Məhkəmə qərarları › İş №2(103)-6997/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6997/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6997/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Maraqlarına toxunan şəxs X5 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4484/2020 saylı iş üzrə 07 oktyabr 2020-cı il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs X9 tərəfindən birgə verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı – cavabdeh ilə aralarında bağlanmış 12.02.2011-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən hündürmərtəbəli binanın A1 blokunun 6-cı mərtəbəsində olan, ümumi sahəsi 124,7 kv.metr təşkil edən yaşayış sahəsinə sahiblik və istifadə hüququnun bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MTK arasında, 12.02.2011-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MTK, Bakı şəhəri İcra Hakimiyyətinin 276 saylı, 12.10.2006-cı il tarixli sərəncamına əsasən, tikintisini apardığı, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən hündürmərtəbəli binanın A1 blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 124,7 kv.metr təşkil edən yaşayış sahəsini iddiaçıya satmışdır. Həmin yaşayış sahəsinin dəyəri müqavilə ilə 62350 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən müəyyən edilmiş məbləğ, müqavilə bağlanan gün, yəni 12.02.2011-ci il tarixdə Cavabdeh MTK-nın kassasına mədaxil edilmişdir. Hal-hazırda cavabdeh iddiaçıya bildirir ki, iddiaçının mənzili iddiaçıya məxsus deyil. Buna görə də, iddiaçı özünə məxsus olan əmlakdan istifadə edə bilmir. Bu hal da iddiaçının, qeyd etdiyi kimi sahiblik və istifadə hüququnu kobud şəkildə pozur. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə iddiaçıya məxsus olan mənzildən istifadəsinə olunmuş maneələrə son qoyulmasının Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4484/2020 saylı iş üzrə 07 oktyabr 2020-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 fevral 2011-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən hündürmərtəbəli binanın A1 blokunun 6-cı mərtəbəsində olan, ümumi sahəsi 124,7 kv.metr təşkil edən yaşayış sahəsindən İddiaçı istifadəsinə Cavabdeh tərəfindən olunan maneələrə son qoyulması qət edilmişdir. Həmin qətnamədən maraqlarına toxunan şəxs X9 apellyasiya şikayəti verərək qətnaməninin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını və bu saxta oyunu oynayan şəxslərin əməllərinə qiymət verilməsi üçün barələrində xususi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokuroruna xəbər verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışlar ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5748/2018 saylı 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdeh X1rşı “mənzildən çıxarma” ilkin iddia tələbinə dair iddiası qismən təmin edilərək cavabdehin mənzildən çıxarılması, ilkin iddianın qalan hissədə və qarşılıqlı iddianın iddiaçılar X7 və İddiaçı Qələdəroviçin cavabdehlər X6 və Cavabdeh MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” qarşılıqlı iddia tələbinə dair iddialarının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2229/2019 saylı 04 fevral 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5748/2018 saylı 29 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4623/19 saylı 14 iyun 2019-cu il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2229/20l9 saylı 04 fevral 2019- cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10767/2019 saylı 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə qarşılıqlı iddia üzrə iddiaçılar X7 və İddiaçı Qələdəroviçin apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5748/2018 saylı 29 oktyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 iyun 2020-ci il tarixli, 2(102)-2134/2020 saylı qərarı ilə qarşılıqlı iddia üzrə iddiaçılar X7 və İddiaçı Qələdəroviçin kassasiya şikayətləri təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 10767/2019 nömrəli iş üzrə 16 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi 2 illik müddətdən sonra qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Xətai rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmurları tərəfindən aktlar tərtib edilərək cavabdeh X2 mübahisəli mənzildə yaşamaması əsası ilə icra olunmamışdır. Qısası İddiaçı Qələdəroviç öz ailə üzvləri ilə həmin mənzildə yaşadığını və onun həmin mənzildən çıxarılması ilə bağlı məhkəmə qətnaməsinin olmamasını, əksinə özünün həmin mənzilə dair hazırkı mübahisələndirilən qətnaməsinin olması bəhanəsini əldə rəhbər tutaraq qanunların aliliyini və məhkəmə qətnaməsinin məcburiliyin şübhə altına almışdır. Nəticədə illərlə məhkəmə mübahisələrində qalib gəlmiş bir tərəf olaraq cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində ailəsilə birlikdə mənzilinə köçə bilməmiş və ədalətsizliklə üz-üzə qalmışdır. Məhz bu qanunsuzluqlarla mübarizə aparmaq üçün İddiaçı mənzilindən çıxarılması ilə Xətai rayon Məhkəməsinə iddia qaldırmışa və hazırda iddiası məhkəmənin icraatındadır. Eləcə də hazırki mübahisələndirilən qətnamənin qəbulunu bildikdən sonra ərizə ilə məhkəməyə müraciət edərək 21 may 2021 ci il tarixdə qətnaməni alaraq həmin qətnamənin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdən və Xusan Qələndəroviçin qanunsuzluqlarına son qoyulmasını məhkəmədən xahiş etməkdən başqa çıxış yolu qalmıyıb. Qısacası iş üzrə qanuni qüvvədə olan və hazırki iş üzrə də preyudisial məhkəmə qətnamə və qərarları ilə Xətai rayonu, Xocalı prospekti 32 saylı evin A1 blokunun 6cı mərtəbəsində yerləşən sahəsi 124,7 kv.m olan 3 otaqlı 9 saylı mənzilin mənə məxsus olması tam təsdiqini tapıb və bu hal qanunla işin mübahisəsiz halıdır. İddiaçı və onun ailə üzvlərinin onun mənzilini zəbt etmələri də işin mübahisəsiz halıdır. Eləcə də qeyd edir ki, həmin məhkəmə mübahisələri zamanı təyin edilmiş ekspertiza rəyi ilə müəyyən olunub ki 6-cı mərtəbədə yerləşən yeganə 124,7 kv.m olan mənzil ona məxsusdur. Cavabdehlərin onun müqavilənin etibarsızlığı ilə bağlı qarşılıqlı iddia tələbləri də rədd olunması və müqavilənin qanuniliyi də işin mübahisəsiz halıdır. Belə olan halda İddiaçı qüvvədə olan qətnamələri gizlədərək, eləcə də özünün müqaviləsi ləğv olunduğu (çünki anasının adına kcçirildiyi halda hazırki iddia üzrə saxla planlaşdırılmasına hüquqi qiymət verilməlidir.Çünki məhkəmə qətnaməsi 24 iyun 2020 ci il tarixdə qüvvəsini aldıqdan sonra bu iddia qaldırılıb.Məqsəd isə aydindir. Çox təssüflər olsun ki, məhkəmə bu cür saxta oyunu araşdırmayib. Elektron sistemdə bununla bağlı məhkəmə proseslərinin olmasını və.s müəyyən etməyə ədalət naminə cəhd etmiyib. 2018 ci ildən mənim mənzilimi zəbt edərək ailəsi ilə birlikdə həmin mənzildə yaşaması və mənzildən çıxmamaq üçün bütün qanunsuz üsül və vasitələrə əl atmasına hesab edir. Qanunların aliliyini təmin edən məhkəmələr göz yummamlıdır. Çünki onun qanunla qorunan hüquqlarına qəsd edən İddiaçı qanunların aliliyi qarşısında cavab verməlidir. İddiaçının məhkəməni aldatması ilə bağlı bəzi məqamları qısaca faktlarla bildirir ki, ilk öncə iddiaçının iddiasının qanunsuzluğunu bir kənara qoysa belə heç iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Çünki iddiaçı qeyd edir ki, guya onunla MTK ilə bağlanmış müqavilə əsasında bu hüquqa istinad edir. Hərçənd ki, İddiaçılə bağlanmış 12.02.2011-ci il tarixli müqavilə onun anası Sabiqə Əmirovnanın adına keçirilməsi əsası ilə ləğv edilib və belə bir müqavilə yoxdur. Həmin müqavilə üzrə payçı 16.09.2014 cü il tarixli müqavilə üzrə onun anası bir daha qeyd edir ki, Sabiqə Əmirovnadır. Ancaq İddiaçı bu faktı gizlədərək məhkəməni aldatmişdır. İş üzrə qüvvədə olan qətnamə və qərarlarla müəyyən olunmuşdur ki İddiaçı və anası Sabiqə Əmirovnanın yaşadıqları Xətai rayonu, Xocalı prospekti 32 saylı evin A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 kv.m olan 3 otaqlı 9 saylı mənzil ona məxsusdur. Onların müqaviləsində mənzilin 6-cı mərtəbə göstərilməsinə dair iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə müəyyən olunmuşdur ki, onların mənzili 6-cı mərtəbədə yerləşmir. 6-cı mərtəbədə yeganə 124,7 kv.m mənzil var və həmin mənzil onundur. Bu faktı bilən İddiaçı məhkəməni aldadaraq hazırki qətnamə ilə bilərəkdən 6-cı mərtəbədə yerləşən mənzilə dair hüquq irəli sürməklə onun mülkiyyət hüququna qəsd etmişdir. Yuxarıda qeyd etdiyi səbəblərdən hesab edir ki, Xətai Rayon Məhkəməsinin 2(011)-4484/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qətnaməsi prosessual və maddi normaların açıq-aşkar pozulması ilə qəbul edildiyindən ləğv edilməli, cinayət əməlinə düzgün huquqi qiymət verilməli və eləcə də saxta iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməli, bu saxtalığa yol verən şəxslərin əməllərinə qiymət verilməsi üçün barələrində xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməlidir. Məhkəmə kollegiyasının iclasında maraqlarına toxunan şəxs X5 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini və qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı və Cavabdehn nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4484/2020 saylı iş üzrə 07 oktyabr 2020-cı il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzildən istifadəsinə olunmuş maneələrə son qoyulmasının cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Apelyasiya şikayətinə əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 24.06.2020-ci il tarixli, 2(102)-2134/20 saylı qərarından görünür ki, iddiaçı X9 cavabdeh X1rşı “mənzildən çıxarma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın inşa etdiyi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 saylı evin A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 kv.m. olan 3 otaqlı 9 saylı mənzildən cavabdehin ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılması və cavabdehdən onun xeyrinə dəymiş ziyana görə 200 manat, ödədiyi 30 manat dövlət rüsumu, 200 manat hüquqi xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda X7 və İddiaçı cavabdehlər X6 və Cavabdeh MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK ilə X9 arasında 16.02.2013-cü il tarixdə Bakı şəhəri, Xocalı prospektində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının A1 blokunda, 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 kv.m. olan 3 otaqlı mənzilə dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5748/2018 saylı 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək cavabdehin mənzildən çıxarılması, ilkin iddianın qalan hissədə və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2229/2019 saylı 04 fevral 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5748/2018 saylı 29 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4623/19 saylı 14 iyun 2019-cu il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2229/2019 saylı 04 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10767/2019 saylı 16 oktyabr 2019cu il tarixli qətnaməsi ilə qarşılıqlı iddia üzrə iddiaçılar X7 və İddiaçı apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5748/2018 saylı 29 oktyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. X4 Əmirovna və İddiaçı kasasiya şikayəti vermiş və onların kasasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10767/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən iş materiallarında olan Cavabdeh MTK ilə payçı İddiaçı arasında bağlanmış 12.02.2011-ci il tarixli müqavilənin surətinə və Cavabdeh MTK tərəfindən verilmiş 12.02.2011-ci il tarixli maliyyə arayışın əsas götürərək qeyd etmişdir ki, cavabdeh müqavilə əsasında sözügedən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən hündürmərtəbəli binanın A1 blokunun 6-cı mərtəbəsində olan, ümumi sahəsi 124,7 kv.metr yaşayış sahəsini 12.02.2011-ci il tarixdə iddiaçıya satmışdır. İddiaçı yaşayış sahəsinin dəyərini cavabdehə tam ödəmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilərini haqlı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən mülki iş üzrə qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 24.06.2020-ci il tarixli, 2(102)-2134/20 saylı qərarının nəzərə almamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göründüyü kimi iş üzrə qanuni qüvvədə olan və hazırki iş üzrə də preyudisial məhkəmə qərarları ilə Xətai rayonu, Xocalı prospekti 32 saylı evin A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 kv.m olan 3 otaqlı 9 saylı mənzilin X6 məxsus olması tam təsdiqini tapıb və bu hal qanunla işin mübahisəsiz halıdır. Belə olan halda iddiaçı hazırkı idddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4484/2020 saylı iş üzrə 07 oktyabr 2020-cı il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzildən istifadəsinə olunmuş maneələrə son qoyulmasının cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Maraqlarına toxunan şəxs X9 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4484/2020 saylı iş üzrə 07 oktyabr 2020-cı il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MTK-ya qarşı mənzildən istifadəsinə olunmuş maneələrə son qoyulmasının cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar