Məhkəmə qərarları › İş №2(103)-7006/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7006/2023

07.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7006/2023 07.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 5065/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Beynəlmiləl küçəsində yerləşən 4 saylı evin, 1 saylı mənzili İddiaçı (bundan sonra iddiaçı) istifadə və sahibliyindədir. Onunla Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********00010 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsi (PQ-4), 1 ədəd Samovar, 1 ədəd Qızdırıcı radiator, 1 ədəd Dəmir peç istifadə edilir. xx.xx.2022-ci il tarixdə bu evə quraşdırılmış qaz sayğacı çıxarılmış, əvəzinə yeni sayğac quraşdırılmışdır. Çıxarılmış sayğac laboratoriya şəraitində yoxlamadan keçirilmiş və bunun nəticələrinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombunun və plomb yuvasının ətrafında əzik-cızıq izlərinin olduğu, hesablama mexanizminin alt hissədən gövdədən aralı vəziyyətdə olduğu, sayğacın istismara yararsız olduğu göstərilmişdir. Lakin həmin aktdan əvvəl artıq xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı Akt tərtib edilərək, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombunun və plomb yuvasının ətrafında əzik-cızıq izlərinin olduğu qeyd edilmişdir. Bununla bağlı qaz sayğacının maksimal qaz sərfinin həcmi 6 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 12.960 m3 həcmində ziyanın vurulması və bu həcmdə qazın dəyərini təşkil edən 1.555,20 manat məbləğində pulun iddiaçıdan tutulması barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. Qeyd edilən akt cavabdehin nümayəndələri tərəfindən imzalanmış, aktda iddiaçının adı və soyadı göstərilməklə, onun aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB Bakı RQSD-ti tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq, onun abunə koduna (**********00010) köçürülmüş 1.555,20 manat əsassız borcun hesabından silinməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır və hazırda ünvan 2 ünvanda yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş qаzdаn istifadə qaydalarına və "Qazdan istifadə Qaydaları"na 2 nömrəli əlavəyə uyğun olaraq müvafiq ərazi üzrə qaz paylayıcısı ilə onun (fiziki şəxs olan istehlakçı) arasında qazın alqı-satqısı barədə müqavilə bağlanaraq və qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında akta əsasən Zanner tipli Mex 6-A markalı **********0 nömrəli mexaniki qaz sayğacına 13545380 nömrəli plomb vurularaq, hazırda yaşadığı ünvan 2 ünvanda quraşdırılmışdır. xx.xx.2022-ci il tarixində yaşadığı mənzildə məişət üçün quraşdırılmış qaz qurğularının istismarı zamanı təbii qazın verilişində tez-tez kəsilmələrlə əlaqədar olaraq dərhal həmin gün Azəriqaz” İB-nin 104 çağrı sahəsi ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq təbii qazın verilişində tez- tez kəsilmələrin olması haqqında həmin sahənin əməkdaşlarına məlumat vermişdir. Həmin gün Cavabdeh İB-nin 104 çağrı sahəsi üzrə nümayəndələri Rzayev Anar, Qasımov İntiqam və onun həmin vaxt işlə əlaqədar olaraq evdə olmadığı üçün atası X2 iştirakı ilə Zanner tipli Mex 6-A markalı, **********0 nömrəli mexaniki qaz sayğacına baxış keçirilərkən həmin səlahiyyətli nümayəndələrin gəldikləri qənaətə görə baxış keçirilən qaz sayğacı istismara yararsızdır və başkası ilə əvəz olunmalıdır. Belə ki, həmin sayğac qazı fasilələrlə buraxır. Həmin gün Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt əsasında qeyd olunan qaz sayğacı (qazı fasilələrlə buraxır və İtrinin rəyinə əsasən cavab veriləcək həmin akt-da qeyd edilərək) istismardan çıxarılaraq onun əvəzinə əvəz etmə kimi Zanner tipli Mex 6-A markalı, **********9 nömrəli mexaniki qaz sayğacına 12675337 nömrəli plomb vurularaq, həmin ünvana quraşdırılmışdır. 2023-cü ilin may ayının əvvəllərində özünü Azəriqaz” İBnin əməkdaşı kimi təqdim edən tanımadığı xanım tərəfindən ona telefon vasitəsi ilə şifahi olaraq ötən il dəyişdirilərək, dövlət yoxlamasına göndərilmiş istismara yararsız qaz sayğacına müdaxilə etdiyinə dair rəyin gəldiyini, ona görə də, abunə koduna 1.555,20 manat borc yazıldığını bildirmişdir. Belə ki, müvafiq qurumun əməkdaşları tərəfindən istismardan çıxarılmış qaz sayğacının istismara yararlı olub olmamasına rəy alınması üçün xx.xx.2023 ci il tarixli göndərişi əsasında Sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, 29/1710- 04832-1 nömrəli Aktına əsasən G-4 markalı, **********0 nömrəli sayğaca müdaxilə olunması, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombunun və plomb yuvasının ətrafında əzik-cızıq izlərinin olması və hesablama mexanizminin alt hissədən gövdədən aralı vəziyyətdə olunmasının müəyyən edilməsi qeyd olunmuş, bu səbəbdən də, cavabdeh ”Azəriqaz” İB Bakı RQSD-ti onun iştirakı və xəbəri olmadan xx.xx.2023-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş ******* nömrəli aktına əsasən (iddiaçı həmin aktı imzalamamışdır) “X9 Dair Tələbnamə” ilə itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən itirilmiş qazın bərpası üçün qaz sayğacının maksimal qaz sərfi 6 orta günlük iş rejimi 24 saat, hesabat müddəti isə 90 gün qəbul edilməklə hesabat aparılmış və itirilmiş qaz sərfi cəmi 1.555,20 manat əsassız borc məbləği 2023-cü ilin fevral ayı ərzində iddiaçının abunə koduna hesablanmışdır. Cavabdeh tərəfindən ona hər hansı bir sənəd və ya aktın surəti verilməmiş, habelə istismardan çıxarılmış qaz sayğacının sonra hansı mərhələlərdən keçəcəyi barədə ona heç bir məlumat verilməmiş, dövlət yoxlamasına göndərilməsindən xəbəri olmamışdır. Məhkəməyə təqdim etdiyi ilkin sənədləri isə onun rəsmi müraciəti əsasında xx.xx.2023-ci il tarixdə cavabdeh tərəfindən sifarişli poçt vasitəsi ilə çatdırılmış, bir sözlə borc barəsində rəsmi qaydada 05 ay 17 gündən sonra məlumatı olmuşdur.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-5065/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanına (abonent kodu: **********00010) hesablanmış 1.555,20 manat məbləğində borcun silinməsi vəzifəsi Cavabdehnə həvalə edilmişdir. (hakim X7)

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktda “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombunun və plomb yuvasının ətrafında əzik-cızıq izləri var” qeyd edilsə də, aktda sayğacda hansı qüsurun olması qeyd ediləməmişdir. Eyni zamanda, cavabdeh iddiaçının yaşadığı fərdi yaşayış evinə dair hesablanmış 1.555,20 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 77.1-ci, 89.1-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci, 26-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunun 6.2.-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 1.555,20 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Bununla belə, iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində onlara dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar nəzərə alınmamışdır. İddiaçı tərəfindən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

9. İddiaçı “Elektron məhkəmə” infomasiya sistemi vasitəsi ilə apellyasiya şikayətinə etiraz ünvanlayaraq, etirazını iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-5065/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir; 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

14. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı maddəsinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci maddəsinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

20. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur.

21. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2022-cü il tarixdə həmin evdə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş və çıxarılmış sayğacın laboratoriya şəraitində aparılmış müayinə nəticəsində sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombu və plomb yuvasının ətrafında əzik-cızıq izlərinin olduğu müəyyən edilmişdir.

22. Nəzərə alınmalıdır ki, həmin sayğac evin daxilində deyil, xaricində yerləşir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına, habelə qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə cavabdehliyi də məhz cavabdeh daşıyır. Zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması cavabdehin vəsaiti hesabına həyata keçirilir. Lakin sayğacın istehlakçının təqsiri üzündən zədələnməsi halları istisna təşkil edir. Belə ki, bu halda qeyd edilən işlər yenə də cavabdeh tərəfindən, lakin artıq istehlakçının vəsaiti hesabına yerinə yetirilir.

23. İddiaçının belə bir əmələ yol vermədiyini, aşkar edilmiş qüsurlarda onun təqsirinin olmadığını iddia etdiyi bir halda, qaz sayğacının məhz iddiaçının təqsiri üzündən zədələnməsini sübut etmək məhz bu hadisəni rəsmiləşdirən cavabdehin üzərinə düşür. Lakin cavabdeh sayğacın iddiaçının, habelə ümumiyyətlə insan fərdinin müdaxiləsi nəticəsində texniki baxımından bu vəziyyətə düşməsini təsdiq edən hər hansı sübut təqdim edə bilmir. Həmin sayğacın laboratoriya şəraitində müayinə edilərək, onda qüsurların aşkar edilməsi və bunun nəticəsi olaraq akt tərtib edilməsi də bu vəziyyətin yaranmasında iddiaçının təqsirli olmasını təsdiq etmir.

24. Digər tərəfdən cavabdeh təkcə sayğacda qüsurların aşkar edilməsi deyil, aşkar edilmiş qüsurların sərf edilmiş qazın həcminin düzgün göstərməsinə təsir etməsi və nəticədə sərfin düzgün qeydə alınmaması mövqeyindən çıxış edir. Belə olan halda, ilk növbədə bu qüsurların sərf edilmiş qazın həcminin düzgün qeyd edilməsinə təsir etməsi sübuta yetirilməlidir. Belə ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombu və plomb yuvasının ətrafında əzik-cızıq izlərinin olması sərfin məhz iddiaçının maddi maraqlarına uyğun düzgün göstərməməsinə səbəb olmalıdır. Lakin bu halı təsdiq edən hər hansı sübut təqdim edilmir.

25. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçının aktda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə daimi əsaslarla yaşaması həmin ünvan üzrə qazdan mütəmadi olaraq istifadə edilməsini birmənalı şəkildə təsdiq edir. Bu da öz növbəsində təbii qazdan qeyriqanuni istifadə edilməsinin müəyyən edilməsində abonentin saldo məlumatlarının təhlil edilməsinə zərurət yaradır. Lakin həmin məlumatlardan da cərimə hesablanan dövrdə (xx.xx.2022-cü il - xx.xx.2023-cü il) iddiaçının sayğaca müdaxilə etməsi halı öz təsdiqini tapmır. Belə ki, bu məlumatlara əsasən qeyd edilən ünvan üzrə sərf edilmiş qazın dəyəri olaraq 2022-ci ilin dekabr ayında 67,60 manat, 2023-cü ilin yanvar ayında 54,72 manat, fevral ayında isə 59,40 manat dəyərində təbii qazdan istifadə etmişdir. İddiaçının həmin dövrdə daha artıq həcmdə qazdan istifadə etməsi ilə bağlı isə hər hansı sübut təqdim edilmir. Məhkəmə tərəfindən də belə bir hal müəyyən edilmir.

26. Ümumiyyətlə nəzərə alınmalıdır ki, laboratoriya müayinəsinin nəticələrinə dair akt (xx.xx.2023-cü il tarixdə) təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan (xx.xx.2023-cü il tarixli) 9 gün sonra tərtib edilmişdir. Halbuki, bu proses əksinə olmalı, sayğac laboratoriya şəraitində müayinə edilməli və müayinənin nəticələrinə dair tərtib edilmiş akta uyğun olaraq qeyd edilən akt tərtib edilməli idi.

27. Qeyd edilənlər öz növbəsində xx.xx.2022-ci il tarixdə dəyişdirilmiş sayğacda aşkar edilmiş qüsurların iddiaçının təqsiri üzündən yaranmasını istisna edir. Belə olan halda, məsuliyyət sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik daşıyan cavabdehin üzərində qalmış olur. Bu da öz növbəsində cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın və onun əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın etibarsız hesab edilməsi və itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 1.555,20 manat məbləğində pul vəsaitinin silinməsini şərtləndirir.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

29. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-5065/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar