömrəli avtomaşının cavabdehin qanunsuz istifadəsindən alınıb mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması, cavabdehdən iddiaçının xeyrinə 17.893 manat əsas lizinq borcu, 10.429,60 manat lizinqdən istifadəyə görə faiz borcu, 17.786,47 manat hesablanmış penya, cəmi 46.109,07 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-390/2021 saylı 28.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı MMC-nin mülkiyyətində olan “Honda” markalı “Accord” modelli **-AR-*** qeydiyyat nömrəli avtomaşının İddiaçı MMC-yə təhvil verilməsi, Cavabdeh əsas borca görə 17.892,64 (on yeddi min səkkiz yüz doxsan iki manat altmış dörd qəpik) manat, faiz borcu üzrə 3.768,85 (üç min yeddi yüz altmış səkkiz manat səksən beş qəpik) manat və dəbbə pulu üzrə 1.600 (bir min altı yüz) manat olmaqla, cəmi 23.261,49 (iyirmi üç min iki yüz altmış bir manat qırx doqquz qəpik) manat pul vəsaiti və 27 (iyirmi yeddi) manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi, 3 (üç) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ekspertiza xərcinə görə ödənilmiş 200 (iki yüz) manat pul vəsaitinin 182 (yüz səksən iki) manatının Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, qalan 18 (on səkkiz) manatın iddiaçının özünə aid edilməsi, iddianın tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-390/2021 saylı 28.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 390/2021 saylı 28.04.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı işdə cavabdehin şikayəti qətnamənin tam ləğv edilməsinə yönəldiyinə görə onun əsaslılığı tam yoxlanılmalıdır. Cavabdeh nümayəndəsi və vəkili X1 apellyasiya məhkəməsində keçirilən birinci məhkəmə iclasında çıxış edərək göstərmişdir ki, birinci instansiya məhkəməsi avtomaşının cavabdehin əlindən İddiaçı MMC-nin tələbi ilə alınması və cərimə meydançasına yerləşdirilməsinə baxmayaraq, lizinq müqaviləsi üzrə borcu son tarixə kimi tutmuş və eyni zamanda avtomaşının da iddiaçıya qaytarılmasını qət etmişdir. Beləliklə. cavabdeh həm müqavilə üzrə müəyyən edilmiş bütün pul məbləğini ödəməli, həm də avtomaşın iddiaçıya qaytarılmalıdır. Bu isə ədalətsiz yanaşmadır. Cvabdeh tərəfi mübahisəni barışıq yolu ilə nizama salınmasının tərəfdarıdır. Əgər bu mümkün olmasa cavabdeh yalnız avtomaşının onun əlindən alınaraq cərimə meydançasına yerləşdirilənədək borc kimi yaranmış məbləği ödəməlidir. Belə ki, sonrakı müddət ərzində avtomaşın cavabdehin iradəsindən asılı olmayaraq onun sahibliyində olmamış, o avtomaşından istifadə etməmiş və ona görə də həmin dövr üçün pul ödəməli deyildir. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları araşdıraraq müəyyən etmişdir ki, 19 noyabr 2018-ci il tarixdə İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında daxili lizinq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən lizinq verən 1 ədəd “Honda” markalı “Accord” modelli **-AR-*** qeydiyyat nömrəli avtomobili lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə müvafiq olaraq İddiaçı MMC-yə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Lizinq obyektinin sahibi İddiaçı MMC-dir. Cavabdeh daxili lizinq müqaviləsi üzrə ümumilikdə 46.109,07 manat borcu mövcuddur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 30 mart 2021-ci il tarixli ekspert rəyindən görünür ki, 18 yanvar 2021-ci il tarixə cavabdehin əsas borc üzrə 17.892,64 manat, faiz borcu üzrə 10.051,16 manat, cərimə borcu üzrə isə 16.247,75 manat borcu müəyyən edilmişdir. 30 mart 2021-ci il tarixli ekspert rəyinə əsasən 18 yanvar 2021-ci il tarixə cavabdehin 17.892,64 manat əsas borcu yaranmışdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, “cavabdehdən 17.892,64 manat əsas borc tutulmalıdır. Məhkəmə cavabdehdən tutulmalı olan faiz borcunun məbləğini müəyyən edərkən belə hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı iddia tələbində cavabdehdən lizinq obyektindən istifadəyə görə 10.429,60 manat faiz borcu tələb etmişdir. Lizinq obyekti 14 dekabr 2019-cu il tarixdə cavabdehdən alınaraq cərimə meydançasına yerləşdirilmişdir. Məhkəmə faiz məbləğinin məhz bu tarixə qədər olan dövr üçün tutulmasını qanuni hesab edir. İş materiallarında olan 30 mart 2021-ci il tarixli ekspert rəyinə əsasən 14 dekabr 2019-cu il tarixə cavabdehin 3.768,85 manat faiz borcu yaranmışdır. Məhkəmə ekspert rəyini sübut qismində qəbul etmiş, cavabdehdən lizinq obyektindən istifadəyə görə 3.768,85 manat faiz borcu tutulmasını qanuni hesab etmişdir”. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddia hüquq normalarının tətbiqi ilə əlaqədar qeyd etmişdir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası birincoi instansiya məhkəməsi tərəfndən mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi hüquq normaları ilə razılaşır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə birinci instansiya məhkəməsi qətnaməsinin ləğv olunmasının əsası kimi ona istinad olunmuşdur ki, avtomaşının cavabdehin əlindən İddiaçı MMC-nin tələbi ilə alınması və cərimə meydançasına yerləşdirilməsinə baxmayaraq, lizinq müqaviləsi üzrə borcu son tarixə kimi tutmuş və eyni zamanda avtomaşının da iddiaçıya qaytarılmasını qət etmişdir. Beləliklə, cavabdeh həm müqavilə üzrə müəyyən edilmiş bütün pul məbləğini ödəməli, həm də avtomaşın iddiaçıya qaytarılmalıdır. Əslində cavabdeh yalnız avtomaşının onun əlindən alınaraq cərimə meydançasına yerləşdirilənədək borc kimi yaranmış məbləği ödəməlidir. Belə ki, sonrakı müddət ərzində avtomaşın cavabdehin iradəsindən asılı olmayaraq onun sahibliyində olmamış, o avtomaşından istifadə etməmiş və ona görə də həmin dövr üçün pul ödəməli deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Belə ki, cavabdehə lizinqə verilmiş “HONDA” markalı “ACCORD” modelli ** AR *** qeydiyyat nömrəli avtomaşın 14.12.2019-cu il tarixdən İddiaçı MMC-nin iradəsinə uyğun olaraq cavabdehdən alınaraq cərimə meydançasına yerləşdirilmiş və hal-hazıra kimi cavabdeh avtomaşından istifadə edə bilməmişdir. Hazırda avtomaşın iddiaçı tərəfindən geri alınır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, avtomaşın cavbdehin iradəsi əleyhinə iddiaçının iradəsinə uyğun olaraq cavabdehin sahiblik və istifadəsindən çıxdığına görə cabadeh avtomaşının onun sahiblik və istifadəsində olmadığı vaxt üçün əsas və faiz borcunu ödəməli deyildir. 14.12.2019-cu il tarixə cavabdeh iddiaçıya müəyyən edilmiş cədvələ müvafiq olaraq 10309 manat pul ödəməli olduğu halda cəmi 2361 manat 49 qəpik pul ödəmiş 6607 manat 51 qəpik borclu qalmışdır. Ona görə də Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalı olan pulun məbləğini məhkəmə kollegiyası 6607 manat 51 qəpik müəyyən edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-390/2021 saylı 28.04.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalı olan pulun məbləği hissəsində dəyişdirilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulan məbləğ 6607 manat 51 qəpik müəyyən edilməlidir. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-390/2021 saylı 28.04.2021-ci il tarixli qətnaməsi Cavabdeh İddiaçı MMC – nin xeyrinə tutulmalı olan pulun məbləği hissəsində dəyişdirilməklə tutulan pulun məbləği 6607 manat 51 qəpik müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar