Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-70/2023 02.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xəzər Rayon İcra Hakimiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: qanunsuz quraşdırılmış darvazanın sökülməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh1 və onun vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-351/2021 nömrəli, 31 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən MH ******* saylı xx.xx.2006-cı il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.075 ha torpaq sahəsi İddiaçı mülkiyyətidədir.
2. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 05 mart 1993-cü il tarixli 290/9 saylı sərəncamının surətindən görünür ki, X2 Mərdəkan qəsəbəsində M\740 nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv.m. torpaq sahəsi ayrılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh1 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xəzər Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Cəlilov küçəsində 0.075 ha torpaq sahəsinin gediş-gəliş yolunda cavabdeh tərəfindən quraşdırılmış dəmir darvazanın cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 şifahi vəsatətinə əsasən, məhkəmə tərəfindən Cavabdeh2 cavabdeh qismində işə cəlb olunmuşdur.
5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Cəlilov küçəsində 0.075 ha torpaq sahəsi 17 may 2006-cı il tarixdən onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi dörd tərəfdən hasara alınmış və ev tikilmişdir. Torpaq sahəsindən yola çıxışına cavabdeh tərəfindən maneə yaradılmış və yola darvaza qoyularaq gediş-gəliş yolu zəbt olunmuş və o, mülkiyyətində olan sahədən yola çıxmaqdan məhrum olmuşdur. Dəfələrlə cavabdehə müraciət edərək yola qoyulmuş darvazanın götürülməsini tələb etsə də, cavabdeh öz qanunsuz hərəkətlərini davam etdirməkdədir. Bununla bağlı olaraq Xəzər Rayon İcra Hakimiyyətinin Başçısının Mərdəkan qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət etsə də, küçəyə yolunun açılmasından imtina edilmişdir. Qeyd olunanlara əsasən, mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Cəlilov küçəsində 0.075 ha torpaq sahəsinin gediş-gəliş yolunda cavabdeh tərəfindən quraşdırılmış dəmir darvazanın cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Cavabdeh1 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, o, 20 ildir mübahisəli darvazanın yerləşdiyi ərazidə yaşayır. İddiaçı ilə onlar ayrı-ayrı küçələrdə yaşayırlar. Həmin darvaza 20 ildir ki, oradadır və iddiaçıya heç bir maneəsi yoxdur, Şüşən xanımın qapısı fərqli yerə açılır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-351/2021 nömrəli, 31 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia tələbinin rədd edilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 157.4, 157.8, 159-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1 və 111-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsini belə əsaslandırmışdır ki, iddiaçı quraşdırılmış orpaq sahəsindən yola çıxışına maneə yaratması, gediş-gəliş yolunun zəbt olunması və yola çıxmaqdan məhrum olmasını sübut edə bilməmişdir. İş üzrə keçirilmiş məhkəmə ekspertizası isə mütəxəssisin rəy verməyinin torpaq sahəsinin plan-ölçüsü sənədi təqdim edilmədiyinə görə mümkün olmamışdır. Məhkəmə iclasının plan-ölçü sənədinin alınmasınadək təxirə salınması barədə verilmiş vəsatət təmin edilməmişdir. Hazırda isə apellyasiya şikayətinə əlavə etdiyi plan-ölçü sənədi ilə ona məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edildiyi aşkardır. Ona görə də apellyasiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək qoyulmuş suallara cavab alınmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı, Cavabdeh2 və 3-cü şəxs Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsinin
14. Maddə 152.1, 152.2, 152.3, 152.4. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
15. Maddə 157.4. əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər.
16. Maddə 157.8. mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
17. Maddə 158.2. əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
18. Maddə 159. sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
19. Maddə 84.1 torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
20. Maddə 111 Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-351/2021 nömrəli, 31 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
32. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.
33. Belə ki, işin ədalətli araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 05 mart 1993-cü il tarixli sərəncamı ilə X2 Mərdəkan qəsəbəsində M/740 nömrəli sahədə ayrılmış 750 kv.m. torpaq sahəsinin və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Cəlilov küçəsində yerləşən 0.075 ha torpaq sahəsinin faktiki vəziyyətinin üst-üstə düşüb-düşməməsi; mübahisəli darvazanın tərəflərin sahibliyində olan torpaq sahələrinin hər hansı birinin daxilində yerləşib-yerləşməməsi; mübahisəli darvazanın iddiaçının öz torpaq sahəsinə girişinə və çıxışına, həmçinin iddiaçının və digər şəxslərin ümumi istifadədə olan yoldan istifadəsinə maneə törətməsi; həmin dəmir darvazanın quraşdırılmasının tikinti norma və qaydalarına uyğun olubolmaması məsələsi qoyulmuşdur.
34. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26 aprel 2021-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 05 mart 1993-cü il tarixli sərəncamı ilə X2 Mərdəkan qəsəbəsində M/740 nömrəli sahədə ayrılmış 750 kv.m. torpaq sahəsinin və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Cəlilov küçəsində yerləşən 0.075 ha torpaq sahəsinin koordinantları (plan-ölçü sənədi) təqdim edilmədiyindən və elektron bazada aşkar olunmadığından qərardadda qoyulan sualların cavablandırılması mümkün olmamışdır.
35. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/52 nömrəli, 26 aprel 2021-ci il tarixli məktubundan görünür ki, tədqiqat obyektinə dair mütəxəssis rəyi Mərkəzə təqdim olunmadığından, ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır.
36. İddiaçı apellyasiya şikayətinə plan-ölçü sənədi əlavə edeərək ona məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edildiyini, ona görə də apellyasiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək qoyulmuş suallara cavab alınmalı olduğunu qeyd etdiyindən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini yoxlamaq məqsədi ilə mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertiza təyin etmişdir.
37. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nairliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşımaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********05 nömrəli mütəxəssis rəyindən görünür ki, 1-ci sual cavab olaraq: vahid elektron kadastr baza məlumatlarına əsasən X3 ayrılmış M/740 nömrəli sahə (ləğv edilmiş) Dövlət Topraq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı əsasında **********40-10301 reyestr nömrəsi ilə İddiaçı mülkiyyətində olan sahədən 2100 metr aralıda tamamilə başqa ərazidə yerləşir. 2-ci sual cavab olaraq: yuxarıda qeyd olunduğu kimi vahid elektron kadastr baza məlumatlarına əsasən X2 ayrılmış M/740 nömrəli sahə (ləğv edilmiş) Dövlət Topraq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı əsasında **********40-10301 reyestr nömrəsi ilə İddiaçı mülkiyyətində olan sahədən 2100 metr aralıda tamamilə başqa ərazidə yerləşir. İddiaçı mülkiyyətində olan hər iki sahənin yola çıxış var. İddia olunan yol qonşunun istifadəsindədir. 3-cü sual cavab olaraq: mübahisəli darvaza iddiaçının torpaq sahəsinə girişinə və çıxşına maneə törətmir. İddiaçı gediş-gəliş yolu mübahisəli yoldan deyil əks tərəfdəndir.
38. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2023-cü il tarixli, 10/2661 nömrəli ekspert rəyindən görünür ki, qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nairliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşımaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********05 nömrəli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Cəlilov küçəsində yerləşən X2 ayrılmış M/740 nömrəli sahə (ləğv edilmiş) Dövlət Topraq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı əsasında **********40-10301 reyestr nömrəsi ilə İddiaçı mülkiyyətində olan sahədən 2100 metr aralıda tamamilə başqa ərazidə yerləşdiyini müəyyən olunur. Qərardadın ikinci sualı üzrə: mütəxəssis rəyinə əsasən, X2 ayrılmış M/740 nömrəli sahə (ləğv edilmiş) Dövlət Topraq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı əsasında **********40-10301 reyestr nömrəsi ilə İddiaçı mülkiyyətində olan sahədən 2100 metr aralıda tamamilə başqa ərazidə yerləşir və İddiaçı mülkiyyətində olan hər iki sahənin yola çıxışı var. İddia olunan yol qonşunu istifadəsindədir. Qərardadın üçüncü sualı üzrə: mütəxəssis rəyinə əsasən, mübahisəli darvaza iddiaçının torpaq sahəsinə girişinə və çıxşına maneə törətmir. İddiaçı gediş-gəliş yolu mübahisəli yoldan deyil əks tərəfdəndir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Cəlilov küçəsində İddiaçı məxsus toraq sahəsinin gediş-gəliş yolunda cavabdeh tərəfindən dəmir qarvazanın quraşdırılmadığından bu sualının ikinci hissəsi üzrə tədqiqat aparılmadı.
39. Göründüyü kimi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Cəlilov küçəsində 0.075 ha torpaq sahəsinin gediş-gəliş yolunda cavabdehlər tərəfindən tutulmasını sübut edə bilməmiş və İddiaçı gediş-gəliş yolu mübahisəli yoldan deyil əks tərəfdən olması ekspert rəyi ilə müəyyən edilmişdir. Halbuki ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
41. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
42. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
45. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. İş materiallarından görünür ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı cavabdeh tərəfindən 5 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
47. İş materiallarına əlavə edilmiş ekspert xərclərinə dair bildirşdən görünür ki, aparılmış tədiqatın dəyəri 100 manat təşkil etmişdir.
48. Kollegiya hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 5 (beş) manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-351/2021 nömrəli, 31 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər..