Məhkəmə qərarları › İş №2(103)-7004/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7004/2025

03.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7004/2025 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 Cavabdeh qarşı su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 Cavabdeh qarşı su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, e-2(002)- 3931/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh su xidmətlərindən istifadə olunmasına görə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 586,21 manat məbləğində borcu olduğunu, həmin borcu 7 iş günü müddətində borcun ödənilməsi tələb olunmuş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

2. Abonent kartı məlumatlarına əsasən abonent qismində Cavabdeh çıxış edir, iddiaçı ilə cavabdeh arasında sudan istifadə üzrə müqavilənin bağlanma tarixi xx.xx.2017ci il, müqavilə nömrəsi 35234102 olmaqla cavabdehin 2020-2025-ci illər üzrə sudan istifadə etməsinə görə iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 yekun borcu 586,21 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 586,21 manat borcun tutularaq **********060 saylı abonent koduna və 30 manat dövlət rüsumunun «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X5 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 tərəfindən Cavabdeh (abonent kodu:**********060) su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 586,21 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilənə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilir. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır.

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 noyabr 2025-ci tarixli, e-2(002)- 3931/2025 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh su təchizatı obyektlərindən istifadə edilməsi xidmətlərinə görə yaranmış 586,21 manat (**********060 saylı abonent kodu üzrə) məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 xeyrinə ödənilməsi qət edilmişdir.

6. Qətnamənin əsaslarına görə, iddiaçı qismində çıxış edən su təchizatı müəssiəsi tərəfindən cavabdeh qismində çıxış edən istehlakçıya su təchizatı obyektindən istifadə edilməsi ilə bağlı xidmətlər göstərilmişdir. Lakin buna baxmayaraq, cavabadeh qismində çıxış edən istehlakçı görülmüş xidmətlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə xidmət haqqını vaxtlı-vaxtında, lazimi qaydada icra etməmiş, nəticədə onun iddiaçı qarşısında mülki hüquqi məsuliyyətinə səbəb olan sudan istifadə edilməsinə görə xidmət haqqının ödənilməməsi ilə bağlı borc öhdəliyi yaranmışdır. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, cavabdehin sudan istifadə edilməsinə görə xidmət haqqının ödənilməməsi ilə bağlı yaranmış qalıq borcu 2020-2025-ci il tarixlərdə olan dövr ərzində hər il üzrə abonent kodu üzrə elektron abonent kartına daxil edilmiş, həmin dövr ərzində ümumilikdə qalıq borcu 586,21 manat olduğu qeyd olunmuşdur. Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək, hesab etmişdir ki, hazırki iş üzrə cavabdehin su təchizatı xidmətlərindən istifadəyə görə xidmət haqqının ödənilməməsi ilə bağlı iddiaçı qarşısında 586,21 manat məbləğində borc öhdəliyinin yaranması aşkar olduğundan, iddia tələbi həmin hissədə əsaslı olmaqla təmin edilməlidir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 442, 448.1-ci maddələrinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 5.3, 30.1, 59, 61.1, 62-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 3.1.2, 4.1.3, 7.1, 7.2, 7.3, 7.4, 7.5, 7.11-ci bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayətinin dəlillərinə əsasən, cavabdeh məhkəmənin gəldiyi nəticə ilə razı deyil və əsassız olaraq ona qarşı iddia qaldırılmışdır. Belə ki, həmin mənzil ona məxsus olsa da, faktiki olaraq mənzildə yaşayış olmamışdır. 2020-ci ildən əgər suya görə pul ödənilməsəydi, buna qarşı iddiaçı təşkilat tədbir görməli idi. 5 ildən sonra iddia qaldırılması tamamilə əsassızdır. Həmin mənzildə yaşayış olmamış, həmin borc cavabdehə əsassız olaraq hesablanmışdır. Belə ki, həmin mənzildə yaşayış olmadığını "xxxx"ASC tərəfindən verilmiş arayış da təsdiq edir. 2020-ci ildən 2025-ci ilə kimi işıq sayğacında sərfiyyat olmaması göstərilir. Cavabdeh Lökbatan qəsəbəsi Sultanov küçəsi ev 21 A ünvanında yaşayır və mübahisəli mənzildə 2020-ci ildən 2025-ci ilə kimi yaşayış olmamışdır. Həmin müddətdə cavabdeh evdə yaşamamış və sudan da istifadə olunmamışdır. Buna görə də, cavabdeh iddiaçı təşkilat qarşısında heç bir öhdəlik daşımır. Əgər yaşayış olsaydı, onda işıq səfiyyatı da göstərərdi. Su sayğacla olmuş və əgər borc olsaydı, onda sayğacda göstərilərdi. Eləcə də əgər borc olsaydı, nəzarətçi tərəfindən ödənilməsi tələb olunardı. Yalnız sayğac dəyişdirilərkən cavabdehə heç bir əsas olmadan borc hesablanmışdır. Məhkəmə iş üzrə tam araşdırma aparmamış, borca görə mübahsə yarandığı halda ərizə kiçik mübahisələr üzrə iddia ərizəsi qaydasında baxılmışdır. Məhkəməyə təqdim olunmuş iddia ərizəsi barədə məhkəmə cavabdehə məlumat vermiş olsa idi, o, iddiaya öz etirazını bildirər və işə iddia icraatı qaydasında baxılmasını tələb edərdi. Halbuki cavabdehə qarşı qaldırılmış iddia tamamilə əsasızdır və o, cavabdehlik daşımır. Mübahisəli mənzildə 2020-ci ildən yaşayış olmamış və iddiaçı təşkilata heç bir borcu olmamışdır. Əgər həmin vaxtdan borc ödənilmirdisə, buna dair hər hansı bir tədbir görülməli və ya xəbərdarlıq edilməli idi. Məhkəmə işə baxarkən iş üçün əhəmiyyəti olan halları sübut etməmiş, iddiaçının ərizəsinə əsaslanmışdır. Cavabdehin iddiaçı təşkilata qarşı heç bir öhdəliyim yoxdur. Qətnamə kiçik mübahisələr üzrə iddia ərizəsi qaydasında baxıldığından cavabdeh məhkəməyə dəvət edilməmiş və sübutlarını təqdim edə bilməmişdir. Odur ki, həmin mənzilə dair işıq sərfiyyatının olmamasına dair arayışı indi təqdim edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdeh apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

12. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirir və apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

14. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5.3. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 30.1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 59.1. Müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri aşağıdakı hüquqlara malikdir: b) su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu Qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək. Maddə 61.1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Maddə 62. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”: 3.1. STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) hüquqları aşağıdakılardır: 3.1.2. smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək. 4.1. İstehlakçıların vəzifələri aşağıdakılardır: 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək; 7.1. Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 7.2. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. 7.3. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. 7.4. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. 7.5. Suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. 7.11. İstehlakçı bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq ona göndərilmiş (təqdim edilmiş) hesabda səhvə (səhvlərə) yol verildiyi (ödənilməli olan vəsaitin artıq hesablandığı) qənaətinə gələrsə, hesabı aldıqdan sonra ən geci 10 (on) iş günü müddətində hesabı təqdim etmiş STKM-ə yazılı şəkildə müraciət edə bilər.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Apellyasiya şikayətinin əsas dəlilini o təşkil edir ki, həmin mənzil cavabdehə məxsus olsa da, faktiki olaraq mənzildə yaşayış olmamışdır. 2020-ci ildən əgər suya görə pul ödənilməsəydi, buna qarşı iddiaçı təşkilat tədbir görməli idi. 5 ildən sonra iddia qaldırılması tamamilə əsassızdır. Həmin mənzildə yaşayış olmamış, həmin borc cavabdehə əsassız olaraq hesablanmışdır. Belə ki, həmin mənzildə yaşayış olmadığını "xxxx"ASC tərəfindən verilmiş arayış da təsdiq edir. 2020-ci ildən 2025-ci ilə kimi işıq sayğacında sərfiyyat olmaması göstərilir. Cavabdeh Lökbatan qəsəbəsi Sultanov küçəsi ev 21 A ünvanında yaşayır və mübahisəli mənzildə 2020-ci ildən 2025-ci ilə kimi yaşayış olmamışdır. Həmin müddətdə cavabdeh evdə yaşamamış və sudan da istifadə olunmamışdır. Buna görə də, cavabdeh iddiaçı təşkilat qarşısında heç bir öhdəlik daşımır.

19. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə əlaqədar nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçı qismində çıxış edən su təchizatı müəssiəsi tərəfindən cavabdeh qismində çıxış edən istehlakçıya su təchizatı obyektindən istifadə edilməsi ilə bağlı xidmətlər göstərilmişdir. Lakin buna baxmayaraq, cavabadeh qismində çıxış edən istehlakçı görülmüş xidmətlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə xidmət haqqını vaxtlı-vaxtında, lazimi qaydada icra etməmiş, nəticədə onun iddiaçı qarşısında mülki hüquqi məsuliyyətinə səbəb olan sudan istifadə edilməsinə görə xidmət haqqının ödənilməməsi ilə bağlı borc öhdəliyi yaranmışdır.

20. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu Qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir.

21. Lakin iddiaçı tərəfindən yuxarıda qeyd olunan normanın tələbinə riyaət olunmamışdır, yəni, iddiaçı tərəfindən hər ay istehlakçıya məlumat (hesab) təqdim olunması ilə bağlı heç bir sübut təqdim edilməmişdir.

22. Borcun hesablanması ilə bağlı məhkəmə kollegiyası araşdırma apararaq qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunmuş abonent kartında tərəflər arasında müqavilənin 26 yanvar 2017-ci il tarixdə bağlandığı, 08 aprel 2020-ci il tarixə isə heç bir borcun olmadığı qeyd olunur.

23. Bundan sonra 12 avqust 2025-ci il – 11 sentyabr 2025-ci il tarixə 624 kub metr sərfiyyat qeyd olunaraq 403,35 manat, 11 sentyabr 2025-ci il – 11 oktyabr 2025-ci il tarixə 10 kub metr sərfiyyat qeyd olunaraq olaraq 10 manat borc hesablanmışdır.

24. 12 avqust 2025-ci il – 11 sentyabr 2025-ci il tarixə 624 kub metr sərfiyyatın hesablanmasına qədər 2020-ci il tarixə sayğacın göstəricisinin 609 kum metr olmasını və həmin tarixə borcun hesablanmadığını nəzərə alan məhkəmə kollegiyası bu qənaətə gəlir ki, 403,35 manat borcun hesablapnmasının heç bir əsası yoxdur. İddiaçının nümayəndəsi bu dövrdə olan borcun ailə üzvlərinin sayına görə hesablanması ilə əsaslandırsa da, bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu məbləğdə borcun tutulması üçün iddiaçı tərəfindən məhkəməyə hesabat və ya akt (aktlar) təqdim olunmalı idi ki, bu sübutlar da mövcud deyildir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia yalnız sayğac göstəricisi nəzərə alınmaqla 10 manat məbləğində pul vəsaitinin tutulması hissəsində əsaslıdır.

25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə tutulmalı olan pul vəsaitinin - tələbin təmin olunduğu hissədə ağlabatanlıq meyarları nəzərə alınmaqla dəyişdirilərək məbləğ 10 manat müəyyən olunmalıdır.

26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, e-2(002)- 3931/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, e-2(002)- 3931/2025 nömrəli qətnaməsi tutulmalı olan pul vəsaitinin məbləği hissəsində dəyişdirilsin. 10 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 ödənilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar