Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-70/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin Cavabdeh qarşı «magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(001)-6004/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsi Cavabdeh qarşı «magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, «Qaz İxrac» İdarəsinin Abşeron Magistral X7 balans və istismarında olan 720 mm diametrli «Hövsan-Digah- Qaradağ» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 6 ünvanından keçən hissəsində Keyrəki vulkan dağı ərazisində qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş metal-şüşə konstruksiyalı dükan (kiosk) və ona bitişik dayanacağın boşaldılaraq onun hesabına sökülməsi, kəmərin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən mübahisə predmeti ünvanda inşa edilmiş dükan (kiosk) və ona bitişik dayanacaq «Qaz İxrac» İdarəsinin Abşeron Magistral X7 balans və istismarında olan 720 mm diametrli «Hövsan-Digah- Qaradağ» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasına düşür. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş tikili «Hövsan-Digah-Qaradağ» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərindən 4 metr məsafədə yerləşir. Bununla bağlı müvafiq akt tərtib edilərək, iddia ərizəsinə əlavə edilmişdir. Cavabdehə inşa edilmiş tikilinin sökülməsi üçün yazılı qaydada müraciət edilsə də, o məktubu qəbul etməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(001)- 6004/2018 saylı qətnaməsi ilə (hakim Abbas Rzayev) iddia tələbi təmin olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, ona məxsus qeyri-yaşayış sahəsinin qaz kəmərinin mühafizə zonasına düşməməsi, belə ki, həmin qeyri-yaşayış sahəsinin 1999-2000-ci illərdə mişar daşı ilə tikilməsi, ekspertizanın keçirildiyi qeyri-yaşayış sahəsinin ona məxsus olmaması, bu səbəbdən təkrar ekspertiza keçirilməli olması s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi məhkəmə kollegiyasına ərizə təqdim edərək, cavabdehin əsl olan cavabdehlə əvəz edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsindən əldə edilən məlumata görə mübahisə predmeti tikili X4 məxsusdur. Bu səbəbdən də, hesab edir ki, hazırki iş üzrə cavabdeh olan Cavabdeh əsl cavabdeh X5 ilə əvəz edilməlidir. Qeyd olunanlara əsasən, iddianın cavabdeh X4 qarşı təmin edilməsi xahiş olunmuşdur. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia rədd edilməlidir. Belə ki, Bakı şəhəri Biləcəri bələdiyyəsinin 06 aprel 2007-ci il tarixli, 370 saylı qərarından görünür ki, Biləcəri bələdiyyəsi hüdudları daxilində uzun müddətdən bəri tikdirib istifadə etdiyi obyektin altındakı və ətrafındakı 104,0 m2 torpaq sahəsi əlavə olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşgul olmaq üçün alqı-satqı yolu ilə Cavabdeh adına sənədləşdirilməsi qərara alınmışdır. Eyni zamanda, Bakı şəhəri Biləcəri bələdiyyəsi tərəfindən təsdiq olunmuş cizgidən görünür ki, Bakı şəhəri Biləcəri bələdiyyəsinin 06 aprel 2007-ci il tarixli, 370 saylı qərarında göstərilən tikilinin cizgisi tərtib olunaraq təsdiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri Biləcəri bələdiyyəsi tərəfindən təsdiq olunmuş yerləşmə eskizinin faktiki vəziyyətdə olan metal-şüşə konstruksiyalı dükan (kiosk) və ona bitişik dayanacaq ilə üst-üstə düşmədiyi müəyyən olunur. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi də ərizə ilə müraciət edərək, mübahisə predmeti tikilinin Cavabdeh aid olmadığını göstərmiş, bu səbəbdən də sonuncunun əsl cavabdehlə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd olunan məsələyə ilk növbədə prosessual qiymət verərək qeyd edir ki, apellyasiya baxışı zamanı əsl olmayan tərəfin əvəz edilməsi apellyasiya icraatının mahiyyətinə ziddir. Belə ki, bu halda apellyasiya baxışı zamanı əvəz edilmiş tərəf birinci instansiya məhkəməsində iştirak edərək prosessual hüquqlarından istifadə etmək və apellyasiya şikayəti vermək hüquqlarından mərhum olur. Həmçinin, MPM-in 167.1.4-ci maddəsi əsl olmayan tərəfin əvəz edilməsi məsələsinin birinci instansiya məhkəməsinin icraatında həll edilməsini müəyyən etmişdir. MPM-in 54.4-cü maddəsinin tələbinə görə əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Yuxarıda qeyd olunduğu kimi, işdə olan ekspert rəyindən görünür ki, cavabdehin adına verilmiş sənədlərlə mübahisə predmeti olan tikili üst-üstə düşmür. Həmçinin, cavabdeh apellyasiya şikayətində də mübahisəli tikilinin ona məxsus olmamasını da göstərmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri, xüsusilə iddiaçının mübahisəli tikilinin cavabdehə deyil, başqa şəxsə məxsus olması barədə mövqeyini və bu barədə ərizəsini nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdeh kimi Cavabdeh qarşı tələb hüququ aradan qalxmışdır. Bu hal isə özü-özlüyündə iddianın rədd olunması üçün əsasdır. Lakin, iddiaçı əsl cavabdehə qarşı müvafiq tələb hüququnu özündə saxlayır. Bu səbəbdən də məhkəmə kollegiyası iddiaya mahiyyəti üzrə (mübahisəli tikilinin mühafizə zonasına düşüb-düşməməsi və s.) hüquqi qiymət verməyi zəruri hesab etmir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almamış, iddianın əsl cavabdehə qarşı verilib-verilməməsini aydınlaşdırmamış, cavabdehin iştirakını təmin etməklə dinlənilmə hüququnu təmin etməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması iə yekun məhkəmə aktı qəbul edilmişdir. Bu hal isə MPM-nin 385.1.1-ci maddəsinə əsasən qətnamənin ləğv edilməsi üçün tam əsasdır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin olunmamaldır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı ümumilikdə 100 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin Cavabdeh qarşı «magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(001)-6004/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(001)-6004/2018 saylı qətnaməsi ləğv edilsin, iddia təmin olunmasın. Məhkəmə xərci iddiaçıya aid edilsin. İddiaçıdan aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-70/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-70/2021
22.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver